Azərbaycanın gələcəyi gənclərin

Vətənə bağlılığından asılıdır

 

Azərbaycan gəncliyinin vətənpərvər hislərinin formalaşdırılması istiqamətində təhsil sahəsində də ciddi addımlar atılmaqdadır. Belə ki, 2015-2016-cı tədris ili üçün pilot layihə çərçivəsində ölkənin 50 ümumtəhsil məktəbində müasir standartlara cavab verən hərbi kabinetlər yaradılıb.

Təhsil Nazirliyindən bildirilib ki, hərbi kabinetlərdə vizual elektron təlim avadanlıqları quraşdırılıb. Eyni zamanda, kabinetlər təlim üçün nəzərdə tutulan müasir avtomatlar, tapançalar, qumbaralar və minalar ilə təchiz olunub.Təlim üçün nəzərdə tutulan avadanlıqlar həqiqi silahlardan yalnız atəş konstruksiyası ilə fərqlənir. Bu silahlar həm kütləsi, həm də atəş zamanı təpməsi baxımından həqiqi silahla eyni olması ilə yanaşı, tam təhlükəsizdir. Elektron təlim avadanlıqları xüsusi mexanizm və proqram təminatına malikdir. Qeyd edək ki, paytaxtla yanaşı, ölkənin digər bölgələrində də ümumtəhsil məktəblərinin müasir hərbi kabinetlərlə təchiz olunması planlaşdırılır. Şəmkir və Kürdəmirdə tikilmiş yeni məktəblərdə belə kabinetlər artıq quraşdırılıb. Qeyd edək ki, hərbi kabinetlərin təşkili Azərbaycan müstəqillik əldə etdikdən sonra orta məktəblərdə hərbi vətənpərvərlik tərbiyyəsinin yüksəldilməsi istiqamətində atılan ilk addımdır. Təhsil Nazirliyinin səlahiyyətli şəxslərinin açıqlamasından bəlli olur ki, ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün imkanlar genişlənir. Bu məqsədlə ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetin (hərbi kabinetin) müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

Bununla şagirdlərin silahla davranışı, müxtəlif markalı silahları söküb yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və stimulyativ silahlardan hədəfin nişan alınması vəsdişləri aşılanacaq. Xatırladaq ki, gələcəkdə bütün məktəblərin hərbi kabinetləri müasir tələblərə cavab verən, təhlükəsiz avadanlıqlarla təmin olunması nəzərdə tutulub. Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov bildirib ki, bununla Azərbaycan gənci orta məktəblərdən milli ordunun sıralarına gedərkən hərbi texnikadan istifadə etmək mədəniyyətinə daha yaxşı şəkildə sahiblənəcək. Bu da orduda baş verən neqativ halların qarşısını alacaq: "Məlumdur ki, təlim silahları ilə bağlı hərbi hazırlıq dərslərində müəyyən problemlər yaranırdı, məktəblərdə hərbi təlimlər zamanı ictimaiyyətdə narahatlıq doğuracaq, xoşagəlməyən hadisələr baş verirdi. Amma hazırda bu məktəbin hərbi kabineti ən mükəmməl şəkildə hərbi avadanlıqla təchiz olunub. Bu silahların partlamaq qorxusu yoxdur. İndiyə qədər məktəblərdə gənclərimiz avtomat silahdan nişan alması üçün ən primitiv üsullardan istifadə olunurdu. Taxta parçası qoyulurdu və şagird nişan alarkən maneələr yaranırdı. Amma hazırda dəqiq atəş açmaq üçün şagird elektron lövhədən istifadə etməklə sərrast atəş aça və bunu korreksiya edə bilir”. Hərbi ekspert Emin Həsənli bildirdi ki, yeni dərsliklər gənclərin çağırışaqədərki hazırlıq dövrü üçün daha mükəmməl variantda işlənib: “Dərsliyin tərtibində Təhsil Nazirliyinin hərbi hazırlıq üzrə mütəxəssislərinin birbaşa iştirakı olub. Əlbəttə, Qarabağ məsələsinin həlli Azərbaycan kişisinin öhdəsindədir. Ona görə də gələcəyin əsgərləri həm də ailədə hazırlanmalıdır”. Ekspert Şəmistan Nəzirli bildirdi ki, orta məktəblərə tez-tez dəvət alır, amma indiyədək məktəblərdə hərbi kabinetlərin bu cür müasir avadanlıqlarla təchizatının şahidi olmayıb: “Gənclərdə hərbi vətənpərvərlik ruhunun artırılması üçün televiziyalar, qəzet və saytlar geniş maarifçilik işi aparmalıdır: "Bu gün 300 illik tarixi olan rus ordusunda da neqativ hallar var. Jurnalist hərbi sirr olan bəzi məlumatlar istisna olmaqla, neqativ halları da işıqlandıra bilər. Bizim gənclərdə vətənpərvərlik ruhu var, amma bu ruhu oyatmaq üçün jurnalistlər həm də bu sahədə təbliğatı genişləndirməlidir". "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev tövsiyə edib ki, məktəblərdə hərbi hazırlıq fənnini tədris edən müəllimlər hərbi xidmətdən keçsin: “Bu da çox vacib amildir. Hərbi təlimlərdə iştirak edən müəllimlər üçün Təhsil Nazirliyinin mərkəzləşmiş qaydada kurs təşkil etməsinə də ehtiyac var".

  Prezident İlham Əliyev də Azərbaycan gəncliyinin vətənpərvər olması üçün onların savadlı olmalarını vacib hesab edir: “Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə həyatda özləri üçün layiqli yer tutsunlar və eyni zamanda, ölkəmizin ümumi inkişafına da öz töhfəsini versinlər. Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaqdır. Çünki biz görürük ki, bu gün dünyada bəzi hallarda ideoloji müharibələr gedir, əsasən də gənclərlə bağlı xüsusi proqramlar icra edilir. Qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Nəticə etibarilə bu, ölkələrdə problemlərə gətirib çıxarır. Biz çalışmalıyıq ki, Azərbaycanın dayanıqlı, uğurlu inkişafını əbədi edək. Çünki biz bu gün dünyada inkişafla bağlı öz modelimizi ortaya qoymuşuq. Bu gün dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır. Bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır”. Dövlət başçısının fikirlərindən aydın olur ki, savadlı gənclərin hansısa xarici qüvvələrin təsiri altına düşməsi qeyri-mümkündür: “Bu gün dünyanın bir çox yerlərində gedən prosesləri gənclər də izləyir və görür. Gənclər formalaşmaqda olan insanlardır və onlara təsir etmək bəzi hallarda o qədər də çətin olmur. Ona görə, biz gənclərimizi yad təsirlərdən, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq. Qloballaşma adı altında eyniləşmə gedir. Bəzi beynəlxalq dairələr sanki təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var. Biz əsrlər boyu müstəqillik arzusu ilə yaşamışıq və bu gün müstəqil ölkə kimi yaxşı yaşayırıq. Ölkədə təhlükəsizlik, əmin-amanlıq hökm sürür, ictimai-siyasi asayiş qorunur, sabitlik, inkişaf var. İndi baxın, ölkələrin bir çoxunda böhran yaşanır. Azərbaycanda isə belə gözəl məktəblər tikilir, yollar salınır, abadlıq işləri aparılır. Bu il biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmişik. Burada da gənclərimizin rolunu xüsusilə vurğulamaq istəyirəm. Çünki medalları qazananlar da, bizim şöhrətimizi ucaldanlar da gənclərdir. Bu Oyunların təşkilində minlərlə gənc könüllü kimi iştirak edirdi. Yəni, budur bugünkü Azərbaycan reallıqları və biz bunu qorumalıyıq. Gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Azərbaycanın gələcəyi onların biliyindən, savadından, Vətənə bağlılığından asılıdır. Prezident İlham Əliyev hesab edir ki, əsas məsələ ondadır ki, gənc nəsil də bax bu milli ruhda tərbiyə alsın: “Bu, bu gün biliklə, savadla eyni əhəmiyyətə malik məsələdir. Siz müəllimlər də çalışın ki, gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə alsınlar, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər və müstəqilliyi hər şeydən üstün bir dəyər kimi qəbul etsinlər. Xüsusilə bugünkü reallıqlar kifayət qədər əsas verir ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr etsin. Çünki bizim həm beynəlxalq müstəvidə, həm ölkə daxilində siyasətimiz, görülən işlər doğrudan da çox dəyərlidir. Vətənpərvərlik, milli ruh, milli dəyərlər - budur bizim cəmiyyətimizin əsasları. Bəzi xarici qüvvələr bu əsasları sarsıtmaq, bizi öz köklərimizdən ayırmaq istəyirlər. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi, dilimizi, dinimizi, adət-ənənələrimizi qorumuşuq. Bu gün də qoruyuruq və qoruyacağıq. Bizim cəmiyyətimizin mənəvi dayaqlarını sarsıtmaq istəyənlər ölkəmizi məhv etmək istəyirlər. Budur məqsəd. Ona görə güclü milli mənəvi dəyərlər əsasında qurulmuş bugünkü Azərbaycan regionun sabitliyində də öz rolunu oynayır. Gənc nəsil Vətənə bağlı, vətənpərvər, Vətəni hər şeydən üstün tutan insanlar olmalıdır”. Dövlət başçısının sözlərinə görə, gənclər milli dəərlərimizi qorumalıdırlar: “Milli dəyərlər, mənəviyyat, vətənpərvərlik, ləyaqət, milli qürur - budur bizim dəyərlərimiz. Biz bu dəyərləri qoruyacağıq və bizə qarşı aparılan kampaniyalara layiqli cavabımızı veririk və verəcəyik. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz. Mən xüsusilə bu gün bunu Bilik günündə deyirəm ki, gənclər də eşitsin, siz də, bütün Azərbaycan gəncləri, bütün Azərbaycan ictimaiyyəti bunu bilsin. Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri - bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər. Ona görə, mən əminəm ki, qarşımızda duran bütün vəzifələri uğurla icra edəcəyik. Bizim iradəmiz, güclü iqtisadi imkanlarımız və müstəqil siyasətimiz var. Belə gözəl əsərləri biz yaradırıq və yaradacağıq ki, bizim uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər də yaxşı yerlərdə işləsinlər”.

 

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 17 sentyabr.- S.15.