Mart soyqırımları

və onun acı nəticələri

 

İşğalçı ölkənin bu mənfur siyasəti günümüzdə də davam edir

 

Bu günlərdə Azərbaycan xalqı daha bir faciəsini qeyd edir. Belə ki, XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımdan 98 il keçir. Uzun illər Çar Rusiyası və keçmiş Sovetlər İttifaqı bu soyqırımı unutdurmağa çalışsa, onun haqqında danışmağı yasaqlasa belə, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz yaxın və uzaq tarixini daha dəriundən öyrənməyə başladı. Heç şübhəsiz ki, bu prosesin daha sürətli xarakter almasında isə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri oldu.

Məhz onun imzaladığı fərman əsasında artıq 18 ildir ki, 31 mart - Azərbaycanlıların soyqırımı günü rəsmi qaydada elan olunur. Bu sənədin ermənilər və onların tarixi havadarlarının azərbaycanlıların başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir. Politoloq Elşad Mirbəşiroğlu deyir ki, Heydər Əliyevin bu Fərmanında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı proqram tezisləri öz əksini tapıb: “Sənəd, eyni zamanda, ermənilərin Türk dünyasına qarşı yönəlmiş düşmənçilik hərəkətlərinin, cinayətlərinin, “Böyük Ermənistan” yaratmaq kimi boş və cəfəng ideyalarının tədqiqatını da zəruri edib. Yəni, soyqırımın birinci növbədə milli düşmənçilik zəminində türklərə, daha sonra Türk dünyasının tərkib hissəsi olan azərbaycanlılara qarşı yönəldilməsi mərhələ-mərhələ araşdırılmalı, türk-Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq ideyalarının ermənilərin beyninə yeridilməsinin səbəbi və şəraiti, öz xeyirlərinə tarixi saxtalaşdırmaları xalqımıza, dünya ictimaiyyətinə çatdırılmalı, onların bu iyrənc arzu və istəkləri açıqlanmalıdır. Erməni ideoloqları, siyasətçiləri uzun onilliklər boyu dünyaya car çəkərək “bu məzlum millətin” türklər tərəfindən guya soyqırımına məruz qalmasını sübuta yetirmək üçün dünya ictimaiyyətində fikir formalaşdırmağa, “erməni soyqırımının” dünya dövlətləri tərəfindən tanınmasına nail olmağa çalışırlar. Lakin onların bu iddialarının əsassız olduğu hər kəsə bəllidir. Bunun üçün sadəcə tarixə ekskursiya etmək kifayətdir”.Politoloq bildirib ki, ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri cinayətləri, soyqırımını 5 mərhələyə bölmək olar: “Birinci mərhələ - XVII əsrdən -1905-ci ilə kimi olan dövr. İkinci mərhələ - 1905-ci ildən -1914-cü ilə kimi olan dövr. Üçüncü mərhələ - 1914 ildən -1920-ci ilə kimi olan dövr. Dördüncü mərhələ - 1948 ildən -1953-cü ilə kimi olan dövr. Beşinci mərhələ - 1988-ci ildən sonrakı dövrlər. Birinci mərhələ ilə bağlı erməni-Azərbaycan münasibətlərini tədqiq etmiş ABŞ professoru Castin Makkarti “Genosid olmuşdurmu?” kitabında qeyd edir ki, 1828-1854-cü illərdə ruslar iki dəfə Şərqi Anadoluya hücum edərkən yerli ermənilər onların tərəfini saxlayıblar. Hər iki halda ruslar çıxıb getməli olanda özləri ilə 100 min ermənini Qafqaza gətirib və onları qovulmuş müsəlmanların evlərində yerləşdiriblər.

 

***

 

İrəvan xanlığında da 1828-ci ilə kimi əhalinin 80 faizindən çoxu azərbaycanlı olub. Professor qeyd edir ki, 1820-ci ildən 1920-ci ilə kimi bu ərazilərə 600 min erməni köçürülüb, 2 milyon müsəlman isə həmin əraziləri tərk edib və ya məhv olublar. “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün süni olaraq onlar bu ərazilərdə tarixən ermənilərin çoxluq təşkil etdiyini sübuta yetirmək istəyirlər. Ermənilər XIX əsrin 90-cı illərində də qiyamlar törətməklə qırğınlar həyata keçiriblər. Həmin dövrdə İstanbulda Fransa səfiri olmuş Kaban 1894-cü ildə erməni məsələsini təsvir edərək yazırdı ki, müstəqil Ermənistan yaratmaq haqqında heç düşünməyə dəyməz, çünki Ermənilərin digər xalqlardan az-çox üstün olduğu ərazi tapmaq mümkün deyil, ermənilər Türkiyənin dörd tərəfinə səpələnibdir. 1894-cü ildə Sasunda ermənilər qiyam qaldıraraq türklərin kütləvi qırğınını apardılar və car çəkdilər ki, guya bu zaman türk hökuməti tərəfindən 10 min erməni öldürülüb. Lakin fransız, ingilis və ruslardan ibarət komissiyanın məruzəsində bu hadisədə ermənilərin özlərinin günahkar olduğu, minlərlə türkün erməni qiyamçıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi bildirilib”. Elşad Mirbəşiroğlunun sözlərinə görə, ən dəhşətli olaylar isə 1918-ci ilin mart ayının 30-31-i və aprel ayının ilk günlərində Bakıda baş verib: “Bakıda soyqırımı planı hələ 1917-ci ildə “Daşnaksütyun” partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərirdilər. Fitnəkarlıq yalnız 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Leninin S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdikdən sonra baş tutdu. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi mütəşəkkil erməni hərbi hissələri tərəfindən planlı surətdə həyata keçirilirdi. Bakı Sovetinin qüvvələrinə rəhbərlik edən S.Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdi. Daşnaklar müsəlman fəhlələrin orduya qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Ona görə də, Bakı Soveti, onun yaratdığı ordu əsas etibarilə ermənilərdən ibarət idi. Azğınlaşmış erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar. 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə, quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Bakı əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak qarət olunub. Bir çox ziyarətgahlar və tarixi abidələr yerlə-yeksan edilib. 1918-ci ilin mart hadisələri zamanı qədim Şamaxı şəhəri də dəhşətli talanlara və vəhşiliklərə məruz qalıb. Ermənilərin bu şəhərdə və ümumən Şamaxı qəzasında törətdikləri vəhşiliklər haqqında 7 cilddən ibarət təhqiqat materialları toplanıb. Ermənilər Qubada, Lənkəranda və digər qəzalarda da qırğınlar törədiblər. Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olub. Ona görə də, onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta biliblər. İki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Ermənilər XX əsrin sonlarında da azərbaycanlıların misli görünməmiş soyqırımını həyata keçiriblər. Təpədən-dırnağadək silahlanmış erməni daşnakları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə divan tutub, 613 nəfəri vəhşicəsinə qətlə yetirib. Həmin gün erməni daşnakları azərbaycanlıların növbəti soyqırımını xüsusi qəddarlıqla həyata keçiriblər. Ermənilərin millətimizə, vətənimizə qarşı törətdikləri cinayətlər və vəhşiliklər bunlarla bitmir. Onların ciddi tədqiqatlara, araşdırmalara ehtiyacı var. Bu işdə hər kəs yaxından iştirak etməli, Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmış soyqırım faktları bütün dünya ictimaiyyətinə çatdırılmalıdır. Onu da qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən bu istiqamətdə artıq ciddi uğurlara imza atılmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyev ən yüksək tribunalardan dünya ictimaiyyətini erməni vəhşilikləri haqqında arqumentləşdirilmiş şəkildə məlumatlandırmaqdadır. Dövlətin yaxından təşkilatçılığı ilə bu gün demək olar ki, Azərbaycan ictimaiyyətinin böyük bir qismi bu istiqamətdə fəal mübarizəyə qoşulubdur. Artıq ciddi uğurlarımız göz qabağındadır. Məsələn, “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyasına məhz 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Bu gün XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin üzə çıxarılması və dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi və mənəvi qiymətləndirməyə nail olunması istiqamətində bu möhtəşəm kampaniya dünyanın 30-dan çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir”.

 

Füzuli

 

Olaylar.- 2016.- 1 aprel.- S.12.