Vətənpərvərlik hissi gənclərin
əsl
vətəndaş
kimi formalaşmasını təmin edir
Müasir Azərbaycan gəncliyinin
intelektual səviyyəsi geniş olduğundan vətənpərvərlik
anlayışı da eyni çevrəni əhatə edir. Nəzərə
almaq lazımdır ki, bu anlayış bir sıra dəyərlərə
söykənir. Gənclər üçün vətənpərvərlik
anlayışı təkcə torpağa, Vətənə
bağlılıqla məhdudlaşmır, odur ki, müasir gəncliyin
timsalında vətənpərvərlik hisslərini
özündə təcəssüm etdirən bir sıra
xüsusiyyətlər nəzərə alınmalıdır.
Xüsusən, müstəqillik əldə etdikdən sonra Azərbaycanda
yetişən gənc nəsil öz bilik və
bacarığı ilə fərqlənir. Bunun üzərinə
sağlam ruh və intelekti də əlavə etsək Vətəni
qorumağa qadir nəslin formalaşdığı qənaətinə
gələ bilərik.
Bütün sadalananlar heç şübhəsi ki, gənclərin milli adət-ənənəyə sadiq, vətənpərvər ruhda böyüməsinə zəmin yaradır. Gənclərin vətənpərvərlik şüurunun formalaşması daim dövlətlərin diqqət mərkəzində olub. Ancaq siyasi baxımdan geniş təfəkkürə malik liderlər gənclərin vətənpərvərlik ruhunun formalaşmasının vacibliyini dərk edərək öz ideyaları ilə bunu bir az da qabağa apara biliblər. Ümumillli lider Heydər Əliyev də bu məsələni fəaliyyətinin əsas istiqamətlərinin biri kimi qəbul edərək ölkədə vətənpərvər gənclərin yetişməsinə stimul yaradıb. Heydər Əliyevin milli şüurun formalaşdırılmasını özünün ideoloji fəaliyyətinin başlıca istiqaməti sayırdı. Ümumiyyətlə Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün illər ərzində gənclərin vətənpərvərlik tərbiyəsinə böyük önəm vermişdir. Hazırda da bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda da gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Xüsusən də müstəqil Azərbaycan üçün bu olduqca vacib əhəmiyyət kəsb edir. Dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Çünki milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır. Vətəni sevməklə biz onun üçün canımızı və qanımızı fəda etməyə hazır olmalıyıq. Vətən bizim ən müqəddəq yerimiz, səcdəgahımızdır. Onu qorumaq da məhz biz vətəndaşların ən başlıca məqsədi və borcu sayılır. Bu, tarixən belə olub, indi də belədir. Tarixən igid oğullarımızın yadelli işğalçılara qarşı mübarizəsi vətənə məhəbbətin, yurdsevgisinin bariz nümunəsidir. İndi də Vətən oğulları Qarabağ uğrunda gedən döyüşlərdə də Azərbaycanın bütövlüyü naminə mübarizə aparırlar. Vətənin bir hissəsi olan Qarabağ üçün canını fəda edənlər də bu vətənin övladları idi. Onlar bu qanlı döyüşlərdə iştirak etməklə, sübut etdilər ki, vətən yolunda canlarını qurban verməyə, onun uğrunda ölümə getməyə hazırdırlar. Vətən uğrunda neçə-neçə igid oğul və qızlarımız canlarından keçdilər. Bununla onlar sübut etdilər ki, vətən varsa, yaşamaq da var. Vətən yoxdursa, nə yaşamağın, nə də yaratmağın mənası yoxdur. Üzərində gəzdiyin, suyunu içdiyin və çörəyini yediyin vətəni sevirsənsə, deməli, torpağı sevirsən. Bir sözlə, vətənə məhəbbət xalqa, torpağa məhəbbətin təməlində durur. Canımızdan əziz olan vətənimiz şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edib, öyünüb. Tariximiz sübut edib ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini daima qorumağa hazır olan mətin gənclər yetişdirib. Məhz bu baxımdan, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər edən qəhrəman gənclərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçib. Müstəqil dövlətdə yaşayan hər bir gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin təmin olunması və qorunmasını özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Sirr deyil ki, Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin məsuliyyətli məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada, gənclərin çiyinlərinə böyük yük düşür. Çünki gənclər dövlətin həm bu günü, həm də sabahıdır. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik anlayışına geniş mənada tərif vermək olar. Mütəfəkkirlərə görə, vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir. Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirmək də vətənpərvərlikdir. Vətənpərvərlik – daxili hisdən formalaşan Vətənə olan ülvi məhəbbətdir. Əgər bu hiss insanın daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməz. Məsələ orasındadır ki, vətənpərvərlik sözlə, danışıqla hasil olmur, bu hiss əməldə özünü büruzə verməlidir. Yəni, vətənpərvərəm deməklə iş bitmir, hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır.
Vətənpərvərlik hissinin yüksəlməsi üçün gənclərin milli-mənlik şüurunun formalaşması vacib şərtlərdəndir. Nəzərə almaq lazımdır ki, milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr - sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi kimi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanları göstərmək olar. Bu, milli şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənliyin əsasını insanın - hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətlərini qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlar bağlı olan bu və ya digər hadisəyə öz münasibətini bildirir. Şübhəsiz ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, insana xas olan şüurun daxilində, özü də yüksək səviyyədə təzahür edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Milli mənlik şüuru ayrı-ayrı şəxslərin və ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir. Müşahidələr göstərir ki, keçmişə, tarixə və ənənələrə olan inamı itirmək mədəniyyət və sivilizasiyanın tənəzzülünə aparıb çıxarır. Təcrübə milli mənlik şüuru və vətənpərvərlik hisslərinin bəşəriyyətin real tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın inkişafı istiqamətində əhəmiyyətli rol oynadığını göstərir. Vətənpərvərlik hissi insanları birləşdirir, mübarizliyə səsləyir, onların əsl vətəndaş kimi formalaşmasına bilavasitə təsir edir. Bu, eyni zamanda elmin, texniki tərəqqinin inkişafına yol açır. Uşaqların və gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsində bəzi meyarlar böyük əhəmiyyət kəsb edir. Məsələn, öz kökünə bağlılıq vətənin, xalqın tarixini dərindən bilmək, soykökünə hörmət göstərmək kimi meyarları özündə birləşdirir. Emosional meyarlar isə digər insanlara hörmət, ana yurda, doğma təbiətə məhəbbət, təbii sərvətlərə qayğını ifadə edir. Fəaliyyət meyarı isə insanın müəyyən sahədə qabiliyyətini, özünütəsdiqetmə bacarığını, vətənin, torpağın şərəfini öz şərəfindən üstün tutmağı əks etdirir. Bu meyar tarixi abidələri, dövlət əmlakını qorumağı, yaşlı insanların, kiçikyaşlı uşaqların qayğısına qalmağı, sağlam həyat tərzi keçirməyi, ətraf mühitə qayğını, fiziki və mənəvi kamillik prinsiplərini əsas götürür. Ümumilikdə milli mənlik şüuruna dəyər verən, öz keçmişini unutmayan, gələcəyinə nikbin baxan, mədəniyyətlərinə sahib çıxan millət böyükdür və yaşamağa layiqdir. Millətə etnik-siyasi birlik forması kimi yanaşıldıqda milli dövlətçilik və milli şüur milli varlığın zəruri ünsürü kimi müəyyən edilir. Sadalanan faktlar deməyə əsas verir ki, vətənə sevgi vətənpərvərlikdən qaynaqlanır. Vətənpərvərlik isə təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu vətəndə yaşayırıq. Ona görə də bacardığımız qədər Vətənin adını uca tutmalı, öz naliyyətlərimizlə başqa dövlətləri də buna vadar etməliyik. Etiraf edilməlidir ki, hazırda Azərbaycanın hər qarış torpagı ugrunda hər an əlinə silah alıb döyüşə hazır olan kifayət qədər gənclərimiz var. Bunlar o insanlardır ki, vətəni sevir və müstəqil dövlətin nə demək olduğunu sözün əsil mənasında dərk edirlər. Təkcə gənclərimiz deyil, ümumiyyətlə Azərbaycan torpağında yaşayan hər bir kəs müstəqilliyimizin qədrini bilməli, vətən uğrunda mübarizəyə hər an hazır olmalıdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2015.- 22 oktyabr.- S.15.