Vətənpərvər gənclər
milli
köklərə bağlı
olmalıdır
Azərbaycanda gənc
vətənpərvərlər ordusu yetişməkdədir
Hər bir ölkənin gələcəyi
onun gənclərinin düşüncə tərzindən,
intellektual səviyyəsindən, milli ruhdan və digər
amillərdən asılıdır. Azərbaycan gəncliyi
bütün dövrlərdə ölkənin taleyüklü
məsələlərinə münasibətdə, həlledici
məqamlarda öz sözünü deyib. Müstəqilliyin əldə
edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin
rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər
boyu yaradıb yaşatdığı ənənələri,
milli mədəniyyəti yaşadır və gələcək
nəsillərə ötürür.
Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqillik yolunda 20 ildir ki, irəliləyən Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Bu gün isə ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənir. Bildiyimiz kimi, bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir. Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın güclü və müasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var. Artıq inkişaf etmiş ölkəmizdə gənc nəslin milli mənlik şüuru tələb edir ki, özünü azərbaycanlı adlandıran şəxs Azərbaycan dövlətinin mənafeyi, xalqın milli maraqları uğrunda mübarizəyə qatılsın. Bunun üçün hər bir gənc öz vətənpərvərliyini işində, davranışında isbat etməlidir. İdeya-siyasi tərbiyənin əlamətlərindən, vəzifələrindən biri məhz milli mənlik şüurunun gənc nəsildə formalaşmasına xidmət etməkdən ibarətdir. Çünki gənclərin Vətəni sevmək, Vətənə sədaqətli olmaları üçün ölkədə hər bir şərait yaradılıb. Sadəcə onların bu ruhda tərbiyyəsi düzgün qurulmalıdır ki, vətənpərvər gənclərin sayı durmadan artsın. Qətiyyətlə qeyd etmək olar ki, artıq ölkədə gənclərin vətənəpərvər ruhda yetişmələri istiqamətində ciddi addımlar atılmaqdadır. Bunun müqabilində gənclərin üzərinə də müəyyən öhdəliklər düşmüş olur. Prezident İlham Əliyev öz çıxışında gənclərin üzərinə düşən vəzifələri bir daha xatırladıb: "Hər bir vətəndaş, tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik".
Sirr deyil ki, vətənpərvər gənclərin yetişməsi ölkənin bütün sahələrdə inkişafını təmin edir, dövlətin müstəqilliyinin təminatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir. Mütəxəssislərin rəyinə görə, yeni nəslin vətənpərvər ruhunun inkişafının əsas vasitələrindən biri də gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Etiraf edək ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün kifayət qədər imkanlar yaradılıb. Qeyd edək ki, dövlətin gənclər siyasəti var ki, bu siyasət gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün münbit şərait yaradılıb. Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, gənclər vətəndaş cəmiyyətlərində birləşməklə dövlətin idarəolunmasında iştirak edə bilirlər.
Müharibə veteranı, Təvəkkül Tağıyev deyir ki, gənclərimiz həm vətənpərvər, həm milli kökümüzə sarsılmaz tellərlə bağlı olmalıdır: “Düşünürəm ki, müstəqillik dövrünün gənclərində bu hisslər daha çox inkişaf etməlidir. Azərbaycan xalqı qonşu xalqlardan həmişə öz milli kimliyinə sadiqliyi və vətənpərvərliyi ilə seçilib. Təəssüf ki, hazırda bu keyfiyyətimizdə müəyyən boşluqlar müşahidə edilməkdədir. Gənclərimizin heç də hamısının dəyərlərimizə münasibəti eyni deyil. Dönüb tariximizə nəzər saldıqda bəlli olur ki, Azərbaycan gəncliyinin milli mənlik şüuru heç zaman məhv olmayıb, bu gün də onun kifayət qədər daşıyıcıları var”. İstefada olan hərbçi Nəsimi Bünyatov deyir ki, gənclərin vətənpərvərlik ruhda tərbiyyə olunması üçün ailələr və məktəblər əlbir işləməlidir: “Respublikamız 20 ildir müstəqildir. Bu illər ərzində bizim cəmiyyətimizdə, ictimai həyatımızda, məişətimizdə çox şey dəyişib. İndi bizi istəməyənlərin sayı daha da çoxalıb. Ona görə valideyinlər gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirməlidirlər. Elə gənclər var ki, gözünü açıb ailəsində milli mənlik şüurunu inkişaf etdirən söhbətlər eşidib, valideynlərinin bu sahədə apardığı təbliğat birmənalı olaraq o gəncin təfəkkürünü formalaşdırıb. Ola bilməz ki, Azərbaycan tarixi, ədəbiyyatı, musiqisi, mədəniyyəti, tarixi şəxsiyyətlərimiz barədə həmişə müsbət fikirlər eşidən bir gəncin milli mənlik şüuru inkişaf etməsin. Bu baxımdan ailələr və məktəblər gənclərin vətənpərvər ruhda böyümələrini diqqətdə saxlamalıdırlar”. Pedaqoq Rafiq Abasov bildirib ki, orta və ali məktəblərdə, ictimai həyatda, iş yerlərində gənclərlə vətənpərvərlik istiqamətində iş aparılmalıdır: “Xalqımızın böyük dövlətçilik tarixi var. Tarixi şəxsiyyətlərimiz, el qəhrəmanlarımız, Milli qəhrəmanlarımız çoxdur. Onların qəhrəmanlığı, keçdikləri döyüş yolu geniş səviyyədə təbliğ olunmalıdır ki, gənclər öz qəhrəmanını yaxından tanısın. Təbliğatdan çox şey asılıdır. Müxtəlif dünyagörüşünə malik tələbələrlə rastlaşıram. Bəli, onların müəyyən bir qismində nə vətənpərvərlik tərbiyəsi formalaşıb, nə də milli mənlik şüuru inkişaf edib. Milli düşüncədən uzaq olan bu gənclərə hansısa bir milli xüsusiyyətimizi, milli alətimizi, bir qəhrəmanlıq dastanımızı sevdirənə qədər böyük zəhmət çəkməli olursan. Gənclərimizin bir çoxunun milli folklorumuzdan – dastanlardan, nağıllardan, aşıq şerindən və aşıq sənətindən, muğamdan, xalq mahnılarından, el sənətindən xəbəri yoxdur. Halbuki, elə şeylər var ki, gənclik onu beş barmağı kimi bilməlidir. Bilənlər də var. Amma onlar elə də çox deyil. Gənclərimizin bir qisminin müəyyən təsirlərə düşdüyü faktdır. Öz milli ədəbiyyatımızı, incəsənətimizi qəbul etməyənlər Qərbdə qürub edən gərəksiz cərəyanları təbliğ edir. Gənclər ilk növbədə öz dəyərlərimizi sevməlidir ki, onları başqa dəyərlərlə müqayisə edə bilsin”. Etiraf edilməlidir ki, gənclərlə bağlı həyata keçirilən məqsədyönlü proqramlar onların şüurunda vətənpərvərlik hissinin dərin iz buraxmasında müstəsna rol oynaya bilər. Heç şübhəsiz ki, bu gün inkişaf etməkdə olan Azərbaycan gəncinin də amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etməkdən ibarət olmalıdır. Buna nail olmaqdan ötrü Azərbaycançılıq ideologiyası, milli məfkurə anlayışının təbliğatına geniş yer ayrılmalıdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2015.- 12-14 sentyabr.- S.15.