“Gənclərimiz milli dəyərlərimizi

də yaxşı bilməlidirlər”

 

Heydər Əliyev: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır.

Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”

 

Milli mənlik şüuru milli özünəməxsusluğun bütün əlamətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdır. Ulu öndər Heydər Əliyev deyirdi:

“Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”. Yəni, Vətən və milli dəyərlər şəxsimaraqlardan öndə gəməlidir. Vətənpərvərliyin konsepsiyası budur. Azərbaycanın siyasi-ideoloji strategiyasında mühüm yer tutan vətənpərvərlik təlimi müstəqil dövlətimizin hərtərəfli inkişafının etibarlı təməlidir. Vətənpərvərlik tarixilik və müasirlik kontekstində dəyərləndirən, ölkəmizin dünəni, bu günü və gələcəyi üçün əsas istiqamətverici təlim, bütün xalq üçün başlıca qayə sayılmalı, belə qəbul olunmalıdır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən anlatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, vətəndaşlıq hissini, azərbaycanlılıq hissini yüksəldərik”. Qlobal siyasət meydanında baş verən proseslər, region yaxınlığında imperialist güclərin həyata keçirdiyi qanlı planlar Azərbaycanın gələcək taleyi baxımından vacib məsələdir. İmperialistlərin dünyanın yenidən bölüşdürülməsi üçün yoxsul və energetika ölkələrində səhnələşdirdikləri çirkin müharibə ssenarilərindən ölkəmizi sığortalamaq zərurətə çevrilib. Məzhəb qarşıdurmaları, vətəndaş müharibələri və radikal terrorizm dalğasına çırpılmamaq üçün əlimiz tətikdə olmalıdır. Bəşəriyyət özünün ən qanlı mərhələsini yaşayır. Geosiyasi cədvəldə gizli təşkilatların, iqtisadiyyatını müharibə gəlirləri üzərində quran dövlətləri yaxşı bilməliyik. “Soyuq müharibə” başa çatdıqdan sonra təkqütblü dünya yaratmaq istəyən Qərbin imperiya ambisiyasının ana xəttini “Vahid dünya hakimiyyəti” təşkil edir. Hədəfə çatmaq üçün dünyanın enerji qaynaqları, strateji məntəqələri işğal edilməlidir. Bu hədəflərin təyinedici faktorları hərbi güc və inqilablardır. Xüsusilə son 13 ildə xalqlar üzərində edilən tətbiqlər nəticəsində bütün tarazlıqların pozulduğunu, imperiyanın işğal mədəniyyətinin suveren olduğunu və bunun nəticəsi olaraq insan hüquqlarının kütləvi şəkildə pozulduğunu izləyirik. Belə bir mühitdə müxtəlif fərqlilikləri məqbul bir anlayış içində minimuma endirəcək gerçək ortaq məxrəc vətənpərvərlikdir. Bu tezis ətrafında birləşib Azərbaycanı bütün təhdidlərdən qorumaq məcburiyyətindəyik. Günümüzdə yaşadığımız hadisələr qorumağa borclu olduğumuz bu torpaqların əhəmiyyətini bir daha qabardır. Bu gün Suriya, İraq, Əfqanıstan və Misirə edilən təhdidləri qəbul edib düzgün dəyərləndirməliyik. Baş verən proseslərdən zərərsiz çıxmağın yeganə yolu, gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsindən və vətənpərvərlik hisslərinin təbliğindən keçir. Bunun üçün ən çətin şərt və vəziyyətlərdə milli şüurumuzu oyandıra bilərik. Yad ideologiyaların hücumlarına qarşı milli şüurun oyadılması və ölkəmizin qarışıq proseslərdən zərərsiz çıxması üçün ən adi simvolik xatırlatmalar da kifayətdir. Çünki, milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk ilk növbədə insanın öz tarixi kökünü, milli mənsubiyyətini, vətən tarixini bilmək və dərindən təhlil etmək bacarığını özündə ehtiva edir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir və bütün bunlar hansı əsaslara söykənir. Dünyada cərəyan edən hadisələr, qloballaşmanın mənfi təsirləri, cəmiyyətlərin dəyişməsinə, həmçinin müxtəlif mədəniyyətlərin aşınmasına səbəb olur. Lakin ağıllı rəhbəri və monolit cəmiyyəti olan ölkələrə qlobal proseslər təsir etmir. Bunu iqtisadi böhran zamanları da görürük, dini stabilliyin tarazlanması çətin olan zaman da, siyasi gərginliklər artan zamanlar da. Lideri müdrik olan cəmiyyət bütün sınaqlardan üzüağ çıxır, bu artıq tarix boyu sınanıb. Ağıllı lider dünyadakı yenilikdən geri qalmamaq şərti ilə öz cəmiyyətində tolerant, lakin müsbət ənənələrə söykənən ab-havanı tarazlaya bilir. Biz SSRİ tərkibində olduğumuz dövrdə milli bayramlarımızı qeyd etmişik, milli mədəniyyətimizi qorumuş və inkişaf etdirmişik. Yad mədəniyyət dediyimiz rus mədəniyyətinin təsiri bizi dəyişdimi? Dəyişmədi, insanlar indiki qədər, bəlkə indikindən də çox dindar, allaha inanan idi onda. Milli və bəşəri dəyərlərin qorunması üçün bircə şərtə əməl etmək vacibdir – sağlam və təhsilli cəmiyyət formalaşdırmaq. Bizim cəmiyyət də bu baxımdan kifayət qədər təhsilli və sağlamdır, məhz ona görə də dünyada baş verən neqativ hadisələrdən kənarda qalırıq. Ulu öndər Heydər Əliyev deyirdi: “Xalqımızın, Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir!” “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, elmiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim – onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəlidə getməsinə xidmət göstərir. Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, – onu daha da yaxşı bilməlidirlər. Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Məlum olduğu kimi, milli şüur milli varlığı, milli müəyyənliyi səciyyələndirməklə millətə və xalqa aid əlamət və keyfiyyətləri özündə əks etdirir. Azərbaycan xalqının milli şüuru uzun illər ərzində formalaşıb. Bu prosesə təsir göstərən nəhəng şəxsiyyətlər çoxlu amillər olub. Əslində milli şüur elə geniş xarakter daşıyır ki, bəzən hətta haradan başlayır Vətən – kimi emosional ritorik suala oxşayır. Xaldın tarixi mütəfəkkiləri və parlaq simaları müxtəlif milli rəmzlər fərdin mənəvi dünyasına daxil olaraq, onun milli şüurunun formalaşmasına şərait yaradır. Sadə vətəndaşınadək hər kəs milli ruhu evindən aşılamalıdır, uşaqlara hələ körpə ikən vətəni sevməyi, milli kökünü öyrətmək lazımdır. Uşaqlara meyxana öyrətmək yerinə tarixi öyrətmək lazımdır. Tarixini bilənə zaval yoxdur. Tarixini bilən milliyyətini, dəyərlərinin qədrini də biləcək. Ziyalıların üzərinə ikiqat məsuliyyət düşür, çünki o ziyalı yazıçıdır, kitab yazır, rəssamdır, rəsmlərlə tarixi canlandırır, bəstəkardır, milli və vətənpərvərlik ruhunda marşlar yazır, şairdir, vətəni öz şeirlərində mədh edir, müəllimdir, vətən sevgisini öz şagirdlərinə aşılayır, həkimdir, bu vətənin övladlarının sağlamlığı üçün çalışır – hər kəs öz üzərinə düşən vəzifəni icra edir, nəhayətdə hamımız bu vətən üçün çalışırıq. KİV-in rolu  bu məsələdə əvəzsizdir. Mətbuat, televiziya şouya ayırdığı vaxtın, diqqətin az hissəsini vətənpərvərliyin, milli dəyərlərin təbliğinə, intellektual proqramların hazırlanmasına ayırsa vəziyyət indikindən də yaxşı olardı. Gənclərin dəyərli vaxtını hansı müğənninin bu gün nə yediyi, nə geydiyi, hansı avtomobili sürdüyü məzmunlu xəbərlərlə almaq yerinə dəyərli hərbi ekspertlərin, peşəkar hərbi jurnalistlərin iştirakı ilə layihələr etmək daha məntiqli olar. Vətənpərvərlik ruhunda yazılan yazını reklam eləmək lazımdır, saysız-hesabsız brilliantlarından sonuncusunu neçəyə aldığını söyləyən əcaib geyimli müğənnini yox. Televiziya və mətbuata həm güclü dövlət nəzarəti, həm də güclü ictimai nəzarət olmalıdır. Ümummilli lider heydər Əliyev deyirdi: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 5-7 sentyabr.- S.15.