Vətənpərvərlik və mübarizlik

hissi yüksək olan gənclərimiz

 

İstənilən anda düşmənlə savaşa atılmağa hazırdır

 

Azərbaycana güclü-qüvvətli ordu, bu gün həmişəkindən daha çox lazımdır. Xüsusilə bu ordunun tərkibini təşkil edəcək vətənpərvər gənclərin sayının çox olması təbii ki, məğlubedilməz silahlı qüvvələrin formalaşması deməkdir. Məlum olduğu kimi Ermənistan-Azərbaycan münaqişəsinin dinc, danışıqlar yolu ilə tənzimlənməsi prosesi süni şəkildə uzadıldıqca güclü orduya, vətənpərvər cəmiyyətə, sağlam gəncliyə olan inam, ehtiyac hissi daha aktual məna kəsb edir.

Azərbaycan Prezidenti məhz xalqımızın bu böyük ehtiyaclarından, arzularından yaranan, gündən-günə möhkəmlənən, inkişaf edən ordumuzun qarşısında duran vəzifələrdən danışarkən dəfələrlə bəyan etmişdir: "Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların tələblərinə riayət etmir, Azərbaycan xalqının səbri tükənməz deyildir. Biz Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyik". Onu da xatırladaq ki, zaman-zaman ziyalılarımız erməni qəsbkarlarının ölkəmizə qarşı təcavüzkar siyasətinin qarşısının alınmasının vacibliyini qeyd edərək ona qarşı mübarizənin vacibliyini önə çəkiblər. Hələ 1918-ci ildə dahi Üzeyir bəy Hacıbəyli "Azərbaycan" qəzetində daşnak Andranikin vəhşilikləri barədə yazmışdı: "Biz hər bir halda özümüzü qorumalıyıq və hüdudumuzu elə bir möhkəm vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus hüdud və yaxınlığında olanları müdafiə və mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə və fəaliyyətcə də qüvvətə malik olmaqla xalqımızı mütməinülqəlb etsin". Tale insanı müxtəlif yollardan qəhrəmanlıq zirvəsinə ucalda bilir. Bu yollardan biri də insanın yeniyetməlik illərindən qəhrəmanlıq yoluna cəlb edilməsidir. Bu yolda xüsusi qabiliyyətlər, potensial imkanlar səfərbəredici rol oynayır. Həyat bu yolu keçən insanları ən çevik sınaqlardan keçirir. Xüsusi sahədə həyat imtahanlarından uğurla keçənlər universal qabiliyyətlərə malik olmaqla qarşılarına qoyduqları hər hansı məqsəd və məramları başqalarına nisbətən daha nümunəvi, asan gerçəkləşdirə bilirlər. Belə insanlarda həmişə yaxşı mənada, müstəqillik, risqə meyillilik, fəallıq, problemləri hərtərəfli görə bilmək qabiliyyəti, özünü yüksək ideyalara həsr etmək xarakteri olur. Onlar öz mətin xarakterlərini ətrafa aşılayırlar. Yüksək dözümlülüyə malik olmaları ilə onlar qeyri-müəyyən və həllolunmaz situasiyalarda soyuqqanlı olmaqla, konservativ aktivlik nümayiş etdirirlər. Bu aktivliyə sahib insanlar, təbii ki, gərgin şəraitdəki vəziyyəti idarə etməklə, yaxşı təşkilatçılıq vərdişlərini böyük enerjiləri hesabına ortaya qoyurlar. Məhz xüsusi mənəvi keyfiyyətləri öz fəaliyyət sahələrinin zirvələrinə doğru irəliləməkdə onlarda vətənpərvərlik duyğusunu əməli hərəkətə keçirir. Etiraf edilməlidir ki, Azərbaycan gənclərində kifayət qədər vətənpərvərlik və mübarizlik hissi var ki, istənilən anda düşmənlə savaşa atılmağa hazırdır. Məhz bu səbəbdən Azərbaycanın istənilən vətəndaşı çəzarətlə bəyan edir ki, sülh yolu ilə olmasa, Qarabağ probleminin müharibə yolu ilə həll ediləcəyik. Bu isə xalqımızın qəlbində vətən uğrunda ölüb-öldürmək hissinin coşqunluğunu göstərir. Qorxu ruh zəifliyinin nəticəsidirsə, qorxusuzluq vətən mövzusudur, fədakarlığın əlamətlərindəndir. Qorxu yoluxucu xəstəlikdirsə, qəhrəmanlıq da xalqın əzmkarlığının təzahürlərindəndir. Qorxuya qatılan bir xalq əgər qurtuluş imkanı düşünməzsə, düşdüyü təhlükədən özünü qurtaran bir güc axtarmağı da düşünməz.

Elə şəhid olmuş Milli Qəhrəmanlarımızın da keçdiyi döyüş yolunun təbliği gənclərin vətənpərvər ruhunun formalaşmasında müstəsna rol oynayır. Təkcə Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun həyat və döyüş yolu bir çox gənclərimizə örnəkdir. Xatırladaq ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. Təsdiq edilməmiş versiyalara görə 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. M.İbrahimovun con məktubu onun Vətən uğrunda canından keşməyə hazır olduğunu, onun bu yoldan dönməyəcəyinə bir işarə idi, həmçinin Azərbaycan gəncliyinin qisas yanğısı ilə alışıb-yanmasının təzahürü idi: "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin". Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Qorxmaz Eyvazov Abış oğlu da yaddaşlara həkk olunan qəhrəmanlarımızdandır. Onun da şücaəti gənc nəslin vətənpərvərlik hisslərinə təsirsiz ötüşə bilməz. Belə ki, Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1974-1984-cü illərdə burada orta məktəbdə oxumuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmış, Ukraynada hərbi xidmətdə olarkən serjantlıq kursunu bitirmişdir. Qorxmaz 1987-ci ildə xidmətini başa vurub vətənə dönür. 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur. 1992-ci ilin martında o Laçın rayon polis idarəsində işə qəbul edilir. Qorxmaz Eyvazovun ilk döyüşləri də elə doğma yurddan başlayır, Qızartı dağı uğrunda gedən döyüşlərdə onun fəaliyyəti nəticəsində düşmənin bir tankı ələ keçirilir. 4 avqust 1992-ci il erməni işğalçıları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçir Qorxmaz bu döyüşdə qolundan yaralanır lakin o silahı yerə qoymur azacıq sağalan kimi yenidən cəbhəyə qayıdır. 10 fevral 1994-cü il Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv edən Eyvazov Qorxmaz bu döyüşdə qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir. Digər Milli Qəhrəmanımız Arif Vəliş oğlu Qubadovdur ki, mənfur düşmənə qarşı rəşadətlə döyüşmüşdür. Arif Qubadov 20 sentyabr 1966-cı ildə Cəlilabad rayonu Əliqasımlı kəndində anadan olmuşdur. 1983-cü ildə Əliqasımlı kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılmışdır. Ermənistan Respublikasının torpaqlarımıza hücum etməsi və işğalçılıq siyasəti onu da bir azərbaycanlı kimi narahat etmişdir. 1992-ci ildən Milli Ordu sıralarında Arif Qubadovun şərəfli döyüş yolu başlamışdır.Arif ata-baba yurdlarımızdan biri olan Naxçıvanın Sədərək bölgəsində döyüşə atılmışdır. Onun komandirlik etdiyi tağım erməniləri geri oturtmuş və onlarla erməni quldurunu məhv etməklə yanaşı, düşmənin çoxlu sayda zirehli texnikalasını da sıradan çıxarmışdır. 1993-cü ildə Arif Ağdam cəbhəsinə göndərilmişdir. Əfətli, Yusifcanlı kəndləri ermənilərdən onun rəhbərliyi ilə təmizlənmişdir. 1993-cü ilin avqustundan cəsur döyüşçünün sorağı Füzuli cəbhəsindən gəlmişdir. Əhmədbəyli, Aşağı Kürmahmudlu və Yuxarı Kürmahmudlu, Alıxanlı kəndləri şəxsən Arifin komandirliyi ilə ermənilərdən azad edilmişdir. O,1994-cü ildə Tərtər və Ağdərə rayonlarında da rəşadətlə döyüşmüşdür. Arif Qubadov 1996-cı ildə Bakı Birləşmiş Komandirlər Məktəbini, 2003-cü ildə isə Azərbaycan Respublikası MTN Akademiyasının sərhəd qoşunları bölməsini bitirmişdir. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Qubadov Arif Vəliş oğlu "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Arif Qubadov 43 yaşında Türkiyədə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında 26 sentyabr 2009-cu ildə vəfat etmişdir.

  Sirr deyil ki, coşqun ruhlu qəlblər vətəni qəhrəmancasına sevir. Ona görə də qəhrəmanlıq duyğusu daim, təbliğ olunmalı və yetərincə alqışlanmalıdır ki, xalqımızın mübarizə əzmi daha da qüvvətlənsin. Çünki məhz mübarizə ruhu və məsuliyyət şüuru torpaqlarımızın xilasında həlledici mənəvi- psixoloji dəyərlərdən biri kimi ciddi rol oynayacaq. Təbii ki, xalqımız qəhrəmanlığı ilə o zaman öyünəcək ki, torpaqlarımız yağı düşməndən azad olsun. Yəni Azərbaycan xalqının üzərində Qəhrəmanlıq öhdəliyinin başa çatmamış öhdəliyi var. Bu məsuliyyət təcavüzkarlığa qarşı mübarizə əzmini şərtləndirir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 29 sentyabr.- S.15.