“Vətənpərvərlik hisslərinin tərbiyəsi

məsələsi hər zaman prioritet olub

 

Səbuhi Abbasov: “Dövlətimiz bu istiqamətdə bütün lazımi şəraiti yaradıb”

 

Bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılmasında ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının rolu danılmazdır. Əksəriyyət təşkilatların bu sahədə həyata keçirdiyi layihələr, tədbirlər  müsbət nəticələrini də verir. Belə təşkilatlardan biri də Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasıdır. ASGA-nın sədri Səbuhi Abbasovla söhbətimizdə gəncələrin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılması istiqamətində görülən işlərdən danışdıq.

 

-Səbuhi bəy, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində atılan addımlar, görülən işləri yetərli saymaq olarmı?

-Məsələyə biraz geniş aspektdən yanaşmaq istərdim. Bu istiqamət gənclər siyasətinin ən strateji bölməsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gördüyü ilk məhz gənclərlə bağlı islahatların həyata keçirilməsi oldu. 1994-cü ilin iyul ayında ümummilli liderin imzaladığı sərəncamla Gənclər və İdman Nazirliyinin yaradılması, hər il müntəzəm olaraq Gənclər Forumunun keçirilməsi, Gənclər Gününün təsis edilməsi və s. buna əyani sübutdur. Bunlar çox vacib məqamlardır. Hesab edirəm ki, bu islahatların hər birində milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi hər zaman prioritet olub. Bu siyasətin davamı olaraq cənab Prezident İlham Əliyev tərəfindən kifayət qədər, mən deyərdim ki, dünya üçün bir model ola biləcək islahatlar həyata keçirildi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Elm Fondu, Bilik Fondu təsis edildi. Bütün yaradılan bu imkanların qayəsində milli mənlik şüurunun inkişaf etdirilməsi dayanırdı. Bu istiqamətdə verilən layihələr birmənalı şəkildə dəstəklənir.

-Konkret olaraq siz gənclərdə vətənpərvərlik hisslərinin tərbiyyəsi istiqamətində hansı addımların atılmasını zəruri sayardınız?

-Dövlətimiz bu istiqamətdə bütün lazımi şəraiti yaradıb. Lakin problemləri inkar etmək də, elə bilirəm ki, düzgün deyil. Düşünürəm ki, bu sahədə ən böyük məsuliyyət Təhsil Nazirliyinin üzərinə düşür. İbtidai sinif dərsliklərinin hazırlanmasında, dərs proqramlarının tərtibatında milli şüur, vətənpərvərlik hisslərinin tərbiyəsi priroritet olaraq qalmalıdır. Təəssüflər olsun ki, bu istiqamətdə problemlər hələ də var. Amma Təhsil Nazirliyibu istiqamətdə lazımi addımları atır. Məndə olan məlumata görə, nazirlikdə bu sahədə ciddi işlər gedir. İkinci ən böyük yük qeyri-hökumət təşkilatlarının üzərinə düşür. Mən hər zaman bir məqama diqqət yetirmişəm və bir daha vurğulamaq istəyirəm. Deyərdim ki, bizdə qeyri-hökumət təşkilatları iki yerə bölünür. Birincisi, qrant “yeyən”, ikincisi qrant “gətirən” qeyri-hökumət təşkilatları. Qrant “yeyən” QHT-lər dövlətin bu istiqamətdə ayırdığı vəsaiti havaya sovurmaqla məşğuldur. Bu tip qeyri-hökumət təşkilatlarında milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində hansısa ciddi işin ortaya qoyulmasını tələb etmək gülüncdür. Amma bir çox qeyri-hökumət təşkilatları var ki, onlar həqiqətən bu istiqamətin katalizatoru rolunu oynamaqdadır. Bu istiqamətdə məsuliyyət eyni zamanda medianın da üzərinə düşür. Bayağı mövzular, ucuz reytinq naminə hazırlanan reportajlar, televiziya məkanında etik normalar uyğun olmayan verilişlər təbii ki, gənclər arasında vətənpərvərlik hisslərinin tərbiyə baxımından ciddi fikir ayrılığına gətirib çıxara bilər. Bizdə elə televiziya kanalları var ki, onlar ümumiyyətlə efir mədəniyyəti, efir standartı deyə mövcüd olan anlayışı təmiz siliblər. Sanki evdə oturub palatka toyuna baxırsan. Və bu bir veriliş çərçivəsində baş vermir. Bu demək olar ki, bütün günü davam edir. Ona görə mən hesab edirəm ki, mediada, xüsusilə də televiziya məkanında ciddi islahatlar getməsə yeni nəsil manqurtlaşa bilər.

-Rəhbərlik etdiyiniz Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının bu sahədəki töhfələri, nəzərdə tuduğu layihələr nədən ibarətdir?

-Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq 2006-cı ildən bu günə qədər qeyd edilən istiqamətdə bir çox layihələr həyata keçirmişik. Bizim profilimiz spesifik olduğundan biz konkret olaraq beynəlxalq səviyyədə fəaliyyət göstəririk. Bilirsiniz, milli şüurun inkişafı, təbliği tarixə bağlılıqdan çox asılıdır. Bu mənada bizim 2014-cü ildə Rusiya Federasiyasında, UkraynadaPolşada həyata keçirdiyimiz irimiqyaslı layihələrin ana xəttini milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi təşkil edirdi. Mən öz-özlüyümdə bir məqamı kəşf etdim. Xaricdə yaşayan gənc soydaşlarımız olduqca mərd və vətənpərvər olurlar. Bu çox maraqlı məqamdır, lakin həqiqətdir. Bundan başqa biz bu il Azərbaycan-Slavyan Gənclərinin I Forumunu reallaşdırmaq niyyətindəyik. Eyni zamanda biz bu il Dədə Şəmşirin xatirəsinə həsr olunmuş I Ədəbiyyat Müsabiqəsi layihəsini reallaşdıracağıq. Bu beynəlxalq layihə olacaq və bilavasitə milli-mədəni şuurun inkişafına öz töhfəsini verəcəkdir.

-Ali baş komandan, cənab prezidentin Silahlı Qüvvələrlə bağlı verdiyi sərəncam və fərmanlar, əsgər və zabitlərimizə göstərdiyi diqqət gənclərdə vətənpərvərlik hisslərinin artmasına nə dərəcədə təsir göstərir?

-Təbii ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Silahlı Qüvvələrə, onun şəxsi heyətinə göstərdiyi diqqət və qayğı gənclərdə vətənpərvərlik hissinin artmasına öz müsbət təsirini göstərir. Əslində Ali Baş Komandan, cənab prezident İlham Əliyevin orduya ayırdığı diqqət dünya tərəfindən qibtə və qısqanclıqla qəbul edilir. Çünki ordumuz qidasından, yaşayış şəraitindən tutmuş ailə-məişət şəraitinə qədər tam təmin olunmuşdur. Bu da təbii ki, milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsinə öz töhfəsini verməkdədir.  Bu gün Azərbaycan ordusunun bir problemi var ki, o da Qarabağın işğal altında olmasıdır. Əminliklə qeyd etmək istəyirəm ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı azad edəcəko gün uzaqda deyil. Burada bir məqama diqqət çəkmək lazımdır. Belə ki, bu siyasət və həyata keçirilən məqsədyönlü tədbirlərin əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 2002-ci ildə qəbul olunmuş “Gənclər siyasəti haqqında” AR Qanununun 2007-ci ildə əlavə olunmuş 5.5.-ci bəndinə uyğun olaraq “Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqiinformasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Gənclər evisosial xidmət müəssisələri şəbəkəsi yaradıldı.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005-2009-cu illər) məqsədinə uyğun olaraq  isə gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə. mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması kimi vəzifələr nəzərdə tutulurdu. Həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması; gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması kimi proqramda əksini tapırdı. Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması, gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi əsas prioritetlərdən hesab edilirdi.

-Sizcə, gənclərin milli şürunun formalaşması, vətənpərvərlik ruhunda tərbiyyəsi prosesində gənclər təşkilatlarının rolu nə dərəcədədir?

-Bir daha qeyd edirəm ki, bu sahədə ən böyük məsuliyyət gənclər təşkilatlarının üzərinə düşür. Hesab edirəm ki, bir çox məqamlarda biz çox ehtiyatlı olmağı bacarmalıyıq. Dünyada qrant ayıran, özünü maliyyə mənbəyi kimi təqdim edən fondlar çoxdu. Lakin onlar heç də hər zaman bizim xeyrimizə fəaliyyət göstərmirlər. Düşünürəm ki, gənclər təşkilatları xarici fondlarla işləməlidirlər. Bundan qaçmaq lazım deyil. Lakin birmənalı şəkildə fəaliyyətin ana xəttini milli şüur, milli-mənəvi dəyərlər təşkil etməlidir. Heç bir qrant səni bunu əzməyə vadar etməməlidir.

-Sizcə, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində daha çox reklam roliklərinin hazırlanması məqsədəuyğun olmazmı?

-Reklam çarxları çox spesifik metoddur. Təsəvvür edin bir böyük, fəlsəfi anlayışı 5 dəqiqəlik bir rolikə yerləşdirirsən. Mən dəfələrlə dünyada ən məşhur olan roliklərə baxmışam. Bəzən elə bir rolik olub ki, təsirindən 1 həftə çıxa bilməmişəm. Təəssüflər olsun ki, Bizdə bu sahədə ciddi boşluqlar var.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2015.- 13 yanvar.- S.15.