“Səni də, məni də böyüdən

Vətən, Sənə də anadır, mənə də ana”

 

“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”

 

Milli mənlik şüuru hər bir millətin varlığının, milli özünüidarə və özünütəsdiqləməsi, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərinin təzahür formasıdır. Milli mənlik şüurunda millətin adı, varlığı, dili, dini, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti yaşayır. Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyanəti bu qaynaqlardan nəşət edir, hər bir yeni nəsli azadlığa, müstəqilliyə, vətəni qorumağa çağırır. Hər bir insanda milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki, mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən, torpağa, elə bağlılığından asılıdır.

Ulu öndər, müstəqil Azərbaycanımızın memarı və qurucusu  Heydər Əliyev vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə müəllimlərə, ailələrə tövsiyə edirdi: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin".  Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Milli vətənpərvərlik hissinin formalaşdırılması, təbii ki, milli şüurun əsasında duran milli mənlik şüurunun inkişaf etdirilməsi ilə mümkündür. Ulu öndər Heydər Əliyev deyirdi ki, milli mənlik şüuru Vətən əxlaqıdır, milli əxlaqdır. Milli mənlik şüuru, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini özündə birləşdir, milli rəmzlərə, adətlərə, ənənələrə yeni həyat verir, dini etiqadlar, müqəddəs bayramlar xalqın özünə qaytarılır, bu qayıdışda yeni bir ruh, yeni təfəkkür, yeni mənəviyyat, milli vətənpərvərlik hissi öz əksini tapır. Özünə, öz kökünə qayıdan, dirçəliş prosesi xalqımızın, xüsusən gənclərin gözləri qarşısında və onların fəal iştirakı zəminində baş verir. Özünü öz ölkəsinin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, dəyanətli, iradəli, əqidəli vətənpərvər gənc özünün əməli fəaliyyəti, elmə münasibəti ilə millətin adı və varlığı ilə fəxr edir, onlarda milli xaraktermilli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi reallaşır. Ulu öndər gənclərlə görüşlərində bu fikirləri xatırladırdı: “Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyildir. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Vətənpərvərlik anlayışına geniş mənada tərif vermək olar. Sokrata görə, vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir. Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirmək də vətənpərvərlikdir. Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasitarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyatya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaqözünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərlik – Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən. Vətənpərvərəm deməklə bitmir. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən ucaali formasıdır.

 

Şair Bəxtiyar Vahabzadə “Vətəndaş” şeirində deyir:

 

Vətəndaş! Nə gözəl səslənir bu söz,

Yəni – bir iqlimdə böyümüşük biz.

Səni də, məni də böyüdən Vətən,

Sənə də anadır, mənə də ana.

Sən də cavabdehsən, mən də hər zaman

Vahid anamızın xoşbəxtlığına.   

 

Vətənpərvərlik cəmiyyətdə daim aktual olub, bu günaktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getmişlər. Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinin formalaşdırılması, onlara bu ülviali hissin təlqin edilməsi üçün müxtəlif tədbirlər görülür. Yerlərdə zaman-zaman gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasını sürətləndirən tədbirlər daha çox keçirilir. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir  bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Fəhlə öz vətənpərvərliyini yaxşı işləməklə, alim maraqlı elmi kəşfləri ilə izah edirsə, müasir gənclərimiz doğma torpağımızı və dövlətimizi fədakarlıqla müdafiə etməkdə görürlər. Milli vətənpərvərlik hissinin məzmununu doğma Vətənə məhəbbət, onun tarixi keçmişi, adət-ənənələri ilə fəxr etrmək, Vətənin, millətin mənafeyini öz mənafeyi kimi dərk etmək və onun müdafiəsinə hər an hazır olmaq təşkil edir. Ulu öndər Heydər Əliyevin fikrincə, dövlətçiliyimizin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından - onların milli ruhda tərbiyəsindən çox asılıdır. Milli ruh, hər şeydən öncə - vətənpərvərlik ruhudur. Ulu öndər deyirdi: “Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır”. Vətənpərvərlik hissi tariximizə, doğma torpaqlarımıza bağlılıqdan, onları düşmənlərdən qorumaqdan başlayır. İndiki halda milli vətənpərvərlik hissi hər bir azərbaycanlının bir vətəndaş kimi yerini, mövqeyini, ləyaqət və dəyanətini müəyyən edir, onu bu yolda misilsiz qəhrəmanlıqlar və fədakarlıqlar göstərməyə ruhlandırır. Heydər Əliyev gənclərin milli vətənpərvərlik, hərbi vətənpərvərlik problemlərini daim diqqətdə saxlayırdı. Hərbi vətənpərvərliyi milli vətənpərvərliyin zirvəsi hesab edən Ulu öndər gəncləri hərbi xidmətə hazırlamağa, orduda qulluq edən gənclərə qayğı göstərməyə, onların fiziki və mənəvi, hərbi-texniki hazırlığını yüksəltməyə xüsusi əhəmiyyət verirdi. Heydər Əliyev, gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: “Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi, vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”. Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 15 sentyabr.- S.15.