İbtidai hərbi
hazırlıq vətənpərvərlik
hissinin vacib şərtlərindəndir
Bu, gənclərin qürur hissini
artırır, onlarda özünəinam hissini
formalaşdırır
Sirr deyil ki, gənclik bir millətin
yaşaması, inkişafı üçün təməl
daşıdır. Bir millətin mövcud
olması üçün onun sağlam gəncliyinin olması
vacib şərtdir. Çünki hər bir ölkədə
dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi,
gələcəyin etibarlı təminatı intellektual səviyyəli
potensial kadrların yetişdirilməsindən, onların
aparıcı qüvvəyə çevrilməsindən
çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə
iş sahəsində görülən tədbirlər Azərbaycan
gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə
özlərini təsdiq etməsində böyük rol
oynamışdır.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi
ölkə siyasətində önəmli yer tutur. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş dövlət gənclər siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin
nəticəsidir ki, bu gün Azərbaycan gəncləri
bütün sahələrdə özlərini doğruldurlar.
Ümummilli liderimiz Heydər Əliyev öz
siyasətində daima gənclərə qayğı göstərmiş,
onların bir fərd kimi yetişməsinə xüsusi önəm
vermişdir. Ulu öndər respublika rəhbərliyinə
gəldiyi ilk dövrlərdən gənclərin himayədarı
kimi çıxış edərək sağlam
düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində
misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən
başlayaraq gənclər siyasəti ilə bağlı bir
çox fərman və sərəncamlar imzalayan ulu öndər
gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə
həmişə önəm vermişdir. Heydər
Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz
milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin
əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd
olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər
olmalıdır, vətənpərvərlik böyük məfhumdur.
Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə
sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq -
budur vətənpərvərlik". Pedaqoq,
İbtidai Hərbi Hazırlıq üzrə mütəxəssis
Nofəl Abasov qeyd edib ki, gənclərin vətənpərvətlik
ruhunun formalaşmasında ibtidai hərbi hazırlıq
xüsusi önəm kəsb edir. Belə
ki, gənclər arasında vətənpərvərlik hissinin
yüksəlməsi onların hərbi hazırlığa
münasibətilə paralellik təşkil edir. İbtidai hərbi hazırlıq gənclərin
qürur hissini artırır, onlarda özünəinam hissini
formalaşdırır. Paralel olaraq ibtidai hərbi
hazırlıq görmüş gənc həqiqi hərbi xidmət
zamanı özünü rahat hiss edir, onun çətinliklərinə
asanlıqla sinə gərir. Çünki o, hərbi
sirlərə hələ orta məktəbdə oxuyarkın
yiyələnib. Onun sözlərinə
görə, gənclərin vətənpərvərlik hissinin
formalaşmasında onlara olan münasibət, dövlətin gənclərə
göstərdiyi qayğı xüsusi rol oynayır. Belə ki, hələ ötən əsrin 90-cı
illərinin əvvəllərində dünyada, o cümlədən
Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə,
gənclər qarşısında duran problemlər və
onların həlli yolları da dəyişməyə
başladı. Bütün bunları gözəl hiss edən
ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil
formada yetişdirilməsi üçün Gənclər və
İdman Nazirliyini yaratdı. Bu nazirlik yarandıqdan sonra
dövlət gənclər siyasəti sahəsində
mühüm işlər həyata keçirməyə
başladı, nazirliyin yerli strukturları formalaşdı, gənc
nəslin mənəvi tərbiyəsi və fiziki
inkişafı, hüquqlarının müdafiəsi,
onların beynəlxalq qurumlarda iştirakı və gənclər
təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi
sahəsində lazımi tədbirlər görüldü, bir
sıra dövlət proqramları hazırlandı. Bu siyasətin
davamı olaraq ulu öndər Heydər Əliyev tərəfindən
imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin
ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində
gənclərə diqqət, qayğı daha da
artırıldı. Forum müstəqil Azərbaycan
Respublikasının gəncləri qarşısında duran
mühüm vəzifələrin həyata keçirilməsində
ölkə gənclərinin hər bir sahədə fəal
iştirak etməyə hazır olduğunu nümayiş
etdirdi və gənclərlə işin nəzərəçarpacaq
dərəcədə canlanmasına səbəb oldu. Ulu öndər Heydər Əliyevin gənclər
siyasətini uğurla davam etdirən ölkə Prezidenti
İlham Əliyevin 2006-cı ildə imzaladığı Gənclər
və İdman Nazirliyinin yenidən təşkil edilməsi
haqqında fərman da mühüm hadisə oldu. Dövlətin
gənclərlə bağlı siyasətinin uğurla həyata
keçirilməsində bu mühüm addımın çox
böyük rolu var. Gənclərin sağlam böyüməsi
yolunda atılan bu addımla bütün sahələrdə
olduğu kimi idman sahəsində də böyük irəliləyişlər
əldə olundu: “Nəzərə almaq lazımdır ki,
idman sahəsinin inkişafı elə ibtidai hərbi hazırlıq
sahəsinin inkişafı deməkdir. Çünki
sağlam, idmanı sevən gənc heç şübhəsiz
ki, hərbi sahəyə meyilli olacaq. Bu isə
onların dözümlü, mərd, dəyanətli
olmasına birbaşa dəlalət edir. Beləliklə
gənclərimiz onlara dövlət tərəfindən
göstərilən qayğı nəticəsində vətənpərvər
olaraq yetişir”. Onun sözlərinə
görə, hazırda da gənclərə dövlət
qayğısı yüksək səviyyədə göstərilir.
Ölkəmizdə məqsədyönlü
şəkildə həyata keçirilən işlərin nəticəsi
olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf
mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən
uğurla davam etdirilən dövlət gənclər siyasətinin
düzgünlüyünü bu sahədə
qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Prezident İlham Əliyevin gənclərin potensialından
ölkənin mənafeyi naminə tam və düzgün
istifadə olunması, onların faydalı məşğulluğunun,
dövlət idarəçiliyi sistemində
iştirakının təmin edilməsi məqsədilə
2005-ci il avqustun 30-da imzaladığı
"Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq
edilməsi haqqında" Sərəncamı da gənclərə
dövlət qayğısının davamı idi. Bütün bunlar deməyə əsas verir ki,
ölkəmizdə uğurla həyata keçirilən
dövlət gənclər siyasəti gələcək nəslin
intellektual səviyyəsinin artmasına da olduqca müsbət
təsir göstərir. Təhsil sahəsində
aparılan islahatlar da gənclər siyasətinin ən vacib
istiqamətlərindən biridir. Gənclərin
maariflənməsinə, savadlanmasına, elmi inkişafına
göstərilən xüsusi diqqət və
qayğının davamı olaraq, “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xaricdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində tələbələrin
dünyanın məşhur universitetlərində təhsil
almaq üçün göndərilməsi xüsusi diqqətə
layiqdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin
təsis edilməsi haqqında", "Azərbaycanın gənc
istedadlarına dövlət qayğısı haqqında"
Prezident fərmanları bu istiqamətdə görülən
mühüm tədbirlərdəndir: “Prezident İlham
Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan
edilməsi gənclərə ölkə Prezidenti tərəfindən
böyük önəm verilməsinin növbəti
sübutudur. Hazırda ölkəmizdə gənclər
siyasəti uğurla həyata keçirilir. Azərbaycan əhalisinin
2,8 milyonu və ya 31%-i gənclərdir. Sosial həyatın bütün sahələrinə
nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət
təşkil edir. Təbii ki, bu, cənab
Prezidentin gənc kadrların irəli çəkilməsi ilə
bağlı qarşıya qoyduğu vəzifənin
reallaşmasının nəticəsidir. Gənclər də
dövlət qayğısını daim öz üzərilərində
hiss edərək, nailiyyətləri ilə onlara göstərilən
qayğını doğrultmağa çalışırlar.
Çünki Prezident İlham Əliyev gənclərə olan
münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə
xüsusi münasibətim var, mənim ürəyim sizinlədir.
Siz bütün işlərdə mənə
arxalana bilərsiniz. Mən də sizə
arxalanıram”. Bu yüksək münasibətə cavab
olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı
olan gənclər bütöv və müstəqil Azərbaycan
naminə bütün güclərini toplamalı, vətənin
inkişafı üçün səylə çalışmalı,
öz siyasətində onlara arxalanan ölkə Prezidentinin
etimadını həmişə doğrultmalıdırlar:
”Bizim həm də müharibə şəraitində
olmağımız, torpaqlarımızın bir hissəsinin qəsb
edilməsi gənclərin məhz vətənpərvər
ruhda böyüməsinin əhəmiyyətini bir qədər
də vacib edir. Gənclər dərk etməlidirlər
ki, Azərbaycanın əzəli torpağı olan
Dağlıq Qarabağ və ona bitişik 7 tayonumuz
düşmən tapdağı altındadır. Mənfur qonşularımız olan ermənilər
öz himayədarlarının köməyi ilə
torpaqlarımızı işğal ediblər. Lakin bunlar qətiyyən Azərbaycan gəncini
qorxutmamalıdır. Əksinə, onlarda
qisas, Vətənə məhəbbət hissini
artırmalıdır. Gənclər bilməlidir
ki, torpaqlarımızın işğaldan azad edilməsi məsuliyyəti
məhz onların üzərinə düşür. Bu vəzifəni gələcək nəslin üzərinə
burxmaq olmaz. Gənclərimiz bu məsələnin həllinə
öz intelektləri, savad və bacarıqları, hərbi
bilikləri ilə nail ola bilərlər. Hazırkı dövrün sürətli informasiya,
yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, onda
gənclərin zərərli ideologiyalardan çəkinərək
müasir həyata uyğunlaşmaları vacib hesab
olunmalıdır. Odur ki, gənclərin
maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin
gənclərlə bağlı siyasətinə cavab verən
alternativ təbliğat sistemi qurulmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin
31%-ni 14-29 yaşında olan gənclər təşkil edir.
Ölkə əhalisinin mühüm bir hissəsini əhatə
edən bu sosial təbəqənin vətənpərvərlik
tərbiyəsi ailədə, orta və ali
məktəbdə yüksək səviyyədə
aparılmalıdır. Milli dövlətin
qarşısında duran ən başlıca işlərdən
biri əhaliyə düzgün, sağlam vətəndaşlıq
və vətənpərvərlik hisslərini
aşılamaqdır. Buna nail olmaq
üçün isə ailədə uşaqların vətənpərvərlik
tərbiyəsi ilə məşğul olması
üçün valideynin, məktəbdə isə müəllimin
özü buna hazır olmalıdır. Əks halda, gənclərin
zərərli ideologiyaların qurbanı olduğunun şahidi ola bilərik”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 27
noyabr.- S.15.