Azərbaycan əsgəri vətənpərvər
dünyagörüşə malik gənclərdir
Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin
artırılmasında ordu və ona göstərilən diqqət və
qayğının xüsusi yeri var. Hər bir gənc istər-istəməz ölkəsinin
malik olduğu ordunun mövcud durumu, peşəkarlıq və ya qeyri-peşəkarlığı əsasında
az və ya çox dərəcədə vətənpərvər
olur. Bir sözlə hər
bir gəncin vətənpərvər
olmasında ordunun xüsusi
payı var.
Ordu hər bir millətin güvənc yeri, qürur, ləyaqət rəmzi, şərəfli, özünütəsdiq imkanıdır. Ulularımızın “Ordun varsa, yurdun var” aforizmi azərbaycanlı milli düşüncəsində ordunun nə qədər ali, müqəddəs ucalıqla dayandığının, xalqın, dövlətin varlıq və mövcudluq, milli kimlik meyarına çevrildiyinin parlaq təcəssümüdür. Tarix boyu qonşu ölkələrdə dinc yanaşı yaşamağın, sülh və barışın, sabitliyin tərəfdarı olan Azərbaycan xalqında özünümüdafiə əzmi, döyüş rəşadəti, qəsbkarlara qarşı mübarizə ruhu hər zaman yüksək olub. Müxtəlif zaman və məkanlarda dövlət qurmaq haqqını təmin etmiş xalqımız taleyini daim inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər döyüşçülərə etibar edib.
Döyüşün, yağı düşmənə qarşı mübarizənin az qala milli yaşam tərzinə çevrildiyi qədim dövrlərdən Azərbaycan mübariz, qorxmaz, vətən uğrunda canından belə keçməyə hazır olan insanların tarixi vətəni kimi tanınıb. Azərbaycan folklorunun günümüzə gəlib çatmış incilərində xalqın döyüşkənlik, igidlik mübarizə əzmindən, rəşadət və qəhrəmanlıq ruhundan xəbər verən epizodlar kifayət qədərdir. Və bütün bunlar ümumən xalqın milli kimliyinin, tarixi keçmişinin, hərb tarixinin üzə çıxması baxımından da müstəsna əhəmiyyət daşıyır.
26 iyun hər bir azərbaycanlının həyatında əlamətdar bir gündür. Bu gün –Azərbaycan Demokratik Cümhuriyyət dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə "Silahlı Qüvvələr Günü" elan olunmuşdur. Respublikada bu gün hər il rəsmi dövlət bayramı kimi qeyd edilir. Müstəqil dövlətin ən mühüm atributlarından biridir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkili müstəqil Azərbaycan dövlət quruculuğunun mühüm tarixi nailiyyətlərindən biridir. Ordumuzun tarixi əslində müstəqilliyimizin tarixidir. Azərbaycan xalqının suverenliyinin tarixidir . Və tarixi bizim xalqımız, onun müstəqilliyini sevən övladları və bu müstəqilliyin keşiyində dayanan Silahlı Qüvvələri yaratmışdır. Artıq Azərbaycan ordusu bu tarixi prosesdə öz yerini tutmuş, dövlətçiliyimizin yeni tarixinin səhifələrində maraqlı izlər qoymuşdur.
Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqzda müasir hərbi texnika ilə təchiz edilmiş ən güclü ordudur. Vahid komandanlıq altında etibarla idarə olunan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi bilik və bacarıqlara yiyələnmiş şəxsi heyəti dövlətimizi və xalqımızı təhdid edən hər bir təcavüzkara yetərincə cavab vermək gücündədir. Onun sıralarında xidmət edən hər bir azərbaycanlı bu xidmət müddətini həyatının ən şərəfli dövrü sayır, geydiyi hərbi paltarın, tutduğu silahın, öpdüyü bayrağın qürurunu yaşayır. Böyük öndərimiz Heydər Əliyev deyirdi: “Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır. Azərbaycan ordusu Azərbaycan xalqının, bütün dövlət orqanlarının, vətəndaşların diqqəti və qayğısı ilə əhatə olunmalıdır”.
Müasir hərb elminin tələblərinə və ordu quruculuğu prinsiplərinə uyğun formalaşmış Silahlı Qüvvələrimiz üçün Cəmşid Naxçıvaniski adına Hərbi Lisey, Heydər Əliyev adına Ali Hərbi Məktəb, Dənizçilik, Təyyarəçilik məktəbləri, Hərbi Akademiya və digər müvafiq təhsil qurumları yüksək səviyyəli kadırlar hazırlayır. Ölkəmizin ərazi toxunulmazlığının təminatçısı, xalqımızın təhlükəsizliyinin, dinclik və əmin-amanlığının polad qarantı olan Azərbaycan Silahlı Qüvvələrinin təşkilini dövlət quruculuğu sahəsində qazandığımız misilsiz nailiyyətlərindən biridir. Ümummilli liderimiz Heydər Əliyevin xalqımıza ən qiymətli töhfəsi olan milli ordumuzun təşəkkül tarixi, sözün əsl mənasında Azərbaycanın müstəqilliyinin, suverenliyinin tarixidir. Bu gün Azərbaycan bütün çətinlikləri qətiyyətlə dəf etmək qüdrətinə və çevik idarəetmə sisteminə malik güclü Milli Orduya malikdir. Azərbaycan ordusunun əsası 1918- ci ildə ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Həmin dövrdə əsası qoyulmuş Milli ordunun ən yaxşı ənənələri bu gün də qorunmaqda və davam etdirilməkdədir. Cümhuriyyət ordusunun qısa tarixi – mill dövlətçiliyimizin maraqlı səhifələrindən biri, xalqa və Vətənə sədaqətli xidmətin ən gözəl nümunəsidir. Onu uzun müddət yaşatmaq mümkün olmasa da, Cümhuriyyət ordusu ilə bugünkü Silahlı Qüvvələr arasında varislik bağlılığı vardır.
Tarix subuta yetirmişdir ki, peşəkar ordusu olan xalqın müstəqilliyi də əbədidir. Qəlbində vətən, yurd sevgisi olan, ordusu ilə qürur duyan, onun uğuruna ürəkdən sevinən hər bir vətəndaş üçün bu tarix son dərəcə şərəfli və əlamətdardır. Bu gün erməni təcavüzü nəticəsində yurdundan-yuvasından didərgin düşən qaçqın və köçkünlərimiz tam əmindirlər ki, Azərbaycan ordusu onların düşmən tapdağı altında inləyən ocaqlarına qayıdış arzusunu gerçəkləşdirmək iqtidarındadır. Azərbaycan ordusunun sıralarında qəlbi Vətən sevgisi ilə qisas, intiqam hissi ilə alışıb yanan oğullar xidmət edir. Düşmən ilə təmas xəttində gecə-gündüz ayıq-sayıq dayanan bu oğullar Ali Baş Komandanın hər bir əmrinə hazırdırlar. Azərbaycan döyüşçüsü yaxşı bilməlidir ki, mənsub olduğu xalq suverenliyini və müstəqilliyini qazanmaq üçün nə qədər uzun bir yol keçmişdir: tarixin hansı məhrumiyyətlərinə məruz qalmışdır. Ona görə də Azərbaycan əsgəri Vətən torpağının keşiyində ayıq-sayıq dayanmalı və igidlik, qəhrəmanlıq göstərmiş döyüşçüdən nümunə götürməlidir. Babək, Koroğlu kimi igidləri yetirən bu xalqın hər oğlu bir igiddir, qəhrəmandır. Elə ona görədir ki, Azərbaycan əsgərlərinin hünəri, şücaəti düşmənlərimiz üçün göz dağı, xalqımız üçün isə fəxr və qürura çevrilmişdir. İndi adı, hünəri ilə bütün xalqın fəxr eləyə biləcəyi belə qəhrəmanlar Azərbaycan əsgərlərinin içərisində az deyildir. Onlardan neçəsi artıq Respublikamızın ən yüksək fəxri adına –Milli Qəhrəman adına layiq görülmüşdür. Bu gün Azərbaycan əsgəri vətənpərvər, yüksək mənəvi –psixoloji hazırlığı olan, yetərincə dünyagörüşə malik gənclərdir. Onların həyat məktəbi adlandırdıqları hərbi xidmət həyatlarında müsbət iz buraxmaq və formalaşmalarına təsir göstərməklə bərabər, həm də Azərbaycan Ordusunun qarşısında müəyyənləşən vəzifələrin tezliklə gerçəkləşməsinə inam yaradır. Azərbaycan əsgəri yaxşı bilir ki, gündəlik tapşırıqları yerinə yetirməkdən əlavə onu böyük bir missiya da gözləyir: işğal altındakı torpaqlarımızın azadlığı uğrunda zəfər yürüşləri. Gündən –günə güclənən, qüvvətlənən şanlı Azərbaycan ordusunun qələbə sorağı, üçrəngli bayrağımızı Qarabağda sancacağı gün uzaqda deyil. Çünki onun İlham Əliyev kimi qətiyətli Ali Baş Komandanı var. Elə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Azərbaycan ordusuna güvənir. Təsadüfi deyil ki, prezident ordumuzun gücünü xarakterizə edərkən bunları deyir: “Azərbaycanda güclü ordu vardır. Ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir. Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır”.
Prezident İlham Əliyev bildirib ki, hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Dövlət başçısının sözlərinə görə, bu, bizim prioritetimizdir və bundan sonra da hərbi xərcləri artıracağıq. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ən müasir silah-sursat alınır və bu gün bu silahların, texnikanın bir hissəsi burada nümayiş etdirilmişdir: “Ordumuzda nizam-intizam artır, islahatlar aparılır. Bu, çox sevindirici haldır. Ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər və bugünkü təlimlər bunu bir daha nümayiş etdirmişdir. Ordumuzun uğurlu inkişafı üçün həm maddi-texniki təchizat davam etdiriləcək, eyni zamanda, Silahlı Qüvvələrdə aparılan islahatlar dərinləşəcəkdir. Müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və Azərbaycanda istifadə olunur. Bugünkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar üstünlük təşkil edir. Bu silahları biz alırıq və alacağıq. Eyni zamanda, Azərbaycanda son illərdə yerli istehsal da təşkil edilibdir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunubdur və bu gün bu proses davam etdirilir. Gələcəkdə biz sursatlarla, texnika ilə özümüzü tam şəkildə təmin etməliyik. Eyni zamanda, ən müasir müxtəlif texnika alınır, alınacaqdır. Müasirləşmə prosesi daim aparılmalıdır”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 16 oktyabr.- S.15.