Şəhidlərimiz vətənpərvərlik

nümunəsinə çevriliblər

 

İkinci Dağlıq Qarabağ müharibəsinin dördgünlük aprel döyüşlərində çoxlu sayda Vətən oğulları sözün əsil mənasında qəhrəmanlıq göstərərk şəhud oldular. Canlarını Vətən yolunda fəda edən bu insanlar gənclər üçün bir vətənpərvərlik nümunəsinə çevrildilər. İndi ziyalısından, deputatından tutmuş sadə vətəndaşına qədər bütün soydaşlarımız onların xatirəsini əziz tutaraq cəmiyyətə təqdim edirlər.

“Vətəni bu cür ləyaqətli övladların varlığı Vətən edir. Onunla son görüşə minlərlə insan axın-axın gəlirdi. O, daha təkcə doğulub boya-başa çatdığı Sığırlı kəndininki deyildi, qonşu kəndlərdən, Kürdəmir şəhərindən maşın-maşın insan boğazında qəhər, gözləri nəmli, amma həm də içərisi qürur hissi ilə dolu halda Turalla vidalaşmağa tələsirdi”. Bu sözləri qeyd edən millət vəkili, akademik Rafael Hüseynovun sözlərinə görə, Kürdəmir rayonunun Sığırlı kəndindəki o həyətə çox illər öncə birə kərə də dəfn mərasiminə gəlibmiş, o vaxt ömrünü sürmüş ağsaqqal bir insan, indi cavan yaşında canını millətinə fəda etmiş Tural Qurbanovun babası dünyasını dəyişmişdi. R.Hüseynov qeyd edib ki, müdhiş dərdinə baxmayaraq qamətini şax tutmuş, təkrar-təkrar “Vətən sağ olsun!” söyləyən atası Gurşad Turalın bir niyyətini yada salır: “Deyirdi ki, babam kimi mən də qollu-budaqlı olacağam. 10 uşağım olacaq”.2016-nın oktyabrında 24 yaşına çatacaqdı Tural. 2 övladı qaldı. Biri 2 yaşından 3 yaşına yenicə adlayıb, o birinin heç 1 yaşı tamam deyil. Daha bir övladı isə hələ yoldaydı. Bu ilin payızında dünyaya gələcək həmin körpəni görmək atası Turala, ata görmək o uşağa nəsib olmayacaq... Kənd qəbristanında Azərbaycan ordusunun əsgərləri Tərtər istiqamətində gedən döyüşlərdə şücaətlər göstərərək həlak olmuş igid kəşfiyyatçımızın şərəfinə yaylım atəşləri açır. Bu məzarlıqda heç vaxt buna bənzər bir vidalaşma olmayıb. Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli! Hüseyn Cavidin bu müdrik sözlərinin gerçəyini Tural kimi qəhrəman balalarımızın qazandığı ölməzlik sübut etməkdədir. İndən belə bu torpaq əvvəlkindən də müqəddəs olacaq. Bütün Azərbaycan boyu bu günlərdə torpağa qovuşan şəhidlərimizin sayəsində ana yurdun müqəddəsliyi də, əzizliyi də, hərarəti də qat-qat artacaq. Əbədiyyətə gedən yolun mübarək, sevimli Tural! Azərbaycan hər an arzusunda olduğun, uğrunda canını qurban verdiyin QƏLƏBƏyə tez yetişsin!”

Cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan zabitimiz Qabil Orucəliyevin yeni doğulan övladına onun adı verilib. Mart ayının sonlarında dünyaya gələn şəhid oğlu atasının adını daşıyacaq. Şəhid leytenantımız dünyaya gələn övladını görə bilmədi. Şəhid Q.Orucəliyevin dostlarından biri ilə mesajlaşması və ona oğlunun dünyaya gəlməsini müjdələməsi xəbəri sosial şəbəkələrdə geniş yer almışdı. O, dostuna yazdığı mesajda oğlu doğum evindən çıxdıqdan sonra məzuniyyətə çıxaraq onu görməyə gedəcəyini qeyd etmişdi. Lakin aprelin 2-də düşmənlə döyüşdə qəhrəmancasına şəhid oldu. Qeyd edək ki, şəhid leytenantımız da 2004-cü ildə atasını itirib. 13 yaşından atasız böyüyən leytenant Q.Orucəliyev əslən Naxçıvan şəhərindən idi. O, dünyaya gəldiyi Naxçıvan şəhərində böyük izdihamla dəfn edilib.

Cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin hücumunun qarşısını alarkən gedən döyüşlərdə şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu Beyləqan rayonu Dünyamalılar kənd sakini Mirzəyev Məhəbbət Ədalət oğlu son mənzilə yola salınıb. Dəfn mərasimində şəhidin doğmaları, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin zabit və əsgərləri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər. Mərasimdə çıxış edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, bütün şəhidlərə Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər. Şəhidin cənazəsi izdihamın müşayiəti ilə kənd qəbiristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq ailəsinə təqdim edilib.

“Ən böyük arzusu Şuşanı azad edib, ən hündür qalasna Azərbaycan bayrağını sancmaq olan şəhid qəhrəman! Onu hərbiyə üz tutduğu zamandan tanıyırdım. Həmişə deyərdi ki, ən böyük arzum Şuşanı işğaldan azad edib ən hündür yüksəkliyinə bayrağımızı asmaqdır. “O bayrağı Şuşaya mən asmaq istəyirəm!” demişdi. Hərb sənətinin dərinliklərini öyrənmək üçün yorulmadan oxuyur, öyrənir, çalışırdı. Qısa zamanda qeyrət göstərb, öz üzərində çalışaraq, hərb sahəsində peşəkar kimi tanınmağa başlamışdı. Haqqında danışdığım şəhid gizir Cəfərov Mirsalam Təvəkkül oğludur. O, Tovuzun Ermənistana çox yaxın kəndlərindən sayılan Bayramlıda doğulmuşdu. Hərbiçi olub ön cəbhədə xidmət etməyi məktəb yaşlarından qarşısına məqsəd qoymuşdu”. Bu sözləri deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, məktədəki şəhidlər lövhəsinə diqqətlə baxdığını görən müəlliminin “Mirsalam, bala, nə fikrə getmisən?” sualına “Müəllim, şəhidlərimizin qanını almalıyıq. Mən onların qanını almaq üçün yaşayacam, döyüşəcəm!” -, cavabını verəndə o hələ azyaşlı uşaq idi. Sonra hərb sənətinn sirlərini öyrənməyə yollandı, arzusunun ardınca. Arzusundan isə nəinki heç vaxt vaz keçmədi, əksinə, bu arzu onun ən böyük xəyalına və amalına çevrildi. Mirsalam tələbəlik illərində yazırdı ki, hər kəsin içində ən böyük saydığı bir arzusu olur. Mənim də ən böyük arzum torpaqlarımızı işğaldan azad etməkdir. Bunun üçün yaşayacambu yolda şəhid olsam, özümü ən xoşbəxt insanı hesab edərəm. Ailəsinə də hər zaman “Mənimlə qürur duyacaqsınız!” -,deyirmiş. Ömrünün 4 ilini - 1992-96-cı illərdə döyüş bölgələrində keçirən atası Təvəkkül kişiyə “Mən sizdən daha yaxşı döyüşəcəm, torpaqlarımızı işğaldan azad edib, geri alacağıq”, deyərmiş. Sonuncu dəfə martin 21-i danışıb ailəsiylə. Qismət olsa, aprelin 7-də ad günümə gələcəm, görüşərik deyib. Amma özü gələ bilməsə də onun şəhidlik, qəhrəmanlıq məqamına çatması xəbəri gəldi. Şəhid Mirsalam elinə-obasına doğum günündən düz 4 gün sonra gəldi. Bütün el-oba qarşıladı şəhidini o gün. Xəbəri eşidən hər kəs “Halal olsun sənə, övlad!” -, dedilər. Onu son mənzilə yola salmağa gələnlərin sayı-hesabi yox idi. Sanki dəfn mərasimində insan dənizi yaranmışdı. əvvəllər onu heç vaxt tanımayan, indi isə şəhidini yola salmağa gələn nə qədər ziyarətçisi vardı Mirsalamın. “Oğlumu torpaqlarımızı işğaldan azad etmək üçün Vətənə xidmətə vermişdim, çünki Vətəndən dəyərli heç bir şeyimiz yoxddur. Vətən qarşısında özünün və ailəsinin başını uca etdyi üçün oğlumla qürur duyur, fəxr edirəm. Təki Vətən sağ olsun. Oğlum indi təkcə mənim yox, bütün Azərbaycan xalqının, millətin övladıdır. O özü də belə ömür arzulayırdı” -, deyir mərd, mətanətli ata. Mirsalamın igidliklərindən ağızdolusu, fəxrlə danışdı döyüş yoldaşları. Böyük qəhrəmanlıqlar göstərib, düşmənə necə layiqli cavab verib Mirsalam. Müasir dövrün qəhrəmanlarıdır onlar. Vətəni necə sevmək nümunəsi, örnəyidir onlar. Qəhrəman bir oğul olmaqla yanaşı, həm də gözəl insan idi Mirsalam. Nur içində yat şəhidim. Şuşa işğaldan azad olunanda ruhun şad olacaq, bilirəm. Allah nəsib edərsə, arzusunda olduğun Şuşadan, Çıdır düzündən, İsa Bulağından, lap elə Topxana meşəsindən torpaq gətirib tökəcəm məzarının üstünə. Bir də sənin adından bir bayraq sancacam Şuşa qalasına, Gəlin Qayasına, Cıdır düzünə...Səni heç bir zaman unutmayacağaıq, qəhrəman qardaşımız Nur içində yat, şəhid Mirsalam!”`

Aprelin 2-də düşmən təxribatının qarşısını alarkən şəhid olan pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev II Fəxri Xiyabanda dəfn olundular. Şəhidlər əbədiyyətə yola salmaq üçün əllərində Azərbaycan bayrağ olan minlərlə insan da Xiyabanda hazır olub. Dəfn mərasimində müdafiə naziri Zakir Həsənov, nazirliyinin digər vəzifəli şəxsləri, millət vəkilləri və digər rəsmi şəxslər də iştirak ediblər. Yaylım atəşi açıldıqdan sonra, şəhidlərimiz Azərbaycan himinin sədaları altında və minlərlə insanın “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə dəfn olunublar. Xalqımız şəhidlərin adını uca tutur, onlarla fəxr edirlər. Dövlətimiz də öz növbəsində öz qayğısını şəhid ailələrindən əsirgəmir. Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə igidliklər göstərmiş Milli Qəhrəmanlarımıza diqqət və qayğı göstərilməsi, eyni zamanda şəhid qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi sahəsində görülən işlər, müvafiq normativ-hüquqi aktlar barədə söz açaraq bildirib ki, dövlət tərəfindən lazım olan bütün addımlar atılacaq. Komitə sədri əlavə edib ki, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar gənc nəslin vətənə sədaqət ruhunda tərbiyəsində böyük rol oynayacaq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 19 aprel.- S.15.