Bəşər övladının kəşf
etdiyi
ən uca zirvə - Vətənpərvərlik
Vətənin,
millətin mənafeyini öz mənafeyi kimi dərk
etmək və onun müdafiəsinə
hər an hazır olmaq təşkil edir
Sokrata görə, vətənpərvərlik
döyüşdə vuruşub böyük qəhrəmanlıq
göstərməklə bitmir. Hər bir
insanın üzərinə düşən vəzifəni ədalətlə,
vicdanla yerinə yetirməsi də vətənpərvərlikdir.
Vətənpərvərlik – Vətənə olan
ülvi məhəbbətdir. Vətənpərvərlik
hissi insanın daxilində olan
bir hissdir. Hər bir insan vətənpərvərliyini
əməlləri ilə, gördüyü
işlərlə sübut etməlidir.
Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməyib. Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olub, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olublar, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına verməyiblər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməyiblər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub gediblər. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Fəhlə öz vətənpərvərliyini yaxşı işləməklə, alim maraqlı elmi kəşfləri ilə izah edirsə, müasir gənclərimiz doğma torpağımızı və dövlətimizi fədakarlıqla müdafiə etməkdə görür. Milli vətənpərvərlik hissinin məzmununu doğma Vətənə məhəbbət, onun tarixi keçmişi, adət-ənənələri ilə fəxr etmək, Vətənin, millətin mənafeyini öz mənafeyi kimi dərk etmək və onun müdafiəsinə hər an hazır olmaq təşkil edir. Məsələ ilə əlaqədar jurnalistlərin fikirlərini də öyrəndik.
Cavid Şahverdiyev: “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanması sahəsində çox işlər görülməlidir. Həm dövlət, həm də vətəndaş cəmiyyəti institutları və digər təşkilatlar tərəfindən. Bu məsələ daim ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Bəzi QHT-lər bu sahə ilə bağlı layihələr həyata keçirirlər, amma istənilən nəticə əldə olunmur. Çünki 5-10 adamı toplayıb bu mövzuyla bağlı 5-10 dəqiqəlik mühazirə oxumaqla iş bitmir. Mütəmadi olaraq, bu proses aparılmalıdır. Bu gün Azərbaycan müharibə şəraitindədir. Amma paytaxt və ətraf rayonların mərkəzi küçələrində vətənpərvərliyə, torpağa bağlılıqla bağlı bir şüara, çağırışa rast gəlinmir. Tütün və içki məmulatlarının reklamı daha çox aparılır. Nə olardı ki, imkanlı şəxs və şirkət rəhbərləri öz məhsullarının reklamı ilə yanaşı, gənclərimizdə vətənpərvərlik ruhunun aşılanması ilə bağlı bir reklam lövhəsi hazırlatsın. Bu da gənclərimizə olan biganəlikdən irəli gəlir. Bu biganəlik isə gənclərimizdə milli mənlik şüurunun inkişafına bir maneədir. Onlara təkan vermək lazımdır. Gənclərimizdə vətənə sevgini gücləndirməliyik. Deyə bilmərik ki, gənclərimizdə bu hisslər yoxdur, var. Amma bunu daha da gücləndirmək lazımdır. Bunun üçün isə maarifləndirməyə geniş yer verilməlidir. İstər məktəbdə, istər ali təhsil ocaqlarında, istərsə də mediada. Mediada yalnız bu məsələ KİVDF-nin maliyyələşdirdiyi müəyyən layihələr çərçivəsində həyata keçirilir”.
Ayyət Əhməd: “Hər bir Azərbaycan gənci, vətəndaşı tutduğu yerindən və ya mövqeyindən asılı olmayaraq vətənin birliyinə, bölünməzliyinə və bütövlüyünün qorunmasına çalışmalıdır. Hazırda Azərbaycan cəmiyyətində milli həmrəylik, milli səfərbərlik milli şüur inkişafı və vətənpərvərlik ruhu mövcuddur. Körpələrimiz də bu ruhda tərbiyə edilməlidir ki, böyüyəndə peşəkar, vətənpərvər, vətənə sadiq vətəndaşlar olsunlar. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini gənclik təmin edəcək. Məlumdur ki, insanın ən ali hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik təkcə vətəni sevmək deyil, vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar, əzmkarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır. Tərbiyə yolu ilə daha da möhkəmlənir, güclənir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi hər bir məktəbin və ailənin ən vacib vəzifələrindən olub. Çünki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ailədə və ibtidai siniflərdə qoyulur. Və o, sonrakı pillələrdə daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində valideynlərin və ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar körpə fidanların qəlbində elə ilk günlərdən vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Demək olar ki, bütün azərbaycanlı ailələrində və məktəblərində bu hal müşahidə olunur. Çünki Azərbaycan xalqı vətəni və qəhrəmanı ilə öyünən xalqdır. Ölkəsinin hər bir uğuruna sevinən, həmin nailiyyətlərlə fəxr edən xalqdır. Qeyd edim ki, hazırda gəncliyimizin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənir. Bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir. Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi ölkəmizin güclü və müasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var. Çünki dövlət gənclər siyasətini müvəffəqiyyətlə aparır. Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Bir daha vurğulayıram ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi indiki dönəm üçün çox aktuallıq kəsb edir. Ona görə ki, Azərbaycan müharibə şəraitində olan və işğala məruz qaln ölkədir. Sözügedən hissələrin gənclərə təlqin olunması çox zəruridir. Doğrudur, bu istiqamətdə hökumət və dövlət səviyyəsində də çox nəzərəçarpan və effektiv işlər aparılmaqdadır. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr edib, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. Buna rəğmən zənn edirəm ki, belə tədbirləri daha gücləndirib, Azərbaycan gəncliyini bütün dünyada örnək ola biləcək səviyyəyə çatdırmaq lazımdır”.
Elnur Eltürk: “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi cəmiyyətimizdə ən aktual məsələlərdən biridir. 20 faiz torpaqları işğal altında olan bir xalqın gəncliyinin milli ruhda yetişməsi zəruridir. Çünki milli mənlik şüuru cəmiyyəti irəli aparan və stimul verən fakorlardan biridir. Bir millətin güclənməsində və onu ayaqüstə durmasında milli mənlik şüuruna malik gəncliyin böyük rolu var. Bu gün istiqamət demək olmaz ki, iş getmir. Ölkədə vətənpərvər və milli şüura sahiblənən gənclərimiz var. Bu elə sahədir ki, hər şey təməldən başlamalıdır. Bunun əsası ailədə, bağçada, məktəbdə qoyulur. Gənclərimizə qəhrəmanlarımız haqqında və vətəni necə sevməyi, böyüklərə hörmət fikrini aşılamaq lazımdır. Yenə də bunlar sistemli iş tələb edir. Bu olmayacaqsa, istənilən nəticə əldə olunmayacaq. Əsasən təhsilə önəm verməlidir. Təhsil gənclərimizin şüuruna birbaşa təsir göstərir. Həmçinin, televiziya məkanlarımızda bayağı, əsasən şou-biznes verilişlərin üstünlük təşkil etməsi gəncliyin milli mənlik şüuruna mənfi təsir göstərir. Azərbaycan gəncliyinin əsas problemlərindən biri də, Qərbin və ya yad mədəniyyətlərin təsiri altına tez düşməsidir. Bu mədəniyyətin içində yaxşı cəhətlər götürmək olar. Qərbin texnologiyasını və elmi yeniliklərini tətbiq etməklə, bir çox nailiyyətləri əldə etmək mümkündür”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 17-19 yanvar.- S.15.