Vətənpərvərlik hissi
qəhrəmanlığın
əsasını qoyan
amildir
Vətən borcu, vətən sevgisi hər
kəsin ürəyində və gözlərinin nurunda olmalıdır. Çünki
babalarımızdan yadigar qalan
torpaqları qorumaq, Heydər Əliyev
ideyalarına sadiq qalmaq
hər birimizin müqəddəs borcudur. Vətəni sevmək yalnız əlinə
silah alıb döyüşə
atılmaq deyil. Bu mənada,
hər bir Azərbaycan gənci tutduğu vəzifəsindən asılı olmayaraq, vətəninin qədrini bilməli, ona sədaqətlə yanaşmalı və
bayrağını uca tutmalıdır. Milli dəyərlərimizə həmişə
hörmətlə yanaşmaq hər birimizin borcudur. Azərbaycanın
gəncləri bu vətən üçün şəhid olublar.
Bu gün Şəhidlər
xiyabanı ancaq matəm günlərində
ziyarət ediləcək bir yer deyil. Uşaqlar,
yeniyetmələr və gənclər hər gün
buranı ziyarət etməli, torpaqlarımız uğrunda canlarından keçən
insanları unutmamalıdırlar.
Bu gün Azərbaycan gəncliyi inkişaf edir. Gənclərimiz bütün sahələrdə nailiyyətlər qazanırlar. Azərbaycan gənclərinin uğurlu sədaları xarici ölkələrdən gəlir. İstər təhsil sahəsində, istərsə də idman sahəsində gənclərimiz özlərini dogruldurlar. Bu, vətənə olan sevgidən, vətənpərvərlikdən yaranır. Vətənpərvərlik böyük hissdir və şəhidlər məhz vətənpərvər insanlardır. Cəmiyyətdə elə gənclər var ki, vətənpərvər işlərlə məşgul olur, vətəni üçün əllərindən gələni əsirgəmirlər. Bunlar ürəyi vətən eşqi ilə çırpınanlardır. Azərbaycanın hər qarış torpagı ugrunda hər an əlinə silah alıb döyüşə hazır olanlardır. Bunlar o insanlardır ki, vətəni dərk edirlər.
Hazırda Azərbaycan müstəqil, suveren dövlətdir. Vətəni sevən hər bir vətən övladı müstəqilliyin nə olduğunu dərk etməlidir. Respublikamızda baş verən proseslərə baxdıqda ancaq müsbət hadisələrin şahidi oluruq. Müstəqillik əldə etməyimiz çox önəmli bir hadisədir. Bütün insanlara, o cümlədən məktəbli gənclərə itirilmiş torpaqlarımız haqqında, şəhidlərimiz barəsində danışmaq, onlarda vətənə sədaqət aşılamaq lazımdır. Hamı bilməlidir ki, müstəqillik asan qazanılmayıb. Bu yolda minlərlə şəhidimizin qanı tökülüb. Bu baxımdan, Azərbaycan torpağında yaşayan hər bir kəs müstəqilliyimizin qədrini bilməli, vətən uğrunda daim hər şeyə hazır olmalıdır.
Bəlkə də, tarixi bilməyən gənclər Azərbaycanın müstəqillik əldə etməsi üçün necə əzablı yollar keçdiyini bilmirlər. 20 il öncə Azərbaycanın dövlət müstəqilliyini elan etməsi xalqımızın tarixi arzularının reallaşması idi. Bizim müstəqilliyə gedən yolumuz, həqiqətən, çox mürəkkəb olub. Belə ki, 1980-ci illərin sonunda sovet rejiminin dağılma prosesinin başlandığı aydın idi. Elə məhz həmin dövrlərdə Dağlıq Qarabağda separatçı hərəkat, alçaq Ermənistanın təcavüzü başladı. O dövrlərdə hakimiyyət orqanlarının bütün bu baş verən hadisələrə qarşı biganəliyi Azərbaycanda xalq hərəkatına təkan verdi. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi və nəhayət, Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Azərbaycan Respublikasında dekabrın 29-da keçirilən ümumxalq səsverməsi sübut etdi ki, Azərbaycan xalqı dövlətimizin müstəqil olmasını yekdilliklə istəyir. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının dövlət himnini, az sonra isə üçrəngli bayraq, səkkiz guşəli ulduz təsvirli dövlət gerbini təsdiq etdi. 1991-ci il oktyabrın 18-dən etibarən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalqımız bu günu dövlət səviyyəli bir bayram kimi qeyd edir.
Bu gün təssüflər olsun ki, ərazilərimizin bir qismi düşmən tapadığı altındadır. O əraziləri geri qaytarmaq üçünsə mütləq Azərbaycana vətənpərvər gənclər lazımdır. Ancaq bu demək deyil ki, vətənpərvərlik təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyidir. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu vətəndə yaşayırıq.
Bu gün təəssüflər olsun ki, müxtəlif yollarla hərbi xidmətdən boyun qaçıran, əsgər gedəndə belə vətənə borcunu layiqli ödəməyən və vətəni sevməyən insanlar da var. Əsl vətənpərvər insan öz övladına, dostuna və ətrafındakı bütün onu dinləyə biləcək insanlara bu hissləri anlatmalı, vətəni sevməyi öyrətməlidir. Heç kim: "Vətən mənim üçün nə edib?” - deyə soruşmamalıdır. Əksinə, biz: "Vətən üçün nə etmişik?” - deyə öz-özümüzə sual verməliyik.
Ümumiyyətlə, gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər.
Eyni zamanda hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir.
Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Azərbaycana da məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 14 oktyabr.- S.15.