Milli qəhrəmanlarımız əsil
vətənpərvərlik nümunələridir
Azərbaycan
xalqı gələcəyimiz olan gənc
nəslin Vətənə məhəbbət, xalqa,
elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə
sədaqət ruhunda tərbiyə
olunmasına həmişə böyük
məsuliyyətlə yanaşmış və ona
həyati əhəmiyyətli
məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda
fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık
hissi yaradır, apardığı
mübarizədə onda inam
hissini gücləndirir. Vətənpərvərlik
dedikdə ilk öncə Vətən üçün canından keçmək başa düşülür.
Amma vətənpərvərlik yalnız vətən
üçün canından keçmək
deyil, vətənpərvərlik
anlayışına geniş mənada tərif
vermək olar. Vətənpərvərlik
– Vətənə olan ülvi
məhəbbətdir.
Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir. Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getmişlər. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Etiraf edək ki, Azərbaycan gəncliyinə vətənpərvərlik ideyalarının aşılanması üçün kifayət qədər nümunələrimiz var. Azərbaycanın tarixi qəhrəmanlarınin keçdiyi həyat yolunun təbliği kifayətdir ki, gənclərimiz onlardan nümunə götürsünlər. Yaxın keçmişdə erməni qəsbkarlarına qarşı döyüşərk misilsiz şücayət göstərən qəhrəmanlarlımızın tarixi isə gənclər üçün bir nümunədir.
***
Xatırladaq ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlananda ən vətənpərvər oğullarımız Vətənin müdafiəsinə qalxıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Birinci Qarabağ müharibəsində xalqımızın ən qeyrətli, ən mübariz oğulları canlarını fəda ediblər. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş vətənpərvər oğullarımızdan biri də Nəsib Mikayıl oğlu Məlikovdur. O, 1994-cü il sentyabrın 11-də qəhrəmancasına həlak olub. Bu il şəhidin ölümündən 18 il keçir. Anası Lətifə Xəlilova, demək olar ki, hər gün oğlunun məzarına baş çəkir, onun xatirəsini yad edir. Nəsib Məlikov 1969-cu il yanvarın 8-də Bakıda anadan olub. 1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. Sonrakı həyatını da hərb işinə bağlamaq istəyərək Azərbaycan Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi hissələrindən birində kiçik komandir kimi xidmətə başlayıb. Bu günlərdə redaksiyamızda olan anası Lətifə xanım bildirdi ki, Nəsib fiziki cəhətdən sağlam, uca boylu, enli kürəkli, eyni zamanda, mənəvi cəhətcə mətanətli, cəsur bir gənc olub. Elə bu xüsusiyyətlərinə görə Müdafiə Nazirliyi 1992-ci ildə onu hərbi təhsilini davam etdirmək üçün qardaş Türkiyə Respublikasına göndərib. Nəsib Məlikov Ankara Hərbi Akademiyasında mükəmməl hərbi təhsil alaraq Azərbaycana qayıdıb və doğma Vətənində xidmətini davam etdirib. Nəsibin hərbi xidmətinin əsas dövrü Ermənistan-Azərbaycan cəbhəsində qızğın döyüşlərin getdiyi zamana təsadüf edib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ordumuzun əsgərləri düşmənə qarşı daha böyük inamla döyüşürdülər. Hətta cəbhənin bəzi istiqamətlərində qələbələr də əldə olunub, bəzi şəhər və kəndlərimiz işğaldan azad edilib. Tükiyədə hərbi təhsil almış Nəsib Məlikov da bu və ya digər cəbhələrdə döyüşlərin fəal iştirakçısı olub. Nəsib Qarabağın azadlığı uğunda döyüşlərə Ağdərə cəbhəsində qoşulub. Bu cəbhədə qəhrəman Azərbaycan oğulları həm düşmənin ərazilərimizin daxilinə doğru irəliləməsinin qarşısını alır, həm də ona ağır zərbələr endirirdi. Türk hərb sənətinin dərinliklərinə yaxşı bələd olan Nəsib də erməni hərbi birləşmələrinə dəfələrlə istər ağır texnika, istərsə də canlı qüvvə cəhətdən ciddi zərbələr endirib, onu ağır itkilər verməyə məcbur edib. O, özünün qorxmazlığı və şücaəti ilə bir neçə döyüşdə fərqlənib. Qazanılmış mövqeləri axıradək əldə saxlamaq, yaralanmış döyüş yoldaşlarını düşmənə əsir düşməkdən xilas etmək üçün Nəsib sinəsini sipər etməyi bacarır, eyni zamanda, bəzən fiziki imkanlarına, uca boyuna, qüvvətli qollarına güvənərək az qala ölümlə oynamaqdan qorxmurdu. Elə bu ehtiyatsızlığı üzündən döyüşlərin birində-1994-cü ilin sentyabrında o, nankor düşmən gülləsinə tuş gəldi...
Sonradan Vətən bu cəsur oğlunun xatirəsini əbədiləşdirməyi unutmadı. Hazırda Bakının Sabunçu rayonundakı küçələrdən biri Nəsib Məlikovun adını daşıyır. Ankara Hərbi Akademiyasındakı şəhidlər lövhəsində Nəsibin də şəkli var. Ən vacibi isə Nəsib kimi mərd oğlulların Vətən yolunda candan keçərək yeni nəsillər üçün unudulmaz örnək qoymasıdır.
Ölkəmizin uğurları, ilk növbədə, ordunun, əsgərin əhval-ruhiyyəsində, onun maddi-texniki təchizatının güclənməsində, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında özünü göstərir. Bu, belə də olmalıdır. Çünki Milli Ordunun qarşısında duran mühüm vəzifə məhz qaçqın və məcburi köçkünlərin ən vacib hüququ olan doğma torpaqlarında rahat, basqısız yaşamaq haqqını bərpa etmək və onu daima göz bəbəyi kimi qorumaqdır. Bu ideya ilə yaşayan Rövşən Telman oğlu Əkbərov 4 iyun 1965-ci ildə Bakıda anadan olub. 1972-ci ildə 42 saylı orta məktəbdə başlayan təhsilinin səkkiz illiyindən sonra 1979-cu ildə C. Naxçıvanski adına Hərbi Məktəbə daxil olub. 1982-ci ildə həmin məktəbi uğurla bitirib. Gənc zabit Qafqazyanı Hərbi Dairəsinin sərəncamına göndərilir. 1987-ci ildə isə yeni bir göndərişlə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana gedir. Əfqanıstandakı xidmətlərinə görə komandanlıq tərəfindən bir çox orden və medallarla təltif olunub. 1988-ci ildə geriyə Qafqazyanı Hərbi Dairəsinə qayıdır. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1990-92- ci illərdə Beyləqan rayonunda hərbi komissarın köməkçisi təyin olunur, sonra Azərbaycan Silahlı Qüvvələri tərkibində müxtəlif vəzifələrdə çalışır. 1993-95-ci illərdə 777-saylı xüsusi təyinatlı hərbi hissənin alay komandiri, 1995-97-ci illərdə isə briqada komandiri vəzifəsində çalışıb. Rövşən Əkbərov hərbi təhsilini davam etdirmək üçün Ukraynanın Kiyev şəhərindəki Ali Hərbi Akademiyaya qəbul olunur və təhsil ocağını fərqlənmə diplomu ilə başa vurur. 1997-ci ildə Müdafiə Nazirliyinin kadrlar və Hərbi Təhsil idarəsi rəisinin müavini, 1998-ci ildə Ordu Korpusu Komandiri vəzifiəsinə təyin edilərək general-leytenant rütbəsinə qədər yüksəlib. 2 dəfə " Azərbaycan Bayrağı ordeni ilə təltif edilib. Ulu öndərimiz Heydər Əliyevlə bir neçə dəfə görüşən Rövşən Əkbərov , Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı "fəxri adına layiq görülüb. Hazırda Ordu Korpusu Komandiridir. Bioqrafiyasından görünür ki, Rövşən Əkbərovu qəhrəmanlığa ucaldan yol hələ 1979-cu ildə yeniyetməliyindən, məhz Hərbi Məktəbə qəbulundan birbaşa istiqamətlənib. Səbəb və nəticə vəhdəti göstərir ki, Rövşən Əkbərov hərbçi sənətini seçərkən, bu sənət də onun tale yoluna Milli Qəhrəmanlığı və general-leytenant rütbəsini seçib. Bu seçimlərin üstündə ilahi bir seçim hiss olunur. Yer üzündə hər xalq üçün bir neçə müqəddəs məhfumlar mövcuddur. Vətən, millət, dövlət, dil və din. Bu varlıqlar təhlükədə olanda həyəcan təbili çalınır. Buna görə də əsl vətənpərvərlər vətənin problemlərinə biganə qala bilməz. Bu mənada Rövşən Əkbərov da Ana Vətənimizə oğulluğunu hərb sahəsində yalnız tutduğu vəzifələri ilə deyil, eyni zamanda şəxsi şücaəti fədəkarlığı, qəhrəmanlığı ilə təsdiq edib. Keçdiyi uzun keşməkeşli yollar göstərir ki, o sözü gedən şərəfli zirvəyə güclü iradəsi, əqidəsi, xarakteri ilə haqq qazanıb.
Təkcə bu iki qəhrımanın keçdiyi şərəfli həyat yolu deməyə əsas verir ki, həyatda fərqlənən insanların - qəhrəmanların xarakterində əsas özəlliklərdən biri heç kimə bənzəməməklə məhz bütün həyat mübarizələrində özləri olmaqlarındadır. Bu təbiilik isə insanın öz qabiliyyətinin tətbiq sahəsini düzgün müəyyənləşdirməsi ilə çox sıx əlaqəlidir. Hansı sahədə olursa- olsun insan o yolda sona qədər əzmlə, yorulmadan, bezmədən maneələrə sinə gərərək irəlilədikcə, mütləq o yolun sonundakılarla nəsiblənir. Bu qismətdə Qəhrəmanların niyyəti, məqsədi dönməz iradələri, nəticədə ümumxalq mənafeyinə xidmət edir. Yəni qəhrəmanlar "öncə vətən!" şüurunun daşıyıcılarıdır.
Sirr deyil ki, qəhrəmanlarda vətən dərdlərinin hüznlü həsrəti olmasaydı, onlar böyük sevgi yolunun yolçularına çevrilə bilməzdi. Hər qəhrəman öz qəhrəmanlığı nisbətində vətənə-millətə fərqli sevgilər aşılayır. Qəhrəmanlıq hər xalqın varlığını sürdürmək üçün ən labüd olan ruhi-fiziki keyfiyyətlərin önündə gəlir. Azərbaycan şəhidlərinin, döyüş iştirakçılarının, eləcə də Qəhrəmanlarının keçdiyi şərəfli yol göstərir ki, xalqımız heç vaxt qorxunun köləsi olmaq fikrində olmayıb və olmayacaq!.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 22 sentyabr.- S.15.