“Vətənpərvərlik insanın qanında olmalıdır”

 

Anar İbrahimov: “Vətənə sevgi, məhəbbət ailədən başlayıb, cəmiyyətdə formalaşır”

 

“Torpağı düşmən tapdağı altında olan bir millətdə vətənpərvərlik ruhu daha yüksək olmalıdır”

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet vəzifələrdən olub. Tarixin müxtəlif dövrlərində bu sahəyə diqqət bir qədər az və ya çox olsa da, günümüzdə gənclərin vətənpərvər ruhda böyüməsi, onların həmin ruhda tərbiyə olunması istiqamətində zəruri addımlar atılır. İstər dövlət, istərsə də qeyri-dövlət təşkilatları səviyyəsində gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində müvafiq işlər görülür.

Gənclərin vətənpərvər ruhda böyüməsi, bu ruhda tərbiyə olunmasında ümumtəhsil məktəblərinin rolunun danılmaz olduğu hər kəsə məlumdur. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra orta məktəblərdə gənclərin vətənpərvər ruhda tərbiyəsi işinə diqqət daha da artırılıb. Artıq ümumtəhsil müəssisələrində gənclərimiz tarixi şəxsiyyətlərimiz, sərkərdə və milli qəhrəmanlarımız barədə ətraflı bilgilərə sahib olurlar ki, bu da onların vətənpərvər ruhda tərbiyəsinə müsbət təsir göstərir. Bəs görəsən günümüzdə orta məktəblərdə gənclərə aşılanan vətənpərvərlik tərbiyəsi onların yetəri qədər vətənpərvər olmasına kifayət edirmi? Və ya gənclərimizin daha da vətənpərvər olması üçün başqa hansı addımlar atılmalıdır? Bu və ya digər məsələlərlə bağlı Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin tarix müəllimi Anar İbrahimovla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Anar İbrahimov günümüzdə gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində dövlət səviyyəsində görülən işlər və onun uğurlu nəticələrindən danışıb.

-Anar müəllim, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir?

-İlk öncə onu deyim ki, vətənpərvərlik insanın qanında olmalıdır. Vətənə sevgi, məhəbbət ailədən başlayıb, cəmiyyətdə formalaşır. Bunlar olmadıqda vətənpərvərlik olmur. Xüsusilə də torpağı düşmən tapdağı altında olan bir millətdə vətənpərvərlik ruhu daha yüksək olmalıdır. Bu gün hər bir Azərbaycan gənci, vətəndaşı vətənpərvər olmağa məhkumdur. Çünki bu gün bizim 20 faiz torpaqlarımız erməni işğalı altındadır və 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz var. Amma əfsuslar olsun ki, bu məsələ bizdə ürəkaçan deyil. Təssüflər olsun ki, bu gün bir çox gənclərimiz xarici təsirlərə düşərək millət, vətən sevgisini unudur, hətta bir çox hallarda Azərbaycana düşmən mövqeyində olan ölkələrin maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bu kimi gənclərimizin doğru, düzgün yola dəvət edilməsi, onlarla lazımı səviyyədə iş aparılması istiqamətinə də ciddi diqqət yetirməliyik. Mərhum şairimiz Məmməd Araz demişkən "vətəndaşı olmayandan, olmaz ölkə vətəndaşı". Ancaq etiraf etmək lazımdır ki, vətənpərvərlik ruhu ümumi götürdükdə aşağı səviyyədədir. Bu məsələdə günahkar ailə, cəmiyyət, təhsil müəssələri, televiziya kanalları və.s. dir. Ona görə də problemin çıxış yolu məsələni kompleks şəklində həll  etməkdir. Onu da etiraf etmək lazımdır ki, son illər ərzində bu istiqamətdə müəyyən işlər də görülür. Dövlətin gənc nəslə olan diqqət və qayğısının artması onların vətənpərvər ruhda tərbiyə olunmasına da təsirsiz ötüşmür. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qeyri-hökumət və gənclər təşkilatlarının layihələrini maliyyələşdirməsi və həmin layihələrin böyük əksəriyyətinin gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvər ruhda tərbiyəsinə xidmət etməsi də ümumi işin xeyrinə olan məsələdir.

-Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda böyüməsində məktəbin də xüsusi rolu var. Bu baxımdan məktəblərdə bu istiqamətdə aparılan iş qaneedicidirmi?

-Nəzərə almaq lazımdır ki, vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır. Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə biz uşaqlarda vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədi ilə mütəmadi məlumatlar veririk. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılayırıq. Bundan əlavə məktəbdə işğal günləri ərəfəsində müxtəlif müsabiqələr, divar qəzetləri, rəsm, inşa müsabiqələri təşkil edilir. Ümumi olmasa da dərs dediyim orta məktəbdə vətənpərvərlik ruhu yüksək səviyyədədir. Axı biz buna məcburi-köçkün kimi həm də məcburuq.

-Siz bir tarix müəllimi olaraq gənclərdə bu hissləri aşılaya, onları milli qəhrəmanlarımız, tarixi şəxsiyyətlərimiz, sərkərdələrimiz barədə məlumatlandıra bilirsinizmi?

-Bir tarix müəllimi olaraq şagirdlərə torpaqlarımızın azadlığı uğrunda canından və qanından keçən şəhidlərimiz, milli qəhrəmanlarmız və tarixi sərkərdələrimiz haqqında demək olar hər dərs, hər gün məlumatlar verirəm.

-Konkret olaraq gənclərin vətənpərvər ruhda böyüməsi üçün daha hansı zəruri addımların atılması məqsədəuyğundur?

-Məlumat üçün deyim ki, ölkə telekanallarında vətənpərvərlik sahəsində verilişlər olduqca azdır. Təssüflər olsun ki, vətənə sevgi, mübarizə ruhu telekanallarda öz əksini tapmır. Elə bir müəllim kimi məni də narahat edən budur. Ancaq bütün bunlarla yanaşı müsbət məqamlar da var. Belə ki, bütün təhsil müəssisələrində milli bayramlar, adət-ənənələrimiz, dövlət bayramları, tədbirləri qeyd olunur. İstənilən tədbirdə vətənpərvərliyə böyük yer verilir. Gəncləri vətənpərvərliyə, mübarizəyə səsləyən idman tədbirləri təşkil olunur. Bundan əlavə müxtəlif yaşlı uşaqlar üçün "Cəsurlar", 10-11-ci sinif şagirdləri üçün "Şahin" hərbi-idman oyunları keçirilir. Bu kimi tədbirlər hərbi vətənpərvərlik hissinin formalaşdırılmasına xidmət edir.

-Ali Baş Komandan, prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, əsgər və zabitlərlə görüşməsi, hərbi təlimləri izləməsi gənclərin vətənpərvərlik hisslərinin daha da artmasına necə təsir göstərir?

-Birmənalı olaraq deyə bilərik ki Ali Baş Komandanımız, cənab prezidentimiz gəncliyimiz üçün parlaq örnəkdir. Prezident İlham Əliyevin gərgin əməyi sayəsində erməni zabitini öldürməkdə şübhəli bilinərək  Macarıstan məhkəməsinin qərarına əsasən ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycan ekstradisiya olunması və qısa müddətdən sonra azadlığa buraxılması, eləcə də onlarla erməni quldurlarını qətlə yetirən Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin erməni tərəfindən alınaraq onun yüksək ehtiramla dəfn edilməsi öz-özlüyündə gənclər arasında vətənpərvərlik hisslərinin artmasına müsbət təsir edən amillərdəndir. Hesab edirəm ki, prezidentimizin vətənpərvəliyi, Azərbaycanı layiq olduğu yüksək yerlərə çıxarmaq üçün ürəkdən gələn səyləri, xalqsevərliyi öyrənilməli, öyrədilməlidir. Özəlliklə, son illər, düşmənə öz gücünü göstərən ordumuza güvən hissi günbəgün artmaqdadır. Eyni zamanda müdafiə nazirimiz general Zakir Həsənov əsgərlər qarşısında hər çıxışında Ali Baş Komandanın tapşırıqlarını xatırladır, orduya göstərilən diqqət və qayğının bundan sonra da artan xətt üzrə davam edəcəyini, düşmənin sarsıdıcı zərbələrlə öz haqq etdiyi cavabı alacağını qeyd edir. “Ölmək istəməyən erməni hərbçisi Ağdamda, Qarabağda nə gəzir?” sualı və həyata keçirilən ardıcıl, layiqli tədbirlər artıq bir ağır daş kimi düşmən ordusunun başına düşməkdə, onlarda bədgümanlığı, ruh düşkünlüyünü artırmaqdadır. Ümumən gəncliyimizin hansısa yabançılardan ilhamlanmasına ehtiyac yoxdur. İnanıram ki, gənclik özündə olanlardan xəbərdar olduqca daha da böyüyür, üfüqügenişlik qazanır, sabaha ruhlanaraq gedir.

-Bu gün Azərbaycan gənci Ali Baş Komandanın müharibə əmrinə qoşulmağa, torpaqlarımızı işğaldan azad etməyə tam hazırdırmı?

-Qısa olaraq deyə bilərəm ki, bu hər bir azərbaycanlının çoxdan gözlədiyi bir gündür. Müharibə əmri verilsə bütün əli islah tuta bilən Azərbaycan türkü yüzə-yüz savaş üçün hazırdır. Ümid edirəm ki, o gün uzaqda deyil. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu potensial, ordumuza gün-gündən diqqət və qayğının artması, eləcə də hərbi-texniki bazanın gücləndirilməsi bizdə bu əminliyi yaradır. Artıq hər kəs tam əmindir ki, Ali Baş Komandan müharibə əmri verəcəyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarını erməni separatçılarından qısa müddətdə təmizləyəcək. Ötən ilin avqust ayında cəbhədə yaşanan olaylar və Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi şücaət belə deməyə əsas verir. Təsadüfi deyil ki, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində keçirdiyi irimiqyaslı hərbi təlimlər düşmən tərəfində ciddi təşviş yaradıb.

 

Olaylar.- 2015.- 11 sentyabr.- S.15.