Azərbaycan gəncliyinin vətənpərvərlik
hissləri
düşmən ölkə ilə müqayisə oluna bilməz
Aprel ayının əvvəlində cəbhə bölgəsində
baş verən olaylar
Azərbaycan ordusunun həm texniki-təchizat,
həm də taktiki-döyüş aparma bacarığına görə Ermənistan
ordusundan qat-qat güclü olması faktı ortaya
çıxdı. Belə ki, erməni təxribatının
qarşısını almaq zorunda qalan ordumuz
öz qüdrətini göstərərək bir
neçə yüksəkliyi də ələ keçirə bildi. Bu fakt
Azərbaycan ordusunun daim
döyüşə hazır olduğunu
göstərən amllərdən biri kimi qəbul edilə bilər.
Sirr deyil ki, ordumuz ən müasir silahlarla təchiz olunub, maddi-texniki təmnat yüksək səviyyədədir. Maliyyə resursları isə ümumiyyətlə heç bir zaman mübahisə predmeti olmamışdır. Lakin məlumdur ki, müasir dövrdə müharibəni udmaq üçün ordunun gücü ilə yanaşı, siyasi və geosiyas vəziyyət, beynəlxalq münasibətlər də çox önəmlidir. Xatırladaq ki, ermənilərin 100 illik təbliğatı fonunda Azərbaycanın beynəlxalq təbliğat kampaniyası ümumiyyətlə yox idi və dünya Azərbaycan və azərbaycanlılar haqda çox primitiv təsəvvürə malik idi. Ona görə də ermənilərin azərbaycanlılar və Qarabağda gedən müharibə haqqında ən bayağı yalanına da dünya ictimaiyyəti qulaq asırdı. Qərbi Avropada, ABŞ-da, Yaxın Şərqdə güclü erməni lobbisi Ermənistan adından təmsilçilik etdiyi halda Azərbaycanın nə səfrilikləri vardı, nə də nümayəndəlikləri. Lakin bu gün Azərbaycanın səfirlikləri, müxtəlif təşkilatları, şirkətləri və lobbiçiləri kifayət qədərdir və erməni təbliğatının birtərəfli olacağı mümkün deyil. Bütün sadalanan faktlar Azərbaycan ordusunun döyüş ruhunu daha da artırmış olur. Bu isə öz növbəsində gənclərin vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verir. Son hadisələr bir daha göstərdi ki, Azərbaycan gənci kifaqət qədər güclüdür və öz itirilmiş torpaqlarını işğaldan azad etməyə qadirdir. Belə bir məqamda nəinki Azərbaycanda yaşayan həmvətənlərimiz, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız da ordu sıralarına yazılmağa hazır olduqlarını bəyan ediblər. Qırğızıstanda fəaliyyət göstərən "Azəri" İctimai Birliyi İdarə Heyəti və Ağsaqqallar Şurasının Azərbaycan Przidenti İlham Əliyevə etdikləri müraciət dediklərimizi bir daha sübut edir. Müraciətdə qeyd edilir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində vəziyyətin gərginləşməsi, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq Azərbaycana qarşı təxribat törətməsi xarici ölkələrdə yaşayan həmvətənlərimizi ciddi narahat edib. “Bu ölkədə məskunlaşan 20 minə yaxın həmvətənimiz adından bir daha bəyan etmək istəyirik ki, 27 ildən bəri Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin durdurulması və istər ümummilli liderimiz Heydər Əliyev, istərsə də Sizin tərəfinizdən müharibənin sülh, danışıqlar yolu ilə həll olunmasına yönəlmiş siyasətinizi daim dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Digər tərəfdən də Sizin Ali Baş Komandan olduğunuz qüdrətli Ordumuzun hər zaman düşmənə layiqli cavab vermək iqtidarında olmasının bir daha şahidiyik. Heç kəs istəməz ki, qan tökülsün, gələcəyimiz olan gənclər şəhid olsun, analar göz yaşı töksün. Beynəlxalq təşkilatların Ermənistanı işğalçılıq siyasətindən çəkinməyə dəfələrlə dəvət etməsi, işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələbləri də ermənilər tərəfindən hər dəfə qulaqardına vurulub. Əlbəttə, son günlərdəki cəbhəyanı olaylar bir daha onu sübut edir ki, bölgənin ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri düşmənin bəd niyyətlərini gözündə qoyub, onlara tutarlı cavab verib. Sizin mövqeyiniz müstəqil Azərbaycan dövlətinin gələcək taleyini həll edəcək. Bu, şübhəsizdir. Çünki Siz Heydər Əliyev məktəbini keçmisiniz, kifayət qədər dünyəvi siyasətdə özünəməxsus təcrübə qazanmısınız. Sizin yürütdüyünüz müstəqil xarici siyasətin alternativi yoxdur. Dünya azərbaycanlılarının ümidi yalnız Sizədir. Odur ki, qətiyyətli mövqeyinizi bir daha alqışlayırıq. Azərbaycanın getdikcə gücləndiyi, qüdrətli və nüfuzlu bir dövlətə çevrildiyi göz qabağındadır. Hörmətli cənab Prezident, bir daha diqqətinizə çatdırırıq ki, qırğız xalqının əksəriyyəti Azərbaycan xalqının işğal altında olan torpaqlarını azad etməyə qalxmasını dəstəkləyir və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından tezliklə çıxarılmasını istəyir. Biz - Qırğızıstanda yaşayan azərbaycanlılar daim Sizinləyik və ədalətli mübarizənizi, qətiyyətli qərarınızı ürəkdən bəyənirik və lazım gələrsə, tarixi Vətənimizin mücadiləsinə qalxmağa da hazırıq. Təki Ali Baş Komandan kimi bizlərə göstəriş verəsiniz. Haqq nazilər, amma üzülməz. Bədxahlıq, şər-böhtan və yalan uzun sürə bilməz. Gec-tez haqq-ədalət qalib gələcək. Haqq-ədalət isə Azərbaycan xalqının tərəfindədir. Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi ilə birlikdə yerli mətbuat orqanları vasitəsilə Qırğızıstanda yaşayan xalqları və soydaşlarımızı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlər barədə vaxtaşırı bilgiləndirməkdə və Sizin yürütdüyünüz sülh siyasətini təbliğ etməkdə davam edəcəyik. Allah xalqımıza kömək olsun! Cənab Prezident, müraciətimizin sonunda bir daha bildiririk ki, Sizin yürütdüyünüz xarici və daxili siyasəti ürəkdən bəyənir, hər zaman dəstək verəcəyimizi qətiyyətlə bildiririk. Axı, Siz həm də 55 milyonluq dünya azərbaycanlılarının bir parçası olan bizlərin də Prezidentisiniz! Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, güclü dövlətin güclü də diasporu olmalıdır, güclü diasporun da güclü dövləti. Allah Sizə kömək olsun!” Kanadadan Əzizov Mirşakir Möhsün oğlunun məktubunda qeyd edib ki, son günlərdə cəbhə bölgəsində Azərbaycan Ordusunun qazandığı qələbələr, torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi bizi sevindirir: “Allahdan şəhidlərimizə rəhmət diləyirik. Əminik ki, Sizin rəhbərliyinizlə bu işlərin öhdəsindən gələcəyik. Azərbaycandan uzaqlarda yaşamağımıza baxmayaraq, ürəyimiz hər zaman Vətənimiz ilə döyünür. Burada Azərbaycanımızı təbliğ etməklə yanaşı, 10 illərdir erməni yalanlarının qarşısını almaq üçün mübarizə aparırıq.
Hər an canımızla, qanımızla torpaqlarımız uğrunda vuruşub qalib gəlməyə, lazım gələrsə Vətən uğrunda şəhid olmağa hazırıq”. Türkiyə Respublikasından Hava İbrahim qızının müraciətində bildirilir ki, dünyadakı bütün türk xalqları bir bədənin damarları kimidir: “Necə ki bütün damarlar birlikdə ürəyin fəaliyyətini təşkil edir və bədəni hərəkətə gətirirsə, biz türklər də dünyanın harasında olursaq-olaq birlikdə bir millət, adlı-sanlı türk millətiyik. Bu mənada bədənin bir yerindəki narahatlıq bütün insana təsir edirsə, türk dünyasının hər hansı bir yerində narahatlıq olanda, bu, hamımızın narahatlığı, sevinci isə hamımızın sevinci olur.
Məlumat üçün bildirim ki, Türkiyədə yaşayan türklər olaraq biz də terror bəlası və xarici ölkələrin qərəzli siyasəti ilə əlaqədar çətin anlar yaşayırıq. Amma siz bu çətin günlərimizdə bizi dəstəkləyirsiniz. Biz də bu hadisələrlə əlaqədar sizin yanınızda olduğumuzu bildirmək istəyirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bir neçə məntəqəni işğaldan azad edən müzəffər Ordunuzun uğurlarının davamlı olmasını diləyirəm. Maddi və mənəvi olaraq, əlimizdən gəldiyi qədər sizin yanınızda olduğumuzu bilin. Allah hamımıza kömək olsun, bizim birliyimizi güclü etsin”. “Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, ordumuzda ruh yüksəkliyi elə bir həddədir ki, onlar hər an Ali Baş Komandanın döyüş əmrini gözləyir. O bildirib ki, Azərbaycan Ordusu dövlət müstəqilliyinin ilk illərində elə də güclü deyildi: “Ulu Öndərin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, Milli Ordumuzda da inkişaf baş verdi. Orduda ruh yüksəkliyi yarandı, struktur dəyişiklikləri edildi, maddi-texniki təminat gücləndirildi. Bu gün Cənab Prezident İlham Əliyevin dövründə Azərbaycan Ordusu tam müasir standartlara cavab verir və onun maddi-texniki təchizatı ən yüksək səviyyəyə çatdırılıb. Azərbaycanı gözü götürməyən, ermənilərin havadarları olan qüvvələr uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsində güclü ordumuzun öz sözünü deməsinə müəyyən maneələr yaradırdı. Son hadisələr Azərbaycan Ordusunun gücünü, onun Ali Baş Komandanına sadiqliyini və hətta lazım gələrsə İrəvana qədər gedib çıxa biləcəyini dünyaya sübut etdi. Ermənilər üç günlük hərbi əməliyyat nəticəsində yalvarmağa, mövqelərini qoyaraq qaçmağa başladılar. Bu onu göstərdi ki, Ermənistanın nə güclü ordusu, nə də güclü dövləti var. Ermənistan rəhbərliyində duran şəxslər bəzi dövlətlərin vassalı, xalq arasında nüfuzu olmayan insanlardır”. YAP GB sədri maraqlı bir məqama da diqqət çəkib: "3 günlük hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi post quraraq Dağlıq Qarabağda qanunsuz məskunlaşan insanların, döyüşən erməni əsgərlərinin geriyə qaçmasının qarşısını almağa, amma Azərbaycan tərəfi post quraraq Vətənini canından da çox sevən xalqımızın nümayəndələrinin Dağlıq Qarabağa döyüşlərə getməsinə mane olmağa çalışdı. Bu fakt bir daha sübut edir ki, Ali Baş Komandanın həyata keçirdiyi siyasət, ölkədəki nüfuzu, xalqın ona inamı, Azərbaycan gəncliyinin vətənpərvərlik hissləri düşmən ölkə ilə müqayisə oluna bilməz. Azərbaycan gəncliyi cənab Prezidentin siyasətini hər zaman hər yerdə dəstəkləyir. Ölkəmizin uğurları bizi sevindirir. Azərbaycan gəncliyi qələbə duyğusunu artıq yaşamağa başlayıb. Biz sülh tərəfdarı olsaq da, torpaqlarımızın son qarışı azad olunanadək mübarizəmizi davam etdirəcəyik. Bütün gənclik Ali Baş Komandanın əmrini gözləyir. Bir faktı da qeyd edim ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin bir çoxu, hətta xanımlar belə paytaxtda, regionlarda könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin şöbələrinə müraciət edərək döyüşə getmək üçün növbələrə durublar. Cənab Prezident, Ali Baş Komandan nə vaxt döyüş göstərişi versə, hər kəs torpaqlarımızı azad etmək üçün hazır olacaq. Bu isə iqtidar-xalq, xalq-iqtidar, prezident-xalq, xalq-prezident birliyinin müjdəçisidir”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 12 aprel.- S.15.