Vətən yolunda canlarından keçənlər...

 

Yeni nəsillər üçün vətənpərvərlik nümunələridir

 

Yer üzündə əksər xalqlar üçün bir neçə müqəddəs məhfumlar mövcuddur. Vətən, millət, dövlət, dil və din. Bu varlıqlar təhlükədə olanda həyəcan təbili çalınır, Vətənin igid oğulları savaşa qalxır. Buna görə də əsl vətənpərvərlər Vətənin problemlərinə biganə qala bilməz.

Bu mənada Azərbaycanın Milli Qəhrəmanları da şəxsi şücaəti fədakarlığı, qəhrəmanlığı ilə əsil vətənpərvər olduqlarını bir daha təsdiq ediblər. Keçdikləri uzun, keşməkeşli yollar göstərir ki, onlar bu şərəfli zirvəyə güclü iradəsi, əqidəsi, xarakteri ilə yüksəliblər. İndi Vətənin 20 faiz torpağının düşmən tapdağı altında olduğunu nəzərə alsaq, onların keşdiyi şərəfli yolun təbliği gənclər üçün bir örnək ola bilər. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik dedikdə ilk öncə Vətən üçün canından keçmək başa düşülür. Amma vətənpərvərlik yalnız vətən üçün canından keçmək deyil, vətənpərvərlik anlayışına geniş mənada tərif vermək olar. Vətənpərvərlik – Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən. Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getmişlər. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Etiraf edək ki, Azərbaycan gəncliyinə vətənpərvərlik ideyalarının aşılanması üçün kifayət qədər nümunələrimiz var. Azərbaycanın tarixi qəhrəmanlarınin keçdiyi həyat yolunun təbliği kifayətdir ki, gənclərimiz onlardan nümunə götürsünlər. Yaxın keçmişdə erməni qəsbkarlarına qarşı döyüşərək misilsiz şücaət göstərən qəhrəmanlarlımızın tarixi isə gənclər üçün bir nümunədir. Xatırladaq ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlananda ən vətənpərvər oğullarımız Vətənin müdafiəsinə qalxıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda birinci Qarabağ müharibəsində xalqımızın ən qeyrətli, ən mübariz oğulları canlarını fəda ediblər. Azərbaycanın Milli Qəhrəmanlarından biri Allahverdi Teymur oğlu Bağırovdur ki, Qarabağ müharibəsi şəhid olub. Allahverdi Bağırov 1946-cı il aprelin 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də Qarabağ futbol komandasının yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. Qarabağ müharibəsi başlananda ilk yaradılan batalyonlardan birinə, Vətən oğulları batalyonuna, Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından kömək edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Onun Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Ən böyük hərbi uğuru 1992-ci il 12 iyunda Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşlərində olmuşdur. O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, döyüşçülər Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu döyüşdən Ağdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olmuşdur. Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir.

Milli Qəhrəman Nizami Məmmədov da Qarabağ müharibəsi şəhididir. O, 12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. N.Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975-1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur. 1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, əhalinin təhlükəsizliyini təmin edirdi. Polis zabiti Nizami daha sonra Şuşaya köçür və burada işini davam etdirir. Nizami Məmmədov özünümüdafiə batalyonlarına silah-sursat çatdırılmasında iştirak edir, döyüşlərə atılırdı.Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi kimi mühüm əməliyyatlarda iştirak etmiş erməni basqınçılarına öz gücünü göstərmişdi. 1992-ci il 29 mart snayper gülləsi onun arzularla dolu qəlbini susdurdu. Vətənin cəsur övladı əbədiyyətə qovuşdu. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Nizami Məmmədov Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib.

 

***

 

Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdi oğlu Şahverdiyev də Qarabağ müharibəsində şəhid olub. İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır. 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı.Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etdi və onlarla erməni silahlısı məhv edildi. 6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girdi. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edildi. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə oldu. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar var idi. Döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına təzəcə keçmişdiki, qarşı tərəfdən atılan güllə onun həyatına son qoydu. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş vətənpərvər oğullarımızdan biri də Nəsib Mikayıl oğlu Məlikovdur. O, 1994-cü il sentyabrın 11-də qəhrəmancasına həlak olub. Bu il şəhidin ölümündən 18 il keçir. Anası Lətifə Xəlilova, demək olar ki, hər gün oğlunun məzarına baş çəkir, onun xatirəsini yad edir. Nəsib Məlikov 1969-cu il yanvarın 8-də Bakıda anadan olub. 1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. Sonrakı həyatını da hərb işinə bağlamaq istəyərək Azərbaycan Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi hissələrindən birində kiçik komandir kimi xidmətə başlayıb. Bu günlərdə redaksiyamızda olan anası Lətifə xanım bildirdi ki, Nəsib fiziki cəhətdən sağlam, uca boylu, enli kürəkli, eyni zamanda, mənəvi cəhətcə mətanətli, cəsur bir gənc olub. Elə bu xüsusiyyətlərinə görə Müdafiə Nazirliyi 1992-ci ildə onu hərbi təhsilini davam etdirmək üçün qardaş Türkiyə Respublikasına göndərib. Nəsib Məlikov Ankara Hərbi Akademiyasında mükəmməl hərbi təhsil alaraq Azərbaycana qayıdıb və doğma Vətənində xidmətini davam etdirib. Nəsibin hərbi xidmətinin əsas dövrü Ermənistan-Azərbaycan cəbhəsində qızğın döyüşlərin getdiyi zamana təsadüf edib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ordumuzun əsgərləri düşmənə qarşı daha böyük inamla döyüşürdülər. Hətta cəbhənin bəzi istiqamətlərində qələbələr də əldə olunub, bəzi şəhər və kəndlərimiz işğaldan azad edilib. Tükiyədə hərbi təhsil almış Nəsib Məlikov da bu və ya digər cəbhələrdə döyüşlərin fəal iştirakçısı olub. Nəsib Qarabağın azadlığı uğunda döyüşlərə Ağdərə cəbhəsində qoşulub. Bu cəbhədə qəhrəman Azərbaycan oğulları həm düşmənin ərazilərimizin daxilinə doğru irəliləməsinin qarşısını alır, həm də ona ağır zərbələr endirirdi. Türk hərb sənətinin dərinliklərinə yaxşı bələd olan Nəsib də erməni hərbi birləşmələrinə dəfələrlə istər ağır texnika, istərsə də canlı qüvvə cəhətdən ciddi zərbələr endirib, onu ağır itkilər verməyə məcbur edib. O, özünün qorxmazlığı və şücaəti ilə bir neçə döyüşdə fərqlənib. Qazanılmış mövqeləri axıradək əldə saxlamaq, yaralanmış döyüş yoldaşlarını düşmənə əsir düşməkdən xilas etmək üçün Nəsib sinəsini sipər etməyi bacarır, eyni zamanda, bəzən fiziki imkanlarına, uca boyuna, qüvvətli qollarına güvənərək az qala ölümlə oynamaqdan qorxmurdu. Elə bu ehtiyatsızlığı üzündən döyüşlərin birində-1994-cü ilin sentyabrında o, nankor düşmən gülləsinə tuş gəldi... Sonradan Vətən bu cəsur oğlunun xatirəsini əbədiləşdirməyi unutmadı. Hazırda Bakının Sabunçu rayonundakı küçələrdən biri Nəsib Məlikovun adını daşıyır. Ankara Hərbi Akademiyasındakı şəhidlər lövhəsində Nəsibin də şəkli var. Ən vacibi isə Nəsib kimi mərd oğlulların Vətən yolunda candan keçərək yeni nəsillər üçün unudulmaz örnək qoymasıdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 2 oktyabr.- S.15.