Azərbaycançılıq
ideyasının təbliği
Cəmiyyətdə
tarix boyu yaranan və insanların şüurunda
formalaşan ictimai dəyərlər
dövlətin inkişafına və güclənməsinə
böyük təsir göstərib.
Dövlətin
vahid ideologiyası vətəndaşın təbii
maraqlarını nəzərə almadıqda cəmiyyətlə
dövlət arasında boşluq yaranır. Hətta totalitar
dövlətlər demokratik inkişaf yoluna qədəm
qoyduqdan sonra bir müddət əxlaq, mənəviyyat kimi ənənəvi
ictimai dəyərlər insanlar tərəfindən fərqli
qəbul edilir. Azərbaycanın müstəqilliyinin ilk illərinin
təcrübəsi də buna sübutdur. Uzun illər hakim
olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni
qurulan dövlətin əsasları insanlar tərəfindən
aydın qəbul edilmirdi. Məhz buna görə Azərbaycanın
ümummilli lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini
möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını
yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin
inkişafının ideya təməli olan azərbaycançılıq
konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın
bütün dünya azərbaycanlılarını birləşdirən
ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsi ulu
öndər Heydər Əliyevin tarixi xidmətidir. Ümumilli
lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan
parlamentindəki çıxışında demişdir: “Azərbaycan
ərazisində olan hər bir vətəndaş milliyyətindən,
dinindən, siyasi mənsubiyyətindən asılı
olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli
surətdə həyata keçirə bilsək, Azərbaycan
Respublikasında olan bütün xalqların, bütün millətlərin
tam birləşməsini təmin edə bilərik”. Bununla ulu
öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks
etdirən azərbaycançılıq ideyasının əsaslarını
bəyan etmişdir. Heydər Əliyev hələ sovet
dövründə Azərbaycan Respublikasına rəhbərlik
edərkən azərbaycançılıq məfkurəsinin
bütün həmvətənlərimiz arasında
yayılmasına, bu ideyanın geniş ictimai dəyər
qazanmasına çalışırdı. O dövrdə Azərbaycan
ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə
və digər sahələrdə xalqın ruhunu, tarixini,
milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm
edən çoxsaylı əsərlər meydana gəlmişdir.
Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda
yaşayan azərbaycanlıların təşkilatlanmasını,
Azərbaycan diasporunun təşəkkül tapmasını da
vacib sayırdı. 90-cı illərdə hakimiyyətə
qayıtdıqdan sonra o, xaricdəki
soydaşlarımızın mütəşəkkil qüvvəyə
çevrilməsini, onların doğma vətənlə əlaqələrinin
möhkəmlənməsini prioritet məsələ kimi hər
zaman diqqətdə saxlamışdır. Çünki
güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın
dayağıdır. Ulu öndər
çıxışlarının birində bu barədə
belə demişdir: “Hər yerdə azərbaycanlılar olanda
Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə
ki, gərək millətini, torpağını, ana Vətəni
unutmayasan”. Cəmiyyəti birləşdirən, onun
inkişafına zəmanət verən dəyərlər
sistemi mövcud olmalıdır. Onların əsas qanun olan
Konstitusiyada əks edilməsi ilə bərabər,
insanların şüurunda, düşüncələrində,
qəlbində olmaları vacibdir. Azərbaycan tarixən
müxtəlif millətlərin dinc yanaşı
yaşadığı, milli və dini tolerantlığın bərqərar
olduğu ölkə olub. Burada hər bir xalqın və millətin
nümayəndəsinə bərabər münasibət
göstərilib. Ona görə Azərbaycan vətəndaşı
sayılan hər kəs azərbaycançılıq
ideyası ətrafında birləşib. Azərbaycan xalqının
adət-ənənələrini, milli-mənəvi dəyərlərini
birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq
ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi
proseslərə, Konstitusiya sisteminə, xüsusilə dövlət
quruculuğuna öz müsbət təsirini göstərir.
Azərbaycançılığın
mahiyyəti
Azərbaycançılıq termini ictimai elmlər dövriyyəsində nisbətən yeni yaranan anlayışdır. Bununla belə, son illər alim və tədqiqatçılar, ictimai xadim və yazarlar tərəfindən bu mövzuda bir sıra dəyərli məqalələr, monoqrafiya və dərsliklər yazılmış, azərbaycançılığın əsasları, mahiyyəti və konseptual tərəfləri şərh edilmişdir. Akademik Ramiz Mehdiyev qeyd edir ki, azərbaycançılıq “ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir”. Buradan belə nəticəyə gəlmək olar ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Lakin azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətində milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf etdirmək məqsədini daşıyır. Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığının ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir.
Azərbaycançılıq
dünya
azərbaycanlılarının
milli ideologiyasıdır
Bu gün hər bir soydaşımız yaxşı dərk edir ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli dünyada yaşayan bütün azərbaycanlıların birliyindədir. Belə birliyi isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya yarada bilər. Məhz bu ideologiya Azərbaycançılıqdır. Təsadüfi deyil ki, mütəfəkkirlər hesab edirlər ki, Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Odur ki, bu ideologiya dövlətin aparıcı ideologiyasına çevrilib. Ümummilli liderin Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdiyi tezislər əslində azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi idi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”. İndi Azərbaycan diasporu kifayət qədər inkişaf etmiş, müxtəlif mədəniyyət mərkəzləri yaradılmışdır ki, onlar azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin dünyada tanınmasında, müstəqil Azərbaycan ideallarının beynəlxalq səviyyədə müdafiəsində müəyyən xidmətlər göstərirlər. Hər şeydən əvvəl, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onların üzərinə böyük vəzifələr düşür. Azərbaycançılıq ideyalarının təbliği bu gün Prezident İlham Əliyevin xarici və daxili siyasətində başlıca yer tutur. Dövlətimizin başçısı xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızı daha fəal olmağa çağırır və bu istiqamətdə məqsədyönlü işlər aparır. Azərbaycançılıq ideyasının təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər mədəniyyətimizin, tariximizin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Mehriban xanım Əliyeva bu istiqamətdə neçə-neçə irimiqyaslı layihələr həyata keçirmişdir.
Azərbaycançılıq
həm də
dünyaya indeqrasiya deməkdir
İndi Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkib hissələrindən biri də məhz dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birliyinə nail olmadqdır. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Bu gün Azərbaycanın gücü təkcə iqtisadi və hərbi qüdrəti ilə deyil, həm də xalqımızın sıx birliyi ilə ölçülür. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqına, Azərbaycana xidməti bu azərbaycançılıq ideologiyasına sədaqət nümunəsidir. Dünya azərbaycanlılarının 2011-ci il iyulun 5-də Bakıda keçirilən 3-cü qurultayında dövlət başçımızın bir fikri bunun bariz ifadəsidir: “Bizim bir Vətənimiz var - Azərbaycan, bizim bir dilimiz var - Azərbaycan dili, bizim bir ideologiyamız var - azərbaycançılıq ideologiyası...”. Hazırda da Azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını təmin edir. Ümumiyyətlə, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini və əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlər bu anlayışın tərkib hissələridir. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək azərbaycançılıq ideologiyasının əsas qayəsidir. Məhz bu ideologiya hər bir vətəndaşın qəlbinə hakim olmalıdır.
Alim Hüseynli
Yazı "Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün”
hazırlanmışdır.
Olaylar.- 2015.- 25 noyabr.- S.10.