Gənclərimiz qəhrəmanlarımızla
fəxr edir
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması dövlətin
qarşısında duran mühüm vəzifələrdən
biridir. Xüsusilə bu istiqamətdə dövlətin
müvafiq qurumları qarşıya qoyulan məqsəd və
vəzifələr düzgün qiymətləndirərək
lazımı tədbirlər həyata keçirirlər. Bu
istiqamətdə Gənclər və İdman Nazirliyinin fəaliyyətini
xüsusi qeyd etmək yerinə düşər. Belə ki,
nazirlik zaman-zaman gənclərin vətənpərvər ruhda
tərbiyə olunması, onların milli mənlik
şüurunun inkişaf etdirilməsi istiqamətində silsilə
tədbirlər, layihələr həyata keçirir,
hazırladığı fəaliyyət proqramları,
müvafiq sənədlərdə bu məsələlərə
geniş yer ayırır. İstər paytaxt, istərsə də
rayon gənclər və idman idarələri il ərzində
vətənpərvərlik mövzularına həsr olunmuş
müxtəlif tədbirlər həyata keçirirlər. Belə
tədbirlərdən biri bu
günlərdə Bərdə rayonunda təşkil
olunub.
Belə
ki, Bərdə rayon İlqar Abbasov adına Kələntərli
kənd tam orta məktəbinin idman meydançasında “Şahin”
hərbi-idman oyunları
üzrə Respublika birinciliyinin zona yarışları
keçirilib. Yarışda respublikanın 9 şəhər və
rayonunun (Naftalan,Yevlax və Şəki şəhərləri,
Tərtər, Goranboy, Ağcabədi, Ağdam, Gədəbəy,
Xocalı rayonları)
komandaları qələbə uğrunda mübarizə
aparıblar. İlk öncə torpaqlarımızın
azadlığı uğrunda həlak olmuş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edildi.Yarışd başlamazdan əvvəl yarışın
təntənəli açılış mərasimi
keçirilmişdir. Komandaların kapitanları yarışa
hazır olmaları barədə
baş hakim İsa Abbasova raport veriblər. Tədbiri
giriş sözü ilə Bərdə rayon Gənclər və
İdman idarəsinin rəisi
Anar Şahbazov açaraq gənc “Şahin”ləri və
qonaqları salamlayıb. Sonra o, son vaxtlar erməni
işğalçıları ilə gedən şiddətli
döyüşlərdə zabit və əgərlərimizin
şücaət göstərərək düşmənə
layiqli cavab verməsindən, bəzi strateji əhəmiyyətli
yüksəkliklərin və yaşayış məntəqələrinin
azad edilməsindən,yeniyetmə və gənclərimizdə
vətənpərvərlik hisslərinin gücləndirilməsində
bu oyunların vacibliyindən danışıb və qeyd etdi
ki,gənclərimiz ümummilli liderimiz Heydər Əliyevin
siyasi kursunu uğurla həyata keçirən Azərbaycan
Respublikasının Prezidenti,Ali Baş Komandan cənab
İlham Əliyevin ətrafında sıx birləşiblər.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi
Ramil Məmmədov və Təhsil Nazirliyinin nümayəndəsi Beyrək Həsənov
çıxış edərək
“Şahin” hərbi –idman oyunlarının gənclərin
hərbi-vətənpərvərlik ruhunda tərbiyə
olunmasında mühüm əhəmiyyətindən, dövlətimizin
gənclərə göstərdiyi diqqət və
qayğıdan danışıblar. Yarışda I və II
yerləri tutmuş komandalara Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin müvafiq dərəcəli diplomları təqdim
olunub və bu komandalar may
ayında Bakıda keçiriləcək final
yarışlarında iştirak etmək hüququ
qazanıblar.
Astara
şəhər 3 saylı tam orta məktəbdə isə
çağırışçı gəncləri vətənin
müdafiəsinə mənəvi və fiziki cəhətdən
hazırlamaq, gənclərdə vətənə məhəbbət
və vətənpərvərlik hissini artırmaq, müxtəlif
növlər üzrə ən güclüləri təyin etmək
və rayonun yığma komandasını təsis etmək məqsədilə
“Vətənin müdafiəsinə hazıram” poliatlon
çoxnövçülüyü üzrə Astara rayon
çempionatı keçirilib. Tədbirin
açılışını edən rayon Gənclər və
İdman İdarəsinin rəisi Ərçə Əliyev tədbir
iştirakçılarını salamlayıb, 2-5 aprel tarixlərdə
Azərbaycan- Ermənistan sərhədində düşmənin
törətdiyi təxribatdan geniş çıxış
etmiş, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla
yad edilib. Çempionatda 9 məktəbin komandası 4 növ
üzrə (100m məsafədən qaçış, 2000m
mıəsafədən kross qaçışı, turnikdən
dartınma və qumbara atma) güclərini sınayıb. Gərgin
keçən mübarizə nəticəsində 1016 xalla
Suparibağ kənd tam orta məktəbin komandası I yerə,
1002 xalla Astara şəhər 2 saylı tam orta məktəbin
komandası II yerə və 972 xalla Təngərüd kənd
tam orta məktəbin komandası III yerə layiq
görülmüşdür. İlk 3 yeri qazanan komanda rayon Gənclər
və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin
diplom və hədiyyələri ilə
mükafatlandırılıb.
Gənclər
və İdman Nazirliyi 2 aprel 2016-cı il tarixdə Azərbaycan
Ermənistan sərhədində baş verən hadisələrdən
sonra respublikamızda silsilə şəkildə hərbi- vətənpərvərlik
tədbirləri keçirməkdədir. Belə ki, Astara rayon
Gənclər və İdman İdarəsi rayon İcra Hakimiyyəti,
Təhsil Şöbəsi, Mədəniyyət və Turizm
Şöbəsi, YAP Gənclər Birliyi ilə birgə
sözügedən mövzuda genişmiqyaslı tədbirlər
keçirir. Ermənilərin atəşkəsi pozması nəticəsində
şəhid olan əskər və zabitlərimizin, o cümlədən
astaralı şəhid Pəncəli Nurməmməd oğlu
Teymurovun xatirəsinin yad edilməsi
məqsədilə Gənclər Mərkəzinin foyesində
Pəncəli Teymurovun
güşəsi yaradılıb. Gənclər Mərkəzində
isə “Təki Vətən sağ olsun” adlı seminar-müşavirə
keçirilib. Müşavirədə
Astara rayon Gənclər və İdman İdarəsinin,
rayon Mədəniyyət və
Turizm Şöbəsinin nümayəndələri, YAP Gənclər
Birliyinin sədri, müəllimlər, könüllü gənclər
və tələbələr iştirak ediblər. İlk
olaraq tədbir iştirakçılarını salamlayan Astara
rayon Gənclər və İdman İdarəsinin rəisi
Ərçə Əliyev tədbiri açıq elan etmiş
və torpaqlarımızın müdafiəsi uğrunda
canlarından keçən bütün şəhidlərin
ruhu bir dəqiqəlik sükutla yad edilib. Müşavirədə şəhid Pəncəli Nurməmməd
oğlu Teymurovun keçdiyi şərəfli həyat yolu, vətəninə,torpağına,
milli-mənəvi dəyərlərimizə
bağlılığı, döyüş yolu, müqəddəs
şəhidlik zirvəsinə ucalması haqqında məruzə
və çıxışlar edilmiş, gənclər
qarşısında videoçarxlar nümayiş etdirilib.
Keçirilən tədbirin davamı kimi İdarənin təşkilatçılığı
ilə 14 aprel 2016-cı il tarixdə 700 nəfərə
yaxın gəncin
iştirakı ilə “Bayrağımız qürur mənbəyimizdir”
adlı kütəvi aksiya keçirilib. Gənclər və
İdman İdarəsinin rəisi Ərçə Əliyev
aksiyada iştirak edən rəsmi qonaqları və gəncləri
salamlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.. Ərçə Əliyev hər bir gəncə
qəhrəman oğullarımızdan örnək
almağı tövsiyyə edib. O bildirib ki, Pəncəli kimi
qəhrəman, cəsur oğullarımız nə qədər
çox olarsa torpaqlarımız mənfur düşməndən
o qədər tez alınar. 2 aprel tarixində baş verən
hadisələr zamanı Azərbaycan oğulları necə mərd,
qəhrəman, döyüşkən oğullar olduğunu və
ordumuzun nələrə qadir
olduğunu sübut etdilər. Aksiyada iştirak edən məktəbli
və tələbələr –hər zaman vətənimizi
müdafiə etməyə hazır olduqlarını bildiriblər.
Gənclər Mərkəzində həmçinin şəhidlərimizin
ruhunun yad edilməsi məqsədilə “Torpaq uğrunda ölən
varsa vətəndir” adlı anım mərasimi də
keçirilib. Anım mərasimində Astara rayonunun müxtəlif kənd ərazilərindən olan məktəblilərin
iştirakı təmin edilib. Anım mərasimində
iştirak edən Suparibağ kənd orta məktəbinin
müəllimi Kamalə Nəsirova, rayon Mədəniyyət və
Turizm Şöbəsinin məsləhətçisi Vüsal
Babayev, şəhər 4 saylı tam orta məktəbin tarix
müəllimi Mircəfər Babazadə çıxış
edərək gənclərimizi vətənpərvər
oğullarımızdan nümunə götürməyə, vətənpərvər
olmağa, milli-mənəvi dəyərlərimizə,
dövlət rəmzlərinə, ana dilimizə sevgi ilə,
hörmət ilə yanaşmağa səsləyiblər. 2
aprel tarixində şəhid olan Astara sakini Pəncəli
Teymurovun şərəfli həyat və döyüş yolu
haqqında geniş çıxışlar edilib. Tədbirdə
çıxış edən bir qisim gənc Pəncəli
Teymurovun Milli Qəhrəman adına layiq olduğunu bildirib. Pəncəli
Teymurovun vətənpərvərliyini əks etdirən
videoçarxlar gənclər qarşısında
nümayiş etdirilib.
Biləsuvar
rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı
ilə isə Heydər Əliyev Mərkəzində “Milli Qəhrəmanlarımızı
tanıyaq və tanıdaq”
mövzusunda gənclərlə maarifləndirmə tədbiri
keçirilib. Tədbiri giriş sözü ilə açan Biləsuvar
rayon Gənclər və İdman İdarəsinin rəisi
Aqşin Bağırov bildirib ki, “Milli Qəhrəmanlarımızı
tanıyaq və tanıdaq” mövzusunda tədbirin
keçirilməsində əsas məqsəd Vətənimizin
ərazi bütövlüyü uğrunda döyüşlərdə
şücaət göstərmiş Azərbaycanın Milli Qəhrəmanlarının
tanıdılması və gənclərə bu uca ada layiq
olan hər bir Milli Qəhrəmanlarımız, onların həyatı,
keçdiyi böyük və şərəfli
döyüş yolları, göstərdiyi igidliklər
haqqında tam ətraflı məlumat
verməkdən ibarətdir: “Hazırda Azərbaycanın 211
Milli Qəhrəmanı var və onlardan yalnız 17 nəfəri
sağdır. Bildiyiniz kimi Biləsuvar rayonundan da adını
öz qanı və canı ilə qəhrəmanlar
sırasına yazmış qəhrəmanımız var.
Mübariz İbrahimovla biz hamımız fəxr edirik. Biz qəhrəmanlarımızı
tanımalı, onlar haqqında
məlumatları gələcək nəsillərə
ötürməliyik Əminik ki, işğal altında olan
torpaqlarımızın düşmən tapdağından azad
olunmasında gənclərimiz sona qədər mübarizə
aparacaqlar. Onlar hər an Ali Baş Komandanımız cənab
İlham Əliyevin əmrini gözləyirlər”. Tədbirdə
çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin
baş məsləhətçisi Mirzə Cəfərov tədbirin
gənclərin vətənpərvərlik tərbiyəsində
müstəsna əhəmiyyətindən danışıb.
Bildirib ki, Biləsuvar gənclərində vətənpərvərlik
hissi həmişə yüksək olub.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 22 dekabr.- S.15