Yerdən göyə bir baxış...

 

Ümumtürk poeziyamızın sönməz ulduzu

 

Bəxtiyar Vahabzadənin əziz xatirəsinə

 

Bəxtiyardan söz düşəndə dəfələrlə təkrar-təkrar oxuduğum şerlərinin bütün sətirləri gözlərim önündən keçir. Bu keçid o qədər sürətli, o qədər uzuno qədər dərindir ki, leysan yağışından sonra nərilti ilə üzü aşağı çağlayan bolgur sulu dağ çayını xatırladır. Bu axının içində dəyəri heç bir meyarla ölçülə bilməyən o qədər qiymətli incilər var ki, onları seçib ayırmaq və ən başlıcası, onların dəyərini bir yazıda ifadə etmək bir ümmanı bir göldə şığışdırmaq qədər çətin görünür.

Buna baxmayaraq, Bəxtiyar Vahabzadə haqqında yazmamaq da mümkün deyil. O hələ sağlığında ikən hər bir oxucunun qəlbində öz heykəlini yaratmış bənzərsiz bir söz sənətkarıdır. Vətənini sevən hər bir azərbaycanlının ürəyində bir Bəxtiyar dünyası var. Milyonların qəlbində özünə yuva qurmuş bu “dünyaların” vəhdətindən mütəfəkkir şairin, böyük söz ustadının, vicdanlı bir müəllimin, əxlaqlı bir vətəndaşın, mübariz bir ziyalının, üsyankar bir dissidentin müdrikkamil obrazı doğulur. Hər birimizin qəlbindəki Bəxtiyar Vahabzadə bu obrazın monumental surətini yaradaraq, onu bütöv Azərbaycanın Bəxtiyar Vahabzadə abidəsi timsalında canlandırır. O, qranitdən deyil. Dünənədək bizimlə birlikdə nəfəs alan, nəfəslərimizi birləşdirib gurlandıran, iradəmizi toplayıb milli iradəyə çevirən canlı bir ruhdur: Azərbaycan torpağının şair obrazında zühur edən ruhu. Dünyasını dəyişməsindən qısa zaman keçsə də, sanki Nizami ilə yaşıddır və elə Nizami qədər də əbədidir. İllər ötdükcə də, yaratdığı sənətinə nə qədər ehtiyacımız olduğunu daha aydın dərk edirik. Həm də bir həqiqəti dərk edirik ki, zaman-zaman belə böyük şəxsiyyətləri yetişdirən Azərbaycan öz yenilməzliyini hər bir tarixi dövrdə daha qətiyyətlə təsdiq etmək qüdrətindədir.

Bəxtiyar Vahabzadə yaradıcılığının mahiyyətinə vardıqca, şairin poeziya dünyasının incəliklərini aradıqca, bu ulu sənətkarı yetişdirən milli təməlin nə qədər qüdrətli olduğunu da görürük. Görürük ki, milli mədəniyyətimizin sanki bütün dalğaları gəlib Bəxtiyar Vahabzadə yaradıcılığında birləşir, burada okeanlaşaraq və külçələşərək, xalqın milli mənəviyyatına və yaddaşına tamamilə yeni poetik biçimdə, yeni məzmun qapsamında, yeni ideya tutumunda, yeni bədii-estetik dəyərdə qayıdır. Bəxtiyar Vahabzadə dünyasında milli varlığımızın bu dərəcədə harmonik əks-səda verməsi – milli ədəbiyyatımızın öz zənginliyini saxlaya-saxlaya, daim yeniləşə bilməsi deməkdir. Belə bir cəhəti zəmanəmizin görkəmli yazıçısı, türk dünyasının böyük oğlu Çingiz Aytmatov dəqiqliklə göstərib: “Bəxtiyar Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqın canlı dil memarlığına öz töhfəni verə biləsən”. Bəxtiyar Vahabzadə isə öz yaradıcılığı ilə təkcə ana dilimizin memarlığına deyil, həm də vətən sevgisindən, millət qayğısından, Azadlıq, İstiqlal amallarından yoğrulmuş müasir milli düşüncə memarlığımıza əvəzsiz töhfələr verdi.

XIX əsr milli mədəniyyət düşüncəmizə Mirzə Fətəli Axundzadənin verdiyi təkandan sonra davam edən hərəkat XX əsrin ikinci yarısında Bəxtiyar Vahabzadə ilə özünün ən güclüpoetik rezonansını” yaradır. Təsadüfi deyil ki, altmış-səksəninci illərdə Mirzə Fətəli Axundzadəyə həsr etdiyi iki şerində Bəxtiyar Vahabzadə məhz ictimai-milli şüur oyanışını diqqət mərkəzinə gətirir, “sarayların zülmətinə daxmasından nur saçan”, “Şərqi cəhalət yuxusundan oyadan” Mirzə Fətəlinin mübarizə yolunu özünə örnək seçir.

Milli mədəniyyət, milli əxlaq və milli mənəviyyatımıza bu dərəcədə sadiq qalaraq, onların irəliyə doğru hərəkətində daha dərin ictimailəşdirici xüsusiyyətləri, müasirləşdirici tendensiyaları tapıb qabartmaq – Bəxtiyar Vahabzadə sözünün başlıca missiyasıdır. Buna görə də Bəxtiyar Vahabzadənin arxasında dayanan milli klassika sankizamanlara səpələnmiş” ayrı-ayrı fraqmentlər deyil, bütün enerjisini bir nöqtəyə toplayan gur işıqdır. Bu işıq - Dədə Qorquddan zəmanəmizə qədər saçılaraq, bütün mədəniyyət tariximizin yaradıcı gücünü səfərbər edir və məhz Bəxtiyar Vahabzadə yaradıcılığında özünün ən yüksək parlaqlığına çatır. Bəxtiyar Vahabzadə bir mütəfəkkir sənətkar olaraq, öz arxasında belə bir möhtəşəm irsin qüdrətini bütün varlığı ilə, qələminin gücü ilə hiss etdiyindəndir ki, onun poetik sözü bu qədər sərrast, qətiyyətli, özünə inamlı və həqiqətə sadiqdir. Belə bir sarsılmaz təməl üzərində yüksəldiyindəndir ki, Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətinin yaradıcılarına, Azərbaycan tarixinin həlledici hadisələrinə, milli varlığımızın təlatümlərinə bu qədər doğma, həssas, ərkyana, həm də yeri gəldikcə, tənqidi münasibətini bildirən əsərlər yazır.

Bəxtiyar Vahabzadə müdrikliyində Dədə Qorquda, monumental epik təsvirlərində Nizamiyə, incə, hüznlü lirikasında Füzuliyə, dünyanın ilahi mahiyyətinə varmasında, müqəddəs hissləri dilləndirməsində Nəsimiyə, Sözü Fatehlik qüdrətinə çatdırmasında Şah İsmayıl Xətaiyə, varlığımızı didən cəhalətə, idraksızlığa qarşı üsyan etməsində Mirzə Fətəli Axundzadəyə, Mirzə Ələkbər Sabirə, Cəlil Məmmədquluzadəyə, romantik duyğuların qanadlandırılmasında Hüseyn Cavidə, Məhəmməd Hadiyə, milli ideologiyanın poetik-fəlsəfi laylarını açmasında Əli bəy Hüseynzadəyə, Məhəmməd Əmin Rəsulzadəyə, mənəviyyatımızı musiqi ladlarında duymasında və publisistik kəsərində Üzeyir bəy Hacıbəyliyə, Vətən torpağının ülviyyətini real cizgilərlə canlandırmasında Səməd Vurğuna bənzəyir. Amma, əlbəttə ki, bütün bunlarla yanaşı, Bəxtiyar Vahabzadə hər yerdə özüdüröz Sözünün Ustadıdır.

Bəxtiyar Vahabzadə Azərbaycanı – onun dünəni, buğunu və sabahının bütövlüyündə görür. Keçmişimizdən gələcəyimizə uzanan yolda milli-ictimai ideallarımızın varisliyinə ehtiramı vətəndaş əxlaqının ən yüksək örnəyi sanır. Hamıdan öncə o özünü – Vətəninin şair oğlunu bu əxlaqın daşıyıcısı missiyasında təqdim edir. “Şair kimdir?” – sualına da ustadın cavabı belədir:

Şair – fikirlərin çırpınan seli,

Şair – həqiqətin müğənnisidir.

Şair – təbiətin danışan dili,

Şair – cəmiyyətin üsyan səsidir.

Şair – zəmanənin, əsrin vicdanı,

Şair – tarixlərin şərəfi, şanı.

Şairbu dünyada zamanın sözü,

Şair – həqiqətin, haqqın güzgüsü!

Məhz belə bir həqiqətsevərlik mövqeyinin getdikcə dərinləşməsi – Bəxtiyar Vahabzadə yaradıcılığında fəlsəfi poeziya janrını ön plana çıxarır. Azərbaycan poeziyasının elə bir janrı yoxdur ki, Bəxtiyar Vahabzadə həmin janrda yazmasın və o janrı öz dəst-xətti ilə təzələməsin. Bəxtiyarın sənət dünyasında söz də, fikir də, janr da, bədii formanın bütün komponentləri də yeni və orijinaldır. Əlbəttə, mahiyyətcə, bu poeziya – ən kiçik janrlarından ən böyük janrlarına qədər ideyalı poeziyadır. Milli-ideoloji başlanğıcı həmişə qüvvətli olmuş Bəxtiyar Vahabzadə yaradıcılığı yüksək poetik sənətkarlıq keyfiyyətlərinə malik olmaqla yanaşı, həm də ideya-məzmun dərinliyi ilə seçilir. Bəxtiyar yaradıcılığına məxsus seçkin poetik xüsusiyyətlərdən başlıcası isə budur: əsərin əvvəlindən sonuna doğru ideya “hərəkət edir”, bu ideyanın sözbəsöz, sətirbəsətir inkişafı son bənddə tam dolğunluğunda, həm də çox zaman paradoksal poetik nəticə ilə başa çatır. Buludlar arasından şəfəqləri süzülən günəşin birdən bütün parlaqlığı və əzəməti ilə görünməsi kimi! Oxucunu ehtizaza gətirən də elə budur. Əsərin son akkordunun novellaya xas gözlənilməz və cazibədar şəkildə bitməsi güclü poetik effekt yaradır və onun ideya-tapıntısı oxucu yaddaşında özünə əbədi “psixoloji yuvaqurur. Məsələn, ustadın böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr etdiyi, romantik duyğuların selində yaradılmış “Şəbi-hicran” poemasının “hərəkət edən” ideyası günəş parlaqlığında yalnız son bənddə belə açılır:

“...Gələndə Məhəmməd gəldin cahana, // Gedəndə: Füzuli getdi – dedilər”.

Bəxtiyar Vahabzadə yaradıcılığında orijinallığı yaradan digər xüsusiyyət – poetik təzadlardan bir sənətkar məharəti ilə istifadə edilməsidir (Müəllifin “Təzadlar” adlı ayrıca poeması da var). Şair sanki zidd dünyaları “toqquşdururki, bu toqquşmadan qopan “qığılcımları” – “ideya toxumlarını” yığıb-toplaya bilsin. Ona görə də Bəxtiyar poeziyasının ümumi arxitektonikasına gərilmiş bir ruhdramatizm ruhu hakimdir. Bu dramatizm onun süjetli lirik şerlərində də, epik-monumental poemalarında da kifayət qədər qabarıqdır. “Əbədi heykəl”, “İztirabın sonu”, “Gülüstan”, “Etiraf”, “Ağlar güləyən”, “Həyat – Ölüm”, “Qəm içində sevinc”, “Dörd yüz on altı”, “”Vətən mənəm, mən Vətənəm”, “Muğam”, “Atılmışlar”, “Ləyaqət”, “İki qorxu”, “İstiqlal”, “Şəhidlər” kimi əsərləri bu dramatizmi bütün ağırlığı ilə oxucuya çox uğurlu bir şəkildə təlqin edə bilir. Ancaq ümumiyyətlə, şairin yaradıcılığında lirizmdən dramatizmə, dramatizmdən lirizmə keçidçox ahəngdar və yumşaqdır. Ustadın lirik poeziyasında dil o qədər axıcı, üslub o qədər bənzərsiz, duyğu o qədər əlvandır ki, bu biçimdə olan əsərlərə zaman-zaman musiqi bəstələnməsi də Azərbaycan incəsənətinə yeni ifadə tərzi, yeni ifaçılıq maneraları gətirə bilmişdir. Bu gün artıq Azərbaycan musiqisini Bəxtiyar lirikası, Bəxtiyar qəzəlləri olmadan təsəvvür etmək mümkün deyil. Şair elə “Muğam” poemasını da sadəcə Azərbaycan klassik musiqi mədəniyyətinin dəyərlərinə ehtiram bəsləməyin gərək olduğunu göstərmək üçün qələmə almamış, həm də muğam sənətini dünya mədəniyyətinin zirvə qatına yüksəltmək məramı ilə yazmışdır. Ümumiyyətlə, Azərbaycanın tarixinin və mədəniyyətinin elə bir mühüm hadisəsi yoxdur ki, Bəxtiyar Vahabzadə ona öz münasibətini orijinal bir refleksiyada bildirməsin.

Azərbaycanın böyük ictimai xadimi Bəxtiyar Vahabzadə xalqımızın ən dar günlərində onun varlığını qoruyan bir mücahid olduğu üçün, qələmindən çıxanlarla dilindən çıxanlar üst-üstə düşdüyü üçün, ədəbi şəxsiyyəti əməli fəaliyyətindən ayrılmaz olduğu üçün, ən kiçik şerləri belə həqiqət saçır, dolğun bir poetik ideyanın təcəssümü olur.

Bəxtiyar Vahabzadənin son dövr yaradıcılığı, bir filosof-sənətkar olaraq, zəmanəsinin hadisələrinə onun daha miqyaslı vətəndaş münasibətini əks etdirən mükəmməl və cilalı əsərlər yazması ilə səciyyələnir. Bütün yaradıcılığının əvvəli ilə sonunu birləşdirən bir sönməz amal isə hər zaman – Azərbaycan və onun istiqlalı olaraq qalır. Bəxtiyarın özündən sonrakı dövrlərə baxışlarında da Vətənin İstiqlalı başlıca qayə kimi görünür. Babaların milli müstəqilliyə qovuşan yolunu nəvələr – istiqlal çağında doğulandoğulacaq yeni-yeni nəsillər davam etdirir:

Nəvəm beşiyində mışhamış yatır,

Yatır çəkdiyimiz dərddən bixəbər.

Birimiz əvvəlik, birimiz axır,

Mən batan günəşəm, o, doğan səhər.

Nəvəm yavaş-yavaş böyüyür hələ.

Bizim istiqlalın həmyaşıdır o.

Bizim ay-ulduzlu bayrağımızla

Mənim nəzərimdə yanaşıdır o...

...Oğullar, nəvələr qoruyar, yəqin,

Babalar qazanan bu istiqlalı.

Bu bayraq altında böyüyənlərin

Ruhu da özü tək azad olmalı!

Azərbaycanın müstəqillik dövrününpoetik tarixiniyaradan Bəxtiyar Vahabzadənin poeziyası bu mərhələdə yetərincə müdrikləşir, həm də əzəl mahiyyətinin yeni görsənişləri kimi, daha da inqilabiləşir, misraları qığılcım saçır... Çünki Azərbaycan torpağının Qarabağ ürəyi düşmənin caynağındadır!.. Ona görə də ölkəmizin müstəqilləşməsi ilə Qarabağın işğal edilməsi – bir-birini inkar edən iki tarixi fakt kimi Bəxtiyar poeziyasında Azərbaycanın tarixi taleyinin ən böyük təzadı olaraq təqdim edilir. Bu dramatik situasiyanı şair ürək yanğısı ilə təsvir edir. Vətən torpağının bir parçasını itirmiş azərbaycanlının ürəyində, yaddaşında tufan qoparır! Onu bu fikrin həqiqətinə inandırır ki, müstəqillik ideallarının tam qələbəsi – yalnız Qarabağın azad edilməsi ilə, ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi ilə öz təntənəsinə çatır.

Bəxtiyar Vahabzadənin təqribən 60 ili əhatə edən zəngin yaradıcılığı Azərbaycanda və xaricdə, xüsusilə Türkiyədə çox geniş şəkildə öyrənilib, haqqında yüzlərlə dəyərli tədqiqat əsərləri yazılıb. Müasir Azərbaycan mədəniyyətinin öncül yaradıcılarından, demək olar, bir kimsə yoxdur ki, Bəxtiyar Vahabzadə haqqında söz deməsin. Bəxtiyar Vahabzadənin poeziyası, dramaturgiyası, ədəbi-siyasi publisistikası, ədəbiyyat tariximiz haqqında tədqiqatları müasir Azərbaycan mədəniyyətinin daim öyrənilməyə layiq olan zəngin irsidir. Onun hər bir əsəri bu möhtəşəm irsin ulduzlar kimi çox uzaqlardan belə görünən çox kiçik, lakin elə o ulduzlar qədər də parlaq zərrələridir. İnsanlığın beşiyi olan Yerdən dayanıb göy üzünün dərinliklərində sayrışan ulduzları seyr etdikcə onların əlçatmaz olduğunu anlayırsan. Bəxtiyar Vahabzadə ulduzunun müstəsnalığı isə ondadır ki, o nə qədər əlçatmaz görünsə də, onun parlaq zərrələri hər bir oxucunun qəlbinə asanlıqla yol tapıb onun Vətən və millət sevgisini, milli və bəşəri dəyərlərə sayğı hisslərini alovlandırmağa qadirdir.

Milli-mədəni irsimizə və bu irsin yaradıcılarına dərin ehtiram hissi ilə,

 

Cavanşir Feyziyev

 

Millət vəkili, fəlsəfə doktoru

 

Olaylar.- 2015.- 23 oktyabr.- S.12.