Vətənpərvər gənclik cəmiyyətin
avanqard qüvvəsinə çevrilir
Milli mənlik şüuru
formalaşmış və tərbiyə olunmuş
Azərbaycan gənclərində əqidə bütövlüyü,
sözlə işin tam
vəhdəti özünü parlaq şəkildə təzahür etdirir. Hər bir cəmiyyətin
sağlam düşüncəli, təfəkkürlü
gənclərə böyük ehtiyacı
var. Bu gənclərin
yetişməsi üçün isə cəmiyyət
özü zəmin yaratmalıdır.
Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətin mənəvi durumunda nöqsan varsa, bu istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır. Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynin arzusudur. Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Gənclərin mədəni səviyyəsinin yüksəldilməsi, onların təhsilə, idmana, musiqiyə cəlb edilməsi üçün sistemli işlər görülür. Müstəqillikdən sonra milli mənlik şüurunun və yüksək vətənpərvərlik tərbiyəsinin daşıyıcıları olan çoxlu sayda gənc yetişib. Gənclik çağı kimi ifadə edilən 15-30 yaş arası ömrün ən əhəmiyyətli çağı, dinamizmin və ümidin bahar mövsümüdür. İnsanın dəyərlərinin, xarakterinin, şəxsiyyətinin və cəmiyyətlə münasibətlərinin formalaşdığı dövrdür. Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideallarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, torpağını, millətini, vətənini sevən gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. Gələcəyinə qiymət verən millətlər gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənc sevgi və dinamizm dolu, qayğısız, təmiz qəlbli, səbrli, özüylə və yaşadığı cəmiyyətlə barışmış olmalıdır. Bu gün gənclərin qarşısında bir çox maneələr və problemlər durur. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın doğurduğu problemlərdir. Amma gənclik bu problemləri aşmağa qadirdir. Azərbaycan gəncinin vətənpərvər olması xüsusilə vacibdir. O mənada ki, torpaqlarımız işğal altındadır, məcburi köçkünlərimiz var, qız-gəlinlərimiz əsirlikdədir.
Peraqoq Rafiq Abdinov deyir ki, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir. Ümummilli Lider Heydər Əliyev müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər. Nəzərə almaq lazımdır ki, xalqımızın Dağlıq Qarabağ kimi qaysaq bağlamayan yarası var. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu baxımdan yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin düzgün təşkil olunması böyük aktuallıq kəsb edir. Artıq ümumtəhsil məktəblərində "Gənclərin çağırışaqədərki hazırlığı", və "Qarabağ tarixi" fənni tədris olunur. Bu fənnlərin tədrisi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, hərbi-idman oyunlarının kütləviliyinin artırılmasında mühüm rol oynayır. Hətta yaxın illərdə həmin fənlərin tədrisinin təkmilləşdirilməsi də nəzərdə tutulur. Eləcə də, gənclər təşkilatları ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında ənənəvi "Cəsurlar", "Şahin", "Sərhəd" hərbi-idman və turizm respublika oyunları keçirilir. Həmçinin "Gənc xilasedici və yanğınsöndürən respublika yarışı" və "Gənc xilasedici beynəlxalq turniri", "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunur. Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Könüllü Hərbi Vətənpərvərlik Texniki-İdman Cəmiyyəti Respublika Şurası və Respublika Veteranlar Şurası ilə işgüzar əlaqələr qurulur. Bütün bunlarla yanaşı, bu, reallıqdır ki, vətənpərvərlik hissinin aşılanması ancaq fənnin tədrisi və ya hərbi-idman yarışlarının keçirilməsi ilə məhdudlaşmamalıdır. Ziyalıların, siyasi - ictimai təşkilatların iştirakı ilə keçirilən tədbirlərdə, dəyirmi masalarda vətənpərvərlik hissinin gənclərə çatdırılması, maarifləndirmə işlərinin aparılması əsas fəaliyyət istiqamətlərindən olmalıdır. Nəzərə alınmalıdır ki, vətənpərvərlik böyük məhfumdur. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil - məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Bilavasitə dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, beynəlxalq elmi simfozumlarda, idman yarışlarında Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağını böyük iftixar hissi ilə yüksələrə qaldırırlar.
Uzun müddət gənclərin çağırışaqədərki hazırlığı ilə məşğul olan pedaqoq Taiyel Babayevin sözlərinə görə, Vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Vətən böyüyüb, boya-başa çatdığımız, suyunu içib, havasını udduğumuz diyardır. Hər kəs öz varlığıyla Vətənininə bağlı olmalı, onu sevməli, göz bəbəyi kimi qorumalıdır. Vətənpərvərlik isə özü üçün deyil, eli üçün yaşamaqdır. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev bütün ömrünü ancaq xalqına və dövlətinə həsr etdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi istər 1969-1982, istərsə də 1993-2003-cü illərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib. İkinci dəfə xalqın çağırışı ilə hakimiyyətə gəldikdən sonra diqqət ayırdığı mühüm sahələrdən biri də gənclər siyasəti olub. Bu baxımdan Onun Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və Dahi Öndər tədbirdə şəxsən iştirak və çıxış edərək gənclərə öz tövsiyələrini, məsləhətlərini verib. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ümummilli Lider Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, həmçinin, "Gənc ailə", "istedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı" və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olub.
Nəticə etibarilə demək olar ki, gənclərimizdə vətənpərvərlik ruhunun yüksək olması vacib amillərdəndir. Çünki milli ruhda böyüyüb formalaşan gənclik hər şeyə qadirdir. Təbii ki, torpağa, yurda sevginin əsası ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb ilk növbədə şagirdlərin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 13 oktyabr.- S.15.