Azərbaycan gənci orduya
tələsir
Torpaqlarımızı
işğaldan azad etmək
üçün
Aprelin 2-də gecədən
başlayaraq Azərbaycan-Ermənistan cəbhə xəttində
davam edən gərginlik atəşkəs
razılaşması ilə baş çatdı. Azərbaycan
Silahlı Qüvvələrinin həyata keçirdiyi
uğurlu əməliyyatlar nəticəsində
torpaqlarımızı işğal etmiş Ermənistan
silahlı birləşmələri yüzlərlə insan,
onlarla hərbi texnika itkisi verməyə məcbur oldular. Azərbaycan
Ordusu cəbhə bölgəsində erməni hərbi birləşmələrinin
təxribat əməllərinə güclü zərbə ilə
cavab verərək, düşməni sarsıdıcı məğlubiyyətə
uğradıb. İşğal olunmuş bir neçə
yaşayış məntəqəsi və yüksəklik
azad olunub.
Baxmayaraq
ki, ermənilər həmişə olduğu kimi bu dəfə
də vədlərinə xilaf çıxaraq atəşkəs
rejimini pozmaqda davam edirlər, aparılan əməliyyatlar Azərbaycanda
əhali arasında böyük ruh yüksəkliyi,
döyüş əzminin və orduya inamın artması, əqidəsindən
asılı olmayaraq hamının həmrəy olması ilə
nəticələndi. Ermənistanın hərbi-siyasi rejimi isə
Azərbaycana qarşı qazdığı quyuya özü
düşdü. Ermənistan bu əməliyyatlardan həm hərbi,
həm də siyasi cəhətdən məğlub
ayrıldılar. Üstəlik, dünya ölkələrinin
heç biri rəsmi şəkildə Azərbaycanı öz
ərazisində apardığı hərbi əməliyyatlara
görə qınamadı. Beynəlxalq təşkilatlar isə
anladılar ki, bu münaqişə heç də donmayıb
və tezliklə həll olunmalıdır. Bu arada onların
yadına düşdü ki, bölgədə gərginliyin
yaranmasının əsas səbəbkarı elə Ermənistanın
özüdür və onlar artıq 20 ildən çoxdur ki,
beynəlxalq hüquqa tüpürərək nə BMT-nin, nə
də digər təşkilatların erməni ordusunun
işğal etdikləri ərazilərdən
çıxarılmasına dair qətnamələri yerinə
yetirmir. Qısası, Ermənistan bu məsələdə hərtərəfli
dalana dirənərək həm ölkə, həm də
dünya ictimaiyyəti qarşısında açiz vəziyyətdə
qaldı. Qətiyyətlə demək olar ki, cəbhə xəttində
yerləşən, xüsusən döyüş əməliyyatlarının
getdiyi rayonlarımızın sakinləri bu hadisədən
daha da ruhlandılar. Ağdam rayon İcra Hakimiyyətindən
bildirilib ki, rayonda vəziyyət stabildir, əhalidə
yüksək əhval-ruhiyyə var. İcra hakimiyyətinin
nümayəndəsi bildirib ki, hazırda əhalidə
çox yük əhaval ruhiyyə var: “Hər kəs evindədir.
Heç kəs köçürülməyib. İcra Hakimiyyəti
tərəfindən komissiya yaradılıb. Sərhəd kəndləri
müntəzəm olaraq yoxlanılır. İşıq, qaz
fasiləsiz verilir. Hamıda böyük ruh yüksəkliyi
var. Heç bir təşviş yoxdur. Adamlar öz evlərində
gündəlik məişət qayğıları ilə məşğuldur.
Heç kim evini tərk etmək barədə
düşünmür. Əksinə, əhalidə ruh yüksəkliyi
var. Torpaqların azad olunmasına hər an hazırıq".
Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov
deyib ki, 94 minlik rayon əhli nəinki kəndləri tərk
etmək istəyir, əksinə istər gənclər, istərsə
də yaşlılar müraciət edib orduya qoşulmaq istədiklərini
deyirlər: "Ağdamlılar hər an Ali Baş
Komandanın əmrinə hazır olduqlarını bildirirlər".
Füzuli rayon İcra Hakimiyyətindən də bildiriblər
ki, hazırda rayonda əhali arasında ruh yüksəkliyi
müşahidə edilir: "Ordumuz tərəfindən sakinlər
mühafizə edilir. İcra hakimiyyətinin nümayəndələri
sakinlərlə görüş keçirib. Sakinlərdə
yüksək ruh yüksəkliyi var. Hətta bir çoxu
könüllü şəkildə döyüşmək istədiklərini
deyirlər". Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Müstəqim Məmmədov da deyib
ki, rayonda hər şey normaldır: "Rayonda vəziyyət
sabitdir, panikaya əsas yoxdur. İnsanlar adi qaydada işləyir,
sakinlər hamısı yerindədir, vəziyyətə nəzarət
olunur". Hər üç rayonun icra
başçıları cəbhə bölgəsində Azərbaycan
əsgərlərinin qəhrəmanlığını
xalqımızın böyük sevinclə
qarşıladığını vurğulayaraq, yaxın
vaxtlarda düşmən tapdağı altında qalan
torpaqlarımızın tamamilə azad olunacağına,
qaçqın və məcburi köçkünlərin
doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə
ediblər. Onlar hər an Ali Baş Komandanın əmri ilə
Vətən yolunda canlarından keçməyə hazır
olduqlarını qeyd edərək, bütün dünya azərbaycanlılarını
Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə,
dünya ictimaiyyətini isə Azərbaycan xalqına
qarşı törədilən ədalətsizliklərə
göz yummamağa çağırıblar. Təmas xəttində
yerləşən hər üç rayondan gələn xəbərlər
deməyə əsas verir ki, ordumuzun qələbəsi əhalidə
ruh yüksəkliyi yaradıb. Cəbhəyanı bölgələrdən
fərqli olaraq Azərbaycan-Ermənistan qoşunlarının
təmas xəttində hərbi əməliyyatların
dayandırılması barədə tərəflərin əldə
etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan
dövlət sərhədində Silahlı Qüvvələrimizin
Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və
Babək rayonlarında yerləşən mövqeləri
düşmən tərəfindən atəşə tutulub.
Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək
sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan
Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki
mövqelərdən iriçaplı silahlar və
qumbaraatanlardan atəşə məruz qalıb. Əlahiddə
Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən
bölmələrinin dəqiq cavab atəşi ilə
düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən
bölmələrimizin cavab tədbirləri nəticəsində
düşmənin qarşı tərəfdəki atəş
nöqtəsi və mühəndis-istehkam qurğusu
dağıdılıb. Ancaq Azərbaycan ordusunun qələbəsi
deməyə əsas verir ki, düşmən qüvvələri
bu ərazimizdə də öz layiqli cavablarını
alacaqlar. Millət vəkili Kamaləddin Qafarov deyib ki, ermənilərin
təxribatı nəticəsində cəbhədə gərginliyin
artması Ermənistanın növbəti dəfə
münaqişəni sülh yolu ilə həll etməyə
hazır olmadığı göstərdi. Lakin düşmənin
təxribatı cavabsız qalmadı: “Düşmənə
layiqli cavab verildi. Ordumuzun bir neçə vacib yüksəklik
və yaşayış məntəqəsini ermənilərdən
azad etməsi onlara Azərbaycan ordusunun real gücünü
göstərdi. Cənab prezidentin də bəyan etdiyi kimi vacib
hərbi qələbə qazanılıb”. Millət vəkili
deyib ki, bu günlərdə cəbhə bölgəsində
müşahidə olunan gərginlik də Azərbaycanın
diplomatik uğurları və Ermənistan rəhbərliyinin
mürəkkəb vəziyyətə düşməsi ilə
əlaqədardır: “Prezident İlham Əliyev Vaşinqtonda
Nüvə Sammitində iştirakı çərçivəsində
ABŞ dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə dair danışıqlar
aparıb. ABŞ qəti şəkildə münaqişənin
tezliklə həllinə tərəfdar olduğunu bəyan
etmiş, həmçinin Azərbaycanın haqlı
mövqeyinə dəstək ifadə olunub”. K.Qafarov
vurğulayıb ki, son günlərin hadisələri göstərir
ki, Azərbaycan xalqında ruh yüksəkliyi var, düşməndən
qisas alma arzusu böyükdür və hər zaman Ali Baş
Komandanın, ölkə prezidenti İlham Əliyevin əmrini
gözləyir. Məhz bu ruh yüksəkliyinin nəticəsidir
ki, artıq gənclərimiz ordu sıralarında xidmət etmək
üçün sıraya düzülüblər. Belə ki,
“Azərbaycan Respublikası vətəndaşlarının
2016-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi
xidmətə çağırılması və müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularının
ehtiyata buraxılması haqqında” prezidentin sərəncamının
icrası ilə bağlı Ağstafa rayonunda gənclərin
hərbi xidmətə yola salınması münasibəti ilə
geniş tədbir keçirilib. Ağstafa rayon İcra hakimiyyətinin
başçısı Məhərrəm Quliyevin
iştirakı ilə keçirilən toplantıda rayon
İcra hakimiyyəti başçısının müavinləri,
şöbə müdirləri, rayon hüquq-mühafizə
orqanlarının rəhbərləri, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi
və zabitləri, Böyük Vətən müharibəsi
veteranları, rayon ağsaqqalları və Qarabağ müharibəsi
əlliləri, ictimai təşkilatların nümayəndələri,
yerli icra nümayəndələri və bələdiyyə sədrləri,
çağırışçı gənclər və
rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları ilk öncə
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edibər,
abidənin önünə gül dəstləri qoyublar, Ulu
öndərə hörmət və ehtiramlarını
bildiriblər. Ağstafa rayon İcra hakimiyyətinin
başçısı cənab Məhərrəm Quliyev
çıxış edərək hərbi xidmətə yola
salınan gəncləri təbrik edib və onları Vətənin
müdafiəsi kimi müqəddəs işdə ayıq
sayıq olmağa çağırıb, hərbi nizamnamələrin
və komandirlərin tələblərinə əməl etməyi
tövsiyə edib. Qeyd olunub ki, əsası ulu öndərimiz
Heydər Əliyev tərəfindən qoyulan və cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
ordu quruculuğu sayəsində ölkəmizdə
güclü, müasir hərbi texnika və silahla təchiz
edilmiş Silahlı Qüvvələr vardır və Azərbaycan
Ordusu Cənubi Qafqazda ən güclü Ordudur. Azərbaycan
Silahlı Qüvvələrində xidmət keçən hərbi
qulluqçuların, əsgər və zabitlərin sosial
müdafiəsi istiqamətində Azərbaycan dövləti tərəfindən
zəruri tədbirlər görülür, onlar dövlət
tərəfindən hər cür qayğı ilə əhatə
edilir. Ordumuzun son günlərdə düşmən üzərində
qazandığı qələbələrdən bəhs edən
natiq ümid etdiyini bildirdi ki, çox tezliklə Qarabağ erməni
işğalından azad ediləcək və Azərbaycan
bayrağı Şuşada dalğalanacaq. Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin rayon şöbəsinin
rəis müavini Füzuli Əliyev məruzə edərək
bildirib ki, cənab Prezidentin Sərəncamına uyğun
olaraq vətəndaşların həqiqi hərbi xidmətə
çağırışı ilə əlaqədar olaraq təşkilati
tədbirlər həyat keçirilir,
çağırışçıların hər biri
artıq hansı hərbi hissədə qulluq keçəcəklərini
qabaqcadan bilirlər. Yola salınan gənclərə tövsiyələrini
bildirərək onlara uğurlu xidmət arzulayıb.
Çıxış edən valideynlər M.Kərimov, A.Ləzgiyeva,
Qarabağ əlili Z.Hacıyev, QMƏVŞA İB-nin rayon
şöbəsinin sədri Y.İsmayılov həqiqi xidmətə
yola salınan gənclərə arzu və istəklərini
bildiriblər. Çağırışçıların
adından çıxış edən B.Bəxtiyarov şərəflə
xidmət edəcəklərini qeyd edərək,
torpaqlarımızın azad olunması uğurunda müharibəyə
hər zaman hazır olduqlarını bildirib. Tədbir
Ağstafa rayon mədəniyyət evinin musiqi kollektivlərin
konsert proqramı ilə müşayiət olunub. Sonda
çağırışçılar müqəddəs
Quran kitabının altından keçərək dövlət
bayrağını öpüb hərbi hissələrə
yola salınıb.
Məlumat
üçün qeyd edək ki, işğal altında olan
torpaqlarımızın azad edilməsi məqsədilə
bölmələrimizin son günlərdə keçirdiyi hərbi
əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın
minlərlə vətənpərvər oğul və
qızları, hətta əsgəri xidmətə yaşı
çatmayan 15-17 yaşlı gəncləri, xaricdə
yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi
qulluqçular, müharibə əlilləri və
veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə
səfərbər olunmağa hazır olduqlarını
bildirirlər.Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanda,
eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər
oğul və qızlarımızla qürur duyduğunu
bildirib və əsgərlərimizə göstərilən mənəvi
dəstəyə görə minnətdarlığını
ifadə edib.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 8 aprel.- S.15.