“Çağdaş ədəbiyyatımızda ətraf

mühitə sevgi hissləri unudulur”

 

Südabə Sərvi: “Azərbaycanda ekoloji problemlərin

aradan qaldırılması istiqamətində xeyli işlər görülüb”

 

İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. İnsanın həyatında və fəaliyyətində təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Hələ XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi.

Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir. XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi - texniki inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü.

XX əsrin əvvəlində Yer üzərində əhalinin sayı cəmi bir milyarda yaxın idi, əsrin sonunda isə, yəni bir əsr ərzində bu rəqəm 6 dəfə artaraq 6 milyarda çatdı. Ekoloqların əksəriyyəti belə hesab edirlər ki, təbii resursların tükənməməsi və texnogen fəaliyyət nəticəsində dəyən ziyanın təbii yolla bərpa olunması üçün Yer üzərində əhalinin sayı 1-1,5 mlrd. nəfər hüdudunda olmalıdır.

Elmi-texniki inqilab həyatda məlum olmayan və ağıla sığmayan çox böyük gərginliklər yaratdı: aviasiya və avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. Bu və digər sahələr təbiət üçün zərərli olmaqla yanaşı, həm də təbii resursların azalmasına, bəzən tükənməsinə səbəb oldu. Belə ki, materiallardan və enerjidən istifadə XX əsrdə son dərəcə sürətlə artaraq, hətta əhali artımını da keçdi. Enerjidən istifadə 10 dəfə, materiallardan istifadə isə 9 dəfə çoxaldı.

İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi bu gün dünya əhalisinin əksəriyyətinin həyat şəraitinin dəyişməsinə səbəb oldu. Antropogen fəaliyyətin nəticələri bir neçə istiqamətdə təzahür olunur. Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə sıx bağlı mexanizmlərini, ətraf mühitin (təbiətin) insanın təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı (davamlı) halda saxlamağı proqnozlaşdırmaq mümkün deyil. Bu baxımdan ekologiya elminə tələbat və maraq günü-gündən artır.

XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti də öz növbəsində məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.

Nəhayət, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. O vaxtdan etibarən hər il bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunur. Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir.

Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.

Bütün bunlarla belə, ətraf mühitə həssaslıqla yanaşma, təbiətə sevgi hissinin aşılanmasında yazarların üzərinə böyük məsuliyyət düşür. Bu kimi hisslərin təbliği ədəbi əsərlərdə, xüsusilə uşaq ədəbiyyatında özünə geniş yer tapmalıdır. Məktəblilərə təbiəti sevdirmək, insanın təbiətin ayrılmaz hissəsi olduğunu anlatmaq hər bir müəllimin vəzifələrindəndir. Ekoloji təhsil və tərbiyənin əsas mahiyyəti uşaqlarda ətraf mühitə yanaşmanın formalaşdırılmasıdır.

Yazıçı-publisist Südabə Sərvi ilə Azərbaycan ədəbiyyatında ətraf mühitin qorunmasına yönəlik mesajlar və təbiətə sevgi hisslərinin aşılanması mövzusu ətrafında həmsöhbət olduq.

- Əsasən insana sevgi üzərində qurulan Azərbaycan ədəbiyyatında təbiətə sevgi, ətraf mühitin qorunması çalarları varmı? Və biz bunu daha çox hansı janrlarda müşahidə edirik?

- İndi dövr, zəmanə kəmiyyət və keyfiyyət baxımından dəyişdiyi kimi, insanların dünyagörüşü, hadisələrə, ətraf mühitə yanaşma tərzi də sanki eroziyaya uğrayıb. Çox təəssüf ki, çağdaş ədəbiyyatımızda ətraf mühitin qorunması, təbiətə sevgi çalarları indi az müşahidə olunur, sanki unudulub. Bəzən bunun səbəbini müharibə və ya keçid dövrü ilə bağlasalar da, bu fikirlə razı deyiləm. Hansı dövrdə yaşayır yaşasın, əsl yazıçı öz ampulasından kənara çıxmamalı, qələminə hörmətlə yanaşmalıdır. Çağdaş ədəbiyyatımızda təbiətə sevgi çalarları müşahidə olunsa da,ətraf mühitin qorunması ilə bağlı bədii əsərlər, şeirlər yox dərəcəsindədir.

- Daha çox uşaq ədəbiyyatımızda ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı nə kimi maarifləndirici nüanslar əksini tapıb?

- Çox təəssüf ki, uşaq ədəbiyyatında ekologiya və təbiətin mühafizəsi ilə bağlı maarifləndirici nüanslar hələ tam səviyyədə qurulmayıb. Doğrudur, bu barədə Mədəniyyət və Turizm Nazirliyi qərar verib. Müsabiqə elan olunub. Düşünürəm ki, nəticəsi müsbət olacaq.

- Bir yazar olaraq Azərbaycanda dövlət səviyyəsində ekoloji problemlərin aradan qaldırılması və ətraf mühitin mühafizəsi sahəsində görülən işləri necə qiymətləndirirsiniz?

- Heç şübhəsiz ki, dövlət səviyyəsində ekoloji problemlərin aradan qaldırılması və təbiətin mühafizəsi ilə bağlı müəyyən işlər görülüb və görülür. Məsələn, mənim yaşadığım Binəqədi rayonunda neçə vaxtdır ki, "Təmiz Binəqədi" layihəsinə start verilib. Hər yan tərtəmizdir, göz oxşayır. Hətta zibil qablarının da üzərinə "evimizi təmiz saxlayaq" sözləri yazılıb. Bu çox təqdirəlayiq bir layihədir. Amma ümumən respublikamızda, bölgələrdə hələ çox işlər görülməlidir. Hər bir vətəndaşımız ətraf mühitə sayqı ilə yanaşmalıdır. Necə ki, xarici ölkələrin əksəriyyətində biz bunun şahidi oluruq.

- Və son olaraq, ədiblərimizin ətraf mühitin qorunması və cəmiyyətin diqqətinin buna yönəldilməsi ilə bağlı hansısa layihəyə başlaması mümkündürmü və bu layihəni necə təsəvvür edirsiniz?

- Əlbəttə, belə bir layihə hazırlamaq mümkündür və çox yaxşı olar. Zənnimcə cəmiyyətdə çox müsbət qarşılanar. Bu layihənin necə olacağı barədə təxmini cavabı 3-cü sualda qismən verdim. Azərbaycan bizim doğma evimizdir. Evimizi təmiz saxlamaq hamımızın mənəvi borcudur! Bunun üçün Vətənə sevgi olmalıdır. Hər bir yazıçı bu layihədə iştirak etməlidir. Yazıçı xalqın elçisi deməkdir. Əgər Tanrı yazıçıya xalqın adından danışmaq səlahiyyətini veribsə, o da insanların maariflənməsində öz missiyasını yerinə yetirməlidir.

 

ÜMİD

 

Bizim Yol.- 2015.- 14 yanvar.- S.13.