Biz daha çox vətənpərvər olmalıyıq

 

Hər bir gəncin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi başlıca vəzifələrdən biridir. Dünyanın istənilən ölkəsində olduğu kimi Azərbaycanda da bu istiqamətdə zaman-zaman məqsədyönlü addımlar atılır, lazımı tədbirlər görülür. Ancaq eturaf etmək lazımdır ki, ortada olan nəticə heç də qaneedici səviyyədə deyil. Bu gün Azərbaycan gənci istədiyimiz qədər vətənpərvər deyil. Bu sahədə mövcud olan çatışmamazlıq hətta dövlət başçısını da narahat etməkdədir.

Bir neçə gün əvvəl keçirilən müşavirədə prezident İlham Əliyevin söylədiyi fikirlər belə deməyə əsas verir.  Prezident İlham Əliyev bildirib ki, milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur: “Yaşlı nəslin də borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər. Ona  görə  bizim  tarixi,  dini  abidələrimiz,  mədəniyyətimiz  sadəcə  olaraq,  memarlıq abidələri deyil. Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bu gün Azərbaycan müasir,  inkişaf edən, ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir”. Bəs görəsən gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunun artırılması üçün nələr edilməlidir? Ümumiyyətlə, bu iş ilk növbədə haradan başlamalıdır?

Laçın Alayının keçmiş komandanı Arif Paşa deyir ki, vətənpərvərlik hissinin səviyyəsi təkcə gənclərdə yox, ümumən cəmiyyətdə oturuşmuş auranı özündə əks etdirən faktorlardan biridir. Onun sözlərinə görə,  bu gün bu səviyyənin nə aşağı olmasından, nə də xüsusilə yüksək olmasından danışmaq çətindir: “Cəmiyyətdə, xüsusilə gənclər arasında vətənpərvərlik hissinin olmasından danışmaq mümkündür, amma, bu fədakarlıq, şəhidlik zirvəsinə ucalmağa kütləvi hazır olmaq səviyyəsində deyil. Çünki bu artıq çox mənada obyektiv şərtlərə bağlıdı. Bu gün cəmiyyət rəvan bir sülh psixologiyasının aparıcı mövqe sahibi olduğu mərhələni yaşamaqdadır və təbii ki, bu mühitdə vətənpərvərlik duyğuları xüsusi vüsət ala bilməz. Amma, Vətənin taleyi baxımından istənilən bir hadisə-bir impuls gənclər arasında vətənpərvərlik hissini ən pik nöqtəyə qaldıra bilər.  Amma, bu o demək deyil ki, gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi taleyin ümidinə buraxılmalıdır”. Arif Paşa hesab edir ki, ailədə, məktəbdə, əmək kollektivlərində və cəmiyyətdə vətənpərvərlik hissinin yüksəldilməsi üçün müntəzəm iş aparılmalıdır: “Nəzərə alsaq ki, bizim torpaqlarımızın əhəmiyyətli bir hissəsi düşmən Ermənistan tərəfindən işğal olunub, onda bu məsələnin qeyd-şərtsiz aktuallığı daha da qaçılmaz olur”. Keçmiş alay komandanı deyir ki, məktəblərdə vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından bir cox işlərin görülməsinə ehtiyac var: “Vətənpərvərlik ümummilli anlayışdır və ona siyasi mənsubiyyət baxımından yanaşılması yolverilməzdi. Bu gün məktəblərdə siyasi düşüncə fərqinə baxmayaraq sözün əsil mənasında qəhrəmanlıq göstərmiş bütün şəxslər, fərq qoyulmadan təbliğ olunmalıdır. Təəssüflər olsun ki, biz bunun şahidi olmuruq. Məncə ən böyük partiya Vətən və xalq özüdür! Əbədi və əzəli dəyərlər olan yerdə, qondarma və keçici dəyərlərə üstünlük vermək doğru deyil. Tarixi və çağdaş qəhrəmanların təbliği, nəğmə dərslərində qəhrəmanlıq mahnı və marşlarına üstünlük verilməsi, orta məktəblərdə mental dəyərlərə söykənərək Vətən, Millət, ana-bacı namusunun toxunulmazlığı və müqəddəsliyi haqqında müntəzəm təbliğat-təşviqat fəaliyyətinin aparılması, hərbi-idman oyunlarının, eləcə də, ibtidai hərbi hazırlığın həcminin artırılması vətənpərvərlik ruhunun yüksəldilməsinə yardımçı olardı. Əgər tədris və təlimdə məktəbin rolu danılmazdırsa, mənəvi tərbiyədə də ailənin rolu birmənalı şəkildə cox yüksəkdir. Əgər ailənin və məktəbin təsiri bu məsələdə üzvi şəkildə çuğlaşmasa vətəndaş  tərbiyəsi haqqında danışmaq mümkün deyil .  Hər bir insan ailə + məktəb + cəmiyyət üçbucağının təsir və tərbiyəsi nəticəsində şəxsiyyət və vətəndaşa çevrilir.  Ailə mühitində qayğı və hörmət, onun üzvlərində mənsub olduqları cəmiyyətə güvən və sevgi yaradır. Bu, nüans heç bir halda diqqətdən kənara qoyulmamalıdır. Cəmiyyətin təməl daşı olan ailənin təhlükəsizliyi, cəmiyyətin, son nəticədə Vətənin və Millətin təhlükəsizliyi deməkdir. Belə ailədə böyüyən şəxs vətəndaşdı, vətənpərvərdi”.

Quba rayonu, Ramin Dadaşov adina Pirvahid kənd tam orta məktəbinin tarix müəllimi Mehman Fərmanov isə hesab edir ki, gənclərin milli şüur və vətənpərvərlik hisslərinin artırılması ilk növbədə məktəbdən başlamalıdır: “Bunun üçün məktəblərdə şagirdlərimiz tariximiz, tarixi şəxsiyyətlərimiz, xalq qəhrəmanlarımız barədə ətraflı məlumatlandırılmalıdır. Mən bir tarix müəllimi kimi çalışıram ki,  şagirdləri tarixi şəxsiyyətlərimiz barədə ətraflı məlumatlandırım, onlara bu barədə ətraflı bilgilər verim. Çünki keçmişini, tarixini, qəhrəman və sərkərdələrini tanımayan, onlar barədə məlumatlı olmayan gənclər heç bir halda vətənpərvər ola bilməzlər”. Mehman Fərmanov bildirib ki, gənclər də öz növbəsində tariximizi, keçmişimizi öyrənməyə maraqlı olmalıdırlar: “Təssüflər olsun ki, bu gün bəzi gənclərimiz kosmopolit düşüncələrlə yaşayır, hansısa xarici filmlərdəki rolların ifaçılarını özünə qəhrəman seçir. Bu çox təssüf doğuran bir haldır. Bizim Əmir Teymur, Nadir şah, Qara Yusif, Uzun Həsən, Fətəli xan kimi sərkərdə və qəhrəmanlarımız olub. Müasir dövrümüzdə bu sıraya Birinci Qarabağ savaşında böyük şücaət göstərmiş qəhrəmanlarımızı, eyni zamanda Ramil Səfərov, Mübariz İbrahimov, Fərid Əhmədov və digərlərini şamil etmək olar. Mən hesab edirəm ki, gənclərimiz məhz onların həyat və yaradıcılığını öyrənməli, onların yolu ilə getməyə çalışmalıdır. Nəinki hansısa xarici film qəhrəmanının”. Mehman Fərmanov bildirib ki, artıq informasiya kommunikasiya texnologiyaları əsri olduğundan, gənclərimizin böyük əksəriyyəti internetdən, sosial şəbəkələrdən istifadə etdiyindən onları yad təsirlərdən, milli şüura mənfi təsir göstərə biləcək amillərdən qorumaq lazımdır: “Hesab edirəm ki, bu istiqamətdə maarifləndirici xarakter daşıyan tədbirlərin görülməsi daha məqsədəuyğundur. Bu gün ölkədə yüzlərlə gənclər təşkilatı fəaliyyət göstərir ki, onların əsas diqqəti məhz bu istiqamətə yönəltməsi vacib olardı. Gənclər təşkilatları günün çox hissəsini internet klublarda keçirən gənclərlə iş aparmalı, aktiv sosial şəbəkə istifadəçilərinə yönəlik maarifləndirici xarakterli materiallar hazırlamalı, onları yad ünsürlər, vərdişlərdən uzaqlaşdırmalıdır. Bu gün fikir versək görərik ki, gənclərimizin bir çoxu hətta facebook sosial şəbəkəsindəki profilinə hansısa xarici müğənni, aktyor, yaxud idmançı, modelyerin şəklini qoyur. Mən bu kimi hallara mənfi baxıram. Düşünürəm ki, həmin xarici simaların yerinə gənclərimiz öz profillərinə tarixi şəxsiyyətlərimiz, milli qəhrəmanlarımızın şəklini qoysa daha məqsədəuyğun olar. Nəzərə alsaq ki, həmin gənclərin müxtəlif ölkələrdən də dostları var və onlar müntəzəm olaraq bir biriləri ilə əlaqə saxlayırlar. Profilində Əmir Teymur, Nadir şah, Ramil Səfərov, Mübariz İbrahimov və digərlərinin şəkli olan sosial şəbəkə istifadəçisinə onun xarici dostu tərəfindən ilk verilən sual təbii ki, həmin şəxsin kimliyi ilə bağlı olacaq. Məncə bu yolla biz öz qəhrəmanlarımızı dünyaya tanıda bilərik. Hesab edirəm ki, bunun özü də milli vətənpərvərlik ruhunun artmasına xidmət edən amillərdən olar”.

Mehman Fərmanov son illər gənclərin milli vətənpərvərlik ruhunun artmasına təsir edən amillərdən birinin də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı olduğunu deyib. Bildirib ki, bu amil gənclər arasında vətənpərvərlik ruhunun kifayət qədər artmasına öz müsbət təsirini göstərib: “Buna misal kimi yaxın tariximizdə baş verən bir neçə hadisəni göstərə bilərik. Belə ki, erməni zabitini öldürməkdə günahlandırılaraq ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun ölkəmizə ekstradisiya edilməsi və onun əfv edilərək azadlığa buraxılması, cəbhədə mislisiz qəhrəmanlıq göstərərək şəhid olmuş Mübariz İbrahimovun nəşinin erməni tərəfindən geri alınması və ona milli qəhrəman adının verilməsi, eləcə də dövlət başçısının müntəzəm olaraq cəbhə xəttinə gedərək sənkərdə Silahlı Qüvvələrin əsgər və zabit heyəti ilə görüşməsi, hərbi təlimləri yaxından müşahidə etməsi gənclər arasında vətənpərvərlik ruhunun artmasına təsir edən amillərdəndir. Keçən ilin avqust ayında cəbhə xəttində baş verən erməni təxribatından sonra gənclərimizin könüllü şəkildə Müdafiə Nazirliyinə müraciət edərək döyüşə hazır olduqlarını bildirməsi deyilənləri təsdiq edir”. Mehman Fərmanov deyir ki, bütün bunlara baxmayaraq biz daha çox vətənpərvər olmalıyıq: “Çünki bizim Dağlıq Qarabağ problemimiz var. Hələ də bizim 20 faiz torpaqlarımız işğal altındadır, 1 milyona yaxın insanımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Ona görə də biz indikindən də artıq vətənpərvər olmalıyıq ki, itirilmiş torpaqlarımızı geri alaq. İnanıram ki, Azərbaycan Silahlı Qüvvələri tezliklə buna nail olacaq və erməni işğalı altında olan torpaqlarımız azad ediləcək. Düşünürəm ki, o gün uzaqda deyil”

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 30 yanvar.- S.15.