İnsanların mənəviyyatı,
əxlaqi normaları
və baxışları ilə bağlı olan
milli-mənəvi
dəyərlərin
yaradıcısı xalqdır
(əvvəli 13 yavnar tarixində)
Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.
Qloballaşmadan kənarda qalmayan
ölkəmiz bu prosesdə məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini
əsas götürərək gələcəyə doğru inamla
addımlayır. Təbii ki, qloballaşma dövrünün
də öz tələbləri, diktəsi
var. Amma bu prosesdə ölkəmizin ən
mühüm istinadgahı ilk
növbədə tarixi keçmişimiz,
dövlətçilik ənənələrimiz, mənəviyyatımız
və milli mentalitetimizdir.
İndiyə qədər qloballaşma dövrünün tələbləri, bu prosesin cəmiyyətimizə
təsiri ilə bağlı aparılan elmi-nəzəri
araşdırmalar arasında Azərbaycan Prezidentinin
İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin tədqiqatları öz
mükəmməlliyi, fundamentallığı, əhatəliyi
ilə seçilir.
Görkəmli
alimin Azərbaycanın müasir
sosial-iqtisadi və siyasi
inkişafının təhlilinə əsaslanmış “Azərbaycan:
qloballaşma dövrünün
tələbləri” əsərində qlobal
transformasiyalar fonunda
Azərbaycan dövlətinin və cəmiyyətinin
reallıqları fikir süzgəcindən
keçirilir. Akademik Ramiz Mehdiyev həm də
digər konseptual məzmunlu əsərlərində
də ölkəmizin keçdiyi inkişaf yolunu şərh
edərək, sanballı təhlillər aparmışdır. Müəllifin “Vətəndaş cəmiyyətinə
yol açan ideyalar”, “Demokratiya yolunda: irs haqqında
düşünərkən” əsərlərində də
ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş
verən hadisələr, dəyişikliklər, həyata keçirilmiş demokratik
hüquqiislahatlar konseptual
şəkildə şərh edilmişdir.
Akademik Ramiz Mehdiyevin son dövrlərdə “Azərbaycan” qəzetində
dərc olunmuş “Qloballaşma
dövründə dövlət və cəmiyyət”, “Heydər
Əliyevin banisi olduğu
müstəqil Azərbaycan dövləti Prezident
İlham Əliyevin rəhbərliyi
altında daha da
möhkəmləndi və inkişaf etdi”, “Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi” məqalələrində
isə müasir dövrdə Azərbaycan
dövlətinin və cəmiyyətin qarşısında dayanan aktual məsələlərin
geniş şərhi verilmiş,
dərin təhlillər aparılaraq problemlərin həlli
yolları göstərilmişdir. Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan”
qəzeti elmi ictimaiyyətin geniş marağını nəzərə alaraq bu mövzuda
“dəyirmi masa” təşkil edib.
Milli-mənəvi dəyərlər
sırasında ulu öndər ana dilinə daha böyük önəm verirdi.
Heydər Əliyev iqtisadiyyat və siyasətlə
yanaşı, elmə, mədəniyyətə, maarifə və
sənətə də qayğı göstərir,
ziyalılarla daim dostluq
edir, onların əməyini
vaxtaşırı yüksək qiymətləndirirdi. Onun təşəbbüsü sayəsində
“Müasir Azərbaycan dili”
dərsliyinin Dövlət mükafatına layiq
görülməsi təkcə elmə yox,
həm də ana dilinin
inkişafına dövlət qayğısının təzahürü
idi. Sonralar – 1978-ci ildə Azərbaycan SSR-in
yeni Konstitusiyası qəbul edilərkən
Əsas Qanunda Azərbaycan dilinin
dövlət dili olduğunu
bəyan edən xüsusi maddənin
salınması həmin dövr üçün çox böyük cəsarət sayılırdı.
Ulu öndər Heydər Əliyevin
müstəqillik dövrünün ilk
Konstitusiyasının qəbulu zamanı dilimizin
adı ilə bağlı apardığı elmi
və prinsipial müzakirələr təkcə
alimlərimizin yox, bütün
xalqın xatirində silinməz izlər buraxmışdır.
Azərbaycançılıq ideologiyasında dinin
özünəməxsus, digər ölkələrdəkindən
fərqli yeri vardır. Sovet hakimiyyətinin yetmiş illik mövcudluğu dövründə aparılan geniş və ardıcıl ateizm
tərbiyəsinə baxmayaraq, “Allahsız
nəsil” yetişdirilməsi mümkün
olmadı. İnsanlar Allahını və
dinini ürəyində, qəlbinin dərinliklərində
qoruyub saxladı. Bu gün isə ölkəmizdə yaşayan hər bir vətəndaş
istədiyi dinə azad və sərbəst
şəkildə sitayiş edir. Dinlə dövlət arasında heç bir ziddiyyət yoxdur. Daha doğrusu,
hər şey aydındır və qanun çərçivəsindədir.
Konstitusiyamızda demokratik, hüquqi, dünyəvi və unitar
respublika qurulduğu bəyan
edilir. Ümummilli liderimiz Heydər Əliyev həmişə
xalqın milli-mənəvi dəyərlərinə, o cümlədən dininə böyük
hörmət və ehtiramla
yanaşmışdır. Dindarlar onu sevir, daim
qayğısını hiss edirdilər. Ulu öndər sovet
dövründə vəhşicəsinə sökülərək
ləğv edilmiş Bibiheybət məscidini
yenidən bərpa etdirərək tikdirmiş,
bu işə böyük
zəhmət və vaxt sərf etmişdir. Heydər Əliyev siyasətini
layiqincə davam etdirən möhtərəm
Prezident İlham
Əliyev bu sahədəki varisliyə də
sadiqdir. Dindarlara
hörmətlə yanaşan Prezident İlham Əliyev
müxtəlif mərasimlərdə şəxsən iştirak edir, müqəddəs
bayramların keçirilməsinə daim
lazımi şərait yaradır.
Artıq ölkəmizdə
dini bayramlar da digər bayramlar səviyyəsində
qeyd olunur. Dövlətimizin
bu sahədəki uğurlu
siyasəti müstəqil Azərbaycanı dünyanın ən
tolerant ölkələrindən biri kimi
tanıtmışdır. Əlbəttə, tolerantlıq bir hissdir ki,
onu insanlara zorla aşılamaq mümkün
deyil. Başqa sözlə,
qərar vermək, icbari tədbirlər
görməklə insanlar tolerant
olmur. Azərbaycan xalqı dözümlülük
xarakterini neçə əsrlər boyu, müxtəlif insanlarla
birgə yaşayıb, birlikdə mübarizə aparmaqla qazanıb. Bu, həm də
xalqımızın qonaqpərvərliyindən, həyat
gerçəkliklərini daha dərindən
anlamasından, alicənablığından irəli gələn
duyğudur. Öz
dininə bütün varlığı ilə
bağlı olan və sonsuz
hörmət bəsləyən xalqımız başqa
dinlərə də hörmət və ehtiramla
yanaşır. “Azərbaycançılıq
ideyasının dərk olunmasının əsasında Azərbaycan
millətinin tarixi, mənəvi-əxlaqi
və mədəni ənənələri zəminində birlik ideyası durur və
bu, nəinki indi, həm
də uzaq gələcəkdə azərbaycanlıların
təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və
müstəqillik, milli eyniyyət həmin
nəsillər üçün layiqli həyatının və şəxsi
azadlığının ayrılmaz atributlarına çevriləcəkdir”
– söyləyən akademik Ramiz Mehdiyev öz fikirlərində tamamilə
haqlıdır. Ulu öndər Heydər
Əliyevin böyük müdriklik
və uzaqgörənliklə ərsəyə gətirdiyi azərbaycançılıq
ideologiyası xalqı, cəmiyyəti öz
dövləti ətrafında səfərbər edən, birləşdirən
saf və sağlam bir ideyadır. Bu ideya dövrün, müstəqilliyin
ən çətin və ağır sınaqlarından mətanətlə
çıxdı, məkrli hücumlara
sinə gərərək, əksinə, daha
da möhkəmləndi, mətinləşdi,
həm də əbədiləşdi. “Mən həmişə
fəxr etmişəm, bu gün
də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
– ulu öndərin böyük
fəxarətlə dediyi bu
sözləri indi hər bir
Azərbaycan vətəndaşı iftixarla
söyləyir.
Azərbaycanın milli ideologiyasının və dövlətçiliyinin
təməl prinsiplərinin müəyyən edilməsi məsələsi
ölkəmiz öz müstəqilliyini
qazandıqdan sonra çox
ciddi diskussiya mövzusu olmuşdur.
Dövlət müstəqilliyini qazanmaq
müəyyən tarixi proseslər nəticəsində
mümkün ola bilər.
Heydər Əliyev çıxışlarının birində
bu barədə çox
doğru olaraq qeyd edirdi ki,
milli müstəqillik əldə etmək
nə qədər şərəflidirsə, onu
qoruyub saxlamaq, möhkəmləndirmək
ondan da məsuliyyətlidir.
Bu tarixi missiyanı ulu öndər Heydər Əliyev çox şərəflə yerinə yetirdi. O, nəinki Azərbaycanın dövlət
müstəqilliyinin dönməzliyini təmin etdi,
eyni zamanda, millətimizin
və dövlətimizin söykənəcəyi təməl
prinsiplərini irs olaraq
müəyyənləşdirdi. Bu məqamlar
akademik Ramiz Mehdiyevin çoxillik elmi-nəzəri
araşdırmalarının ana xəttini
təşkil edir. Möhtərəm
alimimiz öz dəyərli
əsərlərində, fundamental
araşdırmalarında bu gün dünyada sürətlə
gedən və özünü iqtisadiyyatda, siyasətdə, mənəviyyatda,
ideologiyada aydın göstərən qloballaşma proseslərinin təzahürləri,
onun Azərbaycana təsiri, həmçinin
dövlətimizin gələcəyini müəyyənləşdirən
strategiya ilə uyğunluğunu
dəqiqliklə şərh edir, bu barədə çox obyektiv, əsaslanmış rəyini irəli sürür. Qeyd etməliyik
ki, qloballaşma
prosesində böyük ziddiyyətlər
də özünü büruzə verməkdədir.
Qloballaşma pərdəsi altında
müəyyən aparıcı dövlətlərin digər
ölkələri öz təsiri
altına salmaq iddiaları aydın hiss olunmaqdadır. Azərbaycan dövləti öz siyasəti ilə qloballaşmanın əleyhinə
deyil. Ölkəmiz qloballaşma
ilə paralel surətdə gələcəyə
doğru inamla
addımlayır. Amma qloballaşmanın
dövlətçiliyimizə və milli-mənəvi dəyərlərimizə
hansısa formada xələl gətirməsinə
imkan vermək olmaz. Dünya dövlətlərinin təsnifatına
baxsaq, sənaye, demokratik
və sosial-iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə
bərabər, geridə qalan ölkələri
də görəcəyik. Niyə dövlətlər
arasında belə ciddi fərqlər
yaranmışdır? Bunu
araşdırdıqda biz yüksək inkişaf etmiş dövlətlərin
təməl prinsiplərinə söykəndiyini görürük. Bu təməl
həm siyasətdə, həm iqtisadiyyatda,
həm də mənəviyyatdadır. İstənilən Qərb
dövlətini götürsək, onun
müəyyən təmələ söykəndiyinin şahidi olarıq. ABŞ-ın amerikan ideologiyasına söykənməsi bu dövləti indiki inkişaf səviyyəsinə
çatdırıb. Böyük Britaniya dövləti Britaniya
ənənələrinə söykənərək dünyanın
ən inkişaf etmiş
dövlətlərindən birinə çevrilib.
Osmanlı imperiyası dövründə türk
millətinin söykəndiyi ana prinsip Qurani-Şərifdən irəli gələn
dini təməl prinsipləri idi. Müasir Türkiyə
dövlətinin meydana gəlməsi isə
atatürkçülüyün
yaranması ilə özünü
büruzə verdi. Atatürk
Türkiyə dövlətinin əsasını qoyarkən onun təməl prinsiplərini də müəyyən
etdi. Bu təməl prinsipləri Türkiyəni parçalanmaqdan, dağılmaqdan qorudu və onu inkişaf yoluna
çıxardı. İndi Türkiyədə
hakimiyyətə istər sağlar, istər
sollar gəlsin, heç
bir siyasi qüvvə Atatürkün müəyyən etdiyi təməl prinsiplərindən kənara
çıxa bilməz.
(Ardı var)
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.-
2015.- 15 yanvar.- S.11.