İnsan dünyanı dərk etdikcə
Vətəninə,
torpağına məhəbbəti
artır
Ailədə
yaxşı böyüyən və gözəl tərbiyə
alan uşaq mütləq
həm savadlı,
bilikli olacaq, həm də vətənə,
xalqa gərəkli bir övlad kimi yetişəcək
Gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik
hisslərinin tərbiyəsi istiqamətində
respublikamızın hər yerində lazımi işlər
aparılır. Uşaqlarla vətəni
qorumaq və sevməklə bağlı
müxtəlif mövzularda söhbətlər
edilir. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli
rol oynayan hərbi idman oyunlarının keçirilməsi də
təqdirəlayiqdir.
Məktəbli uşaqların əsgər forması geyinərək yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır. Ona görə də, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Vətənpərvərlik məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, bu hiss uşaqlarda tədricən, necə deyərlər, mərhələ-mərhələ formalaşır. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bütövlükdə, sözügedən hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bir sıra faktorların vəhdətindən keçir. Həmin faktorlar bir-biri ilə sıx bağlıdır. Ona görə də nəzərə almaq lazımdır ki, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası ailədə, məktəbəqədər tərbiyə müəssisələrində, orta məktəblərdə qoyulur. Tədqiqatçılar hesab edir ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Belə ki, burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir. Qarabağ müharibəsi veteranları ilə gənclərimizin görüşlərinin təşkil olunması, müharibədə fədakarlıq göstərən igidlərimizlə aparılan söhbətlər gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Vətənpərvərlik tərbiyəsi və fiziki tərbiyə vəhdət təşkil edəndə daha səmərəli olur. Bu gün gənclərlə iş dövlətimizin siyasətinin əsas məsələlərindən biridir. Gənclərimizin sağlam və vətənpərvər ruhda böyüməsi üçün müxtəlif bölgələrdə idman qurğuları istifadəyə verilir. Dövlətimiz bu sahədə bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmizdə artıq 50 müasir tipli Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib. Həyata keçirilən tədbirlər Azərbaycan gənclərinin həm fiziki, həm də mənəvi tərbiyəsində, o cümlədən, gənclərimizin vətənə sədaqət ruhunda böyüməsində əvəzsiz rol oynayır. Bəşəriyyətin yeni dəyərlər qazandığı XXI əsr və onun reallıqları xalqımızın, millətimizin və müstəqil dövlətimizin qarşısında müəyyən vəzifələr qoyur. Bunlardan biri də gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsidir. Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının hüquqi, siyasi və iqtisadi hüquqlarını müdafiə eməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Dövlət, həm də gənc oğlan və qızların sosial və mədəni həyatın bütün sahələrində sərbəst, fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını öz üzərinə götürür. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, əməyə, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması hər birimizi ciddi düşündürür. Bu gün uşaqlarımız və gənclərimiz milli ruhda tərbiyə olunur, tariximiz öyrənilir. Gənc nəsilə vətənə, xalqa məhəbbət hissləri dərindən aşılanır. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər təqdirəlayiqdir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, qorunması və beynəlxalq aləmdə təbliğ olunması istiqamətində məqsədyönlü iş aparır. Onun Heydər Əliyev Fondunun rəhbəri kimi Azərbaycanı dünya və Avropa ölkələrində tanıtması hər birimizin qəlbini fərəh hissi ilə doldurur. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanı, vətənpərvərlik hissini daha da gücləndirir. Məhəmməd Peyğəmbər deyirdi: "Atanın öz oğluna əvəzsiz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü odur ki, onu yaxşı böyütsün və gözəl tərbiyə etsin”. Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaq mütləq həm savadlı, bilikli olacaq, həm də vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da yüksək olur, mədəni səviyyəsi də. Belə insanlar, digərlərindən fərqli olaraq, doğulduğu torpağın, vətəndaşı olduğu ölkənin təəssübünü daha çox çəkirlər. Onlar doğma yurd üçün, təmsil etdiyi xalqın xoşbəxtliyi üçün canlarını belə, əsirgəmirlər. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Hazırda müharibə olmasa da, gənclərimiz istənilən vaxt düşmənə qarşı mübarizə aparmağa qadirdilər. Hazırda gənclərin fəal iştirak etdiyi tədbirlərdə, sosial şəbəkələrdə, forumlarda onların necə vətənpərvər olduqlarını görürük. Gənclərimiz ölkənin ictimai-siyasi həyatına verdiyi töhfələrlə yanaşı, onlar vətənin rifahı üçün lazım gəldikdə canlarını da fəda etməyə hazırdılar. Bu isə onu göstərir ki, Azərbaycan gənci Vətənini sonsuz məhəbbətlə sevir. Vətənpərvərlik deyəndə ilkin olaraq Vətəni sevmək, ona olan ülvi hisslər başa düşülməlidir. Vətənə olan məhəbbəti sözlə ifadə etmək çətindir. Vətənə olan sevgi onun var olması, inkişafı uğrunda çalışmaq deməkdir. Bunun üçün canından, malından keçmək deməkdir. Hansı ki, biz hər zaman bunun fərqinə varmalı və bu istiqamətdə çalışmalıyıq. Gənc nəsli məhz bu ruhda, amalda tərbiyə etməliyik. Bir çox ölkələr çox uğurla bu mərhələni keçib. Qardaş Türkiyədə bunun çox gözəl örnəkləri var. Gənclərimiz hər zaman bir şeyin fərqində olmalıdır ki, savaş hələ bitməyib. Bu gün Avropanın heç bir ölkəsinin ərazisi işğal altında deyil. Son 50 ildə həmin qitədə belə problem yaşanmayıb. Bu baxımdan da Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsi digərlərindən çox fərqli bir anlam daşımalıdır. Çünki bizim torpaqlarımız işğal olunub, Qarabağ kimi ümummilli problemimiz var. İşğala son qoymaq üçün Prezidentin ətrafında sıx birləşməli və gənclərin potensialından istifadə etməliyik. Vətənpərvər gənclər bütün sahələrdə ölkənin inkişafını təmin etmək iqtidarındadır. Gənc nəslin unutqanlığı, lazımi şəkildə tərbiyə olunmaması dövlətin qarşısında olan problemin daimi qalmasına gətirib çıxara bilər. Ona görə də son dərəcə ayıq-sayıq olmalıyıq. Vətənpərvər və təhsilli gənc nəslin formalaşmasına çalışmalıyıq. Bu istiqamətdə hər kəs üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidir”. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Torpaqlarımızın bir hissəsinin düşmən işğalı altında olması gənclərin də yaralı yeridir. Bu gün azərbaycanlı gənclərin vətən sevgisi çox güclüdür. Elə bu sevginin nəticəsidir ki, hər bir Azərbaycan gənci Vətəni uğrunda canından belə keçməyə hazırdır. Azərbaycan daim öz vətənsevər, patriot gəncləri ilə fəxr edib. Çingiz Mustafayev, Mübariz İbrahimov, Ramil Səfərov kimi qəhrəmanlarımız daim gənclərə örnək olublar. Məhz adını çəkdiyimiz qəhrəmanlarımızın etdikləri gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz rol oynayıb. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqət çəkir. Humanist ideyalara xidmət edən təhsil sistemi, insani dəyərlərin böyük əhəmiyyət kəsb etməsi, vətəndaş tərbiyəsi, insan azadlığına və hüquqlarına hörmət, ətraf mühitə, vətənə, ailəyə məhəbbət, milli mədəniyyətin inkişafı, milli adət-ənənələrə hörmət və ehtiram tərbiyə məsələsinin əsasında durur. Mütəxəssislər sübut edirlər ki, doğma təbiətə bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsil insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Xalqın tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola bilməz, vətən yolunda qəhrəmanlıq göstərməz. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı işlərin forma və üsullarının müxtəlif və rəngarəng olması da əhəmiyyətli rol oynayır. Məsələn, Azərbaycan Ordusunun yaradılması günü kimi bayram tədbirlərinə hazırlıq və təntənəli surətdə qeyd edilməsi, hərbi hissələrə, döyüş yerlərinə, qəhrəmanların abidələrinə ekskursiyaların təşkil olunması, Qarabağ müharibəsinin veteranları və milli ordunun nümunəvi əsgərləri ilə görüşlər keçirilməsi gənclərin yaddaşında dərin iz buraxır. Hərbi-vətənpərvərlik mövzularında görüşlər, söhbətlər, ədəbi-bədii gecələr, müzakirələr keçirmək, şəkilli albomlar, fotosərgilər, fotoalbomlar təşkil etmək və s. tədbirlər vətənpərvərlik tərbiyəsində ən təsirli formalardır. Bunlar həyata keçirilən zaman hər bir gənc vətən qarşısında öz məsuliyyətini başa düşür, vətəni qorumağa, onu sevməyə bütün varlığı ilə hazır olur. Danılmaz faktdır ki, böyüklərə hörmət, tələbkarlıq prinsipinə əməl etmək, obyektiv olmaq, ləyaqət və humanizm kimi əxlaqi keyfiyyətləri uca tutmaq da gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə çox güclü təsir göstərir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 21 oktyabr.- S.15.