20 Yanvar-Azərbaycan xalqının

qəhrəmanlığı ilə Kommunist

deologiyasının çöküşü tarixi

 

20 Yanvar faciəsindən düz 25 il ötür. Bu günlərdə həmin faciənin bibaşa iştirakçı olan şəxslər 1990-cı ilin yanvarında Bakıda baş verən dəhşətli anları xatırlayırlar. 20 Yanvar hadisələrinin şahidi Rövşən Məmmədli  deyir ki, 1988-ci ildə Dağlıq Qarabağın separatçılıq yolu ilə Azərbaycandan qoparılmasına qarşı daim yüksələn xətlə inkişaf edən etiraz hərəkatı artıq azadlıq hərəkatına çevrilmişdi: “Azərbaycan xalqı bir araya gələrək SSRİ-dən ayrılmaq və müstəqilliyi bərpa etmək yolunu tutmuşdu. Bütün hadisələr bu istiqamətdə irəliləyirdi və Azərbaycanın SSRİ-dən ayrılıb müstəqilliyinə qovuşacağı artıq heç kimdə şübhə doğurmurdu.

Bunu Moskva yaxşı görür və qarşısını almaq üçün tədbirlər hazırlayırdı.  Zorakı və qanlı imperiya dəyərlərinə malik olan Sovet-Rus imperiyası bu amacla Bakıda aranı qatıb burada fövqalədə vəziyyət elan etmək, idarəçiliyi əlinə keçirib. Xalqımızın azadlıq ruhunu əzmək yolunu seçdi. Bu məqsədlə Bakıya hərbi hissələr gətirilib yerləşdiriilir, Azərbaycan hakimiyyətinə təzyiqlər edilir, KQB-nin gizli qurumları Bakıya doldurulur və süni şəkildə Bakıda erməni qırğını törətməyə hazırlaşırdılar”. Rövşən Məmmədli bildirib ki, yanvarın 12-də “Azadlıq” meydanında bir milyondan artıq insanların toplantısı ilə çox gərgin və azadlıq əhvalı-ruhiyyəli bir mitinq baş tutdu: “Bu mitinqdə Milli Müqavimət Hərəkatının yaradılması elan olundu və konkret rəhbər şəxslər də təyin edildi. Azadlıq Hərəkatının liberal qanadı bu xətti bəyənməyib kənara çəkildi. Bu hərəkatın sonrakı davamında bir az gərginlik yaratdı. Bundan istifadə edən Moskva və yerli Moskvapərəstlər Bakını qarışdırmaq üçün hərəkətə keçdilər. Həmin izdihamlı mitinq xalqın ruh yüksəkliyi ilə başa çatmaq üzrəykən artıq meydana şayiə xarakterli xəbərlər gəlirdi. Guya Bayılda bir erməni balta ilə iki azərbaycanlını öldürüb. Yaxud Qarabağda ermənilər azərbaycanlılara qarşı qanlı cinayətlər törədir. Hiss olunurdu ki, meydanı qızışdırmaq və şayiə yolu ilə erməni daşnaqları ilə Kreml şovinistləri Sumqayıtda törətdiklərini Bakıda da törətmək və süni erməni qırğını həyata keçirib bundan istifadə edib məqsədlərinə çatsınlar. Bunu duyan AXC rəhbərləri və fəalları, eləcədə ziyalılarımız mitinqdə xalqı ayıq olmağa və düşmənin fitnəsinə uymamağa, səbrli olmağa çağırdılar. Artıq böyük mübarizə təcrübəsinə malik olan bakılılarda bu çağırışlara alqışlarla cavab verərək deyilənlərə əməl olunacağına əminlik yaratdılar. Bu hal KQB əlaltılarını açıq hərəkətə keçməyə, şəhərdə hərc-mərclik yaratmağa və ermənilərə qarşı süni zorakılıqlara yol verməyə məcbur etdi. Mitinq dağılanda meydana yaxın hündür evlərin birinin balkonundan bir erməninin aşağı atılması xəbəri meydana yayıldı”. Rövşən Məmədlinin sözlərinə görə, mitinq dağılarkən Abşeron mehmanxanasının qarşı dəniz tərəfində bir dəstə Bakı polislərinə oxşamayan polis işçiləri dayanmışdı: “Bu vaxt bir polis maşını Azneft tərəfdən ora daxil oldu və içindən bir sürücü milis və iki hündür milis zabiti düşüb maşını elə küçənin ortasında qoyub topa polis işçilərinin yanına gəldilər. Bu şimali Qafqazlılara oxşayan polis işçilərinin bu nümayişkarənə hərəkətlərindən şübhələnib orada durdum. Bu vaxt 2-3 nəfər heç vaxt mitinqdə görmədyim şəxs maşının yanlarından yapışıb onu çevirməyə çalışdılar. Bunun qəsd olduğundan xəbərsiz olan bəzi adamlarda onu çevirənlərə qoşuldular və maşın yerində yellənməyə başladı. Maraqlıdır ki,10-15 nəfər polis işçisi yerlərində durmuşdular bu hadisəyə heç bir müdaxiə etmirdilər. Bunun qəsd olduğunu duyub tez ora toplaşanlara bunun təxribat olduğunu, qoşulmamalarını bildirdim. Artıq gec idi. Maşını yanı üstə aşırmışdılar və maraqlıdır ki, öncə onu çevirməyə başlayanlar tez də oranı tərk etdilər. Bundan sonra meydanda mitinqlərin gedişində nizam-intizama nəzarət edən çoxsaylı dostlarıma məlumat çatdırdıq, hamı bir-birinə bu hadisəni ötürdü və artıq meydanın özünün təxribata çəkildiyi məlum oldu. Odur ki. meydanın tez boşaldılması, kimsənin orada qalmaması göstərişi verildi və qısa müddətdə meydan boşaldı. Bundan sonra KQB-nin gizli qüvvələri, əlaltıları Bakıda bəzi erməni ailələrinə zorakı hərəkətlərə başladılar. Bunların qarşısını almaq üçün Azərbaycan Xalq Cəbhəsinin bütün strukturları və hərakat fəalları bir araya gələrək, şəhərdə nəzarət dəstələri yaratdılar. Məkrli düşmən məqsədinə çatmasın deyə ermənilər yaşayan evlər aydınlaşdırılır və ora gedib sivil qaydada erməniləri baş verəcək təhlükələrdən qorumaq üçün xüsusi yaradılmış mərkəzlərə toplayır, oradan gəmilər və xüsusi nəzarətə alınmış minik maşınları ilə kənar respublikalara yola salınırdı”. Rövşən Məmmədli deyib ki, 15-16 yanvarda Bakıda tam sakitlik idi, hər şey öz axarında idi: “Yanvarın 19-dan 20-nə keçən gecə Mərkəzi Komitənin qarşısında bütün günü izdihamlı mitinq oldu. Natiqlər əsgəri müdaxilə əleyhinə, fövqəladə vəziyyətin əleyhinə Azərbaycan hakimiyyətinin kəsərsiz hərəkətlərinə etiraz, Moskvanın əsassız qəzəbinə etiraz halları səsləndirdilər. Azərbaycanın müstəqilliyi ideyası mitinqə tam hakim kəsilmişdi və hadisələrdə buna aparırdı. Məhz buna görə də Moskvadan gecə Bakıya hərbi müdaxilə əmri gəldi. Bunun üçün ilk növbədə şəhər daxilində yerləşdirilmiş KQB qüvvələri, əlaltılar hücuma keçdilər. Onların əli ilə televiziyanın enerji qidalandırıcısı olan generatoru partladıldı. Həmin vaxt mən bütün günü meydanda ac olduğumdan mənim yanımda olan bir qohumumla Montində yerləşən evlərinə getdik. Televiziya açıq idi və siyasi icmalçı mərhum Əhəd Əhmədov söhbət edir. hadisələrin maraqlı təhlilini verirdi. Bu vaxt televizor söndü. Məlum oldu ki, qonşulardada televizorlar eyni vaxtda sönüb. İşıqlar yanır, televizor isə susurdu. Nə isə xoşagəlməz halın baş verdiyini düşündük. Elə yeməyi yarımçıq qoyub tez meydana qayıtdıq. Məlum oldu ki, televiziyanın enerji təmini generatoru partladılıb. Bütün şəhər yeganə tez çatdırıcı çoxsaylı informasiya mənbəyindən məhrum oldu. Yeganə ümid "Azadlıq" radiosu oldu. Həmin günlərdə şəhərə daxil olan bütün yollar xalq tərəfindən dinc nəzarətə götürülmüşmaşınlara bağlanmışdı. Camaat tonqallar qalayıb bu dinc "səngərləri" tərk etmirdilər. Xalqın coşqun, yüksək ruhu silahsız da olsa Bakını qorumağa tam hazır idi.

Həmin vaxt mən Mərkəzi Komitənin qarşısında idim. Ürəyim səngərdə olan yoldaşlarımın yanında olsa da, ancaq ən böyük təxribatın burada ola biləcəyini nəzərə alıb xeyli dostlarımla orada qaldım. Artıq tribuna boşalmışdı. Mikrafon boş qalmışdı. Yalnız alınan məlumatları kimsə çıxıb oradan səsləndirirdi. Hələ şəhərə hücum başlamamışdı. Meydanda olanları harada dinc müqavimətçilər az idi ora getməyə səsləyirdilər və insanlar da dəstə-dəstə ora gedirdilər. Odur ki, burada qalanların sayı sürətlə azaldı. Meydanda 200-300 adam qalmışdı. Bu vaxt 26-lar rayon cəbhəçisi oraya gəlib dedi ki, bəs şəhərə hücum olub, dinc insanlara atəş açır, qabaqlarına çıxanları öldürürlər. Mərkəzi Komitənin qarşısı hər yandan bağlı olduğu və şəhərin aşağı hissəsində yerləşdiyi üçün buradan heç nə görünmürdü. Hər tərəfdən isə atəş səsləri yaxınlaşırdı. O vaxt indi Prezident Aparatının qarşısında ucalan şam (yolka) ağacları balaca idi, heç adam boyda da deyildi. Düz onların qarşısında cəmlənib silahlılarla üz-üzə qaldıq. Demək olar ki, ölümü gözümüzün altına almışdıq. Silahlar bizə tərəf tuşlansa da, atəş açılmırdı. Şəhərdə isə atəşlər azalmış, tək-tək atəş səsləri gəlirdi. Görünür bizi mühasirəyə alanlar əmin idilər ki, biz tam silahsızıq. Onlara qarşı isə heç bir kobud hərəkətə yol vermirdik. Yalnız ayaq üstə bir yerə cəmlənib tez-tez “Azadlıq” deyə hayqırır, başqa heç bir şey etmirdik. Bu zaman məlum oldu ki, Mərkəzi Komitənin binasının zirzəmisində də binanı mühafizə edən silahlı qüvvələr var. Səhv etmirəmsə bu qüvvələrin böyüyü general Axundov idi və o,  bizi mühasirəyə alanlarla danışıqlara getdi. Bəlkə də bu danışığın sonucu kimi bizə atəş açılmadı. Səhərə yaxın isə bizi mühasirəyə alan saqqallı yaraqlılar geri çəkildilər və onları yeni əsgərlər əvəz etdilər. İşıqlananda ilkin olaraq bir İran vətəndaşı cavan oğlan gəldi ora. Bizi qucaqlayıb öpdü. Biz də ona sarıldıq. Dedi ki, İranla sərhəddə yaşayır, qırğını radio ilə eşidib yola düşüb. Onun gəlişi bu xoş sözləri bizə xeyli təsəlli verdi”. Rövşən Məmmədli deyib ki, həmin gün Azərbaycan xalqının qəhrəmanlığı ilə Azərbaycan və bütün dünyada Kommunist ideologiyasının, bu ideologiya əsasında qurulmuş dövlətlərin çöküşü başlandı.

 

Füzuli

 

Olaylar.- 2015.- 20-21 yanvar.- S.7.