“Mən daşları çiçəklərdən az sevmədim...”

 

Moskvada şair Əkbər Qoşalı ilə görüş keçirildi

 

MoskvadaNicat” Azərbaycan irsinin dirçəlişi cəmiyyəti və“Şəhriyar” Ədəbi-mədəni cəmiyyətilə birgə təşəbbüsü, eləcə də, AMİİ Fondunun və ASGA-nın Moskva nümayəndəliyinin iştirakı ilə Dünya Gənc Türk Yazarlar birliyinin keçmiş başqanı, hazırda məsləhət şurasının sədri, şair Əkbər Qoşalı ilə görüş keçirildi.

 

Görüşü “Şəhriyar” ƏMC-nin sədri Vasif Məmmədov açdı. O, qonaqları salamlayaraq, şairin həyat və yaradıcılığından söz açdı: “Texniki təhsilinə baxmayaraq, Əkbər Qoşalı 1990-cı ildən bəri ədəbi fəaliyyətlə məşğuldur. Artıq 20 ilə yaxındır ki, gənc nəslə türkizm ideyalarını, türkçülüyü aşılamaqda, türk xalqlarının birliyi uğrunda çalışmaqdadır. 1998-ci ildə Qazaxstanda keçirilən Gənc türklərin ümumdünya birliyinin VIII Forumunda o, Dünya Gənc Türk Yazarlar birliyinin başqanı seçilmişdi. Bu birlik indiyədək öz fəaliyyətilə örnək olmaqdadır”.

Sonra söz Şəhriyar ƏMC- nin üzvü, tarix elmləri doktoru Əşrəf Hüseynliyə verildi. Əşrəf bəy, Əkbər Qoşalının şeirlərindəki özünəməxsusluğu, milli-mənəvi dəyərlərə verilən qiyməti əsas tutaraq, onun ərsəyə gətirdiyi çoxsaylı kitablardan danışdı: “Mən Əkbər bəyin yaradıcılığı ilə tanış olarkən çox maraqlı və fərqli misralara rast gəldim. Bunlardan biri də “Mən daşları çiçəklərdən az sevmədim...” kəlmələri oldu. Bu misranın necə dərin məna daşıması yalnız yaradıcı insana məlumdur.

Şair kimdir? Şair – xalqın adamıdır! O, həqiqət axtarışında olan, zamanın üzünü açmağa qadir, ikiüzlülüyü, yalanı, saxtakarlığı tanıyıb ifşa edə bilən bir insan olmalıdır. Şairin şeirləri içdən gələn, səmimi və müdrik olmalıdır. Əkbər Qoşalı məhz belə yazarlardandır. Onun həyat tərzi də, yaradıcılığı da buna sübutdur”.

Müasir rus gəncliyinin nümayəndəsi, Azərbaycan dili sevdalısı, hər zaman bizim ana dilimizdə danışmağa çalışan və onu dərindən öyrənmək yolunda böyük nailiyyətlər qazanan, artıq adını bir çox xəbərlərdən duyduğumuz Dmitriy Kruqlıx da çıxış edərək şairi salamladı və onun bir şeirini orijinalda oxudu.

Azərbaycan Yazarlar birliyinin Moskva bölməsinin məsul katibi, “Nicat” Azərbaycan İrsinin Dirşəlişi cəmiyyətinin həmsədri şairə Afaq Şıxlı öz çıxışına bu sözlərlə başladı: “Dəyərli yazarımız Əkbər Qoşalı ilə Bakıda, mənim yeni kitabımın - “Səni düşünürəm” in təqdimatı zamanı tanış olmuşam. Bu tanışlığın səbəbkarı əziz dostumuz Elman Tovuz olmuşdu, hansına ki, hər zaman minnətdar olacağam. ...Əkbər bəy yorulmaq bilməyən, dürüst, məqsədyönlü və təvazökar insandır. Onun səyilə, uzun illər rəhbərlik etdiyi DGTYB dünyanın hər guşəsindən olan türk gənclərini özündə birləşdirdi. Bu birliyin üzvləri olan gənclər qəlblərindəki vətən sevgisini, xalq, millət sevgisini gələcəyə aparan bayraqdarlarımızdır. Onu da qeyd edim ki, özündən sonraya layiqli varislər yetişdirmək, estafeti davam etdirəcək gənclərin Dünya Gənc Türk Yazarlar birliyini daha da geniş fəzalar fəth etməyə doğru aparmalarına təkan vermək– Əkbər bəyin böyüklüyündən xəbər verir. Öz yerini, tutduğu vəzifəni gənc bir istedada vermək - bu gün üçün nadir hallardan biridir. Əkbər Qoşalı bu addımı böyük məhəbbət və inamla atan o nadir insanlardandır. Bu kimi üstün keyfiyyətlərdir onu dostlarının və oxucularının gözündə ucaldan, əvəzsiz edən”.

ASGA-nın Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili sözə başlamazdan öncə, Vətənimizin sərhədlərində və qardaş Türkiyədə son günlər ərzində şəhid olan əsgərlərin ruhunu yad etmək üçün bir dəqiqəlik sükut elan etdi.

Sonra o, Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmuş “Tərəqqi" medalı münasibətilə Əkbər Qoşalını təbrik etdi.

Azərbaycan silahlı qüvvələrində xidmət zamanı komandiri olmuş Əkbər bəyə öz dərin minnətdarlığını bildirən Toğrul Allahverdili belə dedi: “Çox az adam tanıyıram ki, əsgərlik dövrünü mənim kimi xoş xatirələrlə ansın. Əkbər müəllim, siz anadan-bacıdan uzaq, yuxusuz və yorğun xidmət günlərimizi öz yenilməz ruhunuz və əvəzsiz nəsihətlərinizlə unudulmaz etmisiniz. Sizin bizə bir ata kimi aşıladığınız Vətən məhəbbəti, milli ruh hər zaman köməyimiz olacaq. Siz əsgərlərimizə əsil insan olmağı, Vətəni necə sevməyi, onu qorumağı, dünyanın harasında oluruq-olaq əsl azərbaycanlı kimi yaşamağı öyrətdiniz. Buna görə də sizə “çox sağ olun” deyirəm!”

Rusiya hamı üçün” portalının (RİA Novosti)  redaktoru, jurnalist, tərcüməçi Nilufər Şıxlının çıxışı görüş iştirakçılarının ürəyini riqqətə gətirdi: “Mən, Dünya Gənc Türk Yazarları birliyinin Rusiya nümayəndəliyinin sədri kimi, ötən il ilk dəfə Bakıda keçirilən konfransa dəvət olundum. Bu konfransda türk dünyası ədəbiyyatının gənc nümayəndələri toplanmışdılar. Burada çox gözəl insanlarla tanış oldum və özümə qiymətli dostlar qazandım. Biz bir-birimizlə mütəmadi olaqraq əlaqə saxlayır, yaradıcılığımızdakı yeniliklərlə bölüşürük.

Demək istəyirəm ki, DGTYB qəribə cazibə gücünə malik təşkilatdır. O zamanadək mən həyata bir qədər başqa nəzərlərlə baxırdım. Anam Türk dünyasının böyüklüyündən, onun möhtəşəmliyindən uşaqlıqdan bizə danışsa da, öyrətsə də, bunu ilk dəfə yalnız o mühitə düşdüyüm zaman hiss etdim. Anladım ki, qardaş ölkə yalnız Türkiyə deyil. Özbəkistan da, Türkmənistan da, Qırğızıstan, Çuvaşstan, Qaqauz yeri, Qazaxstan, Tatarstanbunlar hamısı bizik! Biz Türklər! Bu böyüklüyü hiss edərkən insanın ürəyində elə duyğular oyanır ki, bunu sözlə ifadə etmək mümkün deyil! Dilimizin gözəlliyi, zənginliyi, onun əhatə dairəsi insanı valeh etməyə, öz cazibəsinə salmaya bilmir. Bütün bu hisslərə görə, əlbəttə ki, ilk öncə məni vətənpərvər böyüdən anama, sonra isə müəllimlik edən, bir ata kimi bildiklərini öyrədən, yolumuza işıq salan Əkbər Qoşalıya minnətdaram!

...İşlədiyim “Rusiya hamı üçün” portalında Türk dünyasının müxtəlif nümayəndələri çalışır. Biz öz aramızda türkcə danışırıq və bununla da fəxr edirik, çünki bizim ümumi dilimizbir amalımız var!”

Moskva ziyalılarının qonağı - Əkbər Qoşalı hər kəsə dərin minnətdarlığını bildirərək, DGTYB işindən, gələcək planlardan, Azərbaycandakı ədəbi mühitdən, müasir yazarlar və onlaın əsərlərindən maraqlı söhbət etdi. Şair, moskvalı yazarların və azərbaycanlı tələbələrin suallarına maraqlı və ətraflı cavablar verdi.  Daha sonra Əkbər Qoşalı tədbir iştirakçıların xahişi ilə bir neçə şeir oxudu.

Görüşdə eləcə də, “NicatAİDC-nin həmsədrlərindən biri, Azərbaycan dili müəlliməsi Mehriban xanım Abdullayeva, Azərbaycan və Rusiya Yazarlar birliklərinin üzvü şair-publisist Əliş Əvəz və b. çıxış etdilər.

Tədbir xatirə şəkillərinin çəkilməsi və milli Azərbaycan süfrəsilə başa çatdı.

Rusiya hamı üçün” portal

 

Moskva

 

Olaylar.- 2015.- 16 sentyabr.- S.10.