Tariximizi doğru öyrənək,
doğru tanıdaq
Babək türk idi və yadelli
işğalçılara qarşı mübarizə
aparırdı
Azərbaycanın
tarixi şəxsiyyətləri, o cümlədən, Babəklə
bağlı televiziyada və elektron KİV-lərdə, o
cümlədən sosial şəbəkələrdə
başlanmış müzakirələr məni də bu
mövzuya toxunmağa vadar etdi. Daha çox narahatlıq
doğuran bu müzakirələrin fonunda Azərbaycan tarixinin,
türk tarixinin saxtalaşdırılması və təhrif
olunmasına olunan cəhddir. Azpolitika.info saytında “Tarixdə
Azərbaycan adlı dövlət olmayıb” adlı məqalə
dərc olunub. Məqalədə qeyd olunur ki, Azərbaycan
adlı ilk dövlət 1918-ci il mayın 28-də yaranıb. Hətta
yazıda qeyd olunub ki, bu fakta etiraz edən varsa, bizi
inandırsın.
Qeyd edək ki, Babək mövzusuna bir neçə
dəfə toxunulub. Sonuncu dəfə ANS televiziyasının
“Şəxsiyyət vəsiqəsi” verilişində bu məsələyə
toxunuldu və proqramın qonaqlarından biri, millət vəkili
Fazil Mustafa Azərbaycan xalqının tarixi qəhrəmanlarından
biri Babək Xürrəmini “islama qarşı mübarizə
aparan dinsiz”, “sapıq”, “qeyri-türk” kimi təqdim etdi.
Verilişə baxmasam da, mövzu ilə bağlı
Azpolitika.info saytındakı yazını oxudum və hörmətli
Fazil Mustafanın fikirlərindən çox
üzüldüm. Əvvəla, Azərbaycan tarixi və milli
dəyərlər, milli tarixi şəxsiyyətlər mövzusunda
müzakirələrdə telekanallar çox həssas
olmalı, bu mövzuda debatlarda, ictimai müzakirələrdə
mütəxəssislər iştirak etməlidir. İkincisi,
Azərbaycan tarixi ilə bağlı müzakirələrdə
vətənçilik, dövlətçilik ön planda
olmalı, şou naminə təsadüfi, diletant fikirlərə
yer verilməməlidir. 70 illik Sovet dövründə
imperiyanın şovinist dairələri Azərbaycan türklərini
türk-islam dünyasından ayırmaq üçün dəridən-qabıqdan
çıxmışdı. Tarixşünaslıq, ədəbiyyat
və digər humanitar elmlər ideologiyaya
uyğunlaşdırılmışdı. Sovet
tarixşünaslığı Rusiya imperiyasının
işğalçılıq siyasətini “xilaskarlıq
missiyası” kimi qələmə verir, Sovet xalqlarının
yalnız Rusiya tərəfindən işğalından sonra
azadlığa çıxdığını iddia edirdi. Sovet
tarixşünaslığı Azərbaycanın sonradan türkləşdiyini, azərbaycanlıların
Orta Asiyadan gəlmə
köçəri xalq olduğunu
əsaslandırmağa çalışırdı. İsrarla yazılır, gənc nəslə təlqin
olunurdu ki, Azərbaycan
və Anadoluya türklər XI əsrdə
Oğuzların gəlişi ilə yerləşiblər. Daha çox
ermənilərə sərf edən saxta bir tarix
yazılmışdı. Bu “tarix”ə
görə, Azərbaycanın şimal
hissəsinin əhalisi irandilli və qafqazdilli, cənubunun əhalisi isə irandilli olmuş, səlcuqların
gəlişindən sonra türkləşmişlər.
Azərbaycan türklərini gəlmə hesab
etməkdə məqsəd Arazdan
şimaldakı torpaqların erməniləşdirilməsini
asanlaşdırmaq, buna tarixi
əsas yaratmaq idi.
Qəddar stalinizm Azərbaycan xalqına qarşı çeşidli repressiyalar
həyata keçirib. Ancaq
bunlar keçmişdə qalıb. Azərbaycan
xalqı öz müstəqilliyini əldə
edib, özünün
dövlətini qurub. Son
25 ildə Azərbaycan tarixinin, türk tarixinin obyektiv araşdırılması istiqamətində
mühüm addımlar atılıb. Təkzibedilməz faktlarla sübut olunub ki, Azərbaycan ərazisində türklərin
məskunlaşmasının tarixi qədimdir.
İlk Azərbaycan türk
dövlətçiliyinin tarixi eradan əvvəl III minillikdən götürülür. Ölkəmiz ilk sivilizasiyanın yarandığı yerlərdəndir,
Azərbaycan türklərinin formalaşdığı tarixi sərhədlər çərçivəsində
qədim dövlətlər mövcud olub. Azərbaycan tarixi gənc
nəslə doğru-düzgün
çatdırılmalı, bu məsələdə
dövlətçilik maraqlarımız əsas
götürülməlidir. Hər bir vətəndaş öz
dövlətinin, millətinin tarixini bilməlidir.
Əlbəttə bu tarixi
xalqa çatdırmaq, dünyaya
tanıtmaq asan olmasa da, hər bir tarixçi alim və hər
bir maraqlı vətəndaş bunları
bilməli, xalqımıza və dünyaya
tanıtdırmalıdır.
Türk xalqının 5 min illik tarixi
mənim tərəfimdən “Azərbaycan Nadir
Avşar dövləti ” elmi
əsərimdə (2014) qısa da olsa araşdırılıb. (Həmin əsəri
cahangirhüseynov.com saytında oxuya bilərsiz).
Oxuculara
çatdırmaq istəyirəm ki,
türklərin tarixində müxtəlif adlarla
149 dövləti, 22 imperiyası mövcud
olub. Ön Asiyada, yəni Azərbaycanın yerləşdiyi
bu ərazidə eramızdan əvvəlki
minilliklərdən türk dövlət
qurumları yaranmağa başladı. Bunlar Urmiyə gölünün
cənub və cənub qərbindən indiki
Naxçıvan, Mil və Qarabağ
ərazisində məskunlaşmış Quti,
Lullubi, Turukki və başqa türk
tayfaları olmuşlar. Bu
tayfalardan sonra Manna dövləti yaranıb. Daha
sonra bu ərazidə Midiya dövləti, daha sonra isə İskit (Skif dövləti) olmuşdur.
Eramızdan əvvəl
323-cü ildə Makedoniyalı İsgəndərin
ölümündən sonra onun imperiyası ayrı-ayrı dövlətlərə
parçalandı. Azərbaycanın cənubunda Atropatena, şimalında isə Alban dövləti yarandı.Yazılı məlumatlara
əsasən türklərin Atropatena və
Albaniya dövlətinin tərkibində başqa dillərdə danışan çoxlu sayda tayfalar da
yaşayırdılar. IV əsrin sonunda Orta Asiyada Böyük
Hun imperatorluğu
dağıldıqan sonra, Ağ
Hun imperatorluğunun əsası
qoyuldu. Bu dövlətin
ərazisi Orta Asiya və
şimal qərbin bir
hissəsini əhatə edirdi. Ağ Hun imperatorluğu
İran ərazisində yerləşən
Sasanilər dövlətini məğlub edərək özundən
asılı vəziyyətə saldı. Ağ
Hunlar Azərbaycanın xeyli
hissəsində, Dərbənd, Qarabağ
və Borçalı ərazisində məskunlaşdılar.
Ağ Hun imperatorluğu dağıldıqdan sonra - 552-ci ildə Asiyanın böyük
bir ərazisində Göytürk
dövlətinin əsası qoyuldu. Göytürk adı ilə Hunlar
özlərini rəsmən türk
adlandırdılar. Bu dövlət IX əsrə
qədər mövcud olmuşdur.
İndiki Ukraynanın, Rusiyanın cənubunda,
Şimali Qafqaz, Ön Asiya və Orta Asiyada mövcud
olmuşdur. VII-X əsrlərdə Şimali Qafqazda Xəzər
xaqanlığı yarandı. Xəzər xaqanlığı
Şərqi Avropanın ən böyük
xanlığı olmuşdur. Türk boyları daha sonra Oğuz adı ilə
tanınırdı. Oğuz türkləri
Xəzər dənizinin şərqində
yaşayırdılar. IV-V əsrlərdə Böyük
Moğol imperatorluğu
da türk tayfaları
tərəfindən idarə olunurdu. VII əsrdə Ərəbistan yarımadasında Məhəmməd
peyğəmbərin yaratdığı Ərəb xilafəti
Afrikanın şimalını,
İspaniyanın bir hissəsini,
Ərəbistan yarımadasını, İran,
Qafqaz və Orta
Asiyanı əhatə etmişdir. İslam peyğəmbəri türklərin
döyüşkənliyini, cəsurluğunu, mübarizliyini
və böyük dövlətçiliyin ənənələrini
öyür, özündən sonra qələn ərəb xəlifələrinə türklərlə yaxın
münasibətdə olmağı tapşırır, xilafətin gələcəkdə türklər
tərəfindən idarə olunacağına işarə edirdi.
İlk raşidi xəlifələr dövrü
bitdikdən sonra ərəb xilafəti
mahiyyətini dəyişməyə başladı. Əməvilər
sülalə prinsipini qəbul etdilər, geniş işğalçılıq siyasətinə
başladılar. Abbasilər dövründə bu siyasətə ərəbləşmə də
əlavə olundu. Ərəb
feodalları işğal etdikləri ərazilərdə
xalqlara zülm edir, onların dini
inanclarını, adət-ənənələrini zorla dəyişdirirdilər. Bölgədə
ərəb zülmünə qarşı üsyanlar
başlanmışdı.
X əsrdə Azərbaycan ərazisində
başlanmış Xürrəmilər xalq
hərəkatı Sasani dövlətinə
qarşı yerli xalqların mübarizəsi
idi…633-cü ildə Ərəb xəlifəsinin
qoşunları Sasani dövlətinə hücum etdi. Azərbaycan ərazisində Cavanşirin
rəhbərliyi ilə 634-cü ildə ərəblərə
qarşı Sasani ordusunda
mübarizə aparılırdı. Girdiman
(Aran) hökmdarı Cavanşir
hətta Bizans imperatorluğu
ilə də ittifaqa girib
ərəblərə qarşı mübarizə
aparırdı. Lakin, bu
mübarizədə ərəb qoşunlarına məşğul
oldular. VII əsrin 60-cı illərində
Şimali Qafqazdan xəzərlər
Albaniya dövlətinə hücuma
keçdilər. Alban dövlətinin varlığına son
qoyuldu.VII əsrdə Ərəb-Xəzər
müharibələri 100 ilə qədər davam
etdi. Ərəb xilafətinə
qarşı Azərbaycanda 748-752-ci
illərdə böyük Xürrəmilər
hərəkatı başlanıldı. Xürrəmilər etiqad etibarilə (Xürrəm- əbədi od, günəş deməkdir)
atəşpərəst idilər. Cavidanın
ölümündən sonra Babək
(798-838) mübarizəni davam etdirdi. Babək 819-cu ildə ərəblər
tərəfindən işğal olunmuş Bərdəni, Beyləqanı,
Qarabağı, Həmədanı azad etdi. Bəzz qalasında özünə böyük ordu
toplayıb 20 ilə yaxın ərəb
işğalçılarına qarşı mübarizə
apardı. Bu böyük
xalq hərəkatı idi.
838-ci ildə Babək əsir alındı və edam edildi. Babək türk xalqının oğlu
olmaqla azərbaycanlı idi,
o yadelli
işğalçılara qarşı mübarizə
aparırdı. Onun bu
mübarizəsi Azərbaycan xalqının əsil qəhrəmanlıq
nümunəsi idi. Bununla
biz azərbaycanlılar qürur
hissi keçirməliyik. XI əsrdə
İran, Azərbaycan və Kiçik Asiyanı əhatə etməklə
Böyük Səlcuk imperatorluğu
yaradıldı. XI əsrdən Ərəb Xəlifəliyi zəifləməyə
başladı və Şimali Azərbaycanda
Şirvanşahlar dövləti
(891-1538) yarandı. Bu Ərəb xəlifəliyindən sonra ilk türk
müsəlman Azərbaycan dövləti idi.
XI əsrdə Azərbaycan Səlcuq imperatorluğunun
tərkibinə qatıldı.
Ərəb Xəlifəliyindən
sonra 1038-1057-ci illərdə türk səlçuq tayfaları Orta Asiya, İran,
Azərbaycan və Kiçik Asiyanı əhatə
etməklə böyük bir
imperatorluq yaratdılar. Səlcuq imperatorluğu dağıldıqdan sonra Anadoluda, indiki Türkiyə ərazisində Osmanlı
imperiyası (1299) yarandı. Osmanlı İmperatorluğu
VI əsrdən artıq yaşamış bir
dövlət idi. Tezliklə imperatorluq Şimali
Afrikanı, Ərəbistan yarımadasını,
Balkanları, Şərqi Avropanı, Krım xanlığı
ərazisini əhatə etməklə dünya
tarixində ən möhtəşəm imperatorluğa
çevirdi. 1518-ci ildə Misirin
fəthindən sonra İslam
Xəlifəliyi Türk
Sultanlığına-İstanbula keçdi.
Türk millətinin islamı qəbul etməsi
onun qüdrətini, sücaətini daha da artırdı.
Ardı
var
Cahangir Hüseynov,
sabiq millət vəkili,
hüquq üzrə fəlsəfə doktoru
Olaylar.-
2015.- 22 yanvar.- S.6.