Gənclərimiz Vətən uğrunda

səfərbər olmağa hazırdır

 

Azərbaycan ordusu Ali Baş Komandanın əmrini gözləyir

 

Aprelin 1-i gecədən başlayaraq erməni silahlı birləşmələri cəbhə bölgəsində yenidən təxribatlara əl ataraq qoşunların təmas xəttinə yaxın Azərbaycan kəndlərini ağır artilleriyalardan atəşə tutdu. Bu proses bir neçə gün davam etdi. Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavabı nəticəsində işğalçı Ermənistan ordusu yüzlərlə itki verərək geri çəkilmək məcburiyyətində qaldı.

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasın da dövlət başçısı giriş nitqi ilə çıxış edərkən aprelin ilk günlərində düşmənlə təmas xəttində baş vermiş hadisələrə geniş yer ayırıb. Öncə Ermənistanın silahlı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribat törətdiyini söyləyən Prezident İlham Əliyev xüsusi vurğuladı ki, təxribatın qarşısı alındı, düşmənə layiqli cavab verildi. "Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun. Bunu deməyə bizdə kifayət qədər əsas var, ilk növbədə, danışıqların 20 ildən çox müddət ərzində aparılması onu göstərir ki, Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir." 2014-cü ilin sonlarında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilmiş görüşə toxunan ölkəmizin rəhbəri bildirdi ki, o vaxt hər iki tərəf görüşü müsbət qiymətləndirmişdi. Ancaq Ermənistan rəhbərliyinin pozucu fəaliyyəti nəticəsində danışıqlarda müsbət irəliləyişin əldə edilməsi mümkün olmayıb: "Görüşdən sonra biz danışıqlarda daha da müsbət dinamikanı gözləyirdik. Ancaq o danışıqlardan iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda - Ağdam rayonunun ərazisində genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan Silahlı Qüvvələri bu təxribata bir neçə gün cavab vermirdi, ancaq ondan sonra Ermənistan silahlı qüvvələri bizim mövqelərimizə hərbi helikopterlərlə hücum çəkmişdir. Azərbaycan Ordusu məcbur olub helikopterin birini vurmuşdur. Bu da Ermənistana bir bəhanə kimi lazım idi ki, yenə də Azərbaycanı təcavüzdə günahlandırsın." Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin göstərdiyi cəhdlərdən danışan dövlət başçısı çıxışında bildirdi: "Minsk Qrupunun xahişi ilə keçən ilin dekabrında Azərbaycan və Ermənistan prezidentləri görüşdülər, amma o görüşün heç bir nəticəsi olmamışdır. Vasitəçilər çalışırlar ki, məsələ öz həllini tapsın. Bilirsiniz ki, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa rəhbərliyi səylər göstərirlər, bəyanatlar verirlər. O cümlədən status-kvo haqqında çox dəyərli bəyanatlar verilir ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Ancaq Ermənistan buna məhəl qoymur. Bilirəm ki, həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürmüşlər. Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın siyasi rəhbərliyi ilə o cümlədən Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr - ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın." Dağlıq Qarabağ probleminin Azərbaycan üçün olduqca ağrılı və prioritet məsələ olduğu, Azərbaycan rəhbərliyinin həmişə sülhsevər mövqedən çıxış etdiyi və münaqişənin sülh yolu ilə beynəlxalq qanunvericiliyə müvafiq həllinə çalışdığı Minsk Qrupu həmsədrlərinə yaxşı bəllidir. Eyni zamanda Ermənistanın silahlı birləşmələri mütəmadi olaraq mövqelərimizi, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tuturlar. Aprelin ilk günlərində baş vermiş hadisələr bunu bir daha əyani göstərir. Azərbaycan Prezidenti son hadisələrə toxunaraq iclasda bildirdi: "Bildiyiniz kimi, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və bizbunu istəyirik. Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. İstəyimiz odur ki, məsələ həllini tapsın. Bu günbiz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır."

Dövlətimizin başçısı çıxışında ölkəmizin iqtisadi baxımdan inkişaf etdikcə, Silahlı Qüvvələrimizin potensialı və döyüş bacarığı artdıqca işğal edilmiş torpaqlarımızın azad edilməsinə daha da yaxınlaşdığına inamını ifadə etdi. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim əsas vəzifəmizdir. Azərbaycan həm siyasi, həm iqtisadibütün başqa sahələrdə gücləndikcə, əlbəttə ki, bu münaqişənin həlli daha da yaxın olacaqdır. Biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir. Son illər ərzində iqtisadisiyasi sahələrdə əldə edilən uğurlar onu göstərir ki, biz düzgün yoldayıq." Dövlət başçısının bu çıxışı Azərbaycan xalqının, xüsusən gənclərin vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olub. Nəticədə Azərbaycan gəncliyi ilə yanaşı, dünyada yaşayan soydaşlarımızın Ali Baş Komandana müraciətinin ardı-arası kəsilmir. Azərbaycan Silahlı Qüvvələrinin gücünü görən ölkə əhalisi orduya dəstək verməyə başlayıb. Ölkədə səfərbərliyin elan olunmasını istəyərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına, yerli idarə, şöbə və bölmələrinə müraciət edən könüllülərin sayı durmadan artır. Bütün Azərbaycan əhalisi kimliyindən asılı olmayaraq, ordumuza dəstək kampaniyasına qoşulub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildiriblər ki, Xidmətin Aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciət daxil olmaqdadır. Könüllü olaraq cəbhəyə getmək istəyənlər respublikanın bütün bölgələrini əhatə edir. Bu müraciətlər indiyə qədər də olurdu, son günlərdə daha da artıb. Qeyd olunub ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxilixarici siyasət cəmiyyətdə bütün sahələrdə olduğu kimi, vətənpərvərliyin təbliğatında da müsbət nəticələr verib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Bu işlərə nümunə olaraq Xidmət tərəfindən paytaxtdaregionlarda davamlı olaraq keçirilən "Vətənin müdafiəsinə hazıram" adlı hərbi-vətənpərvərlik tədbirlərini, məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsini, "Əsgərə məktub" adlı yazı müsabiqəsini, atıcılıq turnirinis. tədbirləri göstərmək olar. Qurumdan bildiriblər ki, son günlərdə cəbhə xəttində düşmən tərəfdən baş verən təxribatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıq ölkədə ruh yüksəkliyinin daha da artmasına stimul verib. Bunu Xidmətin yerli idarə, şöbə və bölmələrinə cəbhəyə könüllü getmək üçün müraciət edən vətəndaşlarımızının sayının çox olması da sübut edir. Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistanda səfərbərlik elan edilməsi, bu hala Azərbaycanda ehtiyac olub-olmaması məsələsinə gəlincə isə qurumdan bildiriblər ki, ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası qanunlarına əsasən tənzimlənir. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, səfərbərliyin elan olunması barədə Azərbaycan Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır. Əgər Azərbaycan Respublikasında səfərbərlik elan olunarsa, bu barədə bütün kütləvi informasiya vasitələrinə məlumat veriləcək və ehtiyatda olan hərbi vəzifəlilər səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədilə Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılacaqlar. Bu yerdə qeyd etmək yerinə düşər ki, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 38 əsgər, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit olmaqla 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir. Bu isə o deməkdir ki, Azərbaycan əsgəri nəinki öz torpaqlarını qorumağa, həm də dünyada sülyaratma missiyasında iştirak etməyə qadirdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 14 aprel.- S.15.