Tarixdə izi sözü olan insanlardan biri :

Cəmo bəy Cəbrayılbəyli (1887-1965)

və yaxud adı ensiklopediyaya düşən biologiya müəllimi

 

Sizə maraqlı həyat yolu keçmiş bir ziyalı haqqında söz açmaq istəyirəm. O,1887-ci ildə Şamaxıda anadan olub.Atası o  vaxtlar Şamaxıda yerləşən Bakı Əhli-Təsənni İdarəsində kargüzar  işləyirdi-Adil bəy Cəbrayılbəyov. Adil bəy Cəbrayılbəyov Zaqafqaziya Əhli-Təsənni İdarəsinin müftisi şamaxılı Hacı  Əbdülhəmid Əfəndi  Mustafa Əfəndizadə ilə əqidə və məslək dostu idi.Əbdülhəmid Əfəndi 1872-ci ildə,Şamaxı qaziliyindən Tiflisə təyinat alandan  sonra   onun Şamaxıdakı vəzifəsinə Səid Əfəndi Ünsizadəni təyin edirlər.

Şərq dillərini ,eləcə də dövrünün  məcburi dili olan rus dilini ana dili kimi  bilən Adil bəy yenə kargüzarlığında qalır, şəhərin və quberniyanın ictimai - siyasi  və ədəbi   həyatında fəal iştirak edir. O, övladlarını yaxşı oxutdurmaq üçün  əlindən gələni edir. XIX əsrin ensiklopedik nəşrlərindən biri olan  "Êàâêàçñêèé êàëåíäàðü"ın    hər nəşrində  Adil bəyin adı təkrar olunmuşdur. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 291 nömrəli fondunda Adil bəy Cəbrayılbəyov haqqında çoxlu arxiv sənədləri vardır. Fondun 848 nömrəli  saxlama vahidindəki materiallardan məlum olur ki, 1887-ci ilin dekabrında Adil bəyin yerinə -kargüzar vəzifəsinə  Sultan Murad bəy Əfəndiyev təyin olunmuşdur. Fikrimizcə, bu, Bakı Əhli - Təsənni İdarəsi tərəfindən aparılan açması uzun  vaxt tələb  edən   qərəzli yoxlama ilə ilgilidir. Sözün qısası budur ki, Zaqafqaziya Əhli-Təsənni İdarəsinin Adolf Berje  tərəfindən vəzifəyə gətirilən, müdafiə olunan,dəstəklənən  başçısı Hüseyn Əfəndi Qayıbov   1883-cü ilin dekabrında Tiflisdən Şamaxıya qazı vəzifəsinə göndərilən  Səid Əfəndi Ünsizadə ilə yersiz ədavətini davam etdirir, onun tərəfdarlarını sıradan çıxarırdı. Bir müddətdən sonra-1889-cu il  fevral ayının 20-də Səid Ünsizadə də vəzifəsindən uzaqlaşdırılır. O,Şamaxıda yaşaya bilmədiyindən neftmilyonlar şəhəri kimi formalaşan Bakıya gəlir, burada 1884-cü ildə  Tiflisdə nəşri dayandırılan  "Ziyayi-Qafqasiyyə" qəzetinin nəşrinin davam etdirilməsinə  hökumətdən icazə istəyir. Lakin müxtəlif bəhanələrlə onun xahişinə müsbət cavab verilmir.Səid Ünsizadə böyük maarifçilik işlərini davam etdirmək üçün  İstanbula üz tuturburada ,çox güman ki, hələ Tiflisdən-"Ziya" qəzetində işlədiyi vaxtdan qiyabi tanıdığı Münif Paşanın köməyi ilə  maarif  təhsil sahəsindəki fəaliyyətini  davam etdirir. Bir müddətdən sonra onun ortancıl qardaşı  Cəlaləddin Əfəndi də Tiflisdən  İstanbula köçür. Kiçik qardaş Kamal Ünsizadə isə  Bakıda qalır, burada ,əsasən, nəşriyyat işləri ilə məşğul olur, müəyyən gecikmələrlə  "Məzhər" adlə qəzet çap etdirir.

Bu uzun gedişlərdən  sonra yenidən Adil bəy Cəbrayılbıyov haqqındakı söhbətimizi davam etdiririk. Adil bəylə ilgili son arxiv sənədlərəri 60 vərəqdən ibarət olmuşdur.  Təəssüf ki, bu sənədlər hansı səbəbdənsə makulaturaya verilmiş,tarixi istifadədən uzaqlaşdırılmışdır.  Saxlama vahidinin adından məlum olur ki,buradakı sənədlər 1891-ci il fevralın 27-dən aprelin 29-na qədərki dövrü əhatə edirmiş.   Bu sənədlər Adil  bəy Cəbrayılbəyovun dörd yaşlı oğlu Cəmo bəyin yaş kağızı ilə igilidir.

Bir məsələ hələ də qaranlıq qalır: görəsən, Adil bəy  oğlu Cəmo bəyə yaş kağızı (metrika-N.N.) alddımı?

Bu barədə təqqiqatçılar hələ heç nə deyə biməyivlər. Cəmo bəydən yazırlar,söhbət açırlar, amma ortalıqda hələ,demək olar ki,  tutarlı  ilkin  elmi- bioqrafik məlumat  yoxdur. Yeganə mənbə kimi Cəmo bəyin ölümündən bir il sonra nəşr olunan Cəmo bəy Cəbrayılbəylinin "Xatilərim" adı ilə nəşr olunan  əsərdir.

Cəmo bəy Cəbrayılbəylinin ömür payına   iki əsrdən  78 il düşüb: 1887-1965. Atasının ölüm tarixi bilinmir(  Hər halda adını cəkdiyimiz arxiv sənədlərinə görə 1891-ci ilin iyun  ayı da daxil olmaqla hələ sağ imiş). Adil bəyin böyük qızı şamaxılı  şair  Ağali bəy Nasehin həyat yoldaşı idi.  Ağali bəy Naseh   Şamaxıda dövlət idarəsində dilmanc işləyirdi. O, M.Ə.Sabir, A.Səhhət,M.Mahmudbəyov   kimi   ziyalıların ən yaxın, səmimi  dostlarından idi.

Cəmo bəy Şamaxı şəhər məktəbində oxuyub.Həsən bəy Zərdabi də bu məktəbdə oxuyub.

Bu məktəbdə Cəmo bəyin ana dili  və şəriət müəllimi Seyid Əzim Şirvaninin oğlu  Mir Cəfər idi.  Bir sıra tədqiqatçılar  Cəmo bəyin  dövlət hesabına oxumasında Mir Cəfərin xidmətlərini  yüksək qiymətləndirirlər.

 Şamaxı şəhər məktəbi  təlimi rus dilində olan təhsil oşağı idi.Burada Avropa təhsilli  rusAvropa təhsilli,  universitet bitirmiş müəllimlər dərs deyirdi. Şamaxı  Şəhər  Məktəbi şagirdləri ali məktəbə daxil  olmağa  hazırlayan   təhsil ocağı idi.  Tədqiqatçıların yazdığına görə,  Cəmo bəy burada  1896-1901-ci illərdə oxumuşdur.  1908-ci ildə  xüsusi komissiya  üzvlərinə imtahan verərək müəllimlik attestatı  almış,1919-cu ilədək Şamaxıda müəllimlik etmişdir. Sonralar Bakıya köçmüş, bir sıra məktəblərdə müəllimlik etmişdir. Cəmo bəyin müəllimlik   fəaliyyətində S.M.Qənizadənin  ona göstərdiyi  qayğı  xüsusi qeyd edilməlidir.  Qori şəhərində yaradılan Zaqafqaziya Müəllimlər Seminaruiyasına 1905-ci il avqust ayının 3-də   inspektor təyin edilən  S.M.Qənizadə  3 ildən sonra əmrlə  işdən çıxarılır. Bu əmr  direktor M.Miropiyev ilə  S.M.Qənizadənin   aralarında tədris layihəsi ilə əlaqədar  olan   fikir müxtəlifliyi  bağlı  idi.   S.M.Qənizadə  Qafqaz Təhsil Dairəsinin popeçiteli  N.Rudolfa müraciət edərək,günahkar olmadığını sübut edir  ona Qoridəki vəzifəsindən daha üstün olan  vəzifə verilir. O, Bakı-Dağıstan  Xalq Məktəbləri İdarəsinin inspektoru vəzifəsinə təyin olunur. Cəmo bəyin Bakı məktəblərindəki  nümunəvi  müəllimlik fəaliyyəti məhz  bu dövrün başlanğıcı ilə əlaqədardır.  Cəmo bəy Cəbrayılbəyli   Xalq Maarif Komissarlığının xətti ilə bir  sıra irimiqyaslı tədbir və layihələrdə  fəal iştirak edir, uşaq pedaqoji mətbuatının  formalaşmasında  S.M.Qənizadə ,Ə.Cəfərzadə, A.İsrafilbəyli, A.Talıbzadə,Q.Mirzəzadə, K.İsmayılov,  F.Ağayev və başqaları ilə birlikdə  nümunəvi işlər görür; layihələrlə çıxış edir,  rus   Avropa ədəbiyyatından etdiyi tərcümə və tədilləri ilə məktəblilərin  mütaliə mədəniyyətinin yüksəldilməsinə çalışır. Onun  "Maarif","Qızıl yıldız","Qırmızı günəş" və sair uşaq mətbuatındakı müxtəlif imzalarla çap etdirdiyi  təbiət hekayələri, şeir və marşları bu günmaraqla oxunur. Cəmo bəyin bir sıra hekayələrinin qəhrəmanı geniş maraq dünyası olan  Adildir.

   Cəmo bəy oğluna atasının adını vermişdir. Nəvə Adil Cəbrayılbəyli (1924-1991) Bakıda Bülbül prospektində yerləşən Respublika Dəri-Zöhrəvi  Xəstəxananın baş həkimi olmuşdur.

  Atam hər dəfə  Bakıya gələndə mütləq  qohum-əqrəbalarına, dostlarına baş çəkərdi;atasının xalası oğlu  professor Emin Əfəndiyev, müəllimləri Püstəxanım Yüzbaşinskaya, Cəmo bəy Cəbrayılbəyov, ADU-nun müəllimləri-Yusif Şirvan , Hidayət Əfəndiyev,bir də  Adil Cəbrayılbəyli.Mən onlardan  yalnız  üç nəfərini ziyarət etmişəm.Cəmo bəy Cəbrayılbəylinin "Xatirələrim" kitabını birnəfəsə oxuyandan sonra  doktor  Adil   Cəbrayılbəylinin  ziyarətinnə getmədiyimin peşmançılığını çəkirəm;fəhlə həyatından yazılar yazmaqdansa,20-30-cu illərin ziyalıları haqqında nə qədər yazı yazmaq olarmış...Təəssüf, səd təəssüf...

   Yenə də, yaxşı ki,arxiv    bəzi kitabxanalarda  bu  dövrə aid   makulatura olmaqdan  qaça bilən materiallar  az da olsa qalmışdır.

     GoogLe.az-da  " Biologiya elmləri- Milli Elektron Kitabxana "

sözlərini yazmaqla  Cəmo  bəy Cəbrayılbəyliyə aid bir neçə kitab proqramların adına rast gəldim. Burada xoşuma gəlməyən bircə o oldu ki, bu materialları  oxumaq üçün mütləq  M.F.Axundov  adına  Milli Kitabxanaya getməlisən. Mənə elə gəlir ki, Milli Məslisdə  elektron kitabların  distant oxusu haqqında müzakirələr aparılmalıdır.

Cəbrayılbəyli C. Akvarium terrarium [Mətn] C.Cəbrayılbəyli.- B.: Azərnəşr 1930.- 69, [1] s.

Cəbrayılbəyli C. Bitkilər fiziolojisi terminləri /C.Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Dil Ədəbiyyat Şöbəsi Terminoloji Komitəsi.- B.: Azərnəşr, 1931.- 16 s.; 21 sm.

Cəbrayılbəyli C. Fito-sosioloji terminləri /C.Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Terminoloji şöbəsi.- Bakı: Azərnəşr, 1931.- 8 s. ; 23 sm.

  Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcə məsai məktəblərinə görə yazılmışdır /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1924.- 102, [4] s.

Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: [əmək məktəbləri üçün tədris pedaqoji kitabları] /C.Cəbrayılbəyli; red. Ə.Əbdürrəhimzadə.- B.: Azərnəşr, 1929.- 91, [1] s.

 Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcəli məktəblər üçün /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1928.- 100 s.

Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır /C. Cəbrayılbəyli; məxəzlər: Troyanski, Vaqner, Traçevski, Kalugin, Harun ər-Rəşid.- B.: Azərnəşr, 1924.- 75, [2] s.

  Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır/C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1926.- 75 s.

Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: [əmək məktəbləri üçün tədris pedaqoji kitablar] /C. Cəbrayılbəyli; red. Ə. Əbdürrəhimzadə.- B.: Azərnşr, 1929.- 64 s.

  Cəbrayılbəyli Cəmo. Təbiətə ilk addım [Mətn]: birinci dərəcə məktəblərin ikinci üçüncü qruplarına görə yazılmışdır /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1924.- 126, [4] s.

  Burada elə ilk baxışdan öyrənilməli qədər material var.

 Cəmo bəy Cəbrayılbəyli 1942-ci ildə -55 yaşında alimlik dərəcəsi alıb.              Kataloqa baxın,akademiyanın müvafiq institutları               C.Cəbrayılbəylinin hər kitabına aid  bir dissertasiya işini ortaya çıxara bilər. Bəlkə         mən gecikmişəm ; kimsə Cəmo bəyin  elmi üslubuna aid məqalə yazıb. Amma hər halda mən bu mövzuda sanballı bir yazı               hazırlayacağam.

           Mətbuat tarixinə aid  layihə üzərində işləyərkən Cəmo Cəbrayılbəylinin  Azərbaycan Demokratik Cümhuriyyəti dövründə                      1920-ci illərdə  uşaq mətbuatı   səhifələrində   həm  pasportdakı adı    ilə,  həm   "CƏMO" ("CAMO" yox-N.N.) təxəllüsü ilə    xeyli  bədii, elmi-bədii,elmi-publisistik  əsər,ən başlıcası siyasi nəğmə-marş   yazdığının  şahidi oluruq.     Hələ bəzi alimlər    " Cəmo"  təxəllüsünün kimə aid olması  yəqinləşdirməkdə çətinlik çəkirlər:  Cəmo”nu

               CAVAD AXUNDOV MƏMMƏDƏLİ  OĞLU

  kimi oxuyurlar. Bir az gülməli çıxır: görəsən ,   "axund" sözünü  incə saitlə oxuyan  varmı?

   Cəmo”nu  Camo Hacinski, Əhməd Cavad kimi  açıqlamaq istəyənlər  bilməlidirlər ki, rusdilli Hacinski heç vaxt rusca, Azərbaycan dilində şeir yazmayıb,   Əhməd Cavad kimi nəğməkar şair    adını  düz yazanlardandır.

 

                                                                             ***

          Cəmo bəy Cərayılbəylinin     1930-cu illərdə pedqoji uşaq mətbuatındakı fəaliyyəti haqqında ayrıca bir yazı hazırladığımız üçün bu  dövrün  materiallarının incələnməsini sonraya saxlayırıq. İndilikdə isə  "Yeni yıldız"ın  1922-ci ilə aid 2-ci nömrəsində Cəmo bəy Cəbrayılbəylinin  "Cəmo" təxəllüsü ilə yazdığı  "Sənsən" şeirini oxuculara təqdim edirik.

  Yeri gəlmişkən onu da deyək  ayda bir dəfə nəşr olunan ədəbi, fənni, siyasi  məcmuə olan "Yeni yıldız"ın  bu nömrəsində Cəmo bəy Cəbrayılbəylinin  "İctimai  hifzi-səhhətadlı maraqlı bir  elmi yazısı da çap olunmuşdur. Bu barədə sonrakı yazılarımızda ayrıca söz açmaq niyyətindəyik.

                                     

                                         Sənsən

 

   Ey dilbərim,ey güllərcəm,ey cahcəlalım,

   Sənsən  bana dirilik  gətirən, ey pəri , sənsən!

   Ey eşq səmasında gəzən  şanlı hilalım, 

   Şu cürmlərin  ( günahların-N.N.)cümləsinin dilbəri sənsən!

 

 

   Bin dərdə ,bəla  atəşi sövq edən sənsən,

   Bin dürlü  səfa məninin  məzhəri sənsən.

   Qan ağlatub,aşiqlərə  baş gəzənsən

   Bir baq  yenə hər aşiqinin əzbəri sənsən!

 

   Ey nur saçan, gün kibi  afaqı işıqlat,

   Ruh aləminin nur saçan əxtəri sənsən.

   Bu kəsələtdə (kefsizlikdə-N.N.) bənim ruhumi ilham ilə  anlat,

   Sənət yaratan    qüvvələrin  gövhəri sənsən!

 

   Bir şeiri- məlahətsən,aman  bəndən  uzaşma,

   Əşara yaqın qalblərin rəhbəri sənsən,

   Aşiqin işini etsə yürəklərdə təcəlli.

   Həp anlar odum : xilqətin hər dəftəri sənsən!

 

         Cəmo

                                                   ***

 

        Hər dəfə Şamaxıya gedəndə  "Yeddi günbəz"qəbirstanlığında  M.Ə.Sabiri , onun qəbrinin ayaq tərəfində dəfn olunmuş babamın   atası Nəsrəddin İsmayılovu da, Yusif Şirvanı da,  eləcə   Cəbrayılbəyovları  da  ziyarət edirəm. Bunlar  qohum-əqrəbalarımızın hər gün salam-kəlamı olan  şamaxılılardır, qohumlardır,dostlardır...

                                                   ***

 

..Şamaxıda M.Ə.Sabirin məqbərəsindən  20-25 metr aralıda üzü Bakıya tərəf bayramdan bayrama yada düşən  3 qəbir var:

Cəmo Cəbrayılbəyli (1887-1965)

Şəfiqə Əliəşrəf qızı Cəbrayılbəyli(22.03.1900-10.05.1982)

Adil Cəmo oğlu Cəbrayılbəyli (1924-1991)

Bunların hər üçü tariximizdə izi sözü olan insanlardır.

 

Nazim  Nəsrəddinov,

 

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili ədəbiyyatı  kafedrasının Azərbaycan dili ədəbiyyatı müəllimi,

TQDK-nın Azərbaycan dili  fənni üzrə eksperti,

Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü.

   

Olaylar.- 2015.- 6 yanvar.- S.13.