Savadlı və milli mənəviyyatlı
gənclərə etibar
edilməlidir
Cəmiyyətimizdə
aşkarlanan neqativ faktlar milyonlarla sıravi vətəndaşda
heyrət, təəccüb, qəzəb və hiddət hissləri
yaradır. Hadisələr
burulğanında kaleydoskopik sürətlə
baş verən olayları operativ
şəkildə izləmək praktik
baxımdan imkansız hala gəlsə də
bütün olub-bitənlərdə eyni səbəbin təzahürü görünür: vəzifə mövqeyindən
doğan eyforiya.
Bu eyforiya, təəssüf ki,
bəzilərində məsuliyyət hissini
yox etmiş, mənsəbi
sanki immunitetmiş kimi dəyərləndirmiş, onlarda cəzasızlıq düşüncəsi
yaratmış, qeyri-qanuni yolla
yığdıqları sərvətin “panatseya”
kimi hər zaman
onları hifz edəcəyinə inam yaratmışdır. “Tarix təkrarlanmasa da
yanlışlıqlar təkərrür edir”
prinsipi hər zaman üçün aktuallığını qoruyur.
Milli Təhlükəsizlik Nazirliyimizin bizim millət və dövlət üçün ən önəmli, strateji əhəmiyyət və funksiya daşıdığını, taleyüklü məsələlərin həllində ən məsuliyyətli mövqedə dayandığını hamımız bilirik. Bu ciddi təşkilatda minlərlə layiqli əməkdaşla bərabər vəzifə səlahiyyətini şəxsi məqsədləri üçün istifadə edənlərin də çalışması son dərəcə üzücüdür. Xüsusən, bu ciddi quruma ilk qədəmlərini atacaq kursantlardan tutmuş, vəzifə ierarxiyasında mövqə qazanacaq zabitlərə qədər personaldan rüşvət alınması, müxtəlif fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərdən xərac yığılması faktları əgər gerçəksə, bu məsələ bizə baş ucalığı gətirmir. Təsəvvür edin ki, indi xəbis rəqiblərimiz, xain düşmənlərimiz bu hadisəyə necə də sevinirlər.
Etimad göstərilib irəli çəkilmiş, millətə və dövlətə sədaqətlə xidmət etməklə mükəlləf olan hər bir məmur öz məsuliyyətini dərk etməli, başqalarının yanlışlığını təkrarlamamalıdır. Vəzifə xalqa, dövlətə qulluq etmək üçündür, ona qənim kəsilmək üçün yox. Kadrların seçilməsində, yerləşdirilməsində mütləq mənada məmurların biliyi, mədəniyyəti, mənəvi keyfiyyəti kompleks halda nəzərə alınmalıdır. Savadsız, milli mənafedən uzaq adamların mənsəb sahibi olması cəmiyyətdə fəlakətli kataklizmlərə səbəb olmaqla yanaşı insanlarda, təbii olaraq, istehza hissi də yaradır, belələri qısa zaman içində anekdot qəhrəmanlarına çevrilirlər. Bu sətirləri yazarkən tələbəlik illərimdə qarşılaşdığım bir tragikomik hadisəni xatırladım. İkinci kursda oxuduğum vaxt fakültə divar qəzetində “Nastupatelnaya politika KPSS” adlı məqalə yazmışdım. Məqalə divar qəzetində asılandan təxminən iki saat sonra məni təcili olaraq dekanlığa çağırdılar. Orada mülki geyimli bir şəxs ( indi dünyasını dəyişib) dekanın kreslosunda yayxanıb tənha oturmuşdu. Məqaləni mənim yazdığımı bilən kimi əsəbi şəkildə qışqırdı:
-Ə, sənin cüllüt
boğazını üzərəm!!! Nə cəsarətlə
onu yazmısan? Bilirsən mən kiməm?
KQB-nin mayoruyam, universitetin kuratoruyam. İti qovan
kimi bu saat
səni universitetdən
qovduracağam.
Mən özümü
tamam itirmişdim. Bu mülki geyimli şəxs ədəb-əndazə
tanımadan bağırırdı.
Mən birtəhər
özümü ələ
alıb özünü
mayor adlandıranın hücumunu
dəf etməyə çalışırdım:
-Vallah, mən qovulmaqlıq bir pis iş görməmişəm.
Mayor daha da hiddətləndi:
-Ə, qoduq, özünü
tülkülüyə vurma. Sən bundan
artıq nə edəcəksən ki, “nastupatelni” nədi əəə? Sən indi
deyirsən ki, Sovet İttifaqı Kommunist Partiyası işğalçı siyasət
aparır? Həəə?! Necə yəni, “nastupatelni politika?
Mən mayoru inandırmağa çalışırdım:
-Allaha and olsun, yanlış düşünürsünüz.
Mayor heç oralıq
deyildi:
-Heyvan oğlu heyvan, kim
yanlış düşünür?
Mən Moskvada oxumuşam. Özüm də rusça çisti bilirəm, yəni “nastupatelni” sözünün “hücum”
olduğunu da bilməyəcəyəəəəm. Soplyak, mənə “cik-cik” öyrədirsən?
Matım-qutum qurumuşdu. Udqunaraq:
-Özüm ölüm, “nastupatelni” sözünün
hücum sözündən
başqa da çox mənası var.
-Məsələn?
-Məsələn: aktiv, enerjili, təşəbbüskar,
fəal.
-Ə, özündən qurd-quranı açma, yalandan da hüdüləyib
tökmə.
-Lüğətdə yzılıb
vallah. Bir də ki, mən o məqaləni yazanda “Pravda” qəzetindəki
baş yazıdan yararlanmışam. Orada da
o söz var.
Mayor döyükən kimi oldu:
-İnanmıram. Kitabı da
gətir, qəzeti də. Elə olmasa dərini
soyacağam.
Ertəsi gün mən lüğəti və qəzeti gətirdim. Başabəla
mayor öz gözləri
ilə Moskvada nəşr olunan “Pravda” qəzetindəki “nastupatelni”
sözünü, lüğətdə
də həmin sözün “aktiv, avanqard” sözləri ilə sinonim olduğunu gördü.
Handan-hana, üzr istəmək yerinə, “cəhənnəm ol get, bu danışıqları
da heç kimə demə”- söylədi.
Uzun zaman özümə gələ
bilmədim. O zati-möhtərəmin
sayəsində təsəvvürüm
çilikləndi. Mənim nəzərimdə
orada çalışanlar
haradasa Ştirlits səviyyəsində idilər.
Bu mayor, hayıf ki, elə deyilmiş.
Öz-özümə “necə olur
ki, özünü
mayor kimi təqdim edən şəxs elementar şeyi bilməyə-bilməyə o cür
məsul yerdə işləyir?” sualına cavab axtarsam da tapa bilmədim.
Çox
keçmədən öyrəndim
ki, o mayora “qiymətli” məlumat verənlər də fakültənin sayıq elmi” kadrları imiş. Sonralar yavaş-yavaş üzülərək inadım
ki, savadsız ola-ola məsul işlərdə çalışanlar
hər yerdə varmış. Tanınmış bir fəlsəfə müəllimi, “Kant və
Kont kimdir?”- sualına əminliklə
“eyni şeydir, sadəcə yazı fərqi var: Kont yazılır, Kant oxunur”-deyə cavab vermişdir. Rüşvətə görə
ittiham olunan bir müəllimin məhkəməsində hakim ifadə
vermiş tələbələrdən
birinə “bu şəxsi tanıyırsınızmı?”
soruşanda, tələbə
də “bəli, dialektik materializmdən bizə dərs deyirdi”- cavabi verəndə hakim təəccüblənmişdi:
- Bəs niyə o iddia edir ki,
fəlsəfə müəllimidir?
Cavabında tələbə gülmüşdü:
-Fəlsəfənin iki önəmli hissəsindən
biridir dialektik materializm.
Salonda qəhqəhə
qopmuşdu. Hakimin tələbi ilə
salondakıları da bayıra çıxartmışdılar.
Milli Elmlər
Akademiyasının sabiq
prezidenti, mərhum akademik H. Abdullayev aspiranturaya qəbul imtahanları vermiş aspirantlara müxtəlif suallar verməyi xoşlayardı. Bir dəfə dəqiq
elmlər sahəsinə
aid bir aspirantdan soruşmuşdu ki, Azərbaycanın sahəsinin
nə qədər olduğunu necə hesablamışlar?
Aspirant maddım-maddım baxanda, mərhum Həsən müəllim
əsəbiləşərək onu salondan qovmuşdu. Başqa
bir fizik aspirantdan -“ saatda
90 km. sürətlə gedən
maşın bir saniyədə nə qədər gedər?” soruşduqda çarəsiz
aspirant gözlərini döyəndə
Həsən müəllim
üzünü Rəyasət
Heyətinin nüfuzlu
üzvlərinə tutmuşdu:
-Bu savadsızları aspiranturaya
gətirməkdə məqsədiniz
nədir?
Texnologiya sahəsində mühüm
məqam sahibi bir şəxs “avtomobil yolun yarısını 180 km. sürətlə,
qalan hissəsini isə 20 km. sürətlə
getmişsə orta sürəti nə qədər olmuşdur?” sualına “100 km/saat” cavabı vermişdir. İkidə birlə
üçdə biri toplayamasa da talelərimizi həll edən nə qədər “diplomlomluz” var?
S. Ə. Şirvani “Qafqaz müsəlmanlrına xitab”ında
ürək ağrısı
ilə fəryad edirdi:
…Dərdimizdir bu dərdi- nadanlıq…
İnanmaq istəyirəm ki, bəzi vəzifəli şəxslərin nəfslərinə
yenik düşmələrii,
səlahiyyət həddini
aşmalarıı, etimadı
doğrulda bilməmələri,
sosial mövqelərini
qorumamaları, nəticə
etibarilə qanun pozuntusuna yol vermələrinin başlıca
mənbəyi elə savadsızlıqdır. Məhz savadsızlıq
ucbatından insan dərin düşünmək
qabiliyyətindən, edəcəyi
hərəkətin hüquqi
və əxlaqi nəticələrini öncədən
görməkdən, dövlət
və millət qarşısında daşıdığı
məsuliyyəti idrakdan,
sosial qınaq obyektinə çevrilmək
təhlükəsini nəzərə
almamaqdan məhrum olur. Məşhur
Roma filosofu, natiqi və dövlət adamı M.T. Siseron konsullara, yüksək rütbəli məmurlara tez-tez “vitiosum est ubique
quod nimum est”- hər şeyin ifratı zərərlidir-
ifadəsini təkrarlamağı
sevərmiş. Bu sadə həqiqəti dərk etmək doğrudanmı çətindir?
Axı insanın ən önəmli silahı onun şuurudur və bu cəhəti
ilə o, digər varlıqlar üzərində
dominantlığını təmin etmişdir. Təbiətdə insan istisna olmaqla heç bir canlı özünə lazım olandan artıq heç bir iş görmür,
ən zəruri olanı, yaşamı üçün gərəkli
olanı etməklə
kifayətlənir. İnsan
isə… Məsələn, normal yataq üçün
maksimum iki metr yorğan yetərlidir. İki yüz
metr uzunluğunda yorğan nə qədər məntiqsiz görünürsə, yüz
yerdə villa inşa etdirmək, astronomik sərvətlərə sahib olmaq
hərisliyi, hər şeyi qamarlamaq ehtirası da o dərəcədə anlamsızdır.
“Gəlimli-gedimli, son ucu
ölümlü dünya”dan
hələ heç kim özüylə
heç nə aparmayıb, hər bir insanın hesab gününə ancaq əməlləri ilə çıxacağı
şüphəsizdir.
Maarifçi şairimiz S. Ə. Şirvani
çox yaxşı buyurub:
Nadan ilə əyləşmə,
gedib aqili axtar,
Bil, cəhl
ilə bir kəsbi-kəmal eyləmək
olmaz.
Cəmiyyətin inkişafına əsl
mənada buxov olan traybalizmdən, proteksiyadan, rüşvətxorluqdan
qurtulmaq, yaltaqlara və savadsızlara imkan tanımaq ənənəsinə son vermək,
dövlətə deyil,
öz var-dövlətinə
çalışan acgözlərə,
nəfsinə yenik düşənlərə, harınlara
və nankorlara qarşı ardıcıl
qətiyyətli preventiv
tədbirlər görmək
son dərəcə zəruridir.
Təcili şəkildə ancaq savadlı, vətənə, millətə
bağlı, dövlətçilik
ənənəsinə sadiq
gənclər dövlət
strukturlarında irəli
çəkilməli, onlara
öz potensiallarını
gerçəkləşdirməyə imkanlar və dövlət qayğısı
yaradılmalıdır. Gənclərin yaşam dərdindən
ölkədən getməməsi
üçün real tədbirlər
görülməlidir. Bunu bizim milli mənafeyimiz
tələb edir.
Ramazan SİRACOĞLU
Olaylar.- 2015.- 28-30 noyabr.- S.12.