Gənclərin vətənpərvər
ruhda yetişdirilməsi
Dövlətin və
cəmiyyətin ümdə vəzifəsidir
Müasir Azərbaycan gəncliyinin
intelektuai səviyyəsi geniş olduğundan vətənpərvərlik
anlayışı da eyni çevrəni əhatə edir. Nəzərə
almaq lazımdır ki, bu anlayış bir sıra dəyərlərə
söykənir. Gənclər üçün vətənpərvərlik
anlayışı təkcə torpağa, Vətənə
bağlılıqla məhdudlaşmır, odur ki, müasir gəncliyin
timsalında vətənpərvərlik hisslərini
özündə təcəssüm etdirən bir sıra
xüsusiyyətlər nəzərə alınmalıdır.
Xüsusən, müstəqillik əldə etdikdən sonra Azərbaycanda
yetişən gənc nəsil öz bilik və
bacarığı ilə fərqlənir. Bunun üzərinə
sağlam ruh və intelekti də əlavə etsək Vətəni
qorumağa qadir nəslin formalaşdığı qənaətinə
gələ bilərik. Bütün sadalananlar heç
şübhəsi ki, gənclərin milli adət-ənənəyə
sadiq, vətənpərvər ruhda böyüməsinə zəmin
yaradır.
Hüquqşünas Mirzə Manafov deyir ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi, onlarda vətənpərvərlik ruhuhnun inkişaf etdirilməsi, milli kimliyin aşılanması kimi məsələlər ölkə siyasətində önəmli yer tutur: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Heç şübhəsiz ki, gənclərin beynəlxalq aləmdə əldə etdikləri uğurlar Azərbaycan dövltinin nüfuzunun artmasına səbəb olur”. Onun sözlərinə görə, gənclərin həyatında baş verən bu kimi yeniliklər dövlət tərəfindən onlara göstərilən diqqət və qayğının nəticəsidir: “Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Onun sözlərinə görə, hazırda gənclərin milli şüurun inkişafı və vətənpərvərlik ruhunun yüksıldilməsi istiqamətində təşəbbüsləri kifayət qədərdir. Məhz həmin təşəbbüslərin nəzərə alınması gənclərdə özünə inamı artırır, Vətənə və dövlətə sadiq vətəndaş kimi formalaşır: “Ümumiyyətlə gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində iş elə təşkil edilməlidir ki, milli şüur və vətənpərvərlik ideyaları nəinki ölkənin iri şəhərlərində, hətta regionlarda yaşayan gənclərə çatdırılsın. Bunun üçün çoxlu sayda gənclər təşkilatının yaradılmasına ehtiyac var. Xüsusən elm və təhsil müəssisələri ilə əlaqəli şəkildə çalışan vətəndaş cəmiyyətlərinin fəaliyyəti stimullaşdırılmalıdır. Gəncliyin potensial qüvvəsi olan tələbə-gənclərə dəstək omalıdır ki, onlar həmyaşıdları arasında vətənpərvərlik ruhunun artırılmasında fəal iştirak etsinlər”. Hüquqşünasın qənaətincə, ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının davamı idi. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin vətənpərvər ruhunun və intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir. Onun sözlərinə görə, respublikada təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Çünki bu halda gənclərin milli kimliyinin dərk edilməsi məsələsi önəmə çıxır. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" Prezident fərmanları bu istiqamətdə görülən mühüm tədbirlərdəndir. Məhz bu kimi amillər nəzərə alınaraq ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Uzun müddət ibtidai hərbi hazırlıq müəllimi işləmiş Tariyel Adişov qeyd edib ki, bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridi. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdi. Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda bu məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir. Odur ki, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdı: “Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidi ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Milli mənlik şüuru, milli özünüdərkin mahiyyəti ondan ibarətdir ki, insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Xüsusən nəzərə almaq lazımdı ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir, ərazilərimizin 20 faizi işğal altındadı. Belə şəraitdə gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmlidir və vacib əhəmiyyət kəsb edir”. Onun sözlərinə görə, milli mənlik şüurunun inkişafı üçün bir sıra parametrlərin nəzərə alınması əhəmiyyət daşıyır. Hazırkı dövrdə etiraf etmək lazımdır ki, kifayət qədər ayıq-sayıq olan gənclər var. Avropada və digər xarici ölkələrdə yaxşı təhsil alan, yüksək intellektə malik gənclər mövcuddur ki, onlar milli mənlik şüurunu arzuolunan səviyyədə dərk edir. Bütövlükdə milli dəyərlərimizə söykənən və bu dəyərləri düşüncəsində, davranışında, iş fəaliyyətində yaşadan gənclərimizin sayı kifayət qədərdir. Ancaq bununla bərabər gənclərin hərbi hazırlığı da vacib məsəllərdəndir. Fakt odu ki, gənclərin hərbi xidmətə marağı hər keçən gün artır. Təsadüfi deyil ki, son illər Azərbaycan ordusunda fərarilik halları əhəmiyyətli şəkildə azalıb, demək olar ki, yox səviyyəsinə enib. Halbuki 10-15 il əvvəl bu kimi problemlər daha qabarıq formada özünü göstərirdi. Bütün bu müsbət dinamikalar aparılan islahatlar və nizam-intizamın gücləndirilməsi ilə bağlıdır. Xüsusən son vaxtlar keçmiş döyüşçülər, ziyalı və jurnalistlər, eləcə də incəsənət xadimlərinin cəbhə bölgəsinə səfəri yüksək qiymətləndirilməlidir. Çünki cəmiyətin müxtəlif təbəqəsinin nümayəndələrinin ön cəbhəyə səfəri zamanı gənc əsgərlərlə tez-tez fərdi söhbətlər aparılır, onların problemləri dərindən öyrənilir. Bunun nəticəsində də komandirlər tərəfindən arzuolunmaz halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülür. Ona görə də belə səfərlər intensiv təşkil edilməlidir. Eyni zamanda, gənc əsgərlərin səhhəti mütəmadi yoxlanılır, problemləri, şikayətləri öyrənilir. Əsgərin üzləşdiyi istənilən neqativ hal araşdırılır və ciddi tədbirlər görülür. Təbii ki, belə olan halda gənclərin hərbi xidmət keçməyə marağı artacaq”. O,əlavə edib ki, hazırda hərbi xidmətdən yayınma hallarının azalmasının əsasında dayanan başlıca mənəvi amillərdən biri gənclərdə vətənpərvərlik hissinin yüksək səviyyədə olmasıdı: “Vətənpərvərlik hisslərinin gənclərdə arzuolunan səviyyədə olması onlara bütün çətinliklərin öhdəsindən məharətlə gəlməkdə yardım edir. Eyni zamanda, onlarda vətənpərvərlik hisslərinin daha yüksək səviyyədə formalaşmasına kömək edir. Məsələ ondadır ki, müasir gənclik anlayır ki, Qarabağ problemini həll onların üzərinə düşür, bunun üçün hər zaman hazır olmalıdırlar. Bütün bu kimi amillər nəticə etibarilə orduda fərarilik hallarının heçə enməsinə gətirib çıxarır. Onu da nəzərə almalıyıq ki, dövlətimiz 20 il əvvəlki respublika deyil. Ötən dövr ərzində dövlət aparatı, dövlətçilik, dövlət şüuru formalaşır. Orduda nizam-intizam gücləndirilir, neqativ hallara qarşı mübarizə aparılır. Bu da orduda xidmət edən gənclərdə vətənpərvərlik hissinin, milli mənlik şüurunun formalaşmasında özünəməxsus rol oynayır”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2015.- 9 sentyabr.- S.15.