Kökünü tanımayan gənc

vətənpərvər ola bilməz”

 

Gənclər yad dəyərlərə, dövlətçiliyi, milli şüuru zədələməyə çalışan qüvvələrə qarşı bir təşkilat olmalıdır. Həmişə öz milli kimliyinin müdafiəçisi rolunda olmalıdır. Gənclik dövlətin anti-imperialist zirehidir. Çünki Azərbaycan Milli Qurtuluş Savaşı ilə vətənpərvər təməllər üzərinə inşa edilmiş ölkədir. İmperialistlər tərəfindən qızışdırılan və dəstəklənən separatçı axını dayandırmağın yeganə açarı birlikdə mübarizədir. Qarşısına böyük məqsəd qoymuş xalqlar həmişə Vətənə borcun ona verdiyi məsuliyyət yolu ilə hərəkət edir. Müstəmləkəçiliyi, ədalətsizliyi, qlobal yoxsulluğu, fərdiyyətçiliyi, terrorizmi, istənilən qanlı aksiyaları müdafiə edən imperialistlər qarşısına çıxacaq başqa yol da yoxdur.  Artıq yad ideologiyaların suverenliyini müdafiə edən və imperializmə teknokrat yetişdirən düşüncə institutlarından imtina edilməlidir. İmperialist dövlətlərin və zərərli ideologiya axınının qarşısında dayanılmalıdır. Bunun üçün ən çətin şərt və vəziyyətlərdə milli şüurumuzu oyandıra bilərik. Yad ideologiyaların hücumlarına qarşı milli şüurun oyadılması və ölkəmizin qarışıq proseslərdən zərərsiz çıxması üçün ən adi simvolik xatırlatmalar da kifayətdir. Milli şüurun üzərindən xətt çəkmək isə kütləvi hal alarsa, bu cəmiyyətdə əxlaq böhranı yaradan fəlakətə çevriləcək. Öz kimliyindən imtina edib, yad düşüncələrə sığınmaq tərbiyəsizlik, axmaqlıq, eyni zamanda əxlaqsızlıqdır. Bu məsələdə media təbliğatı ilə yanaşı ailələrin də üzərinə böyük yük düşür. Əngin Alanın dililə ifadə etsək, biz anamızdan vəzifəli şəxs kimi doğulmaya bilərik, amma vətənpərvər kimi doğula bilərik. Atatürkdüz deyirdi: “Bu məmləkət dünyanın gözləmədiyi, ümid etmədiyi bir vaxtda ali milli kimliyinin yüksəlişiylə səhnəyə çıxdı. Bu səhnə 7 min illik bir türk beşiyidir. Beşik təbiətin küləkləriylə yelləndi. Beşiyin içindəki uşaq təbiətin yağışlarıyla yuyundu. O uşaq təbiətin ildırımlarından, qasırğalarından əvvəlcə qorxdu. Sonra onlara öyrəşdi. Onları təbiətin atası tanıdı, onların övladı dünyaya gəldi. Bir gün o təbiət uşağı, sonra təbiət oldu, şimşək, ildırım, günəş oldu; Türk oldu. Türk budur: İldırımdır, Qasırğadır, dünyanı işıqlandıran Günəşdir”. Və təsadüfi deyil ki, 1989-cu ildə Sovet İttifaqının parçalanması ilə başlamış müstəqillik hərəkatlarında yalnız azərbaycanlılar "dünyanın ən mübariz xalqı" adına layiq görülüb. Erməni separatçılarının ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində həyata keçirməyə başladığı təxribatlar xalqımızın milli oyanışında, milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı. 1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilib. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə edirdi. Belə bir mürəkkəb və çətin vəziyyətdə 20 Yanvar qırğını ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə Heydər Əliyev dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə və bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadimmilli lider ətrafında birləşdirdi. Azərbaycanlıların azərbaycançılıq ideologiyası ətrafında birləşməsi tarixi araşdırmalar zamanı aydın və dolğun görünür. Baş verən inteqrasiya prosesləri dünyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimizin daha sıx şəkildə birləşməsini zərurətə çevirir. İndi azərbaycanlıların ideya - siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyil, həm də müasir dünyada gedən ictimai - siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir. Başqa sözlər, müasir dünyada inkişafın önündə o ölkələr gedir ki, onların güclü universitetləri var. Universitetləri zəif olan ölkə və regionlar inkişafın gerisində olurlar. Dəyərlərin qorunmasında əsas vəzifələrdən biriKİV-in üzərinə düşür. Mediada ana dilinin qaydaları, üslubu qorunmalıdır. KİV xalqın tarixi kimliyi, milli-mənəvi dəyərlərlə bağlı ciddi, ardıcıl, sistemli konseptual əsaslı təbliğat aparmalıdır. Xalqın tarixinin ən şərəfli məqamları, şəxsiyyətləri təbliğ olunmalıdır. Tarix milli mənliyin ən vacib komponentidir. Tarixindən uzaq düşmüş, onu yaxşı bilməyən istənilən xalq inkişaf edə bilməz. Buya digər məsələlər barədə yaranmış sualları, Tarixi İrsimizin Öyrənilməsi və Təbliğ İctimai Birliyinin sədri Kamal Hacıyev cavablandırdı.

- Kamal müəllim, gənclərdə milli mənlik şüuru və vətənpərvərlik hissləri necə aşılanmalıdır?

- Gənclərdə milli mənlik və vətənpərvərlik şüurunun formalaşması üçün ilk növbədə, milli kimlik aydınlaşdırılmalı və izah olunmalıdır. Milli kökünü tanımayan, milli dövlətçiliyindən xəbəri olmayan bir gənc vətənpərvər ola bilməz. Ona görə də məktəbəqədər təhsildən başlayaraq, uşaqlara yuxarıda qeyd etdiyim meyarlar aşılanmalıdır.

- Bu gün aliorta məktəblərdə vətənpərvərlik necə öyrədilir?

- Ümumiyyətlə orta məktəblərdəki şagirdlərdə vətənpərvərlik, Vətənə məhəbbət, onu canı qədər qorumaq hissləri və instinktlərinin formalaşdırılması pedaqoji ictimaiyyət və valideynlər üçün prioritet olmalıdır. Çünki məhz uşaqlar bu yaşlarından daha həssasgötürümlü olurlar. Ortaali məktəblərdə, mənim fikrimcə, milli şüurun inkişafı formulu Azərbaycan tarixinin, Azərbaycan dilinin, Azərbaycan coğrafiyasının tədrisinə üstünlük verməyimizdə özünü təcəssüm etdirməlidir.

- Ailələrin bu məsələdəki rolunu qənaətbəxş hesab etmək olarmı?

- Ümumtəhsil məktəblərindən fərqli olaraq ailədə, evdə bu bir qədər laqeyd şəkildə aparılır. Aydındır ki, gənclərin tərbiyəsində ailənin rolu əvəzedilməzdir. Məhz buna görə də, valideynlərin bu sahədə ilkin maarifləndirilməsi prosesi aparılmalıdır, onlara bəzi tövsiyələr verilməlidir. Mövcud vəziyyətdə ailələrdə vətənpərvərlik tərbiyəsinin aparılmasını qənaətbəxş hesab etmək olmaz

- Kamal müəllim, gənclərin vətənpərvər ruhda böyüməsi üçün nə etmək lazımdır?

- Bir məsələni qeyd etmək yerinə düşərdi ki, vətənpərvərlik, milli şüur, milli kimlik anlayışları Azərbaycan kimi, yəni müharibə şəraitində yaşayan, ərazisinin 20 faizi işğal altında olan ölkədə çox həssaslıqla qarşılanır. Sirr deyil ki, Azərbaycan çoxmillətli bir dövlətdir və burada müxtəlif xalqların nümayəndələri yaşayırlar. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin əsaslandırdığı və həyata keçirdiyi azərbaycançılıq ideologiyası vahid xalqın qorunub saxlanılmasına, dövlətçiliyin xilas edilməsinə yönələn uzaqgörən addım olub. Belə hesab edirəm ki, bu ideyanı daha da genişləndirmək, gənclərdə bütün millətlərə və xalqlara hörmət, məhəbbət hissələrini aşılamaq əhəmiyyətlidir.

- Orta məktəb dərsliklərində şagirdlərə aşılanan vətənpərvərliyin səviyyəsi necədir? Daha çox hansı dərsliklər vasitəsilə bu hissləri onlarda oyatmaq lazımdır?

- Mən orta məktəbdə pedaqoji fəaliyyət göstərirəm və deyə bilərəm ki, dərsliklərimizdə milli özünüdərk, vətənə məhəbbət lazımınca geniş işıqlandırılıb. Amma gəlin görək, şagirdlərimiz Milli Qəhrəmanlarımızdan kimləri tanıyırlar? Sadəcə 1-2 şəhidimizin adını çəkə bilərlər. Bəs nə etməli? Fikrimcə, mütəmadi olaraq Milli Qəhrəmanlar, onların keçdiyi şərəfli həyat yolu, vətən uğrunda canlarını necə fəda etmələri haqqında məktəbdaxili və məktəbdənkənar tədbirlər keçirilməli, şəhid ailələri ilə şagirdlərin canlı görüşləri təşkil edilməlidir. Tədris etdiyimTarix” fənni mənə imkan verir ki, ölkəmizin tarixi, milli dövlətçiliyimiz, xalqımızın keçdiyi şərəfli yol, əsrlər boyu yaradılan maddi-mənəvi abidələrimiz barədə şagirdlərə, gənclərə geniş məlumat verim. Hesab edirəm ki, Azərbaycan tarixinin tədrisi milli şüurumuzun inkişaf etdirilməsi, Vətənimizlə fəxr etmək hisslərinin inkişaf etdirilməsində əzəzedilməz fənlərdən biridir.

- Müəllimlər bu işdə nə edə bilərlər?

- “Tarixi İrsimizin Öyrənilməsi və Təbliği” İctimai Birliyi olaraq, biz çalışırıq ki, bu sahədə fəaliyyətimizi daha da genişləndirək, məktəblərdə ardıcıl olaraq vətənpərvərlik tədbirləri keçirək və şanlı tariximiz barədə şagirdlərə geniş məlumat verək.

- Məktəb və universitetlərdə gənclərin milli-vətənpərvər ruhda tərbiyə konsepsiyası varmı?

- Ümumiyyətlə şagirdlərin vətənpərvər ruhda tərbiyəsi ümumi təhsil konsepsiyasının tərkib hissəsidir, bu dövlət təhsil kurikulumlarında (proqramlarda) nəzərdə tutulub. Eyni zamanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyasinda əsas prioritet sahələrdən biridir.

- Kamal müəllim, bu sahədə təbliğatın gücləndirilməsində təklifləriniz nə olardı?

- Mən bir neçə dəfə öz təkliflərimi TQDK-ya bildirmişəm. Azərbaycan tarixinin bütün qruplar üzrə tətbiq edilməsi, bu sahədə gənclərimizi məcbur edəcək ki, “Tarix” fənninə daha məsuliyyətli yanaşsınlar. Eyni zamanda milli şüurun tərbiyəsi və vətənpərvərlik hisslərinin oyanmasında, inkişaf etdirilməsində müsbət təsirini göstərəcək.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Kamal Hacıyev

 

Olaylar.- 2015.- 10-12 yanvar.- S.15.