Vətənpərvərlik insana

necə aşılanmalıdır?

 

Millətimiz dünyanın  mədəni və zəngin mənəvi dəyərlərə malik  millətləri sırasındadır. Şərqdə ilk demokratik cümhuriyyət,  ilk opera,  teatr,  balet  məhz Azərbaycanda yaradılıb. Bu qədim yurdda Türk ruhu və əxlaqı, İslami dəyərlər və bəşər sivilizasiyasının bugünkü uğurları bir arada birləşir. Öz   soykökünü, tarixini, millətinin nələrə qadir olduğunu bilənlər  Vətəni ilə qürur duyur. Qürur duymaqla yanaşı, bizi millət kimi bir arada tutan təməl prinsiplərin qorunması da vacibdir. Vətənin tarixini öyrənmək, millətinə hörmət etmək və sevmək, doğulduğu torpağı göz bəbəyi kimi qorumaq, inkişafı üçün çalışmaq, davranışlarının, danışdığı hər bir kəlmənin fərqində olmaq-əsl insan olmaqdır vətənpərvərlik. Allahın bizə buyurduğu kimi kamil insan olmaq üçün mənəvi dünyamızın zənginləşdirilməsi vacibdir.  Kamillik zirvəsinə gedən yolda isə torpaq sevgisi amili öndə gəlir. Biz var edən, qoruyan, bir millət kimi yaşadan vətən sevgisini yox etmək istəyənlər zaman-zaman çox olub. Amma qəlbi Vətən eşqi ilə döyünən insanların sayəsində müqəddəs sevgi bu günlərə daşınıb. İndi onu qorumaq da müasir nəslin üzərinə düşür.   AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi Faiq Ələkrovun fikrincə,  70 il sovet Rusiyası dövründə milli ruhun əvəzinə  beynəlmiləlçilik adı altında “sovet ruhu” formalaşdırmağa çalışıblar. Azərbaycan müstəqilliyini bərpa etdkdən sonra yeni ruhda formalaşan nəslə ehtiyac var idi. Amma bu cahədə ciddi problemlər var. Bu əsasən təhsil və elm sahəsi ilə bağlıdır. Çünki yeni yetişən nəslin bilikləri müəllimlər və alimlər tərəfindən formalaşdırılır.  Müəllimlərin, alimlərin əksəriyyəti sovet dövrünün yetişdirmələri olduğundan yeni nəsli milli ruhda formalaşdırmaqda çətinlik çəkirlər: “Sovet dövründə ümumi vətən anlayışı var idi. Milli ruh anlayışında Azərbaycan vətəni, millətimizn əxlaqı məsələləri önə çəkilməlidir.  Yeni nəsl öz vətəninə, millətinə bağlı ruhda formalaşmalıdır. Amma çox təəssüf edirəm ki, hələ də bu sahədə çatışmazlıqlar var. Orta məktəb tarix və ədəbiyyat kitablarımızı, ali məktəb dərslikləri ilə müqayisə edin. 6-cı sinif tarix kitabında Azərbaycan xalqının tarixinə aid deyilənlərlə Azərbaycan Milli Elmlər Akademiyasının 7-cildlik tarix kitabı arasında nə qədər zidiyyətlər vardır.   Eyni sözləri orta məktəbdəki ədəbiyyat dərsliyi ilə AMEA-nın Ədəbiyyat İnstitutunun  Azərbaycan ədəbiyyatı ilə bağlı akademik əsərləri haqqında da demək olar. Dərslikləri yazanlarla akademik ədəbiyyatı hazırlayanlar ayrılıqda öz fikirlərini ifadə edirlər. Bu doğru deyil. Hər hansı bir müəllif, belə çıxır ki, xalqın ədəbiyyatını deyil, öz fikirlərini irəli sürür.  Orta məktəb şagirdlərinə bu cür dərsliklər təqdim etmək çox yanlışdır. Şagirdlər orta məktəbdə tarixə olan münasibətlə ali məktəbdə olan fikirlər arasındakı zidiyyətləri görür və onda şübhələr yaranır. AMEA institutlarının işlədikləri dərsliklərlə orta məktəb dərslikləri uzlaşma şəklində hazırlanmalıdır. Bu uzlaşma  yoxdur”. Fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva belə hesab edir ki, valideyn  öz vətənpərvərliyi ilə övladına nümunə olmalıdır. Belə olarsa, mövcud  mühitdə təbii ki, uşaq da vətənpərvər olacaq: “Uşaqlara milli mədəniyyət, tariximizlə bağlı ciddi informasiyalı məlumatlar ötürülməlidir.  Vətənpərvər olmayan bir insan daxilən zəngin ola bilməz. Çünki insan daxili zənginliyini formalaşdıra bilməsi,  başqa mədəniyyətlərin onu zənginləşdirməsi üçün ilk növbədə öz mədəniyyət və tarixini, öz milli kimliyini bilməlidir. Ancaq bilərək müqayisə etmək olar. Vətənpərvər olmayan, öz mədəniyyətini, tarixini bilməyən bir insan digər mədəniyyətlərdən heç bir şey ala bilməz və yaxud da almaq məsələsində   o qədər düzgün seçim edə bilməz. Nəticədə müsbət deyil, mənfi tərəfləri alar”. Təbii ki, vətənpərvər ruhda formalaşmaq kompleks anlayışdır və bunun üçün iş ilk növbədə  ailədən, sonra məktəbdən başlanmalıdır. İctimaiyyətdə nüfuzu olan müəyyən insanların, o cümlədən alimlərin də bu istiqamətdə maarifləndirici işləri olmalıdır. Həm media vasitəsilə, həm müəyyən çap olunmuş materiallar, kitablar, məqalələr və s. ola bilər. Roida xanım  hesab edir ki, savad və təhsil, eyni zamanda şüurun inkişafı lazımı səviyyədə olanda vətənpərvərlik sahəsində də problem olmaz. Professor, millət vəkili Nizami Cəfərovun məsələyə daha əhatəli yanaşması var. İnsanların bu dünyaya müəyyən coğrafiya ilə bağlı olduqlarını deyən alim coğrafiyanın həm   etnoqrafiq, həm də siyasi  məkan olduğunu deyir.  Bu baxımdan  yaşadığımız coğrafiya insanın şəxsiyyətini müəyyənləşdirən cəhətlərdəndir. İnsan  coğrafiyaya təbiəti ilə bağlıdır. Dünyanın  coğrafiyasından görürük ki, bəzi yerlərin insanları ağdərili, eləsi var sarıdır və s. Hətta onların da yüzlərlə irqlərarası xüsusiyyətləri var ki, təbiətlə  bağlıdır. Bu mənada insan doğulduğu təbiətə  fitrətən sadiq olur,  orada böyüyür psixoloji, həm  də ideologi cəhətdən o coğrafiya ilə bağlı olur və müdafiə edir. Və o coğrafiyanın hüdudları hara qədərdirsə, insanın onu müdafiə etməsinin hüquqi miqyası da ora qədərdir.

 

Vətənpərvərlikdə mənəvi-siyasi məsuliyyət

 

Təbii ki, mən vətənpərvərəm, deməklə bu xüsusiyyətə sahib olmaq olmaz.  Əsas olan mənəvi-siyasi məsuliyyət məsələsi var. N.Cəfərovun sözlərinə görə,

mənəvi-siyasi məsuliyyəti dərk etmək və o məsuliyyəti daşımaq vətənpərvərlikdir: “Vətənpərvərlik boşboğazlıq deyil. Vətənpərvərlik odur ki,  əlaqədar olduğun coğrafiyaya sədaqətli olasan. Onun üçün çalışasan, hərbi, mənəvi intellektual baxımdan müdafiə edəsən.  İdeoloji baxımdan vətənpərvərliyin  tarixdə hər zaman müxtəlif mərhələləri olub.  Realist, maarifçi, romantik vətənpərvərlik olub. Hətta romantiklər  millətim bütün bəşəriyyət, vətənim Yer kürəsi-deyiblər. Yəni vətənpərvərlik bu səviyyəyə qədər yüksələ bilər.  Amma klassik vətənpərvərlik məhdud coğrafiyadır. Onun da məhdudiyyəti  nisbidir. İnsan  fəal olmalıdır ki, əmniyyəti, normal yaşam tərzini qorusun və vətəni üçün çalışsın. Doğulub böyüdüyün,  suyunu içdiyin, torpağında gəzib gözəlliklərindən ləzzət aldığın məkanı həm də qorumağa borclusan”.

Hər bir insanın təbiətində vətənpərvərlik var. Amma bunu inkişaf etdirmək məsələsi var. Uşaqlara, gənclərə Vətən nədir, hüdudları haradır vətən üçün çalışmaq nə deməkdir, bütün bunlar aşılanmalıdır. Ədəbiyyatın da, ideologiyanın da bir işi budur.  Amma bu məsələdə ortaya bir problem çıxır. Sözdə vətənpərvər... Elə olmalıdır ki, insanlar sözdə vətənpərvər yetişməsin. Daha çox işində, mübarizəsində seçilsin.

N.Cəfərov bildirdi ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə müəyyən problemləri var ki, bizim yeniyetmələr o problemlərin nədən ibarət olduğunu bilməlidir: “Elə olmamalıdır ki, gənclərimiz dağıdıcı təsirin altına düşsünlər. Çünki vətənpərvərlik təbliğatının aşılanması ilə yanaşı, dünyada elə qüvvəllər var ki, onlar antivətənpərvərlik də təbliğ edirlər. Çalışmaq lazımdır ki, antivətənpərvərliyin təbliği yeniyetmələri əhatə etməsin. Vətənpərvərlik təbliğatının daha vacib  bir tərəfi də bu antivətənpərvərliyin qarşısını almaqdır”.

 

Vətəni təmənnasız sevmək

 

Vətən inkişaf edirsə, inkişaf etməyibsə də yenə  sevmək lazımdır.  Azərbaycanda böyük bir inkişaf var və bu da vətənpərvərliyi həm gücləndirir, həm də antivətənpərvərliyin təbliğatına maneə olur, qarşısını alır. Millətin aşağılanmır, bir insan olaraq millətini ikinci və ya üçüncü dərəcəli hesab etmirsən, amma Vətən inkişaf etməyəndə, insan tarixini  yaxşı bilməyəndə əksinə də ola bilir. N.Cəfərov belə deyir: “ “Tarixini yaxşı bilməyən insan özünü digər millətlərdən əskik hesab edir. Sənin babaların kimlərdir, hansı böyük şəxsiyyətlərdir, sənin xalqının tarixində hansı möhtəşəm hadisələr var ki, dünyada sənə şöhrət gətirib, bütün bunları bilməsən. Əlbəttə ki,  yaxşı vətənpərvər olmaq çətindir. Amma bununla yanaşı, ola bilər ki, sənin vətənin, xalqın, vaxtilə çox möhtəşəm olub, sonra tənəzzülə uğrayıbsa, o zaman da aşağılıq kompleksi yaranır. Yəni yalnız tarixlə yaşamaq olmaz. O zaman adama sual verərlər ki, sənin babaların belə olub, bəs, sən özün kimsən? Ona görə də,  müasir dövrdə Vətən, Millət, xalq güclü olmalıdır. Güclü olmalıdır ki, onun insanları, onun ünmayəndələri özünü narahat hiss etməsin və inkişaf etsinlər.  Başqa ölkələr üz tutmasın və  kompleks yaşamasın”.

Hələ 19 əsrdə  yeni-yeni milli özünüdərk məsələsi əmələ gələndə  böyük mütəfəkkirlər deyirdilər ki, vətən  inkişaf etməyibsə, Vətəni buraxıb inkişaf etmiş xalqlara, millətlərə qoşulmaq onların içində ərimək insani bir şey deyil. Bütün hallarda vətən gözəldir. Sən ona sədaqətli olmalısan. Professor N.Cəfərov belə hesab edir ki, mənim vətənim yaxşı vəziyyətdə deyil, mən özümə ayrı vətən tapacam, iddiası ilə dünyada xoşbəxtlik axtaran insan satqındır. Bunun başqa adı yoxdur. Bu konyuktur xilas hesab olunur. Və konyuktura da heç zaman pozitiv amil hesab olunmur.

Bizdə vətənpərvərlik təbliğatının ən böyük hadisəsi Azərbaycanın sürətlə inkafıdır. Bu, bizdə vətənpərvərlik baxımından ruh yüksəkliyi yaradan ən böyük təbliğatdır. Eyni zamanda, məktəblərimizdə, bizim ədəbiyyatımızda, mədəniyyətimizdə, dövlətin siyasətində, görülən işlərdə bunlar hamısı təbliğ olunur. Xeyli işlər görülür. Bu da daha çox bizim ölkəmizin iqtisadi-ictimai mədəni inkişafı ilə diktə olunur.

Mütəxəssislər hesab edir ki, Vətənin inkişafı, aparılan siyasətin uğurlu nəticəsi, hətta Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi kimi məsələlər gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında çox güclü rol oynayır.

Ulu öndər Heydər Əliyev “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam”-sözlərini ona görə bu qədər ürəkdən deyə bilirdi ki, doğma yurdunun tarixini, bu torpağın insanlarının bəşər sivilizasiyası üçün nələr ortaya qoyduğunu çox gözəl bilirdi. Bu,  vətənpərvərliyin bilgidən, daxili zənginlikdən qaynaqlandığının ən bariz sübutudur.

 

 

Olaylar.- 2015.- 9 yanvar.- S.15.