Milli-mənəvi dəyərlərə sahib çıxmaq
Hazırda Azərbaycan
müstəqil, suveren dövlətdir. Vətəni
sevən hər bir vətən
övladı müstəqilliyin nə olduğunu
dərk etməlidir. Hamı bilməlidir ki,
dövlət müstəqilliyimiz elə də asan
qazanılmayıb. Bu yolda
minlərlə insanlarımız həyatını qurban verib, şəhidimizin
qanı tökülüb. Bu
baxımdan, Vətən borcu, vətən
sevgisi hər kəsin ürəyində və
gözlərinin nurunda olmalıdır. Çünki babalarımızdan yadigar qalan torpaqları qorumaq hər birimizin
müqəddəs borcudur. Hər bir Azərbaycan gənci tutduğu
vəzifəsindən asılı olmayaraq,
vətəninin qədrini bilməli, ona sədaqətli
olmalı və dövlət atributlarına hörmətlə
yanaşmalıdır. Belə isə gənclərin vətənpərvər
olması üçün onlarda
hansı keyfiyyətlərin formalaşdırılmasına ehtiyac var? Yaxud,
gənclərin vətənpərvər kimi
yetişməsində hansı amillər əsas rol oynayır?
Mütəxəssislər hesab edirlər ki, gənclərin vətənpərvərlik hissinin formalaşmasına ailə ilə yanaşı, orta məktəblərdə başlanılmalıdır. Xüsusən, çağırışaqədərki hazırlıq gənclərin vətənpərvər kimi yetişməsində müstəsna rol oynayır. Azərbaycanda müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Eyni zamanda, vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması prosesində 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilirlər. Gənclərin orduya bu səviyyədə hazırlığı heç şübhəsiz ki, onların vətənpərvərlik şüurunun formalaşmasında mühüm rol oynayır. Gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılmasında digər bir vasitə təbliğatdır ki, hazırda bu sahədə istənilən nəticəni əldə etmək mümkün olmayıb. Etiraf edilməlidir ki, gənclərin vətənpərvər ruhda formalaşması üşün təbliğat işinin aparılmasında kütləvi informasiya vasitələrinin böyük əhəmiyyəti var. Çox təəssüf ki, hazırkı mərhələdə mətbuatın və telekanalların fəaliyyəti ölkənin müharibə şəraitində olması ilə bir araya sığmır. Səhərdən axşama qədər ucuz şou proqramlarına önəm verən televiziya və media qurumları sanki ölkənin müharibə şəraitində yaşadığını unudublar. İş o yerə çatıb ki, bəzən işğal günlərində belə şou verilişləri davam etdirilir. Belə vəziyyət isə ordu və cəmiyyət arasındakı əlaqələrinin möhkəmlənməsinə deyil, şəxsi maraqlara xidmət edir. Belə bir şəraitdə bütün günü şouların tamaşaçısı olan gəncdən vətənpərvərlik gözləmək sadəlövhlük olardı. Odur ki, yaxşı olardı telekanallarda hərbi verilişlərin sayı artırılsın. Nəzərə almaq lazımdır ki, hazırda həftədə hərbi verilişlər bur gün cəmi bir saat ərzində yayımlanır ki, onun da yarısı reklamların payına düşür. Əgər, gənclərin vətənpərvərlik hissinin artırmaq istəyiriksə, mütləq maarifləndirmə və təbliğat sahəsində dönüş edilməlidir.
Mütəxəssislərin fikrincə, ölkədə fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları da gənclərin vətənpərvər ruhda böyüməsi üçün xeyli işlər görə bilər. Lakin onların məsələyə hazırki nünasibəti təəssüf doğurur. Məsələn, mümkündür ki, hansısa bir təşkilat vətənpərvərliklə bağlı maraqlı layihəsini ortalığa çıxarsın, ordu ilə cəmiyyət arasında bir körpü rolunu oynasın. Nəzərə almaq lazımdır ki, əsgərə münasibət, onun obrazının cəmiyyətə bir simvol kimi təlqin olunması düşmənə qalib gəlmək üçün tutarlı siyasətdir. Eyni zamanda, düşmənin kimliyi, tarix boyu xalqımıza qarşı törətdiyi vəhşiliklər də təbliğ olunmalıdır. Bununla əsgərlərimizin mənəvi-psixoloji hazırlığına nail olmaq, düşmənə layiqincə cavab verməyə qadir olan mübariz döyüşçü nəslini formalaşdırmaq mümkündür. Ekspertlər hesab edirlər ki, ön cəbhədəki əsgərləri, eləcə də qəhrənman döyüşçülərimizin təbliğatının aparılması, Milli Qəhrəmanların gənc nəslə tanıdılması da gənclərdə Vətənə sevgi oyadar. Bu məsələ nümunəvi əsgərlərin, yaxud Milli Qəhrəmanların adlarının tanıdılması anlamına gəlməməlidir. Onların keşdiyi döyüş yolu, müharibədə göstərdikləri şücaətlərin təbliği gənclər arasında vətənpərvərlik ideyalarının aşılanmasında mühüm rol oynaya bilər. Təəssüf ki, hazırda nə orta məktəblərdə, nə də media orqanlarında Milli Qəhrəmanları təbliğ edən əyani vəsaitlər yox dərəcəsindədir.
Milli-mənəvi dəyərlərə sahib çıxmaq, onlara hörmətlə yanaşmaq də öz növbəsində gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Milli-mənəvi dəyər dedikdə, hər bir xalqa məxsus olan sərvətlərin, adət-ənənələrin, mədəni irsin, dini-fəlsəfi baxışların formalaşması nəzərdə tutulur. Burada irəli sürülən müddəa Azərbaycanda milli ideologiya təşəkkül tapana qədər Azərbaycan xalqı arasında hər hansı bir ideyanın və yaxud ideyaların olmaması anlamına gəlmir. Əksinə, həmin dövrə qədər mövcud olan mədəni irsin, dini-fəlsəfi təsəvvürlərin, milli xüsusiyyətlərin vahid şəklə salınması kimi başa düşülür. Milli mənəvi dəyərlər millətin varlığını ortaya qoyan əsas faktorlardan biri olan mənəviyyatla sıx bağlıdır. İnsanın təmsil olunduğu etnik çərçivədə özünün təsdiqini tapmasıdır. Mütəxəssislərin fikrincə, milli mənəvi dəyərlərin yaradıcısı millətin ayrı-ayrı üzvləri olsa da, həmin üzvlərin mənəvi-ideoloji, əxlaqi ideyaları sonralar bütövlükdə cəmiyyətin ümumi sərvətinə çevrilir. Azərbaycan xalqı da milli dilini, düşüncəsini, xarakterini, inancını, dinini, adət-ənənələrini və s. məhz milli-mənəvi dəyərlər şəklində qoruyub saxlamaqdadır. Milli düşüncə tərzi milli mənəvi dəyərlərdən milli özündərkə bir keçiddir. Belə ki, bir xalqda milli mənəvi dəyərlər o vaxt milli öznəməxsusluq səviyyəsində meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özündərkə ehtiyac yaranır. Milli düşüncənin yüksəlməsi ilə milli özünüdərk prosesi başlayır. Lakin hər bir anlayış milli özünüdərk səviyyəsinə yüksəlib, milli düşüncəyə çevrilə bilməz. Yalnız milli oyanış, milli özündərk və bu kimi digər anlayışlar, milli mənəviyyat səviyyəsinə, daha sonra milli düşüncəyə qədər yüksələ bilər. Yetər ki, onun ciddi elmi, fəlsəfi, iqtisadi, siyasi və s. əsasları olsun. Çünki milli düşüncədən fərqli olaraq milli özünüdərk hər hansı bir etnik kütlənin başqalarından fərqini dərk edib, özünü bir millət kimi təsdiq etməsidir. Milli mənəvi dəyər də, milli ideya da xalqın soykökü, dili, dini və başqa vacib əlamətlərini əks etdirir. Hər bir xalq özünün milli xüsusiyyətlərini qoruyub saxlamaq üçün bir çox sərvətlərini - dilini, müstəqilliyini, dini-fəlsəfi dünyagörüşünü, mədəniyyətini və s. milli mənəvi dəyərlər, yaxud da milli düşüncə kimi yaddaşlarda yaşadır və nəsillərdən-nəsillərə ötürür. Ancaq elə milli mənəvi dəyərlər var ki, bu günə qədər qorunub saxlansa da, onları milli ideya kimi qəbul etmək doğru olmaz. Məsələn, yaşlı insanlara, ağsaqqallara hörmət, qadına - anaya münasibət, vicdanlılıq, toy və yas mərasimləri xalqımız milli mentaliteti ilə sıx bağlıdır. Bütün bunlara hörmət vətənpərvərlik hissinin yüksəlməsinə təkan verir.
Sadalanan faktlar deməyə əsas verir ki, vətənə sevgi vətənpərvərlikdən qaynaqlanır. Vətənpərvərlik isə təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu vətəndə yaşayırıq. Ona görə də bacardığımız qədər Vətənin adını uca tutmalı, öz naliyyətlərimizlə başqa dövlətləri də buna vadar etməliyik. Sirr deyil ki, son illərdə Azərbaycan gəncliyi sürətlə inkişaf edir. Gənclərimiz bütün sahələrdə nailiyyətlər qazanırlar. Azərbaycan gənclərinin uğurlu sədaları xarici ölkələrdən gəlir. İstər təhsil sahəsində, istərsə də idman sahəsində gənclərimiz özlərini dogruldurlar. Elə ölkəmizin paytaxtı Bakıda keçirilən Birinci Avropa Oyunlarında gənclərimiz vətənpərvərlik hisslərinin nə qədər yüksək olduğunu bir daha sübut etdilər. Gənclərimiz idman yarışlarında əldə etdikləri qələbələrlə Azərbaycanımızın şöhrətini daha da artırmış oldular, dəfələrlə dövlət bayrağının qaldırılması, dövlət himninin səsləndirilməsi əsil vətənpərfərliyin nümunəsi idi. Bu, vətənə olan sevgidən, vətənpərvərlikdən yaranır. Hazırda cəmiyyətdə çoxlu sayda gənclər var ki, vətənpərvər işlərlə məşgul olur, vətəni üçün əllərindən gələni əsirgəmirlər. Bunlar ürəyi vətən eşqi ilə çırpınanlardır. Azərbaycanın hər qarış torpagı ugrunda hər an əlinə silah alıb döyüşə hazır olanlardır. Bunlar o insanlardır ki, vətəni sevir və müstəqil dövlətin nə demək olduğunu sözün əsil mənasında dərk edirlər. Dövlətçiliyimizin keşiyində durmaq, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq kimi məsuliyyətli vəzifələrlə hər bir vətəndaş məsuldur. Bu vəzifələrin böyük bir hissəsinin gəncliyin üzərinə düşdüyünü nəzərə alaraq dövlətin yürütdüyü gənclər siyasətinin tərkib hissəsi kimi gənclər təşkilatlarının qarşısında dövlətə, dövlətçiliyə dəstək olan vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində gənclərin maarifləndirilməsi kimi mühüm vəzifə durur.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdirolaylar
Olaylar.- 2015.- 27 oktyabr.- S.15.