Vətənpərvərlik tərbiyəsi

ailədən başlanır

 

Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı bu gün prioritet məsələlərdən biridir. Çünki, millətini, dövlətini, onun tarixi, mədəniyyəti və adət-ənənəsini qoruyub saxlamaq istəyən hər bir Azərbaycan vətəndaşı vətənpərvər, öz milli şüuruna malik olmalıdır. Əgər bizim gəncliyimizdə bu hisslərin heç biri formalaşmayıbsa dövlətimizin qüdrətindən, həmrəyliyimizdən, milliliyimizdən danışmağa dəyməz.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya.net saytının rəhbəri, Türkiyənin Ailə və Sosial Əlaqələr Federasiyasının (ASƏF) Azərbaycan təmsilçisi Cavid Şahverdiyev bildirir ki, bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin qarşısında duran vəzifələrdən biridir. Bu həmişə belə olub, bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Milli Azadlıq Hərəkatı zamanında bu hiss gənclərimizdə daha yüksək şəkildə inkişafda olub. Bəlkə də o zaman buna böyük ehtiyac vardı. Gəncliyimiz bu ehtiyacı ödəyə bildi. Azərbaycanın bütövlüyünə, millətimizə və xalqımıza qarşı duran düşmənlərimizlə mübarizəyə qalxdı. O zamanın tələbi bu idi. Bu gün Azərbaycan regionda qüdrətli dövlətə çevrilib, dünya arenasında öz sözünü deyə bilir, region dövlətlət Azərbaycanla hesablaşırlar. Amma yenə də torpaqlarımız erməni işğalı altındadır. Sağımız, solumuzdakı qonşularımız bizim müstəqilliyimizi həzm edə bilmir. Bu da o deməkdir ki, bu gün gənclərimizdə vətənpərvərlik hissləri, milli şüurun formalaşmasına daha böyük ehtiyac duyulur. Dövlətimizin qüdrətini, bütövlüyünü saxlamaq, qorumaq naminə. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətdə nöqsan varsa, bu istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır. Amma gəlin bəzi məqamları açıq etiraf edək. Vətənpərvərlik və milli şüurun inkişafı prinsiplərinin aşılanması ailədən başlanmalıdır. Rəsmi dövlət statistikasına görə Azərbaycanda ötən il 6 ayda 6 min ailə dağılıb. Hər aya 1000 ailə düşür. Dağılan ailələrdə dünyaya göz açan uşaqlarda bu hisslərin lazımı səviyyədə aşılanmasından necə danışa bilərik. Ailədə valideynlər arasında yaşanan qalmaqallar, boşandıqdan sonra ortaya çıxan problemlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə böyük mənfi təsirlər göstərir. Biz hələ boşanan ailələrdəki uşaqların ögey valideynlərin əllərinə düşüb hansı təzyiqlərlə üzləşməsindən danışmırıq.Problemlərimizdən biri budur.

Onun sözlərinə görə, digər bir problem sosial şəbəkələrin yaratdığıdır. Gənclərimiz asudə vaxtlarını komputer arxasında keçirirlər. Yadlarla yazışmalar, oyunlars. Mediada da gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə çox az yer ayrılır. TV-lərdə də bu yöndə verilişlər azlıq təşkil edir. Daha çox şou proqramlar efirlərdə yer alıb. Gənclərimizin özləri də dalınca Azərbaycandan kənara köçmək məcburiyyətində qalırlar və oranın qaydaları, qanunlarının təsiri altına düşürlər. Orta təhsil məktəblərində də bu işə yetərincə önəm verilmir. Şagirdlərin asudə vaxtları çox zaman ekskursiyaların təşkili ilə ödənilir. Bu ekskursiyaların əksəriyyəti isə hansısa partilərin təşkili ilə yekunlaşır. Yaxşı olardı ki, müəllimlər bu ekskursiyaları ölkəmizin tarixi yerlərinə təşkil etsinlər, onlarda vətənpərvərlik ruhunu aşılasınlar, tariximizi anlatsınlar və s. Cəmiyyətimizin özü bu məsələdə maraqlı olmalıdır. Hər bir müəssisə və təşkilatda gənclərimizi bu istiqamətə kökləmək lazımdır. Hələ ki, bu işin öhdəsindən istədiyimiz kimi gələ bilməmişik. Nə dövlət, nə də vətəndaş cəmiyyəti institutlarının həyata keçirdikləri layihələrdə arzuolunan nəticəni əldə etmək mümkün olmur.

   “Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Nemət Orucov hesab edir ki, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məsələsi son dərəcə əhəmiyyətlidir və bu istiqamətdə ciddi təbliğatın aparılmasına ehtiyac var: “Hər kəsə bəllidir ki, xalqımız tarixin müxtəlif mərhələlərində özünün ifadəsi olaraq dövlətini qurmuşdu. Biz bunu Qızılbaşların, Ağqoyunlu, Qaraqoyunlu, Eldəgizlərin, Azərbaycan Demokratik Respublikasının və ən nəhayətdə indiki müstəqil dövlətimizin mövcudluğu ilə hiss edirik. Əlbəttə ki, qurulan dövlətlərin bir çoxu tarixin inkişaf tendensiyasından asılı olaraq öz müstəqilliyini və mövcudluğunu saxlaya bilməmişdi. İndi XXI əsr informasiya əsri, nano texnologiya dövrüdür. Ətrafımızda, təmsil olunduğumuz regiondadünyada baş verən proseslər sürətlə gedir. Dünya qloballaşmaya tabe olur, kiçik xalqlar qloballaşma adı altında böyük xalqların mədəniyyətinin, adət-ənənəsinin qarşısında tab gətirə bilmir və qloballaşmanın bir tərəfinə çevrilərək milli kimlik, milli mənlik, vətənpərvərlik kimi milli dəyərlərdən hiss edilməyəcək formada imtina edirlər. Biz nəzərə almalıyıq ki, yaşadığımız regionun həssas olması, tarixən Qərb və Şərqi birləşdirən nöqtədə yerləşməsi səbəbindən müxtəlif qüvvə və şəxsiyyətlər tərəfindən qurulan milli dövlətlərimizi itirmişik. 1988-ci ildə başlanan milli hərəkatın nəticəsi olaraq 1991-ci ildə müstəqlliyimizə yenidən qovuşduq, öz dövlətimizi elan etdik. Ancaq bu bir xalq olaraq bizə asan başa gəlmədi. Nəticədə böyük güclərin, Azərbaycanı sevməyən qüvvələrin fitnəsi əsasında Ermənistan ölkəmizə qarşı qeyri-rəsmi müharibə elan etdi, ərazilərimizin 20 faizi bu günişğal altındadır. Milli mənlik və kimlik şüurun inkişafı baxımından bunlar ciddi şəkildə nəzərə alınmalıdır. Söhbət ondan gedir ki, tarixən ermənilər xalqımıza qarşı bir neçə dəfə soyqırım, assimilyasiya, hərbi cinayətlər həyata keçirib. Xalqımıza qarşı törədilən bu dəhşətli əməlllər milli şüurumuzda qalsa da, hər zaman bunu unutdurmağa çalışıblar. Artıq indi informasiya əsrində yaşayırıq, 20 ildən çoxdur ki, müstəqil dövlətimiz qurulub. İndi imperiya təsirindən azadıq və bir çox məsələlərə açıq baxa, vəziyyəti qiymətləndirə bilərik. Azərbaycan ərazilərinin işğal altında olması, dünyada heç də hamı tərəfindən sevilmədiyimiz son dərəcə aydın olduğu üçün milli mənlik və kimlik şüurumuz, habelə vətənpərvərlik və dövlətçilik sevgimiz tam olmalıdır. Azərbaycan övladı ilk olaraq milli adətlərimizin təsiri altında böyüməli, Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatını dərindən öyrənməlidir. Əlbəttə, heç şübhəsiz ki, milli mənlik şüurunun inkişafı ilk olaraq ailədən başlayır.

   Onun fikrincə, Azərbaycan ailəsi böyütdüyü övladının milli şüuru, onun vətənə bağlılığını, millətini sevməsini təmin etməlidir. Gənclər üçün ilk məktəb ailə olmalıdır. Yaxşı tərbiyə alan, millətini sevən heç şübhəsiz ki, milli mənlik və vətənpərvərlik hissini əxz edəcək: “Beləliklə milli kimlik bir insan üçün olduqca əhəmiyyətli məsələdir. Söhbət ondan gedir ki, milli mənlik şüuru bir toplum üçün son dərəcə əhəmiyyətlidir. Toplumun ən enerjili, zaman baxımından perspektivli təbəqəsi isə gənclikdir. Gənc nəsil milli mənlik şüurunu daim inkişaf etdirməlidir. Bu həm də qloballaşan dünyada adətlərin məhv olmasının qarşısını kəsən, bir xalqın var olmasını təmin edən faktordur. Bir məqamı xüsusilə nəzərə almalıyıq. İstanbulun fəth olunmasından sonra Fateh Sultan Məhəmməddən soruşurlar: “Sultanım! Niyə İstanbulu fəth etdiniz?” Sultan cavab verir: “İstanbul məni fəth etdiyi üçün”. Başqa sözlə, İstanbulun fəthi əvvəlcə Fatehin gənc yaşda ürəyində tamamlanmış, sonra bir əməl kimi həyata keçirilmişdir. Gələcəyimiz, sahib olduğumuz gəncliyin ruhundakı sevdaya bağlıdır. Gənclik, insanın könlünün coşduğu, ruhunun yüksəkliklərdə qanad çırpdığı dəmdir”.

N.Orucov hesab edir ki, ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaq mütləq həm savadlı, bilikli olacaq, həm də vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək: “Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da, mədəni səviyyəsi də yüksək olur. Belə insanlar, digərlərindən fərqli olaraq doğulduğu torpağın, vətəndaşı olduğu ölkənin təəssübünü daha çox çəkəcək. Belə olan halda böyüyən gənc doğma yurd üçün, təmsil etdiyi xalqın xoşbəxtliyi üçün canını belə əsirgəmir. Xalqının tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik ola bilməz. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi bu gün dövlət siyasətində əsas istiqamətlərdən biri olmalıdır”. Nemət Orucovun fikrincə, Azərbaycanın müharibə şəraitində olması, torpaqlarımızın beşdə bir hissəsinin işğal edilməsi ölkədə gənc nəslin vətənpərvərlik ruhda tərbiyə almasını şərtləndirməlidir: Bizi tarixən özünə düşmən elan edən erməni cəmiyyətinin hər hansı bir ailəsində böyüyən körpəyə ilk olaraq türklərin düşmən olduğu aşılanır. Əlbəttə, biz gəncləri bu cür böyütməməliyik, lakin gənclər bilməlidir ki, təmsil etdikləri xalqın düşmənləri mövcudduronlara qarşı bütün sahələrdə diqqətli olmaq lazımdır. Azərbaycan gəncliyi vətənə bağlılıq, millətinə hörmət, dövlətini qorumaq, müstəqilliyinə və ərazisinə uzanan əlləri məhv etmək kimi tərbiyəvi hisslərin təsiri altında böyüməlidir. Yalnız belə olan təqdirdə millətimiz güclü, gələcəyimiz işıqlı ola bilər. Bu gün Azərbaycanın gənc nəsli yetişir, onların içində intellektual, perspektivli və potensiallı istənilən qədərdir. Əlbəttə, bu fəxr etmək üçün yetərlidir. Ancaq bəzən üç rəngli bayrağımızın mənasını bilməyən, tariximizdən xəbəri olmayan və hətta rayonlarımızın hansı tarixdə işğal edildiyindən bixəbər gəncliyimiz var. Mən bunun səbəbini ortaali təhsil müəssisələrində görürəm. Hesab edirəm ki, milli mənlik şüuruna malik, vətənpərvərlik hissi ilə alışıb-yanan gənc nəsli yetişdirmək üçün çox görülməlidir”.

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 15 yanvar.- S.15.