Hərbi vətənpərvərlik tərbiyəsi ümumdövlət

işinin mühüm bir sahəsinə çevrilməlidir

 

Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində müntəzəm olaraq addımlar atılır, müvafiq sənədlər, dövlət proqramları qəbul edilir. Paralel olaraq qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu istiqamətdə layihələrin həyata keçirilməsi gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gənci vətənpərvərdir. Ancaq onu da etiraf etmək lazımdır ki, bu nailiyyəti əldə etmək üçün kifayət qədər zaman tələb olunur. Zamanında bu istiqamətdə işin düzgün qurulmaması bir çox hallarda gənclərimizin yad təsirlərə düşməsi, kosmopolit ruhda böyüməsinə gətirib çıxarıb.

Müstəqillik illərindən sonra isə vəziyyət bir qədər fərqli istiqamətdə dəyişməyə başladı. Xüsusilə, 1993-cü ildə xalqın təkdili tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda təbiyə olunmasını başlıca prioritet hesab etdi. Qısa müddət ərzində görülən işlər, qəbul edilən sənədlər, imzalanan fərman və sərəncamlar öz nəticəsini göstərdi. Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunmasında orta ümumtəhsil müəssisələrinin rolunun danılmaz olduğu hər kəsə bəllidir. Təsadüfi deyilmir ki, hər bir gəncin vətənpərvər ruhda böyüməsində məktəb, eləcə də bağçaların rolu danılmazdır. Elə bu səbəbdəndir ki, orta məktəblərdə gələcəyin vətənpərvər gəncinin yetişdirilməsi istiqamətində lazımı tədbirlər görülür, orta məktəb şagirdlərində Vətənə, dövlətə məhəbbət hissi aşılanır. Nəticə etibarilə məktəbi bitirən gənc müstəqil həyata qədəm qoyarkən, ali təhsil alarkən, ölkə hüdudlarından kənara çıxarkən Vətən, millət təssübkeşliyindən çıxış edir, hər addımda onun müdafiəsində olur. Məktəb eyni zamanda gələcəyin vətənpərvər əsgərinin yetişdirir. Düzdür, bir çox hallarda bu istiqamətdə orta ümumtəhsil müəssislərində aparılan işin təqdirəlayiq olmadığı iddia edilsə də, lakin reallıq ondan ibarətdir ki, bu gün orta məktəblərdə gənclərin vətənpərvər ruhda təbiyə olunub böyüməsi istiqamətində müəyyən işlər görülür. Bəs görəsən orta ümumtəhsil müəssisələrində günümüzdə qeyd edilən istiqamətlərdə görülən işlər kifayətedicidirmi? Bu və ya digər suallarla  Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadəyə müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə Məhəmməd Əsədullazadə qeyri-hökumət və gənclər təşkilatlarının gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələrdən də danışıb.

-Məhəmməd bəy, bu gün orta ümumtəhsil müəssisələrində gənclərə vətənpərvərlik mövzuları kifayət qədər keçilirmi? Ümumiyyətlə, məktəblərdə bu istiqamətdə aparılan işi necə dəyərləndirirsiniz?

-Şagirdləri vətənimizin şərəfini və azadlığını qoruyub saxlamış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən və bəşəriyyət qarşısında xidmətləri ilə yaxından tanış etmək vacibdir. Onlara sülh və azadlıq ordusu olan Azərbaycan ordusuna məhəbbət aşılamaq, vətənimizin müdafiəsi uğrunda mübarizəyə hər dəqiqə hazır olmaq əzmini qüvvətləndirmək və s. hərbi-vətənpərvərlik tərbiyəsinin ən mühüm tərkib hissələrindən biridir. Məktəblərdə ona nail olmaq lazımdır ki, hər bir gənc doğma ana vətənin müdafiəsi naminə, onu çətinliklər gözləsə də, əlindən gələni əsirgəməsin, onu şərəfli hərbi xidmət, Azərbaycan ordusunun həyatı, qəhrəmanlığı və s. maraqlandırsın. Məhz buna görə də hazırkı şəraitdə hərbi vətənpərvərlik tərbiyəsi ümumdövlət işinin mühüm bir sahəsinə çevrilməlidir. Etiraf edək ki, orta və ali məktəblərdə bu istiqamətdə verilən tədrisdə nöqsanlar mövcuddur. Və bu nöqsanları aradan qaldırmaq üçün dövlət proqramının icarsına başlanılmalı və hərbi vətənpərvərlik dərslərinə ciddi riayət olunmalıdır. Bu dövlətimizin gələcəyinin dayanıqlı bünövrəsidir. Bu istiqamətdə dərs saatları artırılmalı, ehtiyatda olan zabitlər bu işə cəlb olunmalıdır. Orta və ali məktəblər gənclərin hərbi hissələrdə görüşlərini təşkil etməlidir. Ümumi olaraq, hər şeydən öndə vətəndir və vətəndaşlıq mövqeyini müəllimlər şagirdlərinə aşılamalıdır. Düzdür bu istqamətdə verilən tədris qane edici deyil. Vətəndaşlıq, vətənpərvərlik heç bir maadiyyatla ölçülmür. Regionlarda bu istiqamətdə ciddi problemlər var. Şagirdlərə vətənpərvərlik istiqmətində verilən tədris çox aşağıdır.

-Bəs qeyri-hökumət və gənclər təşkilatları bu prosesdə nə dərəcədə aktivdirlər?

-Ölkəmizdə yüzlərlə QHT və gənclər təşkilatı formalaşıb. Hər bir təşkilatın missiyası bu istiqamətdə müəyyən işlər görməkdir. Hərbi hissələrdə və orta məktəblərdə görüşlər keçirilməli, plakatlar yayılmalı və geniş kampaniyalar aparılmalıdır. QHT və gənclər təşkilatı müəyyən bir qisim insanlarla görüş keçirə bilir. Halbuki, bu ümümrespublika səviyyəsində geniş təşkil olunmalı və regionlarda bu istiqamətdə təbliğat-təşviqat işləri aparılmalıdır. Ölkədə QHT-lər bu istiqamətdə müəyyən işlər görsədə, gənclər təşkilatlarında bu sahədə problemlər var.

-Etiraf edək ki, hələ də yad təsirlərə, xarici dairələrin toruna düşən gənclər var. Bu problemi aradan qaldırıb həmin gəncləri vətənpərvər ruhda böyütmək üçün nələr etmək lazımdır?

-Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətdi və bizim ölkədə müəyyən xarici dini, siyasi dairələrin təsirinə düşən gənclərimiz olur. Azərbaycan tolerant ölkədi və bundan istifadə edən yad ünsürlər müəyyən maliyyə yardımları etməklə dini və digər ideoloji aparırlar. Əksər gənclərimiz də bunların təsirinə məruz qalır. Bu təssüfedici məqamdı. Yaxın Şərqdə davam edən dini, siyasi müharibələrdə müəyyən Azərbaycan vətəndaşlarının da iştirakı bizi narahat edir. Bu sahəyə dövlətin güc orqanları ciddi nəzarət etməli, ölkəmizə ayaq açan gəncləri özlərinə cəlb edən istənilən qurumların fəaliyyətini ciddi yoxlamalıdır. İlk növbədə müəyyən pozucu dairələri ölkəyə buraxmamaq lazımdır. İstənilən formada gənclər prosesə cəlb oluna bilərlər. Amma, ölkədə sosial rifah, təhsil, vətənpərvərlik sahəsində görülən müsbət işlər belə xoşagəlməz hallarla qarşılaşmağı minimuma endirir. Bu istiqamətdə dövlət və qeyri-dövlət təşkilatları paralel aparmalıdır.

-Televiziyalar, kütləvi informasiya vasitələri vətənpərvərlik mövzularına nə dərəcədə diqqət ayırır?

-Hər bir cəmiyyətin formalaşmasında və ideoloji işi aparmaqda kütləvi informasiya vasitələri əvəzsiz rol oynayıb. Bu mövzuda televiziyaradionun fəaliyyəti mütləqdi. Qarabağ müharibəsi dövründə televiziyaradioda hərbi vətənpərvərlik ruhunda veriliş və mahnılar minlərlə gəncimizi torpaqlarımız uğrunda döyüşməyə sövq edib. Azərbaycanda son illər televiziyalarda şou proqramlar vətənpərvərlik verlişlərini üstələyib. Bu hamımızda məyusluq yaradır. Hazırda Azərbaycan müharibə şəraitindədir, torpaqlarımızın 20 faizi düşmən tapdağındadır. Ona görə də televiziya kanalları çox ciddi olaraq vətənpərvərlik verilişlərinə vaxt ayırmalı, xalqımızın və cəmiyyətin, gənc nəslin böyüməsində maarifləndirici aparmalıdır. Ümid edirəm ki, televizyalar bu mövzuda öz verilişlərində cəmiyyətin formalaşmasına xidmət edən vətənpərvərlik proqramlarına vaxt ayıracaqlar. Təkcə televiziyalar deyil, muxtəlif internet portalları, saytlar, jurnallars. başqa mətbu orqanlar bu işdə fəal olmalıdırlar. Birliyimiz vətənpərvərlikdən aslıdır. Bu gün informasiya əsridir. Hansı bir toplumda güclü kütləvi informasiya vasitələri varsa, onlar öndədir və hadisələri tez qabaqlayırlar. O, nöqteyi nəzərdən gənc nəslin dövlətçiliyimiz üçün sadiqliyinin formalaşmasında KİV-inxüsusi çəkisi var.

-Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı gənclərin vətənpərvər ruhda böyüməsinə nə dərəcədə müsbət təsir göstərir?

-Azərbaycan gəncinin ən mühüm vətənpərvərlik ruhunun yüksəldilməsində, silahlı qüvvələrin mühüm rolu var. Bu gün Azərbaycan ordusu regionun ən güclü və təminat baxımından öndə olan ordusudur. Ordumuzda yüksək vətənpərvərlik, milli ruh, gənclərdə də ordumuza qarşı müsbət fikir formalaşır.Və gənclər də gələcək həyatlarını vətənə xidmətə bağlamaqla gənc yaşlardan silahlı qüvvələrin məktəblərinə qəbul olurlar. Həqiqətən ordumuz bu gün gəclərimizin güvəndiyi və şəxsiyyət kimi yetişməsində böyük rol oynadığı bir məktəbdir. Ermənistanın işğalçı ordusunu Azərbaycanın güclü və peşəkar ordusu hər an torpaqlarımızdan çıxartmağa hazırdır. Bu gün əmr verilərsə Azərbaycan gənci, ön cəbhədə, vətənin azadlığı uğrunda vuruşmağa hazır olacaq. Necə ki, bir neçə gün əvvəl cəbhə xəttində baş verən hərbi əməliyyatlar zamanı biz bunun şahidi olduq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 13 aprel.- S.15.