Hər bir gənc vətənpərvər olmalıdır

 

Cəlal Əhmədov: “Gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər bir dövrdə dövlətin əsas priortetlərindən olub

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində görülən işlər və onun gənclərə mümkün təsirləri barədə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Cəlal Əhmədovun "Olaylar"a müsahibəsi

-Cəlal bəy, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir?

-Əminliklə demək olar ki, bu gün Azərbaycan gənci kifayətqədər vətənpərvərdir. Çünki ölkədə həyata keçirilən dövlət gənclər siyasəti birbaşa buna hesablanıb. Ümumiyyətlə, gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər bir dövrdə dövlətin əsas priortetlərindən olub. Düzdür, etiraf etmək lazımdır ki, bu məsələyə müəyyən zaman kəsiyində azya çox diqqət yetirilib. Azərbaycan tarixində ikinci dəfə, 1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra demək olar ki, bütün sahələrdə bir boşluq, problemlər vardı. Bura gənclərlə sahəsini də aid etmək olar. Azərbaycan gənci bu illərdə sanki başsız qalmış, hara getdiyini, hədəfi, məqsədi nə olduğunu bilmirdi. O zamanki hakimiyyətlərin gənclərin potensialından yetərincə istifadə edə bilməməsi, yaxud gənclərin irəli çəkilməsi üçün yetərli şəraitin yaradılmaması onların yad, xarici təsirlərə düşməsinə gətirib çıxarırdı. Xarici təsirlərə düşən gənclərdə isə Vətənə, millətə qarşı bir biganəlik hissi yaranırdı. Bir çox gənclər Vətəni dar gündə ataraq xarici ölkələrə, Rusiya Federasiyasına üz tuturdu. Hətta o illərdə hərbi xidmət yaşı çatmış gənclər torpaqlarımızın ərazi bütövlüyünü qorumaq əvəzinə fərarilik edir, hərbi xidmətdən yayınırdı. Bütün bunlar öz-özlüyündə gənclərin vətənpərvərlik tərbiyəsinə öz mənfi təsirini göstərir, bu hisslər getdikcə gənclər arasında öləziyirdi. Lakin 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də müsbətə doğru dəyişiklik baş verdi. Gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu nəzərə alan ümummilli lider qısa zaman ərzində bu sahədə ciddi islahatlar həyata keçirdi, lazımı qərarlar qəbul etdi. Beləliklə, 1994-cü ilin iyul ayında ümummilli liderin müvafiq fərmanı ilə gənclərlə əlaqəli şəkildə işləyən müvafiq dövlət qurumu, Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gənclərin I Forumunun keçirilməsi haqqında Sərəncam imzalaması gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox mühüm bir addım oldu. Həmin forumda 2000-dək nümayəndə iştirak etmiş və problemlərin həlli istiqamətində tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdu. Forum zamanı Heydər Əliyev öz çıxışında gənclər qarşısında duran əsas məqsədləri də göstərmişdi. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin Azərbaycan gəncliyinin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu qeyd etmişdi. "Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı və orduda xidmət etməyi özünə şərəf bilməlidir" sözləri artıq hər bir gəncin yaddaşına həkk edilmişdi. Ümummilli lider gənclərin qarşısında duran əsas vəzifələri onlara çatdırırdı: “Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar, şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi halların meydana gəlməsinə gətirib çıxarır. Ancaq gənclərimiz də bilməlidir, vətəndaşlarımız da bilməlidir ki, bu dövrün müvəqqəti çətinliklərinə dözmək lazımdır, mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir, Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil eləyən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik. Ona görə də gənclərə mən nə demək istəyirəm? Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəsiz ki, bizim ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir”. Qısa müddətdə qəbul edilən bir sıra fərman və sərəncamlar, müvafiq sənədlər gənclərin mütəşəkilliyinin, onların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına gətirib çıxartdı. Məhz dövlətin ona ciddi diqqət və qayğı ilə yanaşdığını görən gənc də öz növbəsində Vətənini, dövlətini, millətini daha çox sevməyə başladı. Ümummilli liderin vəfatından sonra onun siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev də öz növbəsində gənclərlə sahəsinə ciddi diqqət yetirdi, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində müvafiq tədbirlər həyata keçirdi. Prezident İlham Əliyevin zamanında gənclərlə bağlı onlarla fərman və sərəncam imzalandı, gənclər strategiyası qəbul edildi. Cənab prezidentin müntəzəm olaraq gənclərlə görüşməsi, onların təkliflərini dinləməsi dövlətin, dövlət başçısının gənclərə olan diqqət və qayğısının göstəricisi idi. Bu gün də cənab prezident gənclərə vətənpərvər ruhda böyüməyi, Vətəni sevməyi tövsiyyə edir. Həmçinin dövlət başçısı yaşlı nəsil qarşısında da bu missiyanı qoyur: “Yaşlı nəslin borcudur ki, gəncləri milli ruhda böyütsünlər. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar buqloballaşmasözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur”.

-Bəs qeyri-hökumət və gənclər təşkilatlarının bu istiqamətdəki fəaliyyəti qaneedici sayıla bilərmi?

-Bu gün ölkədə fəaliyyət göstərən əksər qeyri-hökumət və gənclər təşkilatları gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məqsədyönlü tədbirlər keçirir, layihələr reallaşdırırlar. İstər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dölət Dəstəyi Şurası, istərsə də Gənclər Fondunun ayırdığı maliyyə vəsaiti hesabına QHT-lər və gənclər təşkilatlarının böyük əksəriyyətinin həyata keçirdiyi layihələr sırf gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir ki, bunu da yüksək qiymətləndirmək lazımdır. Ancaq bütün bunlarla yanaşı hələ görüləsi çox işlər var. Bu gün tam əminliklə, qətiyyətlə deyə bilmərik ki, gənclərin hamısı sırf vətənpərvərdir. Etiraf etmək lazımdır ki, xarici, yad ünsürlərin təsiri altına düşən gənclərimiz də varonlarla daha çox aparmaq lazımdır ki, həmin gəncləri yad təsirlərdən uzaqlaşdıra bilək.

-Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, əsgər və zabitlərlə görüşməsi gənclərin vətənpərvərlik hisslərinin daha da artmasına necə təsir göstərir?

-Birmənalı şəkildə deyə bilərik ki, Ali Baş Komandan, cənab prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, əsgər və zabitlərlə görüşməsi, eləcə də hərbi təlimləri izləməsi, hərbi qulluqçuları mütəmadi olaraq təltif etməsi gənclərimiz arasında vətənpərvərlik hisslərinin artmasına öz müsbət təsirini göstərir. Eyni zamanda Ali Baş Komandanın bu addımı Azərbaycan Silahlı Qüvvələrində də bir ruh yüksəkliyi yaradır, onların döyüş əzmini artırır. Bu gün Azərbaycan Silahlı Qüvvələri ona göstərilən böyük diqqət və qayğının sayəsində işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etməyə tam hazırdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 28-30 noyabr.- S.15.