Dünyaya yayılır sözüm, dastanım,

sən də ucalırsan, Azərbaycanım”

 

Azərbaycanda gənclərin inkişafı, onların gələcəyi baxımından məqsədyönlü siyasət həyata keçirilir

 

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik öz ailəsini, evini, el-obasını, kəndini, şəhərini, vətənini sevməkdə, onun inkişafına kömək etməkdə, mədəniyyət və incəsənətini sevməkdə, Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, canını vətənə qurban verməkdə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə, yaxşı oxumaqda, vətəndən kənarda olan zaman ona başucalığı gətirməkdə, düşmənə qarşı barışmaz olmaqda ifadə olunur.

Vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqiiqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu öndərin ən böyük xidmətlərindən birio idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgiehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan təbliğatın uğurlu və təsirli olmasında televiziyanın yeri və xidməti əvəzolunmazdır. Televiziya ilk növbədə mənəvi tərbiyə ocağı kimi, bədii vasitələrlə, sənətkarlıqla, xüsusi incəliklə bu müqəddəs amalları aşımalı və sevdirməlidir. Həyat gerçəkliyinin bədii inikası elə bir səviyyədə olmalıdır ki, gənc təkcə təbliğatın deyil, həmçinin estetik cəhətdən zəngin, yüksək istedadlı sənətkarlıqla tanış olsun. Bu cəhət televiziya sənətçilərinin məsuliyyətini birə-iki artırır, onların qarşısında yeni vəzifələr qoyur. Hər bir sənətkar, ziyalı özünün cəmiyyətdə daşıdığı funksiyasını düzgün qiymətləndirməli və bu məsuliyyəti şərəflə icra etməlidi. Şair Solmaz Şirin “Azərbaycanım” adlı şeirində deyir:

 

Sən mənə anasan, anamdan əziz,

Sənə məhəbbətim dənizdir, dəniz.

Ömrümün bir anı keçməsin sənsiz,

Ey mənim varlığım, qəlbim, vicdanım,

Mən sənə qurbanam, Azərbaycanım!

De, nemət varmıdır səndə olmayan?

Sərvətdən, qüdrətdən yoğrulub mayan.

Sönməz bir məşəlsən, Şərqə nur yayan,

Qara qızıl”ındır damarda qanım,

Eşqinlə dolanır, Azərbaycanım!

Vurulur bir dəfə hüsnünə baxan,

Göy Göllə, Kəpəzlə bəzənib yaxan.

Füzuli şerini oxuyanda Xan,

Dünyaya yayılır sözüm, dastanım,

Sən də ucalırsan, Azərbaycanım!

 

Əxlaq tərbiyəsinin ən mühüm tərkib hissəsi sayılan vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır. Buna baxmayaraq, “Ana dili” fənninin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanmasında daha geniş imkanlar vardır. İşğala məruz qaldığımız bir vaxtda məktəbdə vətənpərvərlik tərbiyəsinin aktual problem olduğunu pedaqoji kollektiv dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirilir. İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Vətənpərvərlik və yurdsevərlik xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsidir. Azərbaycanın ictimai inkişafının durumu elə vəziyyətdədir ki, hazırkı dünyagörüşümüzü vətən anlayışı, vətənə sevgi və məhəbbət hissi olmadan təsəvvür etmək, sadəcə, mümkün deyildir. Çətinliklərlə üz-üzə qalan xalqımız milli dirçəlişə, siyasi həyatının dönüşlü mərhələsində, milli yetkinlik çağında labüd olaraq vətənpərvərlik şüurunun saflaşdırılmasına dərin ehtiyac duyur. Belə bir sosial tələbatın bu gün ön plana çəkilməsini təsadüfi hesab etmək düzgün olmazdı. Tarixin axarı göstərdi ki, nəsildən-nəslə keçərək əsrlər boyu yaranmış, inkişaf etmiş və ən dərin hissduyğuya çevrilmiş Azərbaycan xalqının bu nəcib vətənpərvərlik hissi güclü müqaviməti dəf etməyi bacarır və öz azadlığına, müstəqilliyinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxmaqda israrlıdır. Vətənpərvərliyin mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Vətənpərvərlik anlayışı mücərrəd olmasına baxmayaraq, hər bir vətəndaş üçün əhəmiyyətlidir. Çünki hər bir vətəndaş öz Vətəni yolunda canından keçməyə, öz torpağını qorumağa borcludur. Uğrunda qan tökülən torpağa vətən deyilir. Qədim dövrlərdən Azərbaycan işğalçı qüvvələrin hücumuna məruz qalmışdır. Ayrı-ayrı dövrlər ərzində həmin işğalçılara qarşı döyüşən igidlərimiz, sərkərdələrimiz olmuşdur. Onlar öz Vətəninə, xalqına olan sədaqəti, məhəbbəti, ehtiramı göstərmək üçün canlarından belə keçməyə hazır olduqlarını göstəriblər. Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideyalarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, toprağını, millətini, vətənini sevən bir gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. İnkişaf etmiş ölkələrlə, inkişaf etməmiş ölkələr arasında çox az bir qram fərqi vardır. O da yetişmiş bir gənclikdir. Gələcəyinə qiymət verən millətlər, gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənc sevgidinamizim dolu, qayğısız, təmiz qəlbli, səbirli, özüylə və yaşadığı cəmiyyətlə barışmış olmalıdır. Bu gün gənclərin qarşısında bir çox maneələr və problemlər durur. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın doğurduğu problemlərdir. Amma gənclik bu problemləri aşmağa qadirdir. Təbii ki, ölkələr gənclərindən bəhrələnmək üçün onların sosial rifahının yaxşılaşdırılması yolunda addımlar atırlar. Eləcə də Azərbaycanımızda gənclərin inkişafı, onların gələcəyi baxımından məqsədyönlü siyasət həyata keçirilir. Dünyanın əksər yerlərində bir sıra dövlətlər gəncliyin hesabına bərqərar olub. Dünyada bir çox dəyişikliklər gəncliyinin hesabına mümkün olub. Çünki gənclik böyük qüvvədir və o özündə böyük bir potensialı cəmləyir. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2010-2015-ci il gənclər proqramı ilə bağlı imzaladığı sərəncam məni və bütün Azərbaycan gəncliyini çox sevindirdi. Bu, gənclərə olan diqqətin göstəricisidir. Azərbaycanda gənclər dövlət idarəçiliyi, səhiyyə, təhsil sistemində və digər sahələrdə böyük üstünlüklər qazanıb. Ölkə iqtisadiyyatı o qədər inkişaf edib ki, bu sahədə gənclər üstünlük təşkil etməyə başlayıb. Hazırda ölkəmizdə gənc sahibkarlar digər sahibkarları üstələməkdədir. Bu da gənclərə yaradılan imkandır. Təbii ki, gəncliyimiz də onlara olan diqqət və qayğının nəticəsində inkişaf edirlər, dövlətimizə, millətimizə əllərindən gələn köməyi etməyə hazırdırlar. Ümumiyyətlə ölkəmizin ictimai-siyasi həyatında gənclərin rolu aktivdir. İstənilən maneəni aşmaq üçün gənclərdən istifadə oluna bilər. Azərbaycanın inkişafı istiqamətində bu gün ordumuzun əsasını gənclər təşkil edir.

 

Olaylar.- 2015.- 23 sentyabr.- S.15.