Gənclərin hərbi vətənpərvərlik hisslərinin

artırılması diqqət mərkəzindədir

 

Vətənpərvərlik tərbiyəsi öz vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacib məsələdir. İnsanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olan vətənpərvərliyin gələcək nəslə aşılanmasını, uşaq, yeniyetmə və gənclərin bu ruhda tərbiyəsini, habelə mədəniyyət müəssisələrində bu istiqamətdə işin düzgün və səmərəli təşkilini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi-vətənpərvərlik işinin gücləndirilməsinə dair 2015-2016-cı illər üzrə Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planının icrası ilə bağlı vətənpərvərlik işinin yüksək səviyyədə təşkili üçün respublikanın Şəhər (rayon) mədəniyyət mərkəzlərində və onların filiallarında çoxsaylı tədbirlər həyata keçirilib.

Belə ki, Azərbaycanın Milli Qəhrəmanlarına, Qarabağ uğrunda şəhid olmuş döyüşçülərə həsr olunmuş anım günləri, onların ailə üzvləri ilə görüşlər, qəhrəmanların şəkillərindən ibarət sərgilər, bədii kollektivlər və xalq teatrları tərəfindən tamaşalar, ədəbi-bədii kompozisiyalar və digər tədbirlər təşkil edilib. Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir. Vətənimizin ərazi bütövlüyü və dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində ölkə rəhbərliyinin gərgin fəaliyyəti, gənclərin vətəni sevmək, ona layiqincə xidmət etmək kimi şərəfli prinsiplər əsasında, hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi bu tədbirlərin əsasını təşkil edir. Eyni zamanda keçirilən tədbirlərdə milli ordumuzda xidmət edən əsgər və zabitlərə ruh yüksəkliyinin və qələbəyə inam hissinin aşılanması, qəhrəmanlığı ön plana çəkilir. Hər il əsgəri xidmətə çağırış haqqında ölkə Prezidentinin müvafiq Sərəncamından sonra respublikanın bütün rayonlarında yerləşən çağırış məntəqələrində respublikanın çoxsaylı bədii kollektivləri tərəfindən hərbi xidmətə yola düşən gənclərin ruh yüksəkliyinin təmin edilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirilir. Azərbaycanın tarixi və əlamətdar günləri ilə bağlı təşkil olunan mərasimlərdə mədəniyyət müəssisələrinin bədii kollektivləri hərbi hissələrə gedir, qəhrəmanlıq və vətənpərvərlik hissləri aşılayan konsert proqramları ilə çıxış edirlər.

Təşkil edilən bu tədbirlərlə yanaşı, son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən qeyd olunan Tədbirlər Planının icrası ilə əlaqədar tədbirlərin mütəmadi formada həyata keçirilməsinə diqqətin artırılması və bu işin daha da gücləndirilməsi barədə qərar qəbul olunub. Bundan başqa respublikanın Şəhər (rayon) mədəniyyət mərkəzlərində cəbhə bölgəsinin təmas xəttində baş verən hadisələrlə bağlı rəsmi şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbirləri keçirilir. Tədbirlərdə vətən uğrunda şəhid olmuş hərbçilərimizin əziz xatirəsi yad edilir. Eyni zamanda erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrimizə edilən təxribatçı hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində işğal altında olan bir sıra ərazilərimizin düşməndən azad edilərək silahlı qüvvələrimizin nəzarəti altına keçməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütün xalqımızın növbəti uğuru kimi dəyərləndirilir, ordumuza dəstək ifadə edilir.

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən tədbir də bu qəbildəndir.  Belə ki, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində son günlər cəbhədə vəziyyətin gərginləşməsi və əhalidə vətənpərvərlik ruhunun artırılması ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbirdə şair Əşrəf Veysəlli çıxış edib. O xalqın mübarizə əzminə diqqət çəkərək bildirib ki, Azərbaycan oğulları cəbhədə fədakarkarlıqla döyüşdüyü kimi xalq da döyüşdə şəhid olan qəhrəmanlarını alqış sədaları altında dəfn edib. Belə birlik, belə mübarizə əzmi tarixdə tək-tək rast gəlinən hadisələrdəndir. Şair daha sonra qeyd edib ki,   verdiyimiz qurbanlar səbəbindən ruhdan düşməməli, hər birimiz intiqam ruhuna köklənməli, torpaqlarımızı geri almağa, şəhid olmağa hazır olmalıyıq. Azərbaycan Respublikasının prezidenti, ali baş komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməli, mübarizə əzmimizi itirməməliyik. Tədbir millət vəkili Aqil Abbasın ssenarisi əsasında çəkilmiş “Dolufilminin nümayişi ilə sona yetib.

Qusar rayon Heydər Əliyev Mərkəzində “Mən səninləyəm Azərbaycan” adlı vətənpərvərlik tədbiri keçirilib  Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış edərək vətənpərvərliyin qəhrəmanlığın əsasını qoyan amil olduğunu qeyd edibbildirib ki,  biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. Tədbirdə işində iştirak edən Səfərbərlik Hərbi Çağırış Dövlət Xidməti Qusar rayon şöbəsinin zabiti Musa Nağıyev öz çıxışında müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq ideyalarının gənclər arasında təbliğ edilməsinə böyük ehtiyyac olduğunu vurğulayıb.

N.Nərimanov adına Mədəniyyət Mərkəzində Fariz Əhmədovun Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərova həsr olunmuş "Portret" filminin nümayişi keçirilib.  Filmin nümayişindən əvvəl mədəniyyət işçisi Felman Lazımov çıxış edərək Azərbaycan oğullarının qəhrəmanlığından, onların Qarabağ uğrunda müharibədə göstərdikləri şücaətdən danışıb. O bildirib ki, dünən olduğu kimi bu gün də Azərbaycan gəncləri- əsgər və zabitlərimiz düşmənə layiqli cavab verir, işğal altında olan torpaqlarımızın azadlığı üçün əzmlə mübarizə aparır, şəhid olub qəhrəmanlıq zirvəsinə yüksəlirlər. Xalq da öz qəhrəman oğullarını heç zaman unutmayacaq, hər zaman ehtiramla yad edəcəkdir.

Daha sonra mədəniyyət müəssisələrinin kollektivləri və tamaşaçılar “Portretfilmini izləyiblər.

Corat qəsəbə mədəniyyət evində keçirilən tədbirdə qəsəbə icra nümayəndəliyi və ağsaqqalları iştirak edib, çıxış edərək öz fikirlərini bölüşüblər.

Tədbirdə 7 saylı məktəbin şagirdlərinin ifasında vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər dinlənilib.

Tərtər rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixili 2169 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət proqramı”nın, həmçinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi vətənpərvərlik işinin gücləndirilməsinə dair 2015-2016-cı illər üzrə Tədbirlər Planının icrasını təmin etmək, Azərbaycan torpaqlarının ərazi bütövlüyü və azadlığı uğurunda canını fəda etmiş qəhrəman övladlarımızın keçirdiyi şərəfli döyüş yolu ilə insanları yaxından tanış etmək, yeniyetmə və gənclərə hərbi vətənpərvərlik hisslərinin aşılanması və onlarda qələbə ruhunun yüksəldilməsi məqsədi ilə Mədəniyyət və Turizm NazirliyininYaddaş” sənədli filmlər studiyasında Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynova və Əlyar Əliyevə həsr olunmuşİlk Komandir” və “Pəhləvan Komandirfilminin nümayişi olub. Nümayişdən əvvəl çıxış edən filimin rejissoru Nizami Abbas filimin ərsəyə gəlməsi üçün gördüyü işlərdən danışdı. Daha sonra çıxış edən Elman Hüseynovun döyüş yoldaşı Pənah Məmmədov və oğlu Emin Hüseynli öz xatirlərini iştirakçılarla bölüşüb. Nümayişdə rayon Mədəniyyət işçiləri, Qarabağ müharibəsi veteranları, rayon Ağsaqqalar  şurasının  nümayəndələri iştirak edib. “Torpaq uğrunda ölən varsa, Vətəndir”! “Şəhidlər ölməz, Vətən bölünməz!”, Qarabağ bizimdir, bizim olacaq!” devizləri altında Lənkəran şəhər Mədəniyyət Mərkəzində, ərazi üzrə Klub Filialları Birliyində, Mədəniyyət Mərkəzinin bütün klub filiallarında, Kənarmeşə Sə¬nət¬karlıq Evində, Mamusta Folklor evində, Liman şəhər FolklorHaftoni qəsəbə Sənətkarlıq klublarında hərbi-vətənpərvərlik mövzusunda tematik tədbirləri keçirilib. Balakən Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə rayon Mədəniyyət Mərkəzində də son günlər cəbhədə baş verən hadisələrlə bağlı “Ordumuz qürur mənbəyimizdir” adlı tədbir keçirilib. Tədbirdə rayonda fəaliyyət göstərən bütün mədəni-maarif müəssisələrinin işçiləri iştirak ediblər. Əvvəlcə ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Balakən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ş. Hacıyeva xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək əsgərlərimizin cəbhə xəttində erməni işğalçılarına layiqli cavab verdiyi haqda söz açdı. Gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hislərinin daha da artırılması, ordu hissələrində xidmət göstərən əsgər və zabitlərə ruh yüksəkliyinin və qələbəyə inam hislərinin aşılanması sahəsində mədəni-maarif müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsinin olduqca vacib olduğunu vurğulayıb. Tədbir  mədəniyyət işçiləri tərəfindən hazırlanmış hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə başa çatıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 26 aprel.- S.15.