“Vətənpərvərlik, milli hisslərin
təbliği son dərəcə
önəmlidir”
“Oğuz” Müstəqil
Araşdırmaçılar Qrupunun rəhbəri
Vüqar Zifəroğlunun “OLAYLAR”-a müsahibəsi
Vüqar Zifəroğlu: “Bu
tarixi əraziləri 5 yerə
parçalanmış, 20 faiz torpaqları
işğal altında olan
bir ölkə üçün
isə, ümumiyyətlə həyati əhəmiyyət
daşıyır”
-Vüqar
bəy, gənc nəslin milli mənlik şüurunun inkişaf
etdirilməsi üçün ilk mərhələdə hansı
addımların atılmasını zəruri
sayardınız?
-Təbii ki, ilk növbədə maarifləndirmə lazımdır. XXI əsr dünyanın qloballaşaraq, cəmiyyətlərin biri-birilərinə inteqrasiyası əsridir. Marşall Maklyuenin qlobal kənd nəzəriyyəsini yadımıza salaq. Kommunikasiya texnologiyalarının inkişafı, informasiya cəmiyyətinə keçid, hamımızı içinə alan vahid bir məkan formalaşdırmaqdadır. Bu təbii prosesdir və bundan qaçmaq, buna qarşı getmək mümkün deyil. Təbii ki, bunun müsbət tərəfləri olduğu kimi, məsələn, xalqların inteqrasiyası və biri-birilərini daha yaxından tanımaları, onların öz mədəniyyətlərini təbliğ etmələri üçün geniş imkanların açılması, multikulturalizm ənənələrinin formalaşması kimi, mənfi tərəfləri də var. Və mənfi tərəfi daha iri dövlətlərin öz mədəniyyətlərini yaymaq adı ilə mədəni-sosial ekspansiya aparmalarıdır. Bu gün qərb həyat tərzi mediadan tutmuş, adi qida mədəniyyətimizə qədər öz təsirini göstərməkdədir. Adi primitiv misal çəkim. Bu gün Azərbaycanda kola içənlərə ayran içənlərin nisbəti nə qədərdir? Bütün bu amillər bizə primitiv, mənasız görünə bilər. Amma bir ciddi məqam var: Hər milləti millət edən onun özünəməxsus cəhətləri, mədəniyyəti və dəyərləridir. Ailə institutundan tutmuş, adi qida, geyim tərzinə qədər bu ekspansiyanı hiss ediriksə, bu artıq ciddi siqnal deməkdir. Təsəvvürünüzə gətirin ki, qloballaşma nəticəsində dünya, Maklyuenin dili ilə ifadə etsək qlobal bir kəndə çevrilib. Və bu kəndin qonşuları dövlətlər və onları təmsil edən xalqlardır. Onların hər biri öz dəyərlərini təqdim edir. Lakin bu dəyərlərini nə dərəcədə tanıda bilirlər? Və ya onu müdafiə edirlər? Gənclik isə hər bir millətin gələcəyi, onun döyünən ürəyi, sabaha olan ümididir. Bu anlamda milli məfkurədən, milli təəssübkeşlikdən uzaq, panamerikan mədəniyyətinin təsiri və anql-sakson irqinin təsiri ilə böyüyən bir nəslə Qarabağı anlatmaq mümkündürmü? Və ya ona qədim dəyərlərimizi, yasalarımızı, adətlərimizi izah edə bilərikmi? O, bunu nə dərəcədə qəbul edər, anlayar? Məhz bütün bu amillər bizi məcbur edir ki, gənc nəslə daha artıq diqqət ayrılsın. Və burda söhbət heç də yalnız sosial diqqət və qayğıdan getmir. Dövlətimiz gənclərimizlə bağlı kifayət qədər bu cür proqramlar həyata keçirir və uğurlarımız da var. Amma biz – yəni cəmiyyət, ziyalılar, ictimaiyyət nümayəndələri də bu gənc nəsillə işləməli, onları maarifləndirməli, kökümüzdən uzaqlaşmağa qoymamalıyıq. Dəyərlər hər millətin simasıdır. Qloballaşma təkcə inteqrasiya deyil, eyni zamanda ciddi mədəni ekspansiyaya məruz qalaraq öz simanı itirməklə bir millət olaraq mövcudluğunu itirmək təhlükəsi də yaşamaq anlamını ifadə edir. Biz bu cür təhlükələrə qarşı hazır olmalıyıq.
-Ümumiyyətlə, bu istiqamətdə atılan addımlar, görülən işləri yetərli saymaq olarmı? Bu gün gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində atılan addımlar qaneedicidirmi?
-Şəxsən mənim fikrimcə, biz daha artıq iş görməliyik. Tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, dəyərlərimiz sistemli şəkildə, uşaqlarda, yeniyetmələrdə və gənclərdə maraqla qarşılanacaq şəkildə, onların anlaya biləcəyi tərzdə təbliğ edilməlidir. Diqqət edin: onların anlaya biləcəyi şəkildə! Bu vacib məqamdır. Hər yaşın, hər nəslin öz “dili” var, bizlər bu dildən istifadə etməliyik. Burda başqa bir məqam odur ki, bu təbliğat elə şəkildə aparılmalıdır ki, onlarda müsbət fikir oyatmaq əvəzinə, əksinə ikrahla qarşılanmasın. Yəni hər şeyi qədərində və dəyərində etmək lazımdır. Vətənpərvərlik, milli hisslərin təbliği son dərəcə önəmlidir. Bu tarixi əraziləri 5 yerə parçalanmış, 20 faiz torpaqları işğal altında olan bir ölkə üçün isə, ümumiyyətlə həyati əhəmiyyət daşıyır. Bunun üçün isə, yalnız dövlətimizdən nəsə gözləmək düzgün deyil. Bir daha təkrar edirəm: bizim hər birimiz bu işdə öz töhfələrimizi verməliyik. Mənəvi dəyərlər hər millətin özünəməxsusluğunu ortaya qoyan və milli kimliyi təsbit edən başlıca meyarlar toplusudur. Dəyərlərdən uzaqlaşmaq, milli kimliyini itirmək, səni bir millət olaraq özünəməxsus xüsusiyyətlərinə görə fərqli edən cəhətlərindən uzaq düşmək deməkdir. Dövləti formalaşdıran millət faktorudur. Bir dövlət onu quran millətin maraqlarının təminatçısıdır. İndi təsəvvürünüzə gətirin ki, əgər bir millət öz dəyərlərinə sahib çıxa bilməyərək, digər mədəni təsirlər altında əriyər və yox olarsa, o zaman bu ölkənin mövcudluğunu şərtləndirən sosial-siyasi şərtlər ödənilərmi? Bu səbəbdən birmənalı şəkildə vurğulamaq olar ki, milli-mənəvi dəyərlərin qorunması ölkənin, cəmiyyətin inkişafı və eləcə də təsirlərdən, hər cür mədəni ekspansiyadan qoruması baxımından son dərəcə əhəmiyyətlidir.
-Konkret olaraq siz gənclərdə vətənpərvərlik hisslərinin tərbiyyəsi istiqamətində hansı addımların atılmasını zəruri sayardınız?
- İlk növbədə ailə dəyərlərimiz və dövlətçilik tariximizin düzgün şəkildə təbliği məsələsinə diqqət ayırmaq lazımdır. Ümumiyyətlə tariximiz və tarixi şəxsiyyətlərimizlə bağlı qırmızı cizgilər müəyyənləşdirilməlidir. Bu gün XXI əsrdə Azərbycan adının qədim olub-olmadığı və ya Babəkin, Şah İsmayılın Azərbaycan və türk tarixində oynadığı müstəsna rollar müzakirə predmetinə çevrilməməlidir. Bunlar bizim dəyərlərdir. Onları təbliğ etmək və əksinə, dünyaya tanıtmaq əvəzinə öz aramızda lüzumsuz və mənasız müzakirələr açmaqla, elə gənclərdə və ya müəyyən qədər məlumatsız insanlarımızda çaşqınlıq yaratmış oluruq. Gənc nəsil bizim dövlətçilik tariximizi bilməlidir. Gənc nəsil bizim hökmdarlarımızı tanımalıdır. Gənc nəsil, dünya mədəniyyətinə və elminə son dərəcə böyük töhfələr vermiş Türk millətinin bir hissəsi olan bzlərin dünya tarixində və mədəniyyətində oynamış olduğu rolumuzu bilməlidir. Aydın şəkildə, əsaslandırılmış şəkildə. Bu səbəbdən də görüləcək işlərimiz çoxdur.
-Rəhbərlik etdiyiniz mərkəzin bu
sahədəki töhfələri, nəzərdə tuduğu layihələr nədən ibarətdir?
-24 aprel
2004-cü ildə “Oğuz” Müstəqil
Araşdırmaçılar Qrupunu yaradarkən
elə məqsədimiz, gənclər arasında dəyərlərimizi,
tarixi keçmişimizi
təbliğ etmək, dövlətimizə töhfələr
vermək məqsədi ilə müxtəlif istiqamətlərdə
araşdırmalar aparmaq olub. Diqqət etsəniz görərsiniz ki, elə birliyimizi
yaratdığımız tarix də simvolik xarakter
daşıyır: Qondarma erməni soyqırımı günü.
2003-cü ildə Ceyhun Bayramlı ilə
birgə ilk tərcüməmiz nəşr
olundu: “Ön və Orta Asiya türklərinin
tarixinə dair dörd
anonim mənbə” kitabı. O kitabda indiyə qədər Azərbaycan
türkcəsinə tərcümə edilməmiş dörd anonim mənbənin
tərcüməsini təqdim etmişdik.
Onlardan biri də XVIII əsrə aid olan anonim erməni
xronikası idi. Həmin mənbədə
Nadir şah Əfşara
erməni baxışı
ortaya qoyulurdu. Çox gözəl mənbədir,
hətta erməninin belə Nadirə ehtiramla yanaşmasını
orada görürük.
Sonra Ceyhun Bayramlının “Hanı dediyim bəy ərənlər” kitabını çap etdik. Azərbaycan türklərinə məxsus bəylik meyarları ilə bağlı publisistik düşüncələri özündə
əks etdirən kitab idi. 2009-cu ildə mənim
tərcüməm əsasında
“X əsr yəhudi-xəzər
yazışması” nəşr
olundu. Şərqşünas Kokotsevin tərcüməsi
əsasında hazırlamışdım.
Xəzər xaqanı Yusifin
yəhudi sefarodunun rəhbəri Xasday ibn Şafrudla yazışmalarını özündə
əks etdirir. Həmin tərcümədə tariximizlə
bağlı çox maraqlı məqamlar var və ilk dəfədir ki, dilimizə tərcümə
edilirdi. Onu da vurğulamaq istərdim ki, mənim tərcüməm əsasında
Türkiyədən olan
dostlarımız da həmin əsəri Anadolu türkcəsinə
uyğulayaraq çapa
hazırlamışdılar. Daha sonra Ceyhun
Bayramlının 2010-cu ildə
“Dastan ədəbiyyatımıza
kənar təsirlər”,
2011-ci və 2014-cü illərdə
isə “Babək və Hürrəmilik (yalanlar və gerçəklər)”, “Təhrif
edilmiş tarix: Babək və hürrəmilər olduğu
kimi” kitabları çap olundu. Milli qəhrəmanımız Babəklə
bağlı bu kitablar ümumiyyətlə
böyük səs-küyə
səbəb oldu.
Çünki biz burada Babəkə
sovet ideologiyasının
illərlə bizə
sırıdığı pəncərədən
deyil, müstəqil dövlətin tarixşünaslığı
pəncərəsindən nəzər
yetirdik. Kitabda 50-yə yaxın orta əsr mənbəsinə
istinad olunub. 2012-ci ildə mənim
müəllifi olduğum
“Media imperiyası” kitabı
nəşr edildi.
Monoqrafiyada müasir dövrümüzün
aktual mövzularından
biri olan media korporasiyaların qlobal informasiya məkanına təsiri problemi araşdırılıb. Əsərdə XXI əsrin əvvəllərində
dünya jurnalistikasının
inkişafında müşahidə
olunan ziddiyyətli məqamlar nəzərdən
keçirilir, media korporasiyalarının
informasiya məkanına
təsiri və inhisar problemi faktoloji materiallar əsasında təhlil edilir. 2013-cü ildə isə “Sirr” romanım nəşr edildi. Romanda nəql edilən hadisələr 10-cu əsrdə
baş verir. Əsərdə bir sıra tarixi məqamlara, o cümlədən 970-ci illərdə
Slavyan tayfaları arasında gedən münaqişələrə də
diqqət yetirilib.
Knyaz Svyatoslav, onun oğlu Vladimir kimi tarixi obrazlar
əsərdə yer alıb. Xəzərlərin faciəli sonluqla
bitən xəyanətlərlə
zəngin süqutuna yeni bir baxış
sərgilənib. 4000 ildən artıqdır Yaxın Şərqdə bitməyən savaşın
mahiyyəti ilə bağlı yeni versiya ortaya atılıb. 2014-cü ildə daha bir aktuallığı ilə seçilən əsər təqdim etdik. Bundan əlavə birliyimiz
mütəmadi şəkildə
müxtəlif mövzularda
araşdırma və
analitik məqalələrlə
çıxış edir,
ekspert qismində müxtəlif tədbirlərdə
iştirakımız olur.
Ümumiyyətlə bu təşkilatı
yaradarkən məqsədimiz
sırf millətimizə
maariflənmə sahəsində
yardım etmək və dövlətimizə
əlimizdən gələn
qədər dəstək
vermək olub. Kitablarımızı da öz maliyyə vəsaitimiz hesabına dərc etmişik.V əbu zaman heç bir maddi qazanc
güdməmişik. Bunu özümüzə
borc bilmişik. Hazırda başqa bir sıra maraqlı layihələrimiz də var ki, İnşaallah
onları da tezliklə təqdim edəcəyik. Əminəm
ki, onlar da ən az yuxarıda adlarını sadaladığım
araşdırmalar qədər
maraqla qarşılanacaq.
-Ali baş komandan, cənab prezidentin Silahlı Qüvvələrlə bağlı
verdiyi sərəncam və fərmanlar, əsgər və zabitlərimizə göstərdiyi
diqqət gənclərdə
vətənpərvərlik hisslərinin artmasına nə dərəcədə
təsir göstərir?
-Birbaşa təsir göstərir. Bütün bunlar hamısı
istər milli vətənpərvərlik hisslərinin
güclənməsinə, istərsə
də vətənə,
bayrağa olan sevgi hissinin formalaşmasına birbaşa
təkan verən amillərdir. Ümumiyyətlə hərbi sahədə uğurlar, Ali baş komandanın Silahlı Qüvvələrlə bağlı
verdiyi sərəncam və fərmanlar birmənalı şəkildə
Azərbaycanda hərbi
vətənpərvərlik ruhunun yüksəlməsinə
təkan verən amildir. Diqqət edin: hərbi sahədə son zamanlar əldə etdiyimiz uğurlar gənc və ortayaşlı nəsildə necə müsbət təsir oyatmaqdadır. Keçən ilin avqust hadisələrini yadınıza
salın. Yüzlərlə gənc müdafiə nazirliyinə rəsmən
müraciət etdi ki, könüllü şəkildə hərbi
xidmətə qatılmaq
istəyir. Bu ruhdur!
Və
biz bu ruhun daha da böyüməsi,
güclənməsi üçün
yalnız dövlətdən,
cənab Prezidentdən
hansısa addımları
atmasını gözləməli
deyilik. Bizlər də öz
fəaliyyətimizlə dövlətimizə
dəstək olmalıyıq.
Azərbaycan bir əsrdə
iki dəfə şəhid qanları və milli mücadilə
yolu ilə böyük çətinliklərlə
müstəqilliyini qazanmış
bir ölkədir.
Bunun qədrini bilməliyik.
-Sizcə, bu istiqamətdə daha çox reklam çarxlarının hazırlanması
məqsədəuyğun olmazmı?
- Reklam çarxları deyil, sosial çarxlar
hazırlanmalıdır. Dünyanın hər yerində bu praktikadan istifadə edilir. Ümumiyyətlə, hərbi-vətənpərvərlik,
milli dəyərlərimizlə
bağlı PR texnologiyalarından
geniş istifadə edilməlidir. Sosial çarxlar
da burda ən vacib detallardan
biridir. Son dərəcə peşəkar
şəkildə hazırlanmış
bir çarx və ya hər
hansı bir PR kompaniyası, böyük
nəticələrə təkan
verə bilər.
Bir daha təkrar edirəm, Avropada, ABŞ-da bu texnologiyalardan
geniş istifadə edilir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2015.- 20-21 yanvar.- S.15.