«9-cu meydan»da «9»

rəqəminin interpretasiyası

 

Elbəyi Cəlaloğlu nəsrinin özünəməxsusluğu

 

Deyirlər «söz hər şeydən ulu, qədim, urvatlı və dəyərlidir». Elə bu hikmətin təsiri altında 2015-ci ilin avqust ayında dincəlmək əvəzinə Elbəyi Cəlaloğlunun həm mənə hədiyyə etdiyi «Haqq məndədi» kitabını, həm də sonra redaktə üçün təqdim etdiyi «9-cu meydan»ın əlyazmasını əlimdə qələm oxumağa, qeydlər aparmağa başladım. Əlbəttə, əvvəl onun məni məsul etdiyi «9-cu meydan»dan başladım. Kitaba toxunana qədər elə bildim ki, bu gün nəsri-mizdə baş alıb gedən ümumi mətləblərin, oxşar süjet xətlərinin, çoxsaylı təkrarları ilə oxucunu yoracaq çeynənmiş ifadələrin şahidi olacağam. Bütün bunlarsa bədii-estetik zövqümün çeşidli rənglərinə qətran qoşacaqdır. Kitabın ilk sətirlərindən fikir, düşüncə orijinallığı, onu təqdim etmə bacarığı, müəllifin mövzu predmetinə çevirdiyi məsələ haqqında danışacağı təqdimat və təsvirləri səliqəli, müasir ədəbi (həm də yeri gəldikdə xalq dili) dil normaları çərçivəsində verə biləcək müəllif əlimni, dəst-xəttini gördüm. «9-cu meydan» adlanan bu kitaba Elbəyi müəllimin eyniadlı povesti, dörd hekayəsi və dörd məqaləsi daxil edilib. Bəri başdan deyim ki, E.Cəlaloğlu «9-cu meydan»ı povest adlandırsa da, janr baxımından onun ədəbi təyinatının avto-bioqrafik-esse kimi nəzərdən keçirilməsi daha düzgün olardı.

Müxtəsər «Proloq»dan sonra «Kapitan Borodin», «Eşelon», «Falçı», «9-cu meydan», «Mehdi», «Nəcəfin məzuniyyəti və Borodinin tərsliyi», «Pullu hədiyyə», «Katya», «Nələr keçdi könlümdən» başlığı altında müəllifin fərdi həyatının müxtəlif yaş dövrlərini çevrələyən anlar əsərin məzmununda yer almışdır. Bəri başdan deyim ki, «9-cu meydan»da bizə bir sıra tanış olan səhnələr olsa da (məsələn, Cəlaloğlunun «9-cu meydan»ın bəzi yerlərində M.Şoloxovun «İnsanın taleyi» povestindəki Andrey Sokolovun öz başına gələnləri, həyatını nağıl etdiyi kimi əsərin axarında baş qəhrəman Mehdiyevin ömür-gün lövhələri canlanır, yaxud «Falçı» fəslini oxuyanda biz qırğız yazıçısı Ç.Aytmatovun «Öldürməli… Ölməli» əsərindəki falçının hekayənin baş qəhrəmanı Sergey Vorontsovun falına baxıb onun gələcək taleyinin necə olacağından xəbər verməsi, Ağarəhimin «Girdab» romanında falçılığın bəzi məqamları ilə səsləşən elementləri görməyimizə baxmayaraq), əsər özünəxas kompozisiya, struktur, süjet xətti, məzmun, təhkiyə axarı, hadisələrə tamamilə orijinal yanaşma tərzi ilə seçilir.

«9-cu meydan»da biz xeyli yadda qalan surətlər-personajlarla üzləşirik. Bunlar əsərin baş qəhrəmanı Mehdiyev (müəllifin prototipi çünki, hər şeydən öncə, burada E.Cəlaloğlunun fərdi bioqrafiyası, onun həyat baxışları, düşüncəsi, insanlığa, insanlara, türkçülüyə münasibəti, mənəvi-mədəni idealları, tarixi köklərə, genetikaya bağlılığı, tarixi hadisələrə, xalqımızın başına gətirilmiş fəlakətlərə verdiyi qiymət, türklərə qarşı Rus imperiyası, sovet ideoloqları Stalin, Beriya, Lenin, Dzerjinski, Kirov Mir Cəfər Bağırov və başqalarının münasibəti, qanlı-qadalı repressiya və sürgün illəri və s. bacarıqlı yazıçı-publisist mövqeyindən dəyərləndirilir), kapitan Borodin, Romantsov, Kraxmalets, Malxaz, Tamaz, Eldar, Yermentay, Mehdi, Dato, Ərəstun, Davletov, Nəcəf, Katya, Kovalyov və digərlərindən ibarətdir.

«9-cu meydan» povest-essesi, hər şeydən öncə, E.Cəlaloğlunun maraqlı psixologizmlər yaratması ilə diqqəti cəlb edir. Bu psixologizmlər, müəllifin özünün qeyd etdiyi kimi, kapitan Borodinin «ifrat tələbkarlığı ilə tərəf-müqabilinə psixoloji gərginlik yaşatması»ndan (s.20) başlayaraq «Nələr keçdi könlümdən» (s.176) başlığında qəhrəmanın Sverdlovskdan Tiflisə təyyarə bileti olmadığından İrəvana uçub gəldiyi zamanda daha da güclənmişdi. «Görəsən, bu şəhərin sakinləri olan ermənilər mənim dədə-baba yurdumda yaşadıqlarını, bu şəhərə yüz əlli il öncə köçürüldüklərini bilirlərmi? – Təbii ki, o vaxt müfəssəl tarixi bilgilərim olmasa da, yaşı yüzü haqlamış baba və nənələrin dilindən belə şeyləri çox eşitmişdim, onların ermənilərə son-suz nifrətindən xəbərdar idim. Kommunist rejimi nəyə nail olsa da, bu nifrəti yaşlıların qəlbindən silə bilməmişdi… Bütün bunları düşünə-düşünə şəhərin üzünə tüpürmək istədim, burada ulu babalarımın ayaq və əl izləri, memarlıq abidələrinin olduğunu xatırladım, onların ruhunu incitməkdən ehtiyat edib fikrimdən daşındım» (s. 191). Müəllif psixologizmləri sonra da davam etdirir: « – Bura indi Ermənistandır… vaxt varıydı ki, mənim babalarım, Mehralı bəy Məmli oğlu, Nağı xan Mehdibəyli (Pəmbəkli), Dəli ağa Əli ağa oğlu, Nağı bəy Həşimoğlu (Baydarlı), Qaçaq Kərəm (hələ şah babalarımı demirəm) bu düzlərdə, bu dağlarda at oynadıb, qılınc çalırdılar… indi tərlan oylağında sar şingilim atır»…» (s.191)

E.Cəlaloğlunun adı çəkilən kitabında bədii-publisitik yöndə türkçülük, Azərbaycan tarixininin, həyat fəlsəfəsinin, etnik-mənəvi dəyərlərinin, psixologiyasının müxtəlif məsələləri diqqət mərkəzinə çəkilir, müəllif nəzərindən işıqlandırılır. Qabardılmış məsələlərə Cəlaloğlunun münasibəti özəldir. Çünki burada türk yaşam tərzinin uyğun mənzərəsi görünməkdədir.

E.Cəlaloğlu «9» simvolikasını əsərin bütün mahiyyətinə elə bağlayır ki, onun təqdimatında mifoloji xüsusiyyətləri ilə bərabər, həm də müəllifin öz fərdi təxəyyülündən gələn «9» simvolikası oxucu təfəkküründə özünə ayrıca yuva qurur. «9» rəqəmi bizi əsərdə əvvəldən-axıra kimi müşayiət edir: … məhəbbət aləminə şedevr sevgi münasibəti gətir 9 il gözlə. (Mehdiyev sevdiyi Turanə adlı qıza əsgərliyə yollanmazdan əvvəl belə demişdi), «İlk məhəbbətim»in bə-növşəyi çalarlı örpəyi soldan sağa və yuxarıdan aşağıya 9 cərgədə, biri düzünə, digəri tərsinə ağız-ağıza dayanmaqla bütövlük rəmzini əks etdirən ağ və qara 9 rəqəminə bənzəyən butalarla bəzədilmişdi» (s.50), «…özümü o vaxtkı «Neftçi» futbol klubunun 9 nömrəli məşhur oyunçusu Anatoli Banişevskinin yerində hiss edirdim» (s.87), «– Bala, sənin adının, atanın adının və soyadının hərflərə görə ştrix kodlarının cəmi 9-dur. Bu, müqəddəs rəqəmlər, mükəmməllik və bütövlüyün, böyük cəsarət və qabiliyyətin nadir insanlarda müşahidə olunması fitri istedadın və əvəzolunmaz bacarığın simvoludur… (bunu deyərkən otaqdakı kitab rəfinə və divarda mıxdan asılmış 9 telli saza nəzər saldı…) (s.89), «Əlbəttə, falçı anamla mənə doqquz gəldi… Ani olaraq bayaq vurduğum doqquzluğu xatırladım. Topun qapının yuxarı sağ küncündən keçdiyi məqamı göz önünə gətirərkən orada qapı dirəklərinin və topun yaratdığı 9 təsvirini göz önündə canlandırmaq elə də çətin deyildi, «…vaqonun pəncərəsinə şəhadət barmağımla 9 yazdıqdan sonra, iştirakçısı olduğum «serial» davamını izləmək üçün hücrəmə qayıtdım. Kənardan məni izləyən Tamaz nəyə görə məhz 9 yazdığımı soruşdu. Bayaqdan xatırladıqlarımı təfsilatı ilə … nağıl etdim, sonra da bu rəqəmin türklərin müqəddəs rəqəmi olduğunu diqqətə çatdırdım. Bunun əsaslandırılmasını isə Türk mifologiyasında yaranışın doqquzluqla, yəni Oğuz xan, onun iki arvadı və altı oğlu ilə başlandığını … izah etdim, eyni zamanda sazın sinəsində sim-lərin sayının 9 olduğunun da bu mifologiyayla bağlı olduğunu iddia etdim. …9 simin birlikdə səsləndirdiyi melodiya türkün bütövlük nəğməsi, birlik simvolu, bərabərlik göstəricisi, ruh yüksəkliyi, yaşamaq və gəlişmək eşqidir» (s.91). «Dostlarıma «Dədə Qorqud» dastanlarından, Dəli Domrul doğularkən atasının 9 buğa yendiyini də xatırlatdım». Türk mifologiyasına görə, dünyanı yaradan Qara Xan dünyanın tam mərkəzinə 9 budaqlı şam ağacı əkibmiş. Yaqutlar 9 Göy Tanrısının olduğuna inanırdılar. Altaylılara görə dənizin dibində 9 ucluqlu qara daş var. Həmin daş qiyamət günü 9 yerindən ayrılacaq, tünd sarı rəngdə dəmir atlara minmiş 9 döyüşçü ətrafa hücum çəkəcək. Onların başqa bir inancına görə isə insanın skeletində 9 adda əlavə var: bunlar baş, bel, diz, topuq, çiyin, dirsək, ovuc, əl biləyi və ayaq biləyidir… həmin rəqəmin İslam aləmində də müqəddəs hesab olunduğunu vurğuladım, … yeniyetmə vaxtlarımda Allahın 99 adı olduğunu ilk dəfə Mələk nənəmdən eşitmişdim. Sonralar cənnətin qapısında yazılmış “Bismillah” kəlməsinin 9 hərfdən ibarət, eləcə də, bu sözün əbcədin ərəb ekvivalenti ilə hesablayanda cəminin 9 olduğunu müşahidə etdim.» (s.93). Müəllif əsərin bir neçə səhifəsində «siyasi doqquzluq» ifadəsindən istifadə edir. Hərbi hissəyə gəldikdən sonra «Falçıdan öyrəndiyim üsulla dərhal rəqəmləri üst-üstə gəlib hesabladım və dodaqlarımı bir-birinə sıxaraq öz-özümə…, yenə də 9, - deyə düşündüm…»

Karantində 40 gün təlim keçdikdən sonra … Mənim də daxil olduğum qrup «9-cu meydan»a gətirildi». «Əziz falçıya doqquz gəlib» (s.101). «…76 nəfərin 13-ü istintaq zamanı həlak olmuş, 63-ü isə 1937-ci il dekabrın 31-də güllələnmişdir… 14 yaşımdaykən 230 ailədən ibarət olan kəndimizdə inanılmaz bir hadisə baş verdi. Birinin qırxı çıxmamış, digəri eyni aqibəti yaşamaqla xəstəlik və avtomobil qəzası nəticəsində 9 kişi dünyasını dəyişdi. 9-cudan başqa ha-mısı 35-55 yaşlarında olanlar idilər» (s.111). «Həmin gecə elə bil ki, şər qüvvələr 9-cu meydana hücuma keçmişdilər» (s.124). «Hərbi xidmətimizin 9-cu ayında məni hissəmizdə təşkil olunmuş 90 günlük politologiya kursuna cəlb etdilər» (s.127). «Xoşbəxt adamsınız. Sizin üç «doqquz»unuz var. Anadan tam vaxtında – 9 ay,9 gün, 9 saatın tamamında doğulmusunuz» (s.187) və s. və i.a. «9» sayı əsərin müxtəlif yerlərində simvolik səslənsə də, bu «9»-un türk mifik düşüncəsi ilə ustalıqla bağlanılıb, əsərin oxunaqlığına müsbət təsir etməsi də nəzərdən qaçırılmamalıdır.

E.Cəlaloğlunun təhlilə cəlb etdiyimiz kitabında oxucu bir sıra ümumi məsələlərdən bədii-publisistik yöndə xəbərdar ola bilir. Bu, bir tərəfdən, yaşadığımız çağdaş dünyanın siyasi-ideoloji mənzərədirsə, digər tərəfdən, tarixi keçmişin mənfur-iyrənc olaylarının göz qarşısında canlandırılmasıdır. Bir tərəfdən, ermənilərin XIX əsrin əvvəllərindən planlı şəkildə torpaqlarımızda yerləşdirilməsi, İrəvan xanlığımızın mərkəzində Erməni dövlətinin paytaxtının yaradılması, xalqımızın övladlarının doğma torpaqlarından didərgin düşməsi, Bakıda, Azərbaycanın müxtəlif yaşayış məntəqələrində 1918-1920-ci illərdə kütləvi qırğınların törədil-məsidirsə, digər tərəfdən, I Pyotrdan başlayaraq xalqımıza və vətənimizə zaman-zaman düşmən əlinin uzanması, rusların ermənilərə havadarlıq edib bizə haqsız olaraq zülm etməsi bədii təxəyyülün köməyi ilə tarixi faktların göz önünə gətirilməsidir. E.Cəlaloğlunun «9-cu meydan»ının mahiyyəti ilə yaxından tanış olmaq üçün əsərin alt qatlarında yatmış Zərdüşt fəlsəfəsinin «vərəqlənmə»si, bu fəlsəfəyə görə insanın şüur yükünün dərin idrakdan qidalana bilməməsi, sonrakı dövrlərdə idealist və materialist fəlsəfə arasındakı ziddiyyətlər, fanatizmin rasionalist idraka ziyan vurması, «Tanrı» anlayışının alternativnin tapılmaması, siyasətçinin fi-losof yox, öz «mənəm»liyini digərlərinə zorla qəbul etdirməsi, fəlsəfənin məntiqdən daha çox yaradıcı formaya üstünlük verməsi və nəticəsinin hiylə, məkrə xidmət etməsi və s. kimi məsələlər müdriklikdən daha çox, nadanlığın meydanda olması dövlət quruculuğuna, onun möhkəmləndirilməsinə kömək yox, tağların, dayaqların laxladılması kimi nəzərdən keçirilir. Cəlalğoğlu bütün əsər boyu belə siyasi-ideoloji gedişlərə kapitan Vitali Petroviç Borodinin dili ilə izahlar verir, siyasətin nəinki orduda, həm də ictimai-siyasi həyatda yerinə nəzər salır. Zər-düştdən, onun peyğəmbərliyindən danışan müəllif, filosofun əski dövrlərdə yaratdığı dini-fəlsəfi baxışlarının səmərəliliyindən, Zərdüştlük allahlarının şərəfinə oxunan dua, nəğmə və himnlərin mahiyyətindən, onun mifoloji qatlarındakı elementlərin də həyat rəmzi kimi xidmət etməsindən rəvan bədii dillə ortaya qoya bilmişdir. Müəllif bununla bir daha demək istəyir ki, Zərdüşt fəlsəfəsi, «Avesta»nın qatları heç də indiyə qədər lazımınca öyrənilməmişdir. Doğrudan da, əgər Zərdüşt təlimi, fəlsəfi-dini doktrinası zəngin olmasaydı, «həyat fəlsəfəsi» adlanan irrasionalist və volyuntarist fəlsəfənin nümayəndələrindən olan alman filosofu Fridrix Nitsşe öz orijinal əsərləri («Xeyir və Şərin o biri üzü», «Hakimiyyətə canatma» və s.) ilə yanaşı, bədii-fəlsəfi janrda qələmə aldığı nümunələri nəzərdən keçirərkən «Zərdüşt belə demişdir» kimi bir əsər araya gətirib onun nəzəri müddəalarına haqq qazandırmazdı.

E.Cəlaloğlunun ədəbi-bədii yaradıcılığında mifologiya bəşər övladının əski estetik və xəyal dünyası, arxetiplər (məsələn, şamanlıq, ağac kultu, yuxugörmələr) və s. kimi uğurlu yer almışdı. «9-cu meydan»da belə arxetip kimi qızıl söyüdün çıxış etməsi də maraqlıdır. «…evimizin arxa-sında boy atmış, qızılı saçaqları az qala yerə dəyən bu qızıl söyüdə müqəddəs ağac kimi baxır, tez-tez dibində atamın quraşdırdığı skamyada oturub, qələmimi ağ kağızların üzərində gəzdirdim. Hardasa oxumuşdum ki, Məhəmməd (s.ə.s) peyğəmbərə Quranın hansısa qızıl söyüdün gövdəsi içində olduğu barədə vəhy gəlibmiş. Evimizin dalındakı eyni ağaca olan sevginin də kökündə həmin bu rəvayət dururdu» (s.41).

E.Cəlaloğlunun əsərində adı çəkilən hər hansı əşya, predmet, ümumi, yaxud xüsusi isim anlayış altşüurda oturmuş nəyinsə işarəsi, ifadəçisi kimi çıxış edir. Quran, Məhəmməd Peyğəmbər də, əsərin baş personajı Mehdiyevin əsgərlik yoldaşı özbək Abdulxəlil Qulmurzayevin namaz qılmaq şəraitindən şikayətlənməsi də əsərin infrastrukturuna heç də əbəs yerə daxil edilməmişdir.

E.Cəlaloğlu dini-fəlsəfi kateqoriyalardan istifadə edərkən bunu əsərin mahiyyəti ilə uğurlu şəkildə uzlaşdırır. Burada Allah, Kəbə, Məkkə, Mədinə, məscid, ibadət, təsəvvüf, sufizm,

zərurət, məqsəd, vəhdət, ilahi eşq, mənəvi enerji mənbəyi, dünyanın mövcudluğu, təfəkkürün ruhla bədən arasında nəfsin ram edilməsinə dəstək verməsi ağıl, düşüncənin substansiyası və s. kimi anlayışlarda insanın həyatda yeri, mövqeyi və s. məqamlar həm metafizik, həm də praq-matik düşüncə sahibinin bədii təfəkkürünün göstəricisi kimi çıxış edir. Müəllif bütün bunları implikasiya şəklində etsə də (iki və daha artıq deyimi, ifadəni ortaya gətirərkən çoxsaylı bağlayıcılardan istifadə etməklə yox, (bu heç şübhəsiz ki, E.Cəlaloğlu təhkiyəsində ayrıca şəkildə təhlil oluna bilər), həm də deyimin mürəkkəbliyini təşkil edən məntiqi düşüncənin köməyi ilə bağlayır. Onun implikativ ifadə tərzi əksər hallarda oxucunu inandıraraq öz məntiqi arxasınca apara bilir. Metafizikaya yuvarlanma E.Cəlaloğlu manerası üçün cəlbedici olsa da, o, özünün dediyi kimi, «artistliyi kənara qoyub reallığa üstünlük verməyi» (s.45) daha mühüm hesab edir. Elə buna görə də fərziyyələrini ortaya qoyarkən o, materiyanı onun hərəkətinin bütün daxili formaları arasında bütövlükdə götürərək substansiyanı reallıq kimi görür. Lakin müəllifin bədii-publisistik düşüncələri sırasında bir-birini inkar edən (monist) bir-biri ilə qarşı-lıqlı mübarizələrdə olan (dualist), fikir və ideyalar qarışıqlığı ilə müşaiyət olunan münasibətlərə (pluralist yanaşmalara) də meydan verilir. Heç şübhəsiz ki, bütün bunlar E.Cəlaloğlunun həm keçmişə, həm bu günə, həm də gələcəyə istiqamətlənən, onu izah edən cəmiyyət və təbiətin ob-yektiv qanunlarını inkar edən obyektiv reallığı əks etdirmək dünya baxışlarındakı subyektivist mövqeyindən irəli gəlir. Lakin belə subyektivist mövqe onun nəzəri şüurunun və praktik münasibətlərinin təhrif edilmiş mənbəyi kimi çıxış etmir. Yəni müəllif öz avtoritar təfəkkürü ilə oxucunu psevdoreallıqla qarşılaşdırmır.

E.Cəlaloğlunun bədii təfəkkürü vəhdəti-vücuddan nəşət alıb gəlir. Biz onun nəinki «9-cu meydan», həm də «Eşq dənizləri qovuşanda» dərvişnaməsi və «Haqq məndədi» poetik inkrustasiyasında Allahın birliyinə inanma, varlığın birliyini qəbul etmənin hər şeyin fövqündə dayandığını görürük. Onun təfəkkürü yalnız və yalnız Allahdan başqa hər hansı bir fövqəl qüvvənin olmadığını mümkün edir. Vəhdəti – vücud fəlsəfəsini E.Cəlaloğlu həyatın mənasını dərk etməklə əsərdə uğurlu izah edir. O, vəhdəti-vücuda çatmağın yolunu hər hansı təlimlərin köməyi ilə əldə etməyi yox, gerçək varlığın yalnız haqq varlığından ibarət olduğunu qəbul edir. Ona sanki hər şey əyan olur, hər nə varsa qeybdən gələnlərin köməyi ilə hasil olur. Elə buna görə də o, daim təsəvvüf dünyasına üz tutur. Yəni o, sufidir. Elə buna görə də təcəlli edir, varlığın müxtəlif mərtəbələrini dilə gətirməyi gərəkli bilir. Elə buna görə də Allaha yaxınlaşmağı, ona başla yox, qəlblə qovuşmağı üstün tutur. Elə buna görə də «İnsan dünyanın əşrəfidir, Allah insanı sevərək, ən ali varlıq və özünün bənzəri olaraq yaradıb… insan bütün əla-mətləri ilə Allaha bənzəməyə borcludur». (s.60), – deyir.

Elbəyi Cəlaloğlu həcmcə o qədər də iri olmayan bir əsərdə Azərbaycan türklərinin xeyli mifoloji, tarixi, geneoloji düşüncəsinə, dönəmlərinə, türkün kimliyinə, türkçülük ideologiyasını yarandanlara M.F.Axundzadə, H.Zərdabi, İ.Qaspralı, Y.Akçuraoğlu. Ə.Hüseynzadə, M.Rəsulzadə, Ə.Ağaoğlu, N.Yusifbəyli, Ə.Topçubaşov, F.Xoyski, S.Hüseyn, H.Cavid, M.Müşfiq, S.Mumtaz, Y.Çəmənzəminli və başqalarının nəzəri-estetik təlimlərinə üz tutur, «azərbaycanlı» etnoniminin «türk», «tatar» etnonimi ilə əlaqələri, sovet dövrünün mənfur ideologiyasının yalnız Marks, Engels, Lenin, Brejnev siyasi kursu konsepsiyasından ibarət ol-duğunun və bunun genefondumuza vurduğu ziyandan ibarə və ibrətlə danışır. Çünki tariximizin, milli şüurumuzun müxtəlif yaruslarını, digər gərəkli mənbələri oxuya bilmirdik, etnik şüurumuzu göz önünə gətirən Cavanşir, Babək və başqalarının fəaliyyətindən xəbərsiz idik. Stalinin bizi azərbaycanlı etməsindən fəxarətlə danışırdıq, manqurtlaşdırıldığımızın təbliğ olunmasını ön plana çıxartmaqla öyünürdük.

E.Cəlaloğlu Azərbaycanın XIX əsr dövrü üzərində faktların və bədii-publisistik gəzişmələrin köməyi ilə daha geniş dayanır. Ermənilərin Qarabağa köçürülməsindən, İrəvanın erməni ölkəsinin paytaxtına çevrilməsindən ərazilərimizdə, haqsız olaraq erməni dövlətinin yaradılmasından, Qriboyedovun bu haqda verdiyi faktik məlumatlardan, «oğuz», «tatar», «türk», «azərbaycanlı» istilalarından, Azərbaycan xanlıqları, onlar arasındakı əsassız çəkişmələrdən – nəticədə bütün bunların etnik-milli genefondumuza, tariximizə, dövlətçiliyimizə vurduğu yaralardan öz bədii-publisistik təsvirlərinin köməyilə uğurlu söhbət aça bilir.

E.Cəlaloğlu əsərdə bəzən bu və ya digər şəxs adlarının etimologiyasından da məntiqə söykənərək oxucuya izahlar verir. Bu, «Eldar» adıyla bağlanıldığı məqamda daha inandırıcıdır. «Eldar» – el təəssübü çəkən, el yükünü daşımağa hazır olan, el qəhrini çəkəndir. Adam da var ki, o, «Eldar» yox, «Evdar»dır, yəni özü, ailəsi, evi üçün çalışıb yaşayandır.

E.Cəlaloğlu «9-cu meydan»a bir sıra hallarda mifoloji element, motivlərlə yanaşı, həm də pritçalar, rəvayətlər əlavə edir və bu, əsərin bədii arxitektonikasında gərəkli yer tutur. Burada Falçının Məleykə xalaya danışdığı rəvayətin mahiyyəti diqqət çəkir. Falçı Məleykəyə deyir ki, onunla (Məleykə ilə) bir dərddə olan qadın mollanın yanına gedib ərindən gileylənir və şirinlik duası yazdırmaq istəyir. Molla bunun üçün şirin bığından bir tükün gərək olduğunu söyləyir. Çətin olsa da, qadın razılaşır. Bu məqsədlə gedib zooparkda işə düzəlir, şirə xidmət edir. Və şiri özünə o qədər öyrədir ki, onun bığından bir tük qoparıb mollanın yanına qayıdır. Molla tükü yazdığı şirinlik duasının arasına qoyub: «…necə olur ki, vəhşi şirin bığından tük qopara bilir-sən, amma bir kişi ilə dil tapa bilmirsən?» (s. 88), – deyə bu ibrətamiz pritçanı qadına söyləyir. Deməli, «9-cu meydan»ın insanların mənəvi-əxlaq keyfiyyətlərinin formalaşmasına təsir edə biləcəyi də şəksizdir.

E.Cəlaloğlu əsərdə Azərbaycan türklərinin ermənilər tərəfindən başlarına gətirilən müsibətlər, alçaqlıqlar konkret rəqəmlərin dili və bölgələrə görə də göstərir. Azərbaycana havadar çıxanların yalnız türklər olduğu bir daha vurğulanır, Nuru Paşanın, Ənvər Paşanın, Türk ordusunun qəhrəmanlığı, tayqulaq Andronikin, Amazaspın və digərlərinin vəhşiliyi faktlara söykənilərək kitabda yer alır. 1918-ci il «31 mart qırğınları» bu qırğının əks-sədasının Azərbay-canın müxtəlif bölgələrində daha böyük qan-qada, ölüm və fəlakətlərlə müşayiət olunduğu (s.108-109) bədii publisistik yöndə ortaya qoyulur. Əsərdə milli mədəniyyət, milli ideologiya, milli siyasət və s. kimi məsələlərə də münasibət orijinaldır və bütün məsələ və hadisələr əsgər Mehdiyevin həyatı, taleyi fonunda gedir, bütün xətlər və münasibətlər onunla əlaqələr zəminində baş verir. Eyni zamanda əsərin xronotopları geniş zaman kəsiyini və tarixi-coğrafi əraziləri – Gürcüstanı, Rusiyanın geniş ucsuz-bucaqsız regionlarını, Sverdlovski, Ukraynanı, Donetski, Qərbi Azərbaycanı (bugünkü Ermənistanı), Şimali Azərbaycanı və s. yerləri əhatələ-yir. Povestə daxil edilmiş «Katya» ilə bağlı hekayət-təsvirlər, gözəlliyə sevgiyə xüsusi anlamda yanaşma bucağını əks etdirməklə əsərə nəzərəçarpacaq, qibtəediləcək bir ovqat gətirir. Katya ilə məhəbbət izdivaclarına yer ayıran müəllif bir sıra hallarda hələ məktəb illərində Turanə adlı qıza qarşı onda baş qaldırmış dəli sevgidən, onun anasının Katya kimi həyat tərzinə üstünlük verdiyindən söhbət açır, o günləri xəyalında canlandırır. Lakin bütün bunlar əsərdə, heç də müəllifin sentimental xəyallarının məhsulu kimi təqdim olunmur.

E.Cəlaloğlu əsərdə ekzotik ifadə, fikir və deyimlərdən də mahiyyət və məqama uyğun olaraq istifadə edir. Bunların içində «… sanki qolum Xarəzm yayı kimi dartıldı və alınan əks zərbə Yermentayın gözünün altından tutdu» (s.170), «Katya banan, avakado və siqarların …. zabit qohumunun Filippinin Davao şəhərindən gətirdiyini söylədi» (s. 172). «İki eyni ədədin bir-birinə nisbəti «1»dir. «1» aşiqlə məşuqun vəhdətə qovuşduğu məqamdır, vüsal dəmidir. Bu mə-qamın vəcd halında insan sanki Allaha yüksəlir və yenidən maddi dünyaya qayıdır (s.176), «Böyük türk ozanı Dadaloğlu demişkən «Fərman padşahın, dağlar bizimdir» (s.176), «Donetsk mühiti artıq məni «İlk sevgiyə xas olan bakirə düşüncələrdən yayındırmışdı» (s.160) və s. oxu-cunun hisslərinə mübhəm bir ovqat gətirir.

E.Cəlaloğlu türk mifologiyasının qatlarına, laylarına enərkən etnik landşaftda əcdadların ruhunun yaşadığını və həyat baxışlarının özünün də insanın təbiətindən gəldiyini, bu gün gördüklərimizin, qoruduqlarımızın köhnədən gələnlər kimi dəyərləndirilməsini, şüuraltı olaraq ənənənin və ənənəvi olanların mövcudluğuna inamıdır. Müəllifdə mifologiya və din bir-birilə sıx bağlıdır. Buna görə də o, bu günkü cəmiyyətin özünün yaşayış tərzini də dindən kənarda təsəvvür etmir, dindən gələn hər nə varsa, onlara daha böyük dəyər verir. Elə buna görə də təbiətdən, varlıqdan gələn ahəngdarlığın, harmoniyanın arxasında dünyanı bir tam halında qavramaq istəyi dayanır. Bunun biz E.Cəlaloğlunun əsərinin baş qəhrəmanı Mehdiyevin siyasi

 məşğələ apararkən söylədiyi fikirlərdə təsdiqini görürük: «İdealist fəlsəfənin elmə deyil məhz ağılüstü gücə, istedada, məntiqə söykəndiyini, məntiqinsə şüurlu aləmə bağlı olduğunu biliriksə, onda Zərdüştə qədər fəlsəfənin olmadığını söyləmək olmaz. Zərdüştdən sonrakı dövrlərdə də müşahidə etdiyimiz bir həqiqət var ki, filosoflar özünün ağır fəlsəfi yükünü şüurlara daşıya bilmədiyindən insanların cəhalətdən kütləvi xilasına da nail ola bilmədilər… insanların mifoloji düşüncəsi və inancı ilə idealist fəlsəfənin sintezi olan din meydana gəldi ki, bunun da tarixdən bizə məlum olan ilk banisi yenə də peyğəmbər kimi tanıdığımız Zərdüştdür, çünki ondan əvvəlki peyğəmbərlər daha çox mifik xarakter daşıyırdılar. Bu yolun davamçısı isə Zərdüştdən sonrakı peyğəmbərlər oldu. Dediyimiz məsələdə təsəvvüf əhlinin də əməyinin danılmaz olduğunu vurğulamalıyıq… Zərdüştdən sonrakı dövrlərdə idealist fəlsəfənin qəbul etmədiyi elm də formalaşmağa başladı ki, bu, sonucda materialist fəlsəfənin meydana gəlməsinə səbəb oldu. Beləliklə, bir-birinin əksinə olan idealist və materialist fəlsəfə arasında gedən ziddiyyət, bəlkə də siyasi mübarizə orta əsrlər üçün müasir siyasətin yaranmasına, dini fanatizmin parçalanması-na gətirib çıxardı. Buna baxmayaraq, maddəni dünyanın başlıca elementi hesab edən materializm «Tanrı» anlayışına alternativ irəli sürə bilmədiyindən hələ ki, idealizmə təslim he-sab olunur» (s.28-29).

Gördüyümüz kimi, E.Cəlaloğlu mifologiya, din, fəlsəfə, ideologiya, siyasət və s. düzgün klassifikasiya etməyi, onlar arasındakı sərhəd və sınırları yazıçı-publisist mövqeyindən doğru müəyyənləşdirməyi bacarır. Bu müstəvidə digər baxışlarla yanaşı, müəllifin siyasətçi və filosofun kimliyinə inandırıcı aydınlıq gətirməsi də maraqlıdır. O, haqlı olaraq belə bir qənaət sərgiləyir ki, siyasətçini siyasət öz mahiyyətinə və dövrünün düşüncə tərzinə uyğun yetişdirir və siyasətçi filosof yox, «mənəmçi» kimi ortada dayanır. Siyasətçidə məntiq və fəlsəfədən daha çox hiylə və məkrin olduğunu, cəmiyyətə iradəsini qəbul etdirmək üçün bütün vasitələrə əl atdığını, insanı sözlə sancmaqdan həzz aldığını, psixoloji təsir etdiyini söyləyir. Əlbəttə, müəl-lifin bu tipli inandırıcı baxış və mülahizələri Mehdiyevlə kapitan Borodin arasındakı ziddiyyətlərdə daha da gərginləşir. Borodinin Mehdiyevin belə düşüncəsinə görə dəmir bar-maqlıqlar arxasından boylanacağı ilə hədələsə də, Mehdiyev aydın məntiqi, sağlam düşüncəsi, dərin təfəkkürünün gücünə söykənməklə Borodin və digər öz opponentlərindən yüksəkdə dayanır. Çünki sağlam mühakimə, Allaha yaxınlıq, onun varlığını qəbul etmə Mehdiyevi xeyli yersiz təpki və təhdidlərdən xilas edə bilir. Onun bütün düşüncəsi təsəvvüflə, sufilik məsləki ilə yoğrulub. O, bütün fikir və münasibətlərində məkrə yox, Allaha çatmaq uğrunda yaşayır, mübarizə aparır. Ona öz nəfsinə qul olmaq yaddır. Elə buna görə də şeytana aldanmır, zahiri görüntü, bər-bəzək onunçün əsas deyildir. Batinə yaxınlaşmaq zəruri məqsədidir. Bütün kitab boyu E.Cəlaloğlunun maddi nə varsa, onların hamısından kənarlaşması axirəti dünyadan və dünya malından üstün tutma – zöhdə üstünlük verməyə, təsəvvüfü qəlbi ilə dərk etməyi ortaya qoyur.

E.Cəlaloğlunun kitabında təqdim olunmuş digər bədii-publisistik nümunələr sırasında «Dərdmənd etdin məni, ey dərdə dərman erməni», öz atasının həyat fraqmentlərini əks etdirən «Yuxu və gerçəklik» hekayələri, milli tarixi keçmişimizin müxtəlif dönəmlərinə işıq tutan, onlar haqqında mülahizələr yürüdən «Ümmətdən millətə keçid dövründə yaşadıqlarımız», «Sınıq körpü və Ehram çayı», «Şuşada görüşərik!» və s. kimi nümunələr orijinallıq baxımından diqqəti daha çox cəlb edir.

E.Cəlaloğlunun «9-cu meydan» kitabının bədii məziyyətləri, üstünlükləri haqqında çox danışmaq olar. Onların nədən ibarət olduğunu oxucuların öz fərdi interpretasiyası daha maraqlı edəcəkdir.

E.Cəlaloğlunun əsərinin dili rəvan, üslubu aydın, obrazları yaddaqalan, müəllifin təsvir etdiyi hadisələrə münasibəti metafizik düşüncə müstəvisində olmaqla real həyat hadisələrinin maraqlı mənzərəsini ortaya qoymaqdadır.

 

Nizami Tağısoy

filologiya elmləri doktoru, professor, tərcüməçi, şair

 

Olaylar.- 2016.- 9-11 aprel.- S.11; 13.