Gənclərdə vətənpərvərlik
hissi necə artırılmalıdır?
Bu
gün Azərbaycanda həyata keçirilən gənclər
siyasətinin, gənclərə göstərilən diqqət
və qayğının əsasında ölkəyə
layiqli vətəndaş və sağlam nəslin
yetişdirilməsi dayanır. Müstəqillik yolunda qətiyyətlə
irəliləyən Azərbaycana günümüzdə məhz
milli şüura malik, vətənpərvər gənclər
lazımdır.
Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər
Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın
gənclər siyasəti də məhz bu amala xidmət edirdi.
Heydər Əliyev dəfələrlə müstəqil
düşüncə tərzinə sahib vətənpərvər
nəslin yetişməsini qürur hissi ilə
vurğulayıb: "Məni hədsiz dərəcədə
sevindirən odur ki, Azərbaycanın gələcəyini
möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı
daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət
müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi
var". Bu gün isə ulu öndərin siyasi kursunun layiqli
davamçısı prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan gənclərinin hərtərəfli
yetişməsi, sağlamlığı, yüksək səviyyəli
təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah
halının yaxşılaşması üçün
çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə
gənclərinin üzərinə düşən vəzifə
isə yaradılan şəraitdən səmərəli
istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə
həsr etmək, harada olmasından asılı olmayaraq
dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Gənclərin
Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin
apardığı tədqiqatların nəticəsində də
qeyd edilir ki, artıq dövlətin məqsədyönlü
siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin
onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli
şəraitdən yararlanan gənclər ictimai həyatın
bütün sahələrində aktiv rol oynayırlar. İndi
Azərbaycan gəncliyi bütün dünyada örnək ola
biləcək müsbət keyfiyyətləri ilə
seçilir. Bu gün respublikamızın müstəqillik
yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən
biri ölkəmizdə elmə, biliyə önəm verən
vətənpərvər gənclər ordusunun yetişməsidir.
Dövlət Bayrağı Meydanının
açılışında iştirak edən prezident
müstəqil Azərbaycanın vətəndaşı
olduğu üçün hər bir kəsin fəxr etməli
olduğunu bildirərək ölkə vətəndaşlarının,
o cümlədən, gənclərin üzərinə
düşən vəzifələri bir daha xatırladıb:
"Hər bir vətəndaş, tutduğu yerindən
asılı olmayaraq, öz əməyi ilə hər gün
ölkəmizi gücləndirməlidir. Öz əməli
işlərimizlə, Vətənə sədaqətlə,
görülən işlərlə, atılan addımlarla. Bu
gün Azərbaycan cəmiyyətində bu həmrəylik,
milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik
ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik
ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər,
Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə
Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik".
Mərkəzin araşdırmalarında qeyd
edilir ki, Azərbaycan gəncliyinin sahib olduğu ən vacib
xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik
ruhunun yüksək səviyyədə olmasıdır.
Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın
ölkəmizin suverenliyinə, ərazi
bütövlüyünə qarşı təcavüzünün
qarşısının alınmasında Azərbaycanın vətənpərvər
gəncləri öndə olublar. Zaman keçdikcə gənc
nəsildə vətənpərvərlik, milli qürur hissləri
daha da güclənir. Bildiyimiz kimi, bu gün
torpaqlarımızın 20 faizi Ermənistanın
işğalı altındadır, bir milyondan çox
soydaşımız isə qaçqın və məcburi
köçkün vəziyyətində yaşayır. Bu fakt
Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər
informasiya sahəsində, istərsə də cəbhə xəttində
ölkənin müdafiəsi uğrunda əlindən gələni
etməyə sövq edir.
Şübhəsiz, ölkəmizin müharibə
şəraitində olması, işğal faktının hələ
də davam etməsi Azərbaycanın güclü və
müasir ordusunun olmasını zəruri edir. Sevindirici
haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var.
Çünki dövlətin gənclər
siyasəti var. Dövlət gənclər siyasəti - gənclərin
öz bilik və bacarıqlarının, təbii
potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə
layiqli yer tutmasını təmin edən şəraitin
yaradılması məqsədilə dövlət tərəfindən
müəyyən edilmiş prioritetlər və həyata
keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli
inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni
inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə
davamlılığının, milli təhlükəsizliyinin
vacib şərtlərindəndir.
Yaxın tarixə nəzər salsaq görərik
ki, 2005-ci ildə Azərbaycan prezidentinin imzaladığı
"Azərbaycan Gəncliyi Dövlət Proqramı"nda
qarşıya qoyulan vəzifələr uğurla həyata
keçirildi. Bunun nəticəsində gənc nəslin Vətənə
məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni
irsinə, dövlət dilinə və rəmzlərinə,
milli-mənəvi dəyərlərinə hörmət ruhunda
tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik
tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi
xidmətə hazırlanması, gənclər arasında
hüquq pozuntularının, narkomaniyanın və digər zərərli
vərdişlərin profilaktikası sahəsində tədbirlərin
həyata keçirilməsi, istedadlı gənclərin
aşkar edilməsi, onların öz qabiliyyətlərini
inkişaf etdirə bilmələri üçün şərait
yaradılmağa başlandı. Eyni zamanda gənclərin
sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi,
bazar iqtisadiyyatının əsaslarına dair biliklərə
yiyələnməsi, peşə
hazırlığının yüksəldilməsi və məşğulluğunun
təmin edilməsi məqsədi ilə tədbirlər həyata
keçirildi. Sosial müdafiəyə ehtiyacı olan gənclərin,
o cümlədən gənc ailələrin problemlərinin həllinə
köməklik göstərildi. Gənclərin
sağlamlığının qorunması sahəsində tədbirlər
həyata keçirildi, kütləvi bədən tərbiyəsinin
və idmanın inkişafı böyük uğurlar gətirdi.
Ölkənin ictimai-siyasi həyatında gənclərin
fəal iştirakı, uşaq və gənclər üzrə
təşkilatların formalaşması və inkişafı
üçün şərait yaradıldı.
Artıq inkişaf etmiş ölkəmizdə
gənc nəslin milli mənlik şüuru tələb edir
ki, özünü azərbaycanlı adlandıran şəxs
Azərbaycan xalqının sevincinə sevinsin, kədərinə
şərik olsun, xalqı ilə qaynayıb
qarışsın. "Mən azərbaycanlıyam" demək
azdır. Azərbaycana məxsus olduğunu işdə,
davranışda isbat etmək lazım gəlir. İdeya-siyasi
tərbiyənin əlamətlərindən, vəzifələrindən
biri məhz milli mənlik şüurunun gənc nəsildə
formalaşmasına xidmət etməkdən ibarətdir.
Bu gün gənc nəsil əcdadını,
dahilərini və tarixdə iz qoyan şəxsiyyətlərini
hörmətlə anır və onların sırasında gələcəyin
yazıçıları, şairləri, siyasətçiləri
yetişir. Bu gün sinəsində Qarabağ dağı
daşıyır Azərbaycan gənci. Vətənə
borcunu qaytarmaq üçün fürsət gəzir.
Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin
ayrılmaz tərkib hissəsi olduğundan çoxəsrlik
tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət
abidələrinə doğma münasibət öncə vətənə
məhəbbətin təcəssümüdür. Məhz buna
görə də vətənimizin keçmişinin şahidi
olan tarixi abidələrə hörmət bəsləmək,
xalqımızın tarixində milli qürur hissi yaradan, mərdlik
simvoluna çevrilən tarixi qalaların əhəmiyyətini
dərk etmək, tarixi qəhrəmanların döyüş
yolunu öyrənmək, onların vətən haqqında ibrətamiz
kəlamlarını qavrayıb dərk etmək insanda vətənpərvərlik
hissinin dərin iz buraxmasında müstəsna rol oynayır.
Biz gənclərimizi həm vətənpərvər,
həm milli kökümüzə sarsılmaz tellərlə
bağlı görmək istəyirik.
Düşünürük ki, müstəqillik
dövrünün gənclərində bu hisslər daha
çox inkişaf etməlidir.
Azərbaycan xalqı qonşu xalqlardan həmişə
öz milli kimliyinə sadiqliyi və vətənpərvərliyi
ilə seçilib. Təəssüf ki, hazırda bu keyfiyyətimizdə
müəyyən zədələnmə müşahidə
edilməkdədir. Gənclərimizin heç də
hamısının dəyərlərimizə münasibəti
eyni deyil. Respublikamız 20 ildir müstəqildir. Bu illər ərzində
bizim cəmiyyətimizdə, ictimai həyatımızda, məişətimizdə
çox şey dəyişib.
Bir çoxlarının iddia etdiklərinin əksinə
olaraq Azərbaycan gənclərinin milli şüuru məhv
olmayıb, bu gün də onun kifayət qədər
daşıyıcıları var. Çar Rusiyasının
işğalı dövründə də o illərin gəncliyi
bu ruhun daşıyıcısı olub, bolşevizm dönəmində
də. Qeyri-mümkün haldır ki, Azərbaycan tarixi, ədəbiyyatı,
musiqisi, mədəniyyəti, tarixi şəxsiyyətlərimiz
barədə həmişə müsbət fikirlər eşidən
bir gəncin milli mənlik şüuru inkişaf etməsin.
Bütün bunlara baxmayaraq orta
və ali məktəblərdə, ictimai həyatda, iş yerlərində
gənclərlə bağlı işlər
aparılmalıdır. Heç kimə sirr deyil ki,
xalqımızın böyük dövlətçilik tarixi
var. Tarixi şəxsiyyətlərimiz, el qəhrəmanlarımız,
Milli qəhrəmanlarımız çoxdur. Onların qəhrəmanlığı,
keçdikləri döyüş yolu geniş səviyyədə
təbliğ olunmalıdır ki, gənclər öz qəhrəmanını
yaxından tanısın. Təbliğatdan çox şey
asılıdır. Onu da etiraf etmək lazımdır ki, gənclərimizin
bir çoxunun milli folklorumuzdan – dastanlardan, nağıllardan,
aşıq şerindən və aşıq sənətindən,
muğamdan, xalq mahnılarından, el sənətindən xəbəri
yoxdur. Hətta gənclərimizin bir qisminin müəyyən
təsirlərə düşdüyü faktdır. Gənclər
ilk növbədə öz dəyərlərimizi sevməlidir
ki, onları başqa dəyərlərlə müqayisə edə
bilsin. Azərbaycançılıq ideologiyası, milli məfkurə
anlayışının təbliğatına geniş yer
ayrılmalıdır.
Bu gün Azərbaycan dondurulmuş müharibə
şəraitində yaşayan bir dövlətdir. Ona ürəyi
vətən sevgisilə dolu olan gənclik lazımdır. Bu gəncləri
də zaman-zaman söz adamları, müəllimlər
yetişdirir, formalaşdırır. KİV-lər də
tez-tez filosoflara, şair və yazıçılara, alimlərə
yer ayırmalıdır ki, onlar gəncliyə öz sözlərini
çatdıra bilsin. Milli Qəhrəmanlarla məktəblilərin,
tələbələrin görüşləri keçirilməlidir.
18 nəfərə yaxın Milli Qəhrəmanımız həyatdadır.
Onlarla ünsiyyət gəncələrin milli şüurunun
inkişafına yaxşı təsir göstərər. Vaxtilə
Sovet İttifaqı Qəhrəmanları gənclər
üçün böyük tərbiyə məktəbi
sayılırdı. Bu gün də belə olmalıdır. Qəhrəman
çox təbliğ edilərsə gənclik
özünü ona bənzədəcək, qorxaqlıq reklam
edilsə o yolu tutanlar çox olacaq.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.-
2015.- 16 yanvar.- S.15.