Vətənin ruhundan
su içən insan...
Xalq şairi Zəlimxan
Yaqubun 65 yaşı tamam olur
“Əgər şair xalq ruhundan doğan sözü deyə
bilirsə, o, həqiqətən xalqın ürəyində əks-səda
tapır. Əks-sədaya çevrilmək üçün isə
xaqla eyni yaşda olmağı bacarmalısan. Zəlimxan Yaqub belələrindəndir”.
Bəxtiyar Vahabzadə
İnsan
ruhunun nə qədər böyük bir gücə sahib
olduğunu dərk edəndə, Allah tərəfindən bizə
bəxş edilən ruh məhsul verməyə
başlayır. Yer üzündəki hər bir
varlıqdan nəsə əldə edə bilmək
üçün zəhmət çəkmək gərəkir.
Buğda dənəsini yerə atmaqla iş bitmir. Nələr-nələr
lazımdır ki, qarışqanın gücü catacaq bir boy
buğdadan insanları doyuzduracaq qədər məhsul
yetişsin. Bu işə çəkilən zəhmətdə
bizm fiziki bədənimiz yorular, tərk tökər məhsulumuzu alarıq.
Amma ruhun məhsul verməsi o qədər
də asan deyil. Bunun üçün
öncə ruhun özü əzab-əziyyətə
qatlaşmalı, ürək, beyin, hissiyyat-bütün
duyğular “əzablı yollardan” keçməlidir. İnsan
riqqətə gəlməli, hiss etməli, acını, sevinci,
Allahın yaratdığı möcüzəni də.
Doğulduğu torpağın daşını,
havasını, suyunu ruhunun dəyirmanından keçirməlidir.
Canı yanmalıdır ki, ortaya məhsul gətirə bilsin.
O məhsul ki, insanların könlünü, ruhunu oxşaya
biləcək, mənəvi aləmini qidalandıracaq. Belə insanlar üçün həyat
o qədər asan olmur. Onlar hamı kimi baxır, amma fəqrli
görürülər. Bədənlərində heç bir
yara, kəsik olmadan dəhşətli ağrılar, acılar
hiss edirlər. Onların həyatı daş daşıyan bir
fəhlənin həyatından qat-qat çətindir. Azərbaycanın
əsil xalq şairi, tükənməz söz
bulağının sahibi Zəlimxan Yaqub məhz belə
insanlardandır. Onun hərarətlə danışmasına,
şeirləri nəfəsini dərmədən deməsinə
baxanda insanlar heyrətlənir. Amma bir həqiqət var. Axı, Z.Yaqub bu torpağın yanan
oğullarındandır. O Vətənin rununu hiss etməyi
bacaranlardandır...
Haradan haraya..
Zəlimxan Yaqub 1950-ci il
yanvar ayının 21-də Gürcustan Respublikası Bolnisi
rayonunun Kəpənəkçi kəndində ziyalı ailəsində
anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi,
1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin
kitabxanaçılıq fakültəsinin əmtəəşünaslıq
şöbəsini bitirib. Ədəbi fəaliyyətə 15
yaşında başlayıb. 1983-cü ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. Respublika
Prezidenti yanında əfv və bağışlama
komissiyasının üzvüdür. 1995 və 2000-ci illərdə
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
seçilib.
Onun
yazdığı poemalar əsasında “Aşıq Ələsgər”,
“Didərginlər”, “Yunus İmrə”, “Böyük
ömrün dastanı”, “Qalx ayağa Azərbaycan” adlı
televiziya film və verlişləri hazırlanıb.
Zəlimxan
Yaqub bu illər ərzində “Saz”, “Göyçə dərdi”,
“Cavidan qız balası”, “Şair harayı”, “Sizi
qınamıram”, “Vətən yaraları”, “Göyçədən
gələn səslər”, “Borçalıdan qalan izlər”,
“Yunis İmrə dastanı”, “Ey vətən oğulları”,
“Suallar”, “Haqq-ədalət”, “Tanı məni, Amerika”,
“Böyük ömrün dastanı”, ”O qızın göz
yaşları” və başqa iri həcmli, epik-lirik səpkili
poemaları, saz üstündə köklənən şerləri
ilə oxucuları sevindirib.
“Bir əli
torpaqda, bir əli haqda”, “Bu yaşıl ağacın altı
bizimdir”, “Mən sənin qəlbinə necə yol tapım”
adlı şeir və poemalar kitabı ilə oxucuların
görüşünə gələn şair, Qarabağ
müharibəsi mövzusunda yazdığı “Şair
harayı”, “Vətən yaraları”, “Sizi qınamıram”
poemalarına və “Ziyarətin qəbul olsun” kitabına
görə 1995-ci ildə N. Z. Tağıyev adına milli
mükafata, 1996-cı ildə yazdığı şerlərə
görə Məmməd Araz mükafatına layiq
görülüb. 2005-ci ildə Türk Ruhunun
inkişafındakı xidmətlərinə görə
“Vektor” Beynalxalq Elmi mərkəzinin Şahmar Əkbərzadə
adına Beynəlxalq mükafatına layiq görülüb.
Şair anadan olmasının 50 illiyi münasibətilə Azərbaycan
Respublikasının “Şöhrət”, Gürcüstan
Respublikasının “Şərəf” ordenlərinə layiq
görülüb. Şair çox mükafatlara layiq
görülüb və görüləcək, amma onun əsil
mükafatını Allah özü bəxş edib. Xüsusi,
özünəməxsus yaradıcılıq qabiliyyəti.
Profesor Nizami Cəfərov şair haqqında fikrini bildirəndə
ilk olaraq Z. Yaqubun öz yaradıcılıq üslubunun
olmasından bəhs edir: “Onun öz yaradıcılıq
üslubu var. Poetik şəxsiyyəti var. Yəni xalqdan gələn,
xalqın ruhunu daşıyan bir poeziyası var. Zəlimxan Yaqub folkloru, xalq ədəbiyyatını
təqlid etmir. Təkrar etmir. Onun üzərində yüksəlir
və olduqca müasir perspektivli bir yaradıcılıq təqdim
edir. Mən hər zaman demişəm ki, Zəlimxan Yaqub bizim
poeziyanı yüksəltdi. Xalq arasında poeziyanın
hörmətinin artmasında onun xüsusi xidmətləri var.
O yalnız öz şeirlərini,
yaradıcılığını yox, ümumiyyətlə,
Azərbaycan poeziyasını təbliğ etdi. Azərbaycan
xalq ədəbiyyatını təbliğ etdi. Bu baxımdan o
həqiqətən bizim ədəbiyyatımızda,
poeziyamızda bir mərhələ idi. Türk dünyasında
bizim poeziyamızın tanıdılmasında onun xüsusi
xidmətləri oldu. Z.Yaqub həm də çox görkəmli
bir ictimai xadimdir. Cəmiyyət arasında çox sevilən,
böyük nüfuzu olan, cəmiyyətin xalqın
inandığı bir şəxsiyyətdir. Z.Yaquba inanmada, Onu
sevməkdə xalq haqlıdır.
Ona görə ki, O həqiqətən belə bir sevgiyə,
belə bir hörmətə layiq bir yaradıcı şəxsiyyətdir.
Z.Yaqub ümummilli liderimizdən, müstəqil dövlətimizdən
yazdı. Müstəqil dövlətimizn mənəvi, mədəni
müdafiəsində dayandı. Heydər Əliyevin poetik
obrazını yaratdı. Bu obraz
ümummilli liderə qoyulan əzəmətli heykəllər
qədər əhəmiyyətlidir. Yüksək mənəvi
mövzu olan peyğəmbər mövzusuna müraciət etdi
və bu sahədə də xalqın qəbul edəcəyi,
peyğəmbərimizə layiq bir səviyyədə poeziya
nümunəsi yaratdı. Z.Yaqub çoxtərəfli bir
şairdir. Həm ictimai nüfuzu, həm nəhəng poetik
istedadı ilə çox parlaq bir ədəbi simadır”.
“Zəlimxanın
misraları gözəlliyi, saflığı, sədaqəti,
vətən məhəbbətini, insan ürəyinin
çırpıntılarını tərənnüm
edir”-deyən gözəl şairimiz Mirvarid Dilbazinin dediyi kimi
Z.Yaqubun şeirləri insan qəlbinin çırpınan
arzularından ilham alır.
Həyatda ən şirin şeirə
çevirdim
Yuxuda qəlbimə axan səsləri.
Günəşdən torpağın
üstünə enib,
Torpaqdan Günəşə
qalxan səsləri.
Tanrı öz payından göndərib
yerə
Bu xan avazları, bu xan səsləri.
Kamandan eşitdim, sazdan dinlədim
Ruhumu yandırıb-yaxan səsləri.
Haqdan enən səsin səcdəsinə
gəl,
Ürəkdə atəşdi,
könüldə məşəl.
Şairlər eşidir hamıdan əvvəl
Mələk
dodağından çıxan sözləri.
Şairlər eşidir hamıdan əvvəl deyən Z.Yaqub “eşitdiklərini” xalqın qəbul edə biləcəyi tərzdə o qədər təbii, sadə bir dillə anlatır ki, ruhu gözəl sözə ehtiyac duyan, sözün qanadında göylərə qalxmaq istəyi ilə çırpınan insana məlhəm kimi gəlir.
Və yaxud:
Yeni düzən, yeni
mizan qurandı,
İlk andımız, son
andımız Turandı,
Soraq verən peyğəmbərdi,
Qurandı,
Nə yozulsa, xeyrə yozum olacaq,
Bu gün-sabah
dünya bizim olacaq.
Bu misralarla xalq şairi Türk dünyasının birliyi
məsələsini gündəmə
gətirir, türk xalqlarının parçalanmış,
dünyanın müxtəlif
yerlərinə səpələnmiş
türklərin Turan andından bəhs edir. Z.Yaqub yazdığı
şeirləri həm
də şeirin öz ruhunda çatdırmaq bacarığı
ilə de seçilir.
Təsdaüfi deyil ki: “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur. İnciməsin Mikayıl,
aktyora da ehtiyacı yoxdur. Çünki o həm aktyordur, həm şairdir, həm aşıqdır, həm də küll halında, ensiklopedik lüğətdir. Natiqdir,
böyük ictimai xadimdir”-deyən Xəlil Rza Ulutürk onun bu cəhətlərini vurğulayır
.
Musa Yaqub: “Zəlimxan sinəsi
dolu şairdir. Vətən və torpaq sevgisi, bəlkə
də, Zəlimxan şeirində birincidir”.
Abbas Abdulla Hacaloğlu: “Zəlimxan
Yaqub hər an xalqın içində olan,
xalqı özündə, özünü xalqda gəzən
bir şairdir, Xalq şairidir”.
Rüstəm Behrudi: “Bir adam var-sözü sazın
pərdələrindən söküb mirvari kimi sapa düzən
bir adam. O adam da özündən xəbərsiz içində
işıq gəzdirir. O, Zəlimxan Yaqubdur”.
Mövlud Süleymanlı: “Sadəcə,
bir şeyi deyim: onun yaradacılığı
mənim türkcəmin
çox dogma sözlərindən,
duyğularından götürülüb
ki, bu duyğuların,
sözlərin minlərcə
yaşı var. Minilliklərin də
ruhunu ifadə eləyir”.
Səlahəddin Xəlilov ”Hərdən mənə elə gəlir ki, Zəlimxan Yaqubun yazdıqları onun özününkü deyil, xalq yaradıcılığıdır, Zəlimxan isə, ancaq ifaçıdır. Görünür, o, bizimlə milli-mənəvi dəyərlərimiz arasında, bu günlə keçmişimiz arasında, sadəcə vasitəçi olur”. Bu və bunun kimi Z. Yaqub haqqında deyilən onlarla gözəl sözlərin hamısını bir fikir birləşdirir. Şairin Vətənə, millətə, onun milli-mənəvi dəyərlərinə bağlılığı, xalqın dəyərlərini gözəl bilməsi, xalqın bir parçası olması vurğulanır. Xalqın dilində, ruhunda yazıb yaradan şair necə sevilməyə bilər?
Mənim ömrüm təbiətin ömrüdü,
Damlasında,
ümmanında yaşadım.
Zirvələrin
çiskinində, çənində,
Yağışında,
dumanında yaşadım.
Sular kimi hey töküldüm çarxa mən,
Boş gəlmədim otuza mən, qırxa mən.
Əlli yaşda oldum elə arxa mən,
Ümidində,
gümanında yaşadım.
Dərd ürəkdə,
əsrin yükü çiyində,
Ağrı başda, qasırğalar beyində.
Aha döndüm
ürəklərin heyində,
Kədər oldum, kamanında yaşadım.
Ürəyində
buz yaşamaq - faciə,
Yarasında duz yaşamaq - faciə,
Çox yaşamaq, az yaşamaq - faciə,
Mən zamanı
zamanında yaşadım.
Həyat çarxının pillələrini boş qalxmadığını deyən şairin həyatını burada millətin əsrləri keçib gələn tarix yolçuluğu ilə eyniləşdirmək olar. Bu millət əsrləri keçib gəldikcə özü ilə bərabər Z.Yaqub kimi oğulları da aparır. Aparır ki, onun böyüklüyünü anlatsın. Z.Yaqub yaradıcılığı dağlardan qopub gələn gur bulaq suyu kimi çağlayır. Tərtəmiz, duru, bulaq suyu bu torpağı necə bərəkətləndirir, qidalandırırsa, Z.Yaqub yaradıcılığı da xalqın ruh aləmini, mənəvi dünyasını o cür qidalandırır. Vətənin çəkdikləri üzündən yarası göynəyən şair öz ağrısından doğan məlhəmlə bu torpağın insanlarının ruhuna məlhəm çəkir. Əlindəki qələmi ilə içində əslində tüğyan edən hisslərini sakitcə ağ kağıza tökür. Tökür ki, illər, əsrlər sonra da millətimiz şair ürəyinin necə vurduğunu hiss etsin. Misralarında döyünən ürəyinin nə demək istədiyini anlasın. Elini, obasını, özünə aid olan nə varsa-kədərini belə, elə şair kimi qəbul edib, sevməyi öyrənsin. Ruhu dolsun, kamil olsun, Allaha daha yaxın olsun. Bundan gözəl missiya varmı dünyada?
Mən zamanı zamanında yaşadım-deyən gözəl şairimizə Allahdan uzun ömür arzulayırıq. Diləyirik ki, ruhumuzu aydınlatan yaradıcılığı hələ neçə-necə illər davam etsin.
Aygün İbrahim
Olaylar.- 2015.- 20-21 yanvar.- S.8.