Vətənpərvərlik gəncləri səciyyələndirən

ən mühüm keyfiyyətdir

 

Vətənpərvərlik – vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən. Vətənpərvərəm deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Vətənpərvərlik daxildən gələn bir hissdir ki, bu hissləri də müəyyən vasitələrlə tərbiyələndirmək, düzgün istiqamətə yönəltmək lazımdır. Vətən – bir adamın doğulub böyüdüyü və vətəndaş olduğu ölkə, doğma yurd, ana yurd deməkdir.

Vətənpərvərlik insanın öz vətəninə sevgi və sədaqətliliyindən, onun tarixi və milli – mədəni dəyərləri üçün qürur hissi keçirməkdən, doğma Vətənin siyasi, iqtisadi və mənəvi tərəqqi naminə çalışmaqdan və onun müdafiəsinə can atmaqdan ibarətdir.Vətənpərvərlik tərbiyəsinin əsas məqsədi vətəndaşlıq borcunu yerinə yetirməyə can atan mənəvi, siyasi professional, psixoloji və fiziki keyfiyyətlərə malik olan insan tərbiyə etməkdir. Hər bir xalqın və millətin tarixində elə mərhələlər olur ki, vətənpərvərliyin tərkibi sayılan hərbi vətənpərvərlik məfhumu ön plana çıxır . Hərbi vətənpərvərlik dedikdə əsasən üç vacib element nəzərdə tutulur: mənəvi-siyasi, hərbi texniki və fiziki psixoloji hazırlıq. Bütövlükdə hərbi –vətənpərvərlik tərbiyəsinin Vətən təəssübü, Vətən anlayışının aliliyi, hərbi anda sədaqət, Vətən müdafiəsinə hazırlıq, milli rəmzlərə hörmət meyarı təşkil edir. Vətəndaşlıq hissi vətənpərvərliyin ən yüksək forması olub, fərdin dövlət qarşısında öz hüquq vəzifələrini başa düşməsidir. Vətəndaşlıq hissi olan şəxs öz ətrafında vətənin taleyi ilə bağlı baş verən hadisələrin fəal iştirakçısına çevrilməlidir. Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Bununla belə, son dövrlərdə bəzi gənclərdə vətənpərvərlik və milli ləyaqət hisslərinin zəif olması hallarına təsadüf edilir. Vətənin taleyinin təhlükə altında olduğu, onun bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmalıdır. Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, əməyi sevməsi və onunla məşğul olması və təşəbbüskarlığı vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək iğtişaşlara, təxribatlara və təbii fəlakətlərə qarşı həmişə mübarizə iqtidarında olmaq lazımdı. Bəzi mütəxəssislər hesab edirlər ki, bu gün müasir gənclərin vətənpərvər ruhda yetişməsi üçün ilk növbədə orta məktəblər əsas rol oynayır. Orta məktəblərin vəzifəsi yalnız orduya əsgər hazırlamaq deyil. Orta məktəbdə oxudu-oxumadı hər kəs vətənə borcunu verməlidir.Amma digər ekspertlərin fikrincə, məktəb yalnız ordu üçün əsgər hazırlamır. Hər şeyi orta məktəbin üstünə atmaq da olmaz. Hərbi vətənpərvərlik ruhu ilk növbədə ailədən başlamalıdır. Orta məktəb dövlətin bütün sahələrinə lazım olan kadrları hazırlamaq üçün bazadır. Bəzi ölkələr hərbi vətənpərvərlik dedikdə, bunu militarist fikir kimi qəbul edirlər. Mütəxəssislər hesab edirlər ki, hazırda orta məktəblərdə uşaqların vətənpərvərlik şüurunun formalaşdırılmasında mühüm rola malik bədii ədəbiyyat yoxdur. Misilsiz igidliklər göstərmiş qəhrəmanlarımız barədə bir-iki yazıya rast gəlmək mümkündür. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan təbliğatın uğurlu və təsirli olmasında televiziyanın yeri və xidməti əvəzolunmazdır. Televiziya ilk növbədə mənəvi tərbiyə ocağı kimi, bədii vasitələrlə, sənətkarlıqla, xüsusi incəliklə bu müqəddəs amalları aşılamalı və sevdirməlidir. Həyat gerçəkliyinin bədii inikası elə bir səviyyədə olmalıdır ki, gənc təkcə təbliğatın deyil, həmçinin estetik cəhətdən zəngin, yüksək istedadlı sənətkarlıqla tanış olsun. Bu cəhət televiziya sənətçilərinin məsuliyyətini birə-iki artırır, onların qarşısında yeni vəzifələr qoyur. Hər bir sənətkar, ziyalı özünün cəmiyyətdə daşıdığı funksiyasını düzgün qiymətləndirməli və bu məsuliyyəti şərəflə icra etməlidir. Həqiqətən də, bugünkü Azərbaycanın ictimai inkişafının durumu elə vəziyyətdədir ki, hazırkı dünyagörüşümüzü vətən anlayışı, vətənə sevgi və məhəbbət hissi olmadan təsəvvür etmək, sadəcə, mümkün deyildir. Çətinliklərlə üz-üzə qalan xalqımız milli dirçəlişə, siyasi həyatının dönüşlü mərhələsində, milli yetkinlik çağında labüd olaraq vətənpərvərlik şüurunun saflaşdırılmasına dərin ehtiyac duyur. Belə bir sosial tələbatın bu gün ön plana çəkilməsini təsadüfi hesab etmək düzgün olmazdı. Uzun illər boyu totalitar rejim şəraitində ideoloji təbliğatın aparıcı istiqaməti SSRİ-ni bu ərazidə yaşayan bütün xalqlar və millətlər üçün yeganə vətən kimi təbliğ etmək olmuşdur. Hər bir millətin özünəməxsus xüsusiyyətləri tam nəzərə alınmır, əsasən sosializm dəyərlərinə üstünlük verilirdi. Belə ağır və ziddiyyətli münasibətin mahiyyəti bunda idi ki, xalqımız əsl vətənpərvərliyin formalaşması üçün ümdə şərtlər olan milli qürur hissi və ləyaqətini, tarixi yaddaşını, milli adət və ənənələrini qoruyub saxlaya bilmək naminə güclü müqaviməti dəf etməli olurdu. Lakin tarixin sonrakı axarı göstərdi ki, nəsildən-nəslə keçərək əsrlər boyu yaranmış, inkişaf etmiş və ən dərin hiss və duyğuya çevrilmiş Azərbaycan xalqının bu nəcib vətənpərvərlik hissi güclü müqaviməti dəf etməyi bacarır və öz azadlığına, müstəqilliyinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxmaqda israrlıdır.

Müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin effektliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq vacib milli-psixoloji problemdir. Milli-mənəvi dəyərlərə bağlılıq insanda ilk vaxtlarda vətənpərvərlik hisslərini gücləndirir və sonrakı mərhələlərdə insanın əsl vətəndaş olmasında birbaşa rol oynayır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 29 oktyabr.- S.15.