Silahlı Qüvvələrə göstərilən
diqqət gənclərin
vətənpərvərlik hisslərinin artmasına təkan verir
Hər bir dövlətin
qarşısında duran mühüm vəzifələrdən
biri yetişməkdə olan gənc nəsli milli ruhda, vətənpərvər
olaraq böyütmək, tərbiyə etməkdir. Təqdirəlayiq
hal ondan ibarətdir ki, bu istiqamətdə Azərbaycanda
kifayət qədər geniş və əhatəli
işlər görülür. Dövlətin yaratdığı imkanlar
və şəraitdən faydalanan müvafiq dövlət qurumları gənclərin
milli mənlik şüurunun
inkişaf etdirilməsi, onların vətənpərvər
ruhda tərbiyəsi istiqamətində məqsədyönlü
addımlar atır, tədbirlər həyata keçirirlər.
Vətənpərvər ruhda
böyüyüb tərbiyə alan gənclər də öz
növbəsində Silahlı Qüvvələrdə ləyaqətlə
xidmət etməyə meyil göstərir,
vətənin uğrunda hər zaman döyüşə atılmağa
hazır olur.
Bu bir danılmaz faktdır ki, bu gün gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onların sağlam, Vətən eşqi ilə böyüyüb boya-başa çatmasında Azərbaycan Silahlı Qüvvələrinə göstərilən diqqət və qayğı, bu diqət və qayğının fonunda Silahlı Qüvvələrimizin əldə etdiyi nailiyyətlər, inkişafın da öz təsiri var. Azərbaycan gənci məhz Silahlı Qüvvələrin inkişafı, ona göstərilən diqqət və qayğını əyani şəkildə görərək vətənpərvər ruhda böyüyür. Azərbaycan Silahlı Qüvvələrinin əsas tərkib hissələrindən birini Quru Qoşunları təşkil edir.
Quru Qoşunları müxtəlif hərbi birləşmələrdən və bilavasitə Müdafiə Nazirliyinə tabe olan briqadalardan ibarətdir. Quru Qoşunlarının peşəkar kadr təminatını Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər hərbi təhsil müəssisələri təmin edir. Bu gün Quru Qoşunları Azərbaycan torpaqlarını, o cümlədən 1000 kilometrdən artıq erməni silahlı birləşmələri ilə sərhəd olan əraziləri şərəflə qoruyur. Quru Qoşunlarının yaranma tarixi 1918-ci ilə təsaduf edir.
Azərbaycan Hərbi Hava Qüvvələri digər bir hissəsini isə Hərbi hava qüvvələri təşkil edir. Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür. Hərbi hava qüvvələrinin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırması 1992-ci ilə təsadüf edir. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.
Silahlı Qüvvələrimizə aid olan digər bir qurum isə Hərbi Dəniz Qüvvələridir.
Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılmış və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdır. Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız “Ərdahan” və “Astrabad” gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı. 1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 millimetr çaplı toplarla silahlanmış iki kanoner gəmisi – “Ərdahan” və “Kars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paraxodu, həmçinin lazımi qədər kater var idi. Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası məktəbinin bazasında Xüsusi hərbi-dəniz aviasiyası məktəbi, 1919-cu ilin oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradıldı. Texniki təminatın yaxşılaşdırılması məqsədilə Paris sülh konfransına təqdim olunmuş memorandumda donanmanın sualtı qayıqlar, lazımi qədər mərmi ehtiyatları və digər zəruri vəsaitlərlə təmin olunmasına köməklik olunması ilə bağlı müraciət olunmuş, 6 sualtı qayıq, müxtəlif tipli döyüş katerləri, dəniz artileriya silahları sifariş olunmuşdu. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar güclü hərbi donanmanın yaradılması mümkün olmadı. Yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Parlamentinin 9 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olundu. Sabiq SSRİ dövləti tərkibində olan müstəqilliyini əldə etmiş Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Xəzəryanı dövlətləri arasında əldə olunan razılığa görə Azərbaycan onun ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və 25 faiz hərbi gəmilərinə sahib oldu. 26 iyul 1992-ci ildə “Bakılı” gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli Dövlət bayrağı qaldırıldı və Azərbaycan öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başladı. İlk mərhələdə Hərbi Dəniz Qüvvələrinə müxtəlif tipli gəmilərlə komplektləşdirilmiş beş divizion və sahil bölmələri daxil oldu. Xəzər hövzəsində yerləşən müşahidə postları və mayakların fəaliyyəti bərpa olunmağa başlandı. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə Dəniz Piyadası Taboru formalaşdırıldı. Ağdam-Tər-Tər istiqamətində düşmən hücumunun qarşısının alınması məqsədilə 19.04.1994-cü il tarixində cəbhə bölgəsinə göndərildi və 25 iyul 1994-cü il tarixində vəzifə borclarını yerinə yetirdikdən sonra hərbi hissəyə döndü. 4 noyabr 1997-ci il tarixli “Azərbaycan Respublikasının Hərbi Dəniz Bayraqları haqqında” qanuna əsasən hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında əsasnamə qəbul edildi. 7 avqust 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırıldı. Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasındakı hərbi əməkdaşlıq müqaviləsinə əsasən P-223 kiçik artilleriya kateri Azərbaycana hədiyyə olunmuşdur. 22 iyul 2000-ci ildə İzmir şəhərindən səfərə başlamış, 3 dövlətin (Türkiyə, Ukrayna, Rusiya) ərazisindən 5 dəniz (Egey, Mərmərə, Qara, Azov, Xəzər), 3 boğaz (Çanaqqala, İstanbul, Kerç), 2 çay (Don, Volqa) və onları birləşdirən 18 hovuzu keçərək 2345 dəniz mili məsafəni qət etmiş, 7 avqust 2000-ci ildə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin zabitləri tərəfindən Hərbi Dəniz Qüvvələrinin əsas bazasına gətirilmişdir. Hərbi Dəniz Qüvvələrinin Xüsusi təyinatlı mərkəzin şəxsi heyəti Türkiyə və ABŞ Dəniz Piyadaçıları ilə bir sıra birgə təlimlərdə iştirak etmişlər. Zabit kadrlarının ixtisas hazırlığının yüksəldilməsi məqsədilə bir sıra xarici ölkələrlə təcrübə mübadilələri aparılmış, zabit heyətinin beynəlxalq tədbirlərdə iştirakı təmin olunmuşdur. Döyüş hazırlığı planına əsasən Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat rejiminin saxlanılması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafiəzsinin təmin edilməsi üzrə hər il Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin və hərbi gəmilərinin iştirakı ilə Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ilə qarşılıqlı birgə təlimlər keçirilir. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində davamlı iş aparılır. Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və gəmiləri Silahlı Qüvvələrin yaranmasının 90-cı və 95-ci ildönümünə həsr olunmuş hərbi paradlarda və gəmilərin təntənəli düzülüşündə və keçidində iştirak etmişdir. 2005-ci ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin Həştərxan şəhərinə dostluq səfəri çərçivəsində Rusiyanının Xəzər Dəniz Donanmasına ziyarətlər təşkil olunmuşdur. 2012-ci ilin oktyabr və 2013-cü ilin avqust ayında Xəzər Dəniz Donanmasının Bakıya yoldaşlıq səfəri, 2013-cü ilin sentyabr ayında isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Rusiyanın Həştərxan vilayətinə səfəri təşkil olunmuşdur. Ziyarət proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-121 gözətçi gəmisini ziyarət etmişlər. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Hərbi Dəniz Qüvvələri üçün tikilən yeni bazada tikinti-tamamlanma işləri davam edir. Yeni bazada müasir standartlara cavab verən qərargah, körpülər, hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün hərbi şəhərcik tikilir, kommunikasiya və digər infrastrukturla təmin olunur. Perspektivdə yeni gəmilərin inşası, müxtəlif tipli gəmi və katerlərin modernləşdirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 9-11 aprel.- S.15.