Gənclərin vətənpərvərlik
ruhunda
tərbiyəsi təlim-tərbiyə
işinin ən
mühüm istiqamətlərindəndir
İnsanın ən
ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin
doğulub boya-başa
çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən
qaynaqlanır. Lakin vətənpərvərlik
təkcə Vətəni sevmək deyildir.
Vətənpərvərlik həm də Vətənin naminə
çalışmaq, Vətəni qorumağa
hər an hazır olmaq,
onun yolunda qəhrəmanlıqlar,
fədakarlıqlar göstərmək, Vətənin,
xalqın hər bir uğuruna
sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa
da, bütün digər
hisslər kimi tərbiyəyə
möhtacdır və tərbiyə yolu ilə
daha da möhkəmlənir,
artır.
Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Ulu öndərimiz, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin".
Müəllimlər də öz növbəsində fəaliyyətlərində ulu öndərin bu tövsiyəsini həmişə diqqət mərkəzində saxlayır və ona əməl etməyə çalışır.
Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Məhz bütün bunları nəzərə alaraq ibtidai siniflərdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verilir, istər dərslərdə, istərsə də sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı bu istiqamətdə müntəzəm iş aparılır.
Şagirdlərin vətənpərvərlik və Vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Bu məqsədlə istər dərslərdə, ayrı-ayrı mövzuların, mətnlərin öyrədilməsi zamanı, istərsə də müxtəlif mövzularda tez-tez keçirilən dərsdənkənar tədbirlərdə Vətənimiz, onun zəngin flora və faunası, yeraltı və yerüstü sərvətləri, maddi-mədəniyyət abidələri haqqında geniş məlumat verilir.
Şagirdlərə çatdırılır ki, doğma Vətənimiz Azərbaycan Yer kürəsinin yaşayış üçün ən əlverişli coğrafi nöqtələrindən birində yerləşir. Dünyanın 11 iqlim qurşağından 9-na ölkəmizdə rast gəlmək mümkündür. Təbii şəraitinə görə də ölkəmiz çox əlverişli olub dağlıq və düzənliklərdən, yayla və meşəliklərdən ibarətdir. Yaşayış üçün əlverişli iqlimə və təbii şəraitə malik olduğundan Azərbaycan ən qədim insan məskənlərinin olduğu ölkə kimi tanınır. Vətənimiz yeraltı və yerüstü sərvətlərlə zəngindir. Ölkəmiz, onun təbiəti, təsərrüfatı, təbii sərvətləri haqqında əxz etdikləri biliklər şagirdlərdə dərin iftixar hissi yaradır, onlarda vətənpərvərlik hissini daha da gücləndirir. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.
Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. İbtidai məktəbin bütün siniflərini əhatə edən dərsliklərdə belə məlumatları özündə ehtiva edən mətnlər, nağıl və dastanlardan parçalar kifayət qədərdir.
Üçüncü sinif üçün yeni kurikulum əsasında hazırlanmış "Azərbaycan dili" dərsliyi bu baxımdan, xüsusilə təqdirəlayiqdir. Dərsliyin məzmununu əks etdirən 8 bölmədən 6-da cəmlənmiş mövzular demək olar ki, bilavasitə vətənpərvərlik tərbiyəsinə xidmət edir. Bu baxımdan dərsliyin "Mənəvi dəyərlər", "Sevimli qəhrəmanlarım", "Tarixi şəxsiyyətlər", "Bayramlar və tarixi günlər", "Hikmət xəzinəsi", "Mədəni irsimiz" bölmələrində verilmiş demək olar ki, bütün mətnlər vətənpərvərlik tərbiyəsi üçün əsl örnəkdir. Onlar haqqında verilən məlumatlar əsasında şagirdlər həm tarixin müəyyən mərhələlərində xalqımızın həyatında, yadellilərə qarşı mübarizədə, müstəqilliyimizin əldə olunmasında, dövlətçiliyimizin qorunmasında, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında böyük rol oynamış qəhrəmanları, tarixi şəxsiyyətləri, mədəniyyət xadimlərimizi tanıyır, həm də onların həyat və mübarizə yolu timsalında vətənpərvər kimi yetişirlər.
Sevindirici hal ondan ibarətdir ki, müəllimlər çox vaxt dərsliklərdə verilən həmin mətnlərlə kifayətlənmir, daha geniş məlumatlar əldə edərək şagirdlərə çatdırır, onların özlərini müstəqil çalışmaq, axtarışlar aparmaq yolu ilə belə məlumatlar toplamağa sövq edirlər. Təbii ki, şagirdlərin özlərinin bu istiqamətdə axtarışları onlara daha çox tərbiyəvi təsir göstərir. Ölkəmizdə qeyd olunan milli və dövlət bayramları, tarixi günlər də əvəzsiz vətənpərvərlik tərbiyəsi vasitəsidir. Bu bayram və tarixi günlərin bir qismi haqqında dərsliklərdə verilmiş mətnlərdə söz açılır. O cümlədən III sinfin "Azərbaycan dili" dərsliyindəki 6-cı bölmə məhz bayramlar və tarixi günlərə həsr olunub. Bu mətnlər şagirdlərin bayram və tarixi günlər haqqında məlumatlarını xeyli genişləndirməyə imkan verir. Lakin müsbət cəhətlərdən biri də ondan ibarətdir ki, müəllimlər bunlarla kifayətlənmir, qeyd olunan ərəfədə bütün bayramlar və tarixi günlər haqqında şagirdlərə məlumatlar verilir. Şagirdlərin iştirakı ilə bir sıra milli və dövlət bayramlarımıza həsr olunmuş tədbirlər keçirilir. Belə tədbirlər emosional ruhda kökləndiyindən şagirdlərin vətənpərvərlik tərbiyəsinə daha güclü təsir edir. Təcrübələrdən bu qənaətə gəlmək olar ki, göstərilən istiqamətlərdə şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.
Ümumiyyətlə, məktəblərin pedaqoji kollektivlərinin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyulması heç də təsadüfi deyildir. Məlumdur ki, hərbi-vətənpərvərlik tərbiyəsi bir məqsədə - gəncləri vətənimizin fəal müdafiəsinə hazırlamaq məqsədinə xidmət etməlidir. Buna görə də Azərbaycan dövləti xalqını, onun gənc nəslini həmişə sayıq olmağa, vətənimizin hərbi qüdrətini hər vasitə ilə möhkəmləndirməyə, onun müdafiə bacarığını artırmağa çağırır. Orta məktəblərin təhsil sistemi çağırış yaşı hələ çatmamış gənclərə ibtidai hərbi hazırlıq keçilməsini, onların fiziki cəhətdən möhkəmliyini təmin etməyi, onları orduda xidmətə hazırlamağı tələb edir. Bu cəhətdən də indiki şəraitdə çağırışa qədərki məktəbli gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Bu məqsədə nail olmaq üçün məktəb və ailə uşaqlarda vətənə, xalqa, məhəbbət tərbiyə etməli, onlarda vətən qarşısında şərəf və borc hissini qüvvətləndirməlidir.
Son dövrlər qabaqcıl məktəblərimizdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət xeyli artırılıb. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsullar meydana çıxarıb. Bir çox məktəblərdə "Döyüş şöhrəti” muzeyləri, guşələr yaradılır, məktəblərdə fəaliyyət göstərən dərnəklərdə Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanların xatirələrini əbədiləşdirmək üçün geniş işlər aparılır. Məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması təmin edilir. Bu sahədə məktəblərimizdə toplanmış qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmağa imkan verir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 28 oktyabr.- S.15.