Gənclərimizi milli
vətənpərvərlik
ruhunda tərbiyə etməliyik
Şahin Camalov: “Silahlı Qüvvələrə
göstərilən diqqət və qayğı gənc nəslin
vətənpərvər ruhda tərbiyəsində əsas
rollardan birini oynayır”
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılmasında təbliğatın,
maarifləndirici tədbirlərin əhəmiyyəti
böyükdür. Bəs görəsən bu gün bu
sahədə təbliğat işləri nə dərəcədə
həyata keçirilir. Bu
və ya digər məsələlərlə
bağlı İnsan hüquqları XXI əsr-Azərbaycan
fondunun rəhbəri Şahin
Camalovla söhbətləşdik.
-Şahin müəllim, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir?
-Azərbaycan gəncinin vətənpərvərliyi ilə bağlı məsələ haqqında fikir bildirmək biraz çətindir. Çox təəssüf ki, Azərbaycan gəncliyinin böyük bir qismi bizi gələcəklə bağlı ümidləndirmir. Ali təhsil alsalar da, öz üzərilərində işləmək, müasir elmi texnologiyanın imkanlarından təhsillərinin, bilik və bacarıqlarının artırılması üçün istifadə etmək əvəzinə daha çox sosial şəbəkələr və gündəlik əyləncə üçün istifadə edirlər. Bu da son nəticədə gənclərimizin savadlı və vətənpərvər bir gənc kimi yetişməsinə mane olur. Digər tərəfdən təhsildə mövcud problemlər, keçmiş SSRİ və müasir Avropa təhsil sistemləri arasında vargəl edən təhsilimiz gəncliyimizin inkişafına və vətənpərvər ruhda formalaşmasına mane olmaqdadır. Bir qism gəncimiz isə daha çox bu və digər siyasi qrupların təsirinə düşərək qaraguruhçu gəncə çevrilmişdir ki, onların da yaratdıqları hay-küyü mən vətənpərvərlik kimi qiymətləndirməzdim.
-Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması
istiqamətində hansı addımların atılması zəruridir?
-Mən bu məsələyə biraz fərqli baxmaq istəyərdim. Gənclərimizin monoton həyat tərzi, gündəlik ictimai siyasi proseslərdən bixəbər olması, dünyada baş verən hadisələrə, proseslərə laqeyid qalması və son nəticədə özünü yetişdirmək üçün çalışmaması bizim gəncliyimizin əsas problemidir. Bu gün Azərbaycan gəncliyinin xalqını, millətini, dövlətini sevməsi, vətənpərvər kimi yetişməsi, ümümmilli məsələlərdə vahid mövqedən çıxış etməsi, bir yumruq olması üçün bizlər heç nə etmirik. Birtərəfli təhsil verilməsi, milli vətənpərvərlik ruhunda telelayihələrin demək olar ki, olmaması, milli-adət ənənələrdən demək olarsa uzaqlaşılması son nəticədə gəncliyimizin gələcəyinə, onların vətənpərvər kimi yetişməsinə ciddi mane olmaqdadır. Bu gün gənclərimiz universitetə ancaq və ancaq imtahan nəticələrinin yaxşı olması üçün gəlirsə, onlarla gündəlik tərbiyəvi söhbətlər aparılmırsa və ya gənclərimizin bu tip söhbətləri dinləməyə həvəsi olmursa, mən hesab edirəm ki, bu hər birimizin günahıdır və bir an öncə bu problemlərin həlli istiqamətində işlər aparılmalıdır. Gəncliyimizdə kitaba maraq artırılmalıdır. Milli vətənpərvərlik mövzusunda telelayihələr hazırlanmalı, tədbirlər, konfranslar mütəmadi keçirilməlidir. Bir sorğu keçirsək görərik ki, böyük əksəriyyət tarixi abidələrimiz, yerlərimiz, ümumilikdə tariximiz barədə çox az biliklərə sahibdir. Gəncə xanlığını, Talış xanlığını, Səfəvilər dövlətini, Şirvanşahlar sarayını, Qız qalasını, Babəki, Şirvanşah İbrahimi, Şah İsmayıl Xətaini, Nəriman Nərimanovu, Əlimaərdan bəy Topçubaşovu, Məhəmməd Əmin Rəsulzadəni və daha onlar kimi tariximiz olan dəyərli abidələri, tarixi şəxsiyyətləri tanımayan, bilməyən gənclərimizin milli mənlik şuurundan danışmaq nə dərəcədə düzgündür bilmirəm. Məncə gəncliyimiz onları sadəsə tanımaqla qalmamalı, onların yaşadıqlarından, həyatlarından, hər daşı tarix olan o abidələrin fəlsəfəsindən anlamalıdırlar. O zaman milli mənlik şuuru formalaşar və dəyər qazanar məncə. Təhsil Nazirliyi dərsliklərin yazılmasına, hazırlanması məsələsinə ciddi nəzarət etməli, hər fürsətdə gəncliyimizin düzgün yetişməsi üçün əlindən gələni etməlidir. Hesab edirəm ki, bu məsələdə din amili də ciddi müsbət rol oynaya bilər. Əslində elmlə dinin vəhdəti daha gözəl nəticələr verə bilər.. Amma bilirsiniz ki, bu məsələdə də çox diqqətli olmaq lazımdır. Din adı altında gənclərimizin zəhərlənməsinə də şərait yaradılmamalıdır.
-Sizcə orta və ali təhsil
müəssisələrində gənclər kifayətqədər
vətənpərvər tərbiyə olunurmu?
-Mən şəxsən orta və ali təhsil müəssisələrində gənclərimizin vətənpərvər kimi tərbiyə olunduğunu görmürəm və hiss etmirəm. Əgər biz milli dövlətçilik rəmzlərimizin mənasının gənclərə əzbərlədilməsini vətənpərvərlik ruhda tərbiyə olunmaq hesab etmiriksə. Vətənini sevmək üçün ilk öncə insan anasını, atasını, bacısını, qardaşını, qonşularını, əmilərini, dayılarını, özündən böyükləri, özündən kiçikləri, ətrafımızda olan bütün canlıları, gündəlik istifadə etdiyi nemətləri… sevməli, hörmət etməli, dəyər verməlidir. Bütün bu qeyd etdiklərimə (və ətrafımızda olub da qeyd etmədiklərimə) vətən sevgisinin ana sevgisi ilə eyni olduğu öyrədilməsə, niyə ətrafımızda olan canlıları sevmək, onlarla insanca davranmaq lazım olduğu öyrədilməsə, bu gənclik vətənini necə sevər, sabah ehtiyac olarsa vətənini necə qoruyar.?. Onun üçün də milli və vətənpərvər ruhda gənclərimizi tərbiyə etmək istəyiriksə onlara bu dəyərlər uşaq vaxtından aşılanmalıdır və buna kompleks yanaşma olmalıdır.
-Bəs QHT- lər
və gənclər təşkilatları bu
prosesdə nə dərəcədə aktivdirlər?
-Bu gün biz vətənpərvərlik mövzusunda gənclərimizin problemlərinin olduğunu deyiriksə demək görülən işlər qənaətbəxş deyil. Əgər ölkədə bütün milli qəhrəmanlarımız barədə informasiya verən vahid internet resursu yoxdursa, milli mənəvi dəyərləri aşılayan veb səhifələr, bloqlar yoxdursa (və ya təbliğ edilmirsə) demək görülən işlər çox zəifdir və daha çox çalışmaq lazımdır. Gənclər təşkilatları, QHT-lər müəyyən işlər görməyə çalışırlar, amma hesab edirəm ki, bu da yetərli deyil. Bu mövzularda daha aktiv olmaq lazımdır. Bu sahədə daha çox layihələr işlənməlidir. Nazirliklər, milli donor təşkilatlar bu sahənin təbliğini nəzərdə tutan layihələrə daha çox üstünlük verməlidirlər. İbtidai siniflərdən başlamaq lazımdır maarifləndirici tədbirlərə. Mütəmadi tarixi abidələrə ekskursiyalar təşkil edilməli, övladlarımızı gəncliyə hazırlamaq lazımdır və hesab edirəm ki, bu məsələdə gənclər təşkilatlarının və QHT-lərin ciddi rolu ola bilər.
-Etiraf edək ki,
hələ də yad təsirlərə, xarici dairələrin toruna
düşən gənclər var. Bu problemi aradan
qaldırıb həmin gəncləri vətənpərvər
ruhda böyütmək üçün
nələr etmək lazımdır?
-Qeyd etdiyim kimi, bütün problemlərin başında sevgisizlik durur. Sevgiyi öyrətməliyik gənclərimizə. Valideynlərə, övladlara, yaxınlara, uzaqlara, ətrafımızdakı canlı aləmə və son nəticədə vətənə. Vətənini, millətini, valideyinlərini sevən insan heç kimin toruna düşməz, vətənini satmaz. Gənclərimizin başqa dairələrin toruna düşməməsi, yad təsirlərə məruz qalmaması üçün onları özümüz, bildiyimiz kimi, milli vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Təhsilimizi daha da gücləndirməliyik. Ciddi milli vətənpərvərlik ruhunda telelayihələrə üstünlük verməli, şou aləminin təsirindən, şou əhlinin təsirinə düşməkdən onları qorumalıyıq. Milli musiqi dinləməyi, muğamı sevməyi, bayrağımızı və digər milli atributlarımızı sevməyi, himnimizin mətnini əzbər bilməyi, gərəkirsə vətən üçün ölməyi öyrətməliyik.
-Televiziyalar,
KİV-lər vətənpərvərlik mövzularına nə
dərəcədə diqqət ayırır?
-Mən yuxarıda da qeyd etdim, TV-lərin, KİV-lərin vətənpərvərlik mövzusuna ayırdığı diqqət qətiyyən məni qane etmir. TV-lərin gündəlik şou proqramlara ayırdıqları vaxtın onda biri heç vətənpərvərlik mövzusuna həsr edilmir. Çox təəssüf. Unutmamalıyıq ki, TV-lərin və KİV-lərin gənclərimizin maariflərndirilməsində çox mükəmməl rolu ola bilər. Təsəvvür edirsiniz, həm maürifləndirici, həm də, məlumatlandırıcı verilişlər telekanallarımızda daha çox olur. Tariximizi öyrədirik. Mənəvi dəyərlərimizi təbliğ edirik. Milli qəhrəmanlarımızı, vətən uğrunda canını fəda etmiş, gəncliyini qurban vermiş igid oğullarımızı tanıdırıq. Fred Asifi, Koroğlu Rəhimovu, Şirin Mirzəyevi, Təbriz Xəlilbəylini, Mübariz İbrahimovu, Fərid Əhmədovu də digərlərini nümunə göstərib, tariximizi qanları ilə yazmış o insanları, onların qəhrəmanlıqlarını gənclərimizə, gəncliyimizə aşılayırıq. Müharibə şəraitində olan, torpaqlarının 20 faizi işğal olunmuş bir dövlət, xalq olaraq bizim buna çox ehtiyacımız var. Amma çox təəssüf ki bu bizim arzuladığımız kimi baş vermir. Nəticədə biz gecikirik. Daha bir neçə il geriləyirik.
-Silahlı
Qüvvələrə göstərilən diqqət və
qayğı gənclərin vətənpərvər ruhda böyüməsinə nə dərəcədə
müsbət təsir göstərir?.
-Təbii ki, Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı gənc nəslin vətənpərvər ruhda tərbiyəsində əsas rollardan birini oynayır. Bunu son illərdə bariz görürük. Diqqətlə izləsək hərbiçi olmaq istəyən gənclərimizin sayı durmadan artır. Ordumuzun son illərdəki daha da mohkəmlənməsi, Ermənistan silahlı qüvvələri qarşısında daha sayıq durması da bunun əyani sübutudur. Amma demək istərdim ki, bu sahədə də tam istədiyimizə nail ola bilməmişik. Hələ də bu sahədə çalışmalı, ordumuza olan inamı daha da gücləndirməliyik. İnam artdıqca, gücləndikcə gənclərimizin vətənpərvər ruhda tərbiyyəsinə öz töhvəsini vermiş olacaqdır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 1 aprel.- S.14.