“Azərbaycançılıq
bu günün qızılbaşlığıdır”
“Akademik
baxımdan Ramiz Mehdiyevin araşdırma və yaradıcı fəaliyyəti
bütünlüklə bu xəttin üzərində qurulub”
“Gənc nəslin vətənpərvərlik hisslərinin
tərbiyəsi istiqamətində televiziyanın, mətbuatın
da rolu böyükdür”
Vətənpərvərlik məsələsi
cəmiyyətdə həmişə aktual olub. Millətin vətənpərvərliyi
onun tamlığının, bütövlüyünün təməlidir
desək, bəlkə də, səhv etmərik. Bir xalqın,
millətin vətənpərvərlik şüuru onun digər
xalqlar və millətlər tərəfindən qəbul edilməsi,
tanınması, hörmətlə qarşılanması, ən
əsası isə o xalqın yaratdığı dövlətin
bütövlüyü, varlığı, suverenliyi ilə
ölçülür. Azərbaycanın igid, cəsur
oğulları, qeyrətli qızları həmişə vətənpərvər
olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına
mübarizə apararaq Vətənini düşmən
ayağına verməmişlər.
Mərd,
mübariz oğul və qızlarımız öz doğma vətənlərini
həmişə hərarətlə sevmiş, onun qədrini
bilmiş, vətən naminə canlarını qurban verməkdən
çəkinməyiblər. Bu igid Vətən
övladları doğma yurd naminə canlarından keçməklə
əsl vətənpərvərlik nümunəsi göstərmiş,
şərəfli bir iz qoyub getmişlər. Bu gün milli vətənpərvərlik
Vətənin göz bəbəyi kimi qorunmasında təzahür
edir və bunu bu günkü gənclərimiz
bütün məsuliyyəti ilə dərk edirlər. Fəhlə
öz vətənpərvərliyini yaxşı işləməklə,
alim maraqlı elmi kəşfləri ilə izah edirsə,
müasir gənclərimiz doğma torpağımızı və
dövlətimizi fədakarlıqla müdafiə etməkdə
görürlər. Milli vətənpərvərlik hissinin məzmununu
doğma Vətənə məhəbbət, onun tarixi
keçmişi, adət-ənənələri ilə fəxr
etmək, Vətənin, millətin mənafeyini öz mənafeyi
kimi dərk etmək və onun müdafiəsinə hər an
hazır olmaq təşkil edir. Vətən üçün
ümumi anlayışlardan olan duyğu məfhumu olan “vətən
sevgisi”ni ərəb şairi Asmayi belə ifadə edir: “Bir bədəvinin
belə dediyini eşitdim: “Əgər kişini tanımaq istəyirsənsə,
onun vətəni və dost-qardaşları üçün
necə darıxdığına, onları
arzuladığına və keçmiş zamanı
üçün ağlamasına bax”. Bu hiss vətənə
bağlılıqdır. Hər kəs böyüyüb,
boya-başa çatıb, suyundan içərək, sərvətlərindən
yediyi üçün o vətəndə onun ruhi və hissi
ehtiyacları var. İnsan vətənini sevməli, orada
yaşamağa səy göstərməli və öz
ixtiyarı ilə oranı tərk etməməlidir. Vətəni
sevmək insan daxilində kök salmış elə bir
xüsusiyyətdir ki, insanı orada qalarkən rahatlıq
tapmağa, oradan gedərkən darıxmağa, ora hücum
olunarsa müdafiə etməyə və torpağı alinarsa
qəzəblənməyə sürükləyir. Bu təbii
formada olan vətənpərvərlik bəyənilən bir əməl,
ülvi bir hissdir. İnsan vətənini tərk etməyə
nə qədər məcbur olsa belə, yenə də vətən
həsrəti zehnində qalaraq ondan ayrılmayacaq. Tarixin
minillik inkişafı sübut edir ki, insanların yalnız
şəxsi mənfəətlərini
düşündüyü, cəmiyyətin və dövlətlərin
problemlərinə biganə yanaşdığı hallarda bu təkcə
onlarının özünün deyil, bütün cəmiyyətin
daxilində mənəvi aşınmaya səbəb olur,
insanlar arasında ünsiyyət zəifləyir, nəticədə
bütövlükdə dövlətin mövcudluğu
üçün təhlükə yaranır.
Azərbaycan
Respublikasının qarşısında duran bir çox
problemlərin həlli gənclərin milli vətənpərvərlik
ruhunda tərbiyə edilməsindən, onlarda yüksək
dövlətçilik şüurunun, mənsub olduğu millətə
və dövlətə qarşı qürur hisslərinin
formalaşdırılmasından çox asılıdır. Məsələ
ətrafında yaranmış suallara Emin Piri, Ceyhun
Rasimoğlu və Oral Mədənçi cavab verdilər.
Emin Piri (yazar): “Ümumiyyətlə, bu məsələyə tarixə, dünya dövlətlərinə, məkana və zaman baxaraq qiymət verməliyik. 90-cı illərə baxanda istər ədəbiyyat olsun, istərsə digər sahələrdə tendensiya ayrı cür idi. Daha çox mərsiyə, ağlaşma və şablon, pafoslu ifadələr vətənpərvərliyi əvəz edirdi. Bu çox təhlükəlidir. Pafoslu ifadələr özünü aldatmaqdırsa, ədəbiyyat, ümumiyyətlə, incəsənətdə üzgünlük isə özü-özünü məhv etməkdən başqa bir şey deyildir. Mənim fikrimcə vətənpərvərlik – özünü tanımaq və öz milli kimliyinə sevgini yaratmaq, bütövlük naminə ideoloji xəttə sadiq qalmaqla mümkündür. Digər hallar özünü deyil, bütün cəmiyyəti də məhvə aparmaqdan başqa bir şey deyil. Özünü sevmədən qonşuya və ya qarşındakına nifrət hissi qarşındakıyla bərabər özünü də məhv edir. Necə ki, nasist Almaniyası bunu yaşadı. Adolf Hitlerin söylədiyi kimi” “Liderlik sənəti kütlənin diqqətini bir düşmənə yönəltməyə və heç bir şeyin bu diqqəti dağıtmasına imkan verməməkdən aslıdır” . Millətin bütün düşüncəsini bir düşmənə yönəltmək sonradan məhv edənin özünün də məhv etməsinə səbəb olur. Yenə dediyim kimi bunu qorumaq üçün öz milli kimliyi yalnız sevərək, yaşadaraq həm gücləndirə, həm də düşmənini məğlub edə bilərsən. Tarixə boylansaq, bu gün Azərbaycan müəyyən dərəcədə XV əsrin sonlarını, XVI əsrin əvvəllərinə bənzər durumunun olduğunu görə bilərik. Şah İsmayılın yürütdüyü siyasət, daha çox milli İslam, yəni qızılbaşlıqla dövlətə məxsus olan məkanda etnikləri bir kimlik altında birləşdirə bildi. Və bu kimlik daha çox mili dini-ideologiya idi. Bu gün də həmin milli-dini-dövlət ideologiya öz əhəmiyyətini itirməyib. Və deyərdim ki, məkan və zaman baxımından ən uğurlu siyasət budur. Heydər Əliyev isə təhlükəsizlik və siyasi aparatdakı təcrübəsindən bütün bunları bilirdi. Və müasir azərbaycançılıq bu günün qızılbaşlığıdır. Daha doğrusu eyni nəzəriyyə məkan və zaman baxımından milli-dini-dövlət ideologiyasını Şah İsmayıldan sonra ikinci kərə tətbiq etdi. Bu üç ideoloji xəttin birləşməsi Azərbaycanı bütövlüyə aparan xətdir. Fərqi yoxdur, hakimiyyətdə kim olacaq. Önəmli olan bu xətti qorumaq lazımdır. Akademik baxımdan Ramiz Mehdiyevin araşdırma və yaradıcı fəaliyyəti deyərdim ki, bütünlüklə bu xəttin üzərində qurulub.
Ceyhun Rasimoğlu (“Səs” İnformasiya Agentliyinin Xəbərlər şöbəsinin müdiri): “Bu gün Azərbaycan dövlətinin gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində gördüyü işlər əvəzsizdir. Buna misal olaraq dövlət başçısı cənab İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncamlar və verdiyi fərmanları göstərə bilərik. Heç şübhəsiz ki, bu işdə valideynlərin və orta məktəb müəllimlərinin də rolu böyük əhəmiyyətə malikdir. Amma bu da bir faktdır ki, valideyn himyasindən və nəzarətindən kənarda qalan gənclərdə milli mənlik şüurunun inkişafın etdirilməsində müəyyən problemlər yaranır ki, bu da sonradan onların müxtəlif pis vərdişlərə aludə olmasına gətirib çıxarır. Təbii ki, bunun da qarşısının alınmasında valideynlərin üzərinə böyük məsuliyyət düşür. Bu gün ölkəmizin müxtəlif regionlarda Gənclər Mərkəzinin yaradılması, yeni-yeni Olimpiya İdman Komplekslərinin fəaliyyəti gənc nəslin asudə vaxtını daha səmərəli keçirməsinə müsbət imkanlar yaradır. Bununla belə, qeyd edərdim ki, gənc nəslin vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində televiziyanın, mətbuatın rolu böyükdür. Düşünürəm ki, televiziyalarda vətənpərvərlik ruhunda verilişlərin sayı nə qədər çox olarsa, bu, bir o qədər gənc nəslin milli mənlik şüurunun inkişafında müstəsna əhəmiyyətə malik olacaq. Ümumilikdə isə qeyd edim ki, bu gün cənab Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı apardığı uğurlu siyasət həm gənclərimizin milli-vətənpərvərlik ruhunda tərbiyə almasında, həm də onların ölkəmizə yararlı övlad kimi xidmət etmələrində müstəsna rola malik olacaq”.
Oral Mədənçi (“ATV Xeber”in redaktoru): “Mənim fikrimcə torpaqlarının 20 faizi işğal altında olan, illərdir müharibə şəraitində yaşayan bir ölkədə gənclərə vətənpərvərlik hissinin aşılanması vacibdir. Bu isə ilk növbədə təhsillə bağlı məsələdir. Vətənpərvər insan yetişdirmək üçün ilk növbədə savadlı insan yetişdirmək lazımdır. Azərbaycanın tarixini, mədəniyyətini yaxşı bilən insan sizcə, bu vətəni sevməyə bilərmi? Məncə yox, çünki onun ölkəsinin şanlı tarixi var, min illərdir formalaşan zəngin mədəniyyəti var. Amma ümumi mənzərəyə baxanda mən deyərdim ki, Azərbaycan gəncliyi bu gün vətənpərvərdir. Bilirsiniz ki, bütün dünyada demokratik iqtidarlar hər zaman öz siyasi projelərini gəncliyin üzərində qururlar. Gəncliyin düzgün istiqamətə yönəldilməsinə çalışırlar. Bizim ölkəmizdə də gənclərlə bağlı bir çox dövlət proqramları həyata keçirilib, keçirilir. Gənclərin problemləri daim diqqət mərkəzində saxlanılır dövlətimiz tərəfindən. Hesab edirəm ki, məhz dövlətin gənclərə bu diqqət və qayğısının nəticəsidir ki, ölkə gəncliyi Ali baş komandan, prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bax bu vətənpərvərlikdir! Bəzən Azərbaycanın inkişafını istəməyən qüvvələr çalışırlar Azərbaycan gəncliyindən istifadə etsinlər, gəncliyi o əyri yola çəkməyə çalışırlar. Amma biz görük ki, gənclərimizin buna reaksiyası necə olur. İndi də bunun daha sivil yolunu tapıblar, Azərbaycan gəncliyini milli ruhdan, vətənpərvərlikdən uzaqlaşdırmaq üçün Azərbaycan tarixinə, tarixi şəxsiyyətlərinə sanki bir qarayaxma kompaniyası başladıblar. Bunu Babək, Şah İsmayıl Xətayi, Səfəvilər dövləti ilə bağlı polemikalarda aydın gördük. Amma mənim fikrimcə gəncliyimiz yenə öz sözünü dedi, bu adamları elə tarixi faktlarla susdurdular. Gənclik vətənpərvər olmalıdır, öz xalqının, ölkəsinin tarixinə hər zaman sahib çıxmalıdır. Biz avropalı deyilik, biz şərqlidə deyilik, biz elə bizik, özümüzük. Özümüz kimi də olmalıyıq hər zaman”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2015.- 28 yanvar.- S.15.